Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1340/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçının vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzilin iddiaçıya verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2185/2020 saylı, 08.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzilin iddiaçıya verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus Bakı şəhəri, İntiqam Nəbiyev küçəsi, 3а saylı evin 1 saylı mənzilə istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Bakı şəhəri İntiqam Nəbiyev küçəsi, 3а saylı evin 1 saylı mənzilindən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 ilə arasında bağlanmış 27 yanvar 2020-ci i] tarixli, AN-1 № ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.72 kv/m olan mənzili 25000 (iyirmi beş min manat 00 qəpik) manat ödəməklə, Cavabdeh1 əvəzinə Bakı şəhəri 8 saylı notariat ofisində 23.01.2020-ci il tarixində verilmiş 641 reyestr nömrəli" etibarnamə əsasında nümayəndəsi Cavabdeh5 almışdır. Daşınmaz əmlakın alğı-satqı müqaviləsi Bakı şəhəri 19 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Mənzilin dəyəri olan 25000 (iyirmi beş min manat 00 qəpik) manat məbləğində pulu Bakı şəhəri 19 saylı notariat ofisində 27 yanvar 2020-ci ildə rəsmiləşdirilmiş sənədlər əsasında daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcıya verilməsi üçün notariusun depozit hesabı vasitəsi ilə ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti tərəfindən daşınmaz əmlak üzərində hüquqları 15 may 2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 8-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 9-cıı bəndində göstərilmişdir ki, Satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin İİ-ci maddəsinə əsasən, “Satıcı(lar)” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 24.02.2020-ci il tarixədək Alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən, satıcı Cavabdeh1 24.02.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 14-cü bəndinə əsasən, “Alıcı”-nın faktiki sahibliyinə və istifadəsinə verilənədək satılmış daşınmaz əmlakın təsadüfən məhv olması və zədələnməsi ilə bağlı məsuliyyət “Satıcı”-nın üzərinə düşür. Xüsusi mülkiyyətində olan mənzilin alğı-satqısından xeyli müddət keçməsinə baxmayaraq, dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh mənzili təhvil verməkdən yayınmış, onun müraciətlərinə məhəl qoymamış və bununla da daşınmaz əmlakın üzərində onun mülkiyyət hüququnu pozmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2185/2020 saylı, 08.10.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus B Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzildən çıxmaqla, həmin mənzili İddiaçı təhvil verməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməsi, qətnamənin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, İntiqam Nəbiyev küçəsi, 3а saylı evin 1 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılmış, bu səbəbdən ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri poçt qurumunun əməkdaşlarının səhlənkarlığı nəticəsində cavabdehlərə çatdırılması təmin edilməmiş və cavabdehlər bir də Qaradağ rayon məhkəməsinin qətnaməsini aldıqdan sonra onların barəsində məhkəmədə iddia qaldırıldığı barədə xəbərdar olublar. Qaradağ rayon Məhkəməsinin 2(002)-2185/2020 saylı 08 oktyabr 2020-ci il tarixli qətnaməsində səhvən iddiaçı ilə cavabdeh X2 (cavabdehlərə naməlum olan şəxs) arasında alğı-satqı müqaviləsi bağlandığı göstərilir. Cavabdeh5 sonradan anlamışdır ki, dələduz dəstəyə rast gəlib. Onlar beləcə onun çıxılmaz vəziyyətindən istifadə edib, 43 000 dəyərində olan mənzilə dair 19.500 manat verib, əvəzində 30.000 manat pul tələb edirlər. Etibarından sui-istifadə edib, aldadırlar. Hazırda Oktay adlı şəxs dələduzluq əməllərinin üstündə DİN BMCMİ-də barəsində cinayət işi açılıb, həbs qətimkan tədbiri seçilib, istintaq aparılır.Vüqar Abbasov isə H.Əliyev adına Fondun əməkdaşa yox, X8 X4 İçtimai Birliyiyin rəhbəridir. Digər Cavabdeh1 Cavabdeh5 mənzili banka girov qoysun deyə etibarnamə vermişdi, onun bu cür aldanılması, pulu fiziki şəxslərdən almasından xəbəri olmayıb. İddiaçı, İddiaçı ilə Cavabdeh5 arasında Bakı şəhəri 19 saylı DNK-da 27 yanvar 2020-ci il tarixində ünvan 3ünvanında yerləşən mənzilin alğı-satqısına dair bağlanmış AN-1№ ******* saylı müqavilənin ləğvi ilə bağlı Yasamal rayon məhkəməsində Cavabdeh5 tərəfindən iddia qaldırılmışıdr. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-693/2021 saylı 23.04.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil etdi. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində 15.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. 27.01.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə, satıcı Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzili İddiaçı satır, alıcı isə həmin mənzili 25.000 manata satıcıdan alır. Həmin müqavilənin 8-ci bəndindən görünür ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi üzərinə götürmüşdür. Həmçinin həmin müqavilənin 13-cü bəndindən görünür ki, Cavabdeh1 24.02.2020-ci ilədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzilində qeydiyyatda olan şəxslər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 152 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzilin mülkiyyətçisidir, lakin pasport qeydiyyatına düşməyib, mənzildə qeydiyyatda olan şəxslər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-693/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı, X6 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia tələbi rədd edilmişdir və qətnamə 13.04.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı mübahisə predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Həmçinin, mübasiə predmeti olan mənzil cavabdehlər tərəfindən həmin mənzilin mülkiyyətçisi qismində çıxış edən iddiaçıya təhvil verilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, bütün bu hallar əsas insan hüquqlarından biri olan mülkiyyət hüquqularının pozulması kimi qiymətləndirlməlidir.Bu halda, məhkəmə mülki və beynəlxalq qanunvericiliyin qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, bu hallar cavabdehlərin mübahisə predmeti olan mənzilə istifadə hüquqlarının xitam edilməsi üçün əsas olmaqla, həmin mənzil iddiaçıya təhvil verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzilindən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti üzrə qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır.. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən cavabdeh satmış olduğu mənzili özünün və üçüncü şəxsin hüquqlarından azad şəkildə alıcıya təhvil vermək öhdəliyini üzərinə götürsə də, öhdəliyi yerinə yetirməmiş, hazırkı vaxtadək mənzili alıcının istifadə və sahibliyinə verilməsindən imtina etmişdir. Kollegiya qeyd edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzili iddiaçının mülkiyyətində olmasıına baxmayaraq, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində hal-hazıradək mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorun ünvanına məhkəmə iclasının vaxtı və yeri barərə məhkəmə bildirişləri göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməinin qətnaməsində müəyyən olunmuş hal kimi iddiaçı ilə cavabdeh X2 arasında alğı-satqı müqaviləsi bağlanmasını texniki səhv kimi qiymətləndirilir. Kollegiya cavabdehin apelyasiya şikayətində cavabdeh onun etibarsından sui-istifadə edilməsi ilə bağlı qeyd edir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-693/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı, X6 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “mqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia tələbi rədd edilmişdir. Göründüyü kimi apelyasiya şkayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2185/2020 saylı, 08.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1340/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1340/2021
08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver