Məhkəmə qərarları › İş №2(103)-1341/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1341/2024

24.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1341/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-23/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən 0,24 ha torpaq sahəsinin zəbt edilmiş 0,05 ha sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən istifadəyə maneələrin yaradılmasının cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X3 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, iddiaçı Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “imtinanın əsassız hesab edilməsi və s.” tələbinə dair hazırda Bakı İnzibati Məhkəməsinin icraatında iş vardır və həmin işdə İddiaçı üçüncü şəxs qismində cəlb edilmişdir. Belə ki, imtinanın əsasında mübahisəli torpaq sahəsinin bir hissəsinin onun torpağı ilə üst-üstə düşməsidir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün təyin olunması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə icraatən dayandırılması ilə bağlı qənaəti həmin əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh qeyd etdiyi inzibati iş üzrə yalnız DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası mübahisələndirilir. Həmin işin hazırki işlə heç bir əlaqəsi yoxdur. Belə ki, cavabdeh tərəf mülki işin uzadılmasına nail olmaq üçün belə bir vəsatətlə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə mübahisəli hesab edilən torpaq sahəsinin cavabdehə məxsus olmasını, həmin torpaq sahəsinə cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd və ya digər sübut növü olmadığından hazırki işin baxılmasına dair icraatın dayandırılması əsassız və qanunsuzdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-23/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-23/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12627/2022 saylı, xx.xx.2022-cü il tarixli Sərəncamından görünür ki, iddiaçı Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “imtinanın əsassız hesab edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət etmişdir və hazırda həmin inzibati iş məhkəmənin icraatındadır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı iddia tələbi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-23/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar