Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13413/2019 28.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-377/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 18838 ABŞ dolları əsas borcun, 10186 ABŞ dolları faiz borcunun, cəmi 29024 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın cavabdeh ilə bağlanmış ipoteka mqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi, 8 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 377/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 31595,37 manat məbləğində borcun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamaliyev küçəsi, 8 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamaliyev küçəsi, 8 saylı evin 7 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması, ödənilmiş dövlət rüsumunun 19,27 manat hissəsinin Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, 10,79 manat hissəsinin isə iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-377/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir, tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzərə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəmə bu işə baxarkən cavabdehin məhkəmə iclaslarında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi banka olan kredit borcunun ödənilməsi üçün tələbin ipotekada olan cavabdehin xüsusi mülkiyyətində olan mənzilə yönəldərkən, həmin mənzilin onun yeganə yaşayış sahəsi olmasını, himayəsində birinci qrup əlil oğlunun olmasını və ağır maddi vəziyyətdə olmağını, həmçinin cavabdehin yaşlı (61 yaşı var) olmağını, şəkər xəstəsi olmağını və digər xəstəliklərlə bağlı səhhətində ciddi problemlərin olması hallarını da nəzərə almamışdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, İKM 01 saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi, ev 8, 7 saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2018-ci il tarixədək Banka əsas borcu 18838 ABŞ dolları, faiz borcu 10186 ABŞ dolları, cəmi borc isə 29024 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə, tələbin ipoteka prelmetinə yönəldilməsi proseduruna başlanacağı barədə xəbərdar olunmuşdur. Həmin bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi, ev 8, mənzil 7 Cavabdeh xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi, ev 8, 7 saylı mənzilin İddiaçı ASC-nin xeyrinə ipoteka yüklülüyü xx xxxxxxx 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli qiymətləndirilmə hesabatına əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi, 8 saylı evin 7 saylı mənzilinin likvid qiyməti 95000 manat təşkil edir. İş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 13415,81 ABŞ dolları, faiz borcu üzrə 11738,83 ABŞ dolları, cəmi borcu 25154,64 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X3 internet səhifəsindən Problemli kreditlərin kompensasiyasına dair çıxarışına əsasən Cavabdeh restrukturizasiya olunması təklif olunan kreditləri mövcud deyil, lakin ləğv prosesində olan İddiaçı ASC-yə cəmi qalıq borcunun məbləği 31595,37 manat təşkil edir. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərkən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ”Azərbaycan Respublikası prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının müddəlarını və Azərbaycan Respublikasının Maliyyə X3 internet səhifəsindən Problemli kreditlərin kompensasiyasına dair çıxarışda qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 31595,37 manat məbləğində borc ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi, 8 saylı evin 7 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 95000 manat müəyyən edilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv olunmalı və iddia üzrə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından müəyyən olunur ki, iddia tələbi üzrə borc ABŞ dolları ilə ifadə olunmuş, əsas və faiz borcları fərdiləşdirilərək, ümumi borc məbləğinin tutulması məhkəmədən xahiş olunmuşdur. Lakin birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq Azərbaycan Respublikasının Maliyyə X3 internet səhifəsinə istinad etməklə, cavabdehdən manatla ifadə olunan borcun tutulmasını qət etmiş, həmin məbləğin hansı hissəsinin əsas, hansı hissəsinin faiz borcu təşkil etməsini müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin birinci instansiya məhkəməsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ”Azərbaycan Respublikası prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına istinadı da əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcu həmin Fərmanın tətbiq dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 20000 ABŞ dolları məbləğində kredit verilmiş, müqavilənin təminatı kimi cavabdeh mülkiyyətində olan Bakışəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi, ev 8, 7 saylımənzilini ipoteka ilə yüklü etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və onun banka borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər kredit alan fiziki şəxs tərəfindən yerinə yetirilmədiyindən bank artıq tələbin girova yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Məhkəmə kollegiyası borcun məbləğini müəyyən edərkən iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasını mötəbər sübut qismində qəbul edir və cavabdehdən tutulmalı olan borcun məbləğini həmin rəyə uyğun 13415,81 ABŞ dolları məbləğində, faiz borcunun isə - iddiada faizin ekspert rəyindən daha aşağı məbləğdə göstərildiyindən - iddia tələbi həddində, yəni 10186 ABŞ dolları məbləğində müəyyən olunaraq cavabdehdən tutulması və həmin tutmanın ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılmasından əldə edilmiş pul vəsaitindən ödənilməsini əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının rəyini, eyni zamanda həmin rəylə gəlinmiş nəticənin tərəflərlə mübahisələndirilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə məxsus mənzilin ilkin satış qiyməti 95000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbi əsas hissədə məhkəmə tərəfindən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən ipotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün dövlət rüsumunun və xidmət haqqının ödənilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməsə də, faktiki olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı üçün qanunla müəyyən olunmuş 10 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci cavabdehə aid edilməlidir. AzərbaycanRespublikasıMPM-nın 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki ProsessualMəcəlləsinin77.1-cimaddəsinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Belə ki, iddiaçı və cavabdeh kredit müqaviləsi üzrə üzərilərinə müəyyən öhdəliklər götürdüklərindən, iddiaçı öhədliyini icra edərək müqavilədə göstərilən krediti cavabdehin istifadəsinə verdiyindən, cavabdehin də qarşılıqlı olaraq üzərinə götürdüyü öhdəlikləri icra etmək vəzifəsi vardır. Bu halda, onun yaşı, səhhəti, ailə və maddi vəziyyəti, himayəsində əlil oğlunun olması alınmış kreditin və ona hesablanmış faizlərin qaytarılmaması üçün əsas kimi qəbul oluna bilməz. Həmçinin ipoteka predmeti təşkil edən mənzilin cavabdehin və onun ailə üzvlərinin yeganə yaşayış yeri olması, tutmanın həmin mənzilə yönəldilməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısına əsasən bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Lakin həmin Siyahının “Qeyd” hissəsində göstərilmişdir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, cavabdeh tərəfindən könüllü olaraq müqavilə əsasında mülkiyyətində olan mənzil ipoteka ilə yüklü edildiyindən və o, həmin ipotekanın təminatı olduğu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçının tələbinin ipoteka predmetinə yönəldilməsindən ibarət iddiası əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 377/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, İKM 01 saylı Kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2018-ci il tarixə ödənilməmiş13415,81 ABŞ dolları məbləğindəəsas, 10186 ABŞ dollarıfaizborcu, cəmi 23601,81 ABŞ dolları (iyirmi üç min altı yüz bir ABŞ dolları səksən bir sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habeləiddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmişdövlətrüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat, cəmi 40 (qırx) manat Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. TutmaCavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi, 8 saylı evin 7 saylı mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin, satışdan əldə edilmiş pul vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi Cavabdeh qatarılsın. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci hesabına Cavabdeh 200 (iki yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-13413/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13413/2019
28.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver