Məhkəmə qərarları › İş №2(103)-1342/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1342/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1342/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddia ərizəsi baxılmamış saxlanılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4617/2022 saylı 13 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(103)-2898/2018 saylı icra vərəqəsinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin 17 yanvar 2019-cu il tarixli xx/xx-231384/8-1374 saylı sifarişinə əsasən xüsusi mülkiyyət hüququ ilə X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 247 500 manat olan, 1 saylı evin ipoteka predmeti olan "xxxx" tikilisinin (ev 1 A) cavabdeh ``X1`` Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 4617/2022 nömrəli qərardadına əsasən, İddiaçı Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı hərracın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilsə də, tərəflər məhkəməyə gəlmədiklərindən ərizə baxılmamış saxlanılmalıdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət ərizəsi ilə müraciət edib Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-4617/2022 nömrəli qərardadının ləğv edib icraatın təzələnməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, 13 dekabr 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında nümayəndəsi ailə vəziyyətinə görə iştirak edə bilməmişdir. Ona görə də, məhkəmə iclasında onun iştirak etməyi ilə bağlı razılaşma olmuşdur. Ancaq həmin gün azyaşlı uşaqları qriplə xəstələndikləri üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Ona görə də, məhkəmə iclasında üzürlü səbəblərdən iştirak etməmişdir. Ancaq bu barədə məhkəməni qabaqcadan məlumatlandıra bilməmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(005)- 4617/2022 nömrəli tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

10. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.

11. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 9.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.

12. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

14. Belə ki, iddiaçının iş üzrə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarına gəlməməsi işin mübahisəsiz halıdır.

15. İddiaçı şikayətinin dəlili olaraq məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi kimi ailə vəziyyəti - uşaqlarının xəstə olmasını qeyd etsə də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 18.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4617/2022 saylı, 13 dekabr 2022-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar