Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1342/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «istifadə hüququna xitam verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5018/2023 saylı, 06 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.xx.xx.1974-cü il tarixli 121825 saylı orderlə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, 22/24 saylı evin 78 saylı mənzili Cavabdeh ailə üzvləri- İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə birlikdə verilmişdir.
2. Cavabdeh ilə İddiaçı1 arasında olan nikah xx.xx.1989-cü il tarixdə ləğv edilmişdir.
3. Binəqədi Rayon Xalq Məhkəməsinin 2-492 saylı, xx.xx.1993-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh ünvan 1 ünavnına köçürülməsi qət edilmişdir.
4. X3, X1, X4 və X5 tərəfindən imzalanmış akta əsasən onlar Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, ev 22/24 ünvanında yaşayırlar və bildirirlər ki, 1990-cı il tarixdən indiyədək xx.xx.1944-cü il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yaşamır.
5. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında qeydiyyatdadır.
6. ünvan 2si Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır, yaşayır və ailə tərkibinə özü, qızları İddiaçı3 və İddiaçı2, nəvəsi X2 daxildir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24-də yerləşən 78 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiada göstərilir ki, İddiaçı1 ilə Cavabdeh rəsmi nikahda olmuş və 1989-cu ildə nikaha xitam verilmişdir. Cavabdeh mübahisə predmeti olan və onlara məxsus Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24-də yerləşən orderli 78 saylı mənzildə onlarla birlikdə olmaqla orada qeydiyyatda qalmışdır. Cavabdeh formal olaraq adıçəkilən mənzildə qeydiyyatda qalsa da, əslində 1993-cü ildən birdəfəlik köçərək anası Əliyeva Səkinəyə məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsində yerləşən 10 saylı binanın 13-cü mənzilində yaşamışdır. Həmin müddətdən Hunaya Ağamalıyeva adlı şəxslə ailə həyatı quraraq həmin ünvanda birgə yaşamağa davam etmişdir. Onların birgə nikahından Orxan adlı oğlu da olmuşdur. Həmin oğlunun da qeydiyyatı məhz anasına məxsus həmin ev olmuşdur. Cavabdehin Binəqədi Rayon Məhkəməsinin 2-492 saylı 1993-cü il tarixli qətnaməsinə əsasən həmin mənzilə köçürülməsi barədə qətnaməsi mövcud olsa da, lakin heç zaman mənzil zərurəti mövcud olmadığından həmin ünvana köçüb yaşamamışdır. Bu hal bir daha təsdiq edir ki, onun mənzildə yaşamaq zərurəti olmamışdır. Cavabdeh 30 ildən artıqdir ki, mübahisə predmeti olan mənzildə yaşamamış və orada heç bir əşyası qalmamışdır. Həmin müddətdən yeni qurduğu ailəsi ilə birlikdə anasına məxsus evdə yaşamağa başlamışdır və indiyə kimi cavabdehin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24-də yerləşən orderli 78 saylı mənzillə heç bir əlaqəsi yoxdur və heç bir əsas onu həmin mənzilə bağlamır. Etibarlı ailə əlaqələri mövcud deyildir, ehtiyaclarını həmin mülkiyyətdən istifadə etməklə qarşılamır. Göründüyü kimi, cavabdehin öz ailəsi, öz yaşayış yeri vardır, onun göstərilən mənzildə qeydiyyatda olması və orada istifadə hüququnun qalmasına zərurət aradan qalxmışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5018/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, 22/24 saylı evin 78 saylı mənzilinə istifadə hüququ itirilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə aktına əsasən mübahisəli mənzilə istifadə hüququ tanınmaqla köçürülən cavabdeh 30 (otuz) ilə yaxın müddət ərzində həmin mənzildən istifadə etməməklə həmin yaşayış sahəsinə ehtiyacın olmamasını nümayış etdirmiş, bununla da, dövlət mülkiyyətində olan mənzilə istifadə hüququnu itirmişdir. Məhkəmə cavabdehin iddia tələbinə münasibət bildirib qeyd etmişdir ki, cavabdeh mənzildən istifadə etməsinə iddiaçılar tərəfindən maneələr yaradılmasını göstərsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutlarını, yəni 30 (otuz) il ərzində mübahisəli mənzilə köçürülməsinə, qanuni qüvvəyə minmiş məhkəmə aktların icrasının təmin edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, iddiaçılar işin faktki hallarını bütövlüklə təhrif etmiş, özlərini mübahisəli mənzilin mülkiyyətçisi kimi təqdim etmişlər və mənzil mülkiyyətçisinə aid olan maddi normalara istinad etmişlər. Halbuki, işin həqiqi hallarında müəyyən olunur ki, iddiaçılar mübahisəli mənzilin mülkiyyətçiləri deyillər. Həmin mənzili cavabdeh Əliyev X6 dövründə fəaliyyət gösərdiyi müəssisədən order əsasında almışdır, hazırda da mənzil kirayə müqaviləsi onun adındadır. Bundan başqa, hazırkı işə baxan məhkəmə onun üçün preyudisial əhəmiyyətə malik Binəqədi rayon məhkəməsinin 2-492 nömrəli xx.xx.1993-cü il tarixli qətnaməsinin nəticələrini və həmin qətnamə üzrə müəyyən edilmiş faktları qəbul etməkdən imtina etmişdir, yəni həmin qətnaməni əhəmiyyətsiz qiymətləndirmişdir. Nəqədərki, iddiaçılar mənizilin mülkiyyətçiləri deyillər və mənzil kirayə müqaviləsi onların adına deyil - deməli onlar cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi vermək üçün subyektiv hüquqa malik deyillər. İddiaçıların hər hansı subyektiv hüquqları pozulmamış, onların qanunsuz əməlləri nəticəsində hüquqları pozulan şəxs Cavabdeh olmuşdur. Şəxsin mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququ ( sübyektiv hüquq) yaşayış sahəsinin mülkiyyətçisi malikdir. Mübahisəli mənzil mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata heç kimin adına qeydiyyata alınmamışdır. Ona görə cavabdehin yaşayış hüququna xitam verilməsi məsələsinə baxılarkən Mülki Məcəllənin 228.1 və 228. 2-ci maddəsi və Mənzil Məcəlləsinin 30-cü maddəsi tədbiq edilə bilməz və iddia ərizəsi bu hissədə tam əsassızdır. Ehtimal edilsə ki, iddiaçılar mənzilin “mülkiyyəçisidirlər”, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onlar bu halda da cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi tələb edə bilməzlər. İşin hallarından müəyyən olunur ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 əmək qabiliyyətinə malik olmayan cavabdehin doğma övladlarıdırlar və onlar əmək qabiliyyətinə malik olmayan valideynlərini saxlamaq öhdəliyini daşıyarlar. Lakin onlar, doğma atalarına saxlamaq və qayğı göstərməyə dair qanunla üzərinə düşən öhdəliklərini icra etmək əvəzinə, əksinə olaraq atalarına qarşı məhkəməyə iddia ərizəsi verib onun mənzildə olan hüquqularından məhrum etmək istəyirlər. Konstitusiya Məhkəməsinin Plenumunun analoji işlərdə formalaşdırdığı hüquqi mövqeyinə görə, Cavabdeh iddiaçılar ailə üzvü sayılır, o əmək qabiliyətinə malik olmadığı üçün iddiaçılar onu saxlamaq öhdəliyini daşıyırlar və cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb etmək hüququna malik deyillər. həmin mənzil Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir, ailə üzvləri həmin mənzil üzərində sərəncam vermək (özəlləşdirmək ) hüququ əldə etmişlər, lakin iddiaçıların destruktiv mövqeyinə görə mənzil bu günə özəlləşdirilməmiş və dövlət qeydiyyatına alınmamışıdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddiaçılar cavabdehi bu hüquqdan məhrum etmək istəyirlər. Həmçinin Cavabdeh mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququna malikdir və mənzilə dair birgə sərəncam vermək hüquqna malkidir, öz payına düşən hissədən digər şəxslərin xeyrinə imtina edə bilər və sair. Lakin iddiaçılar dövlət tərəfindən tanınan onun bu hüququnu həyata keçirməyə imkan vermirlər və onu bu hüququndan birdəfəlik məhrum etmək istəyirlər və bu məqsədlə onun istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışlar. Bu iddia tələbi təmin edilməsi şəxsin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Binəqədi Rayon Məhkəməsinin hüquqi mövqeyi, iddiaçıların hüquqi mövqeyindən fərqli olmuşdur. Belə ki, iddianı təmin edən məhkəmə mülkiyyətçinin hüquqlarından bəhs edən Mülki Məcəlləsinin 228.2 və 228.45-ci maddələrinə deyil, Mənzil Məcəlləsinin (köhnə redaksiya) 60-cı və 87-ci maddəsinə istinad etmişdir. Bu zaman məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinın şərh edilməsinə dair” xx.xx.1999-cu il tarixli Qərarını nəzərə alaraq, düzgün olaraq qeyd etmişdir ki, cavabdehin 6 ay və daha çox müddətdə mənzildən istifadə eməməsi onun mənzildən istifadə hüququnun itirilməsinə səbəb ola bilməz. Bununla yanaşı, məhkəmə könhə Mənzil Məcəlləsinin 87-ci maddəsinə istinadən belə nəticəyə gəlmişdir ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququnu itirilmişdir. Bu hərəkətləri məhkəmə həm də cavabdehin gözlənilən mülkiyyət hüququnu da kobud surətdə pozmuşdur. Qeyd edilməlidir ki, işin faktiki halları Mənzil Məcəlləsinin 87-ci maddəsinin dispozisiyası ilə heç uzlaşmır. Belə ki, Cavabdeh mənzilin icarədar olaraq yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməmiş, həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməmiş, başqa mənzil əldə etməmiş və bu səbəbdən, onunla bağlanılmış icarə müqaviləsi pozulmasına hər hansı əsas yoxdur. Həm də, müəyyən edilmişdir ki, cavabdehin yaşamaq üçün hər hansı başqa yaşayış sahəsi yoxdur, uzun müddətdir kirayə mənzillərdə və aldığı pensiyanı özünə deyil kirayə haqqına xərcləyir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olundu.
İddiaçı tərəf yazılı etirazla məhkəməyə müraciət edərək apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş edib.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçılar məhkəmə iclasında iştirak etmir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi
Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Maddə 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87.Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
15. Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:
15.1.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 15.2. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə və Konstitusiya Məhkəməsi Plenumunun qərarları ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. 24.Əvvəla, ilk iddiaçılar mübahisəli mənzildə yaşadıqlarından və daimi istifadəçilər olduğundan hazırki iddia ilə məhkəməyə müraciət etməkdə tam subyektiv hüquqa malik olmuşlar. Çünki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin 2-ci cümləsi onlara bu hüquqi səlahiyyəti vermişdir. Bunun mübahisəli olmasını qarşı tərəf də israr etmir. Başqa sözlə iddiaçıların hazırki iddianı irəli sürmək üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmalı olması mütləq şərt deyildir. Yetər ki, həmin mənzildə yaşasın və istifadə hüquqları yaranmış olsun. Ən azından iddiaçılardan İddiaçı1 və İddiaçı2 həmin mənzildə yaşadığını və istifadə hüququnun olduğunu cavabdeh də təsdiq edir.
25. Mübahisəli mənzilə dair verilən orderdə Cavabdeh da adının olması xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından ona hansısa toxunulmaz bir hüquq vermir. Belə ki, Cavabdeh mənzilə adına order verilmiş şəxsin özü və ailə üzvü ola bilər. Ancaq bu mənzildən istifadə hüququ mütləq hüquq kimi daimi və əbədi xarakterə malik ola bilməzdi. Bunun üçün ən azından qeyd olunan Mənzil Məcəlləsinin 53, 60 və 87-ci maddələrinin tələblərini Cavabdeh nəzərə almalı və onlara riayət etməli idi.
26. Cavabdeh mübahisəli mənzili daimi yox, müvəqqəti olaraq tərk etdiyini, daha konkret deyilsə, öz iradəsi ilə başqa yaşayış yerinə köçməməsini göstərsə də bu dəlillər həm həqiqi, inandırıcı və ağlabatan, həm də həyatı olmalıdır. Əks halda bu cür dəlillərdən yalnız kəlmə olaraq istifadə edilməsi onların həqiqiliyini təsdiq etmir. Belə ki, o, mənzili müvəqqəti olaraq tərk etməsinə və bunu öz iradəsi ilə etməməsinə dair məhkəməyə heç bir sübut təqdim etmir. İddiaçıların onu mənzilə buraxmaması da sübuta yetirilməlidir. Ən azından ötən 30 ildə iddiaçıların ona qarşı mənzillə bağlı qanunsuz hərəkətləri olmuşdursa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, ancaq etməmiş yaxud etməsinə dair məhkəməyə hansısa sübut təqdim etməmişdir. Əksinə məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilə köçürülsə də 30 il ərzində qeyd olunan mənzildə öz istəyinə görə yaşamamışdır.
27. Başadüşülən ola bilər ki, ikinci dəfə nikaha girdikdən sonra mübahisəli mənzildə birinci nikahdan olan övladları və keçmiş arvadı ilə birlikdə yaşamaq istəməyə bilər və yaşamaq üçün yeni arvadı ilə birgə yaşadığı başqa evə köçə bilər. Amma bu hallar iddianın əsassızlığına qətiyyən əsas vermir. Bir daha qeyd olunur ki, əgər həqiqətən də mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçməmişdirsə, müvəqqəti, özü də məcburiyyət qarşısında getmişdirsə, buna dair istənilən bir sübut təqdim etmək imkanı olardı. Belə bir sübutların olmaması da onun gətirdiyi dəlillərin əsassızlığını təsdiq edir.
28. Doğrudur Konstitusiya Məhkəməsi 12 mart 1999-cu il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Ancaq hazırki iş üzrə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar, yəni Cavabdeh daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi təsdiq olunur və onun mübahisəli mənzildə uzun müddətdə, yəni 30 il ərzində yaşamamasının səbəbi də məhz yeni ailə qurması və yeni arvadı ilə birgə təsərrüfat aparmaq zərurəti olmuşdur. Başqa cür ola bilməsi də mümkünsüzdür. Çünki, birinci nikahı pozulur, yeni nikaha daxil olur və yeni nikahdan olan arvadı və övladı ola-ola keçmiş arvadı ilə bir mənzildə yaşayıb, birgə təsərrüfat aparması yaxud aparmaq istəməsi də ağlabatan deyildir. Ən azından ona görə ki, buna dair də, olsa idi, məhkəməyə sübut təqdim etmək imkanı olardı.
29. Apellyasiya baxışı zamanı Cavabdeh mövqeyindən bəlli oldu ki, əslində onun niyyəti heç də mübahisəli mənzilə köçərək orada həm keçmiş arvadı və övladları, həm də yeni arvadı və övladı ilə birlikdə yaşamaq deyil, həmin mənzildən pay əldə etmək istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiaya gətirdiyi etirazı arasında ziddiyyət yaranır. Çünki, mənzildən pay almaq üçün, həmin mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədiyini bəyan etmək, məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Bunu qarşı tərəf olan keçmiş arvadı və övladları ilə ya məhkəmədən kənar həll edə bilərdi, yaxud da indiyədək həqiqi istəyinə uyğun iddia ilə məhkəməyə müraciət edə bilərdi.
30. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5018/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5018/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.