Məhkəmə qərarları › İş №2(103)-1343/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1343/2020

23.01.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1343/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 (İdarə) vergi ödəyicisi olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (şirkət) vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyini, onun dövlət büdcəsinə 3 586 610,08 manat məbləğində vergi borcunun yarandığını, borcunu 5 gün ərzində ödəməsi barədə xx.xx.2016-cı il tarixli bildiriş göndərilməsinə baxmayaraq şirkətin öhdəliyini icra etmədiyini irəli sürmüş, buna görə də həmin şirkətin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edən ərizəçinin nümayəndəsi şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs tərəfindən xx.xx.2007-ci il tarixli əmrlə X1 “xxxx” MMC-nin direktoru vəzifəsinə təyin olunmasına, X2 Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə və ona qarşı mülki iddianın təmin edilməsinə istinad etsə də, adı çəkilən şirkətin rəsmi rəhbərinin hazırkı dövrədək Maraqlı şəxs olduğunu və şirkətin dövlət büdcəsinə 3 586 610,08 manat borcunun yarandığını, həmin borcun məhkəmə qətnaməsi ilə təsbit edildiyini nəzərə almamış, Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarındakı hüquqi mövqeyə əhəmiyyət verməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış ərizəçi nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil isə şikayətin əsassız olduğunu bildirərək və tələb olunan vergi borcunun təmsil etdiyi şəxsin deyil, Raya Quliyevanın müəssisəyə faktiki rəhbərliyi dövründə yarandığını, borcun yaranmasına və vergidən yayınma faktına görə məhz sonuncunun məsuliyyətə cəlb edildiyini, ona qarşı mülki iddianın təmin olunduğunu, törətmədiyi bir cinayətə və aidiyyatı olmayan vergi borcuna görə Maraqlı şəxs konstitusion hüquqlarının məhdudlaşdırılmasının yolverilməz olduğunu qeyd edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, ərizəçinin (İdarə) Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahişinə, adı çəkilən şəxsin rəhbəri olduğu şirkətin 3 586 610,08 manatməbləğində vergi borcunu ödəmədiyi iddiası əsas təşkil etmiş, məhkəmə isə xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin Maraqlı şəxs tərəfindən təsis edilməsinə baxmayaraq onun, əvvəldən tanıdığı X3 xx.xx.2007-ci il tarixdən müvafiq əmrlə MMC-yə direktor vəzifəsinə təyin etdiyini, cəmiyyətə aid bütün ciddi-hesabat sənədlərini və möhürü ona təhvil verdiyini, xx.xx.2007-ci il tarixdən sonra MMC-yə aid bütün səlahiyyət və məsuliyyətin Raya Quliyevanın üzərinə keçdiyini, işin bu halının qanuni qüvvəyə minmiş hökmlə təsdiq edildiyini, Maraqlı şəxs xx.xx.2007-ci il tarixdən sonra və hazırkı dövrdə MMC-nin direktoru vəzifəsindən işləməsi halının sübuta yetirilmədiyini əsas gətirməklə ərizəni təmin etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə görə isə, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Kollegiyanın qənaətinə görə, mülki-prosessual qanunvericiliyə yeni daxil edilən bu müddəalar, vergi ödəyicisinin konstitusion hüquqlarını müvəqqəti məhdudlaşdırmaq yolu ilə onu dövlət büdcəsinə yaranmış vergi borclarını ödəməyə məcbur etmək məqsədi daşıyır və əgər müəssisənin faktiki və rəsmi rəhbərlərinin başqa-başqa şəxslər olduğu əsas götürülərək müvafiq ərizənin təmin edilməməsinə haqq qazandırılarsa, belə halda həmin məqsədə nail olunması faktiki olaraq mümkünsüz olacaqdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici, müvafiq ərizə üzrə çıxarılacaq qətnamədən hətta şikayət verildikdə belə qətnamənin icrasının dayandırılmayacağını nəzərdə tutmuşdur; bu isə o deməkdir ki, sözügedən hal əsas götürülərək ərizənin təmin olunmaması qanunun məqsədinə uyğun olmamaqla vergi ödəyicisinin hüquqdan sui-istifadəsinə imkan yarada bilər. İş materiallarından aydın olur ki, “xxxx” MMC xx.xx.2006-cı il tarixdə Dövlət qeydiyyatına alınmışdır və hazırda onun rəhbərli Maraqlı şəxsdır. İş materiallarından həmçinin aydın olur ki, X4 rəhbəri olduğu “xxxx” MMC-nin adından 2008ci ilin may-2009-cu ilin sentyabr aylarında apardığı əməliyyatlara görə vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə təhrif olunmuş məlumatları daxil etmək yolu ilə ümumilikdə külli miqdar təşkil edən 1 824 225,47 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, bu əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməklə 3 il müddətinə sahibkarliq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddia təmin olunaraq ondan 5 638 964,69 manat vəsaitin (“xxxx” MMC üzrə 1 824 225,47 manat) tutularaq dövlət büdcəsinə ödənilməsinə hökm olunmuşdur. Bununla yanaşı işin müəyyən edilən halına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qiyabi qətnaməsi ilə Bakı şəhəri Vergilər Departamentinin “xxxx” MMC-yə qarşı “xxxx” tələbinə dair iddiası təmin edilmiş, MMC-dən xx.xx.2013-cü il tarixə vergilər üzrə 1 951 290,58 manat, maliyyə sanksiyası üzrə 1 635 319,50 manat, faizlər üzrə 712 221,06 manat olmaqla, cəmi 4 298 831,14 manat pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin hallarından aydın olur ki, sözügedən qətnamə ilə “xxxx” MMC-dən tutulmasına qərar verilmiş məbləğin 1 951 290,58 manat hissəsi əsas borc, 712 221.06 manat hissəsi faiz borcu, 1 635 319,50 manat məbləğində olan hissəsi maliyyə sanksiyası üzrə hesablanmış, sonradan “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanununa əsasən 712 221,06 manat məbləğində faiz borcu silinmiş, beləliklə də MMC-nin 3 586 610,08 manat (4 298 831,14 manat - 712 221,06 = 3 586 610,08) vergi borcu (əsas borc və maliyyə sanksiyası) qalmışdır. Göründüyü kimi, rəsmi sənədlərə əsasən rəhbəri Maraqlı şəxs olan “xxxx” MMC-nin Dövlət büdcəsinə 1 951 290,58 manat vergi borcunun yarandığı qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən olunmuşdur; ərizəçinin tələb etdiyi vergi borcu isə məhz həmin borc və ona hesablanmış 1 635 319,50 manat maliyyə sanksiyasıdır (cəmi 3 586 610,08 manat). Başqa sözlə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Raya Quliyevadan tutulmasına qərar verilmiş məbləğ, “xxxx” MMC-nin ümumi vergi borcunu əhatə etməməkdədir və həmin hökmlə mülki iddianın təmin olunması, hazırkı ərizənin təmin edilməsinə maneə törədən əsas kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli qərarında göstərmişdir ki, “Vergi cinayətlərinə görə məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir. Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq həmin faizlər və maliyyə sanksiyalarının tutulması həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında həyata keçirilir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2013-cü il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə ərizəni təmin etmədiyi zaman sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 355-7.6-cı maddəsinə görə, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir. Başqa sözlə maraqlı şəxs, sənədlərə əsasən rəhbəri olduğu müəssisə ilə heç bir əlqəsinin olmadığını sübuta yetirdikdən, yaxud həmin müəssisənin vergi borcunun olmaması barədə vergi orqanının təsdiqlədiyi arayışı aldıqdan sonra, barəsində tətbiq olunan məhdudiyyətin götürməsi barədə hüquqi imkan mövcuddur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6190/2019 saylı iş üzrə xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılasın. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin olunsun. xx xxxxxx 1962-ci il tarixdə Azərbaycan Respublikasının Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, AZE AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi (FİN nömrəsi: xxxxxxx) Maraqlı şəxs Azərbaycan Respublikasından kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar