Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1343/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, sığorta ödənişi qismində verilməli olan 8.236 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 924 manat pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında xx.xx.2015-ci il tarixdə “Chanqan CS 35” markalı avtomobilə dair sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh mülkiyyətində olan avtomobili həmin müqaviləyə əsasən iddiaçıya vermiş, iddiaçı müqavilədə müəyyən edilmiş ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Avtomobil iddiaçıda olduğu zaman – xx.xx.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, avtomobil mexaniki zədə alaraq istifadəyə yararsız vəziyyət düşmüş və iddiaçı avtomobili cavabdehə təhvil vermişdir. Daha sonra tərəflərin arasında mübahisə yaranmış, tərəflər bir-birlərinə qarşı iddialar vermiş, həmin iddialar məhkəmədə həll olunmuşdur. İddialar həll edilərkən müqavilənin ləğv edilməsi də qət olunmuşdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1278/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qət olunub ki, tərəflərin arasında xx.xx.2015-ci il tarixdə “Chanqan CS 35” markalı avtomobilə dair sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi ləğv olunsun. Hazırda iddiaçı cavabdehdən tələb etdiyi 8.236 manatın təkibinə bunları daxil edib: 1) avtomobili əldə edərkən ilkin olaraq cavabdehə ödədiyi 2.475 manat; 2) nömrə pulu” kimi cavabdehə ödədiyi 385 manat; 3) icbari sığortaya görə cavabdehə ödədiyi 90 manat; 4) kasko sığortasına görə ödədiyi 924 manat; 5) 2015-ci ilin sentyabr ayından xx.xx.2016-cı il tarixdədək cavabdehə ödədiyi 4.362 manat. Bu məbləğlərin cəmi 8.236 manat təşkil edir. 4-cü məbləğə, yəni kasko sığortasına görə ödənilmiş 924 manat pula münasibətdə iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilib, qətnamənin həmin hissəsi mübahisələndirilməyib. Ona görə də qətnamədnin həmin hissəsi yoxlanılmamış, yalnız iddanın rədd edilməsinə aid hissəsinin əsaslılığı apelyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində göstərilən məbləği yol-nəqliyyat hadisəsinə görə ona verilməli olan, lakin verilməyən sığorta ödənişinin əvəzi kimi tələb edir. İddiaçı həmçinin hesab edir ki, sığorta ödənişi cavabdehin təqsiri üzündən verilməyib, yəni o, cavabdehə kasko sığortasına görə pul (924 manat) ödəyib, lakin cavabdeh avtomobili sığorta etdirməyib. Ona görə də verilməyən sığorta ödənişi nəticəsində o, zərər çəkib. Mülki-Prosessul Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə iddianın əsası da nəzərdə tutulur, çünki iddianın əsası iddianın strukturuna daxil olan elementlərdən biridir. Əgər məhkəmə mübahisəni həll edərkən iddianın əsasından kənara çıxarsa, yəni iddiaçının istinad etmədiyi əsasla onun tələbini təmin və ya rədd edərsə, bu, prosesin çəkişmə prinsipinin pozulmasına səbəb olacaq. Belə ki, çəkişmənin predmetini yalnız iddiaçının nəyi (pulu və s.) tələb etməsi deyil, həm də hansı əsasla (müqaviləyə əsasən, zərərə əsasən və s.) tələb etməsi təşkil edir. İddianın əsasına görə iddiaçı pulu ona verilməyən sığorta ödənişinin əvəzi kimi tələb edir və hesab edir ki, buna görə ona zərər dəyib: almalı olduğu pulu ala bilməyib. Bu mübahisənin düzgün həll edilməsi üçün aydınlaşdırılmalıdır: əgər kasko sığortası, yəni avtomobilin zədələnməsinə ya məhv olmasına görə sığorta olsayıdı iddiaçıya sığorta ödəniş verilməli idimi ? İddiaçı avtomobilin mülkiyyətçisi olmayıb. Belə ki, avtomobil rəsmi reyestrdə qeydə alınan daşınar əşya olduğuna görə avtomobil üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınmalı, habelə avtomobilə dair alqı-satqı müqaviləsi Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.9-cu bəndinə görə DİN Dövlət X1-imtahan məntəqələrində təsdiq olunmaqla bağlanmalı idi. Lakin iddiaçının avtomobil üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınmayıb, habelə iddiaçı ilə həmin avtomobilə dair alqı-satqı müqaviləsi göstərilən qaydada bağlanmayıb. Ona görə də iddiaçının belə bir sığorta ödənişi almaq hüquq olmayıb. Mülki məsliyyətin icbari sığortası üzrə sığorta ödənişinin cavabdehə (avtomobilin mülkiyyətçisinə) verilməsi də onu təsdiq edir ki, iddiaçının nə icbari sığorta, nə kasko sığortası üzrə sığorta ödənişi almaq hüququ olmayıb. Kasko sığortasına görə müqavilənin bağlanması üçün iddiaçının cavabdehə verdiyi pulun isə onun özünə qaytarılması qət edilib, bu barədə hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunub. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsində tələb əsassızdır, birinci instansiya məhkəməsi düzgün olaraq həmin tələbi təmin etməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1343/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1343/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver