Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1346/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpa edilməsi, vərəsəlik hüququnun tanınması və əmlaka vərəsəlik payının müəyyən edilərək vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4448/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı mərhum X2 doğma qızıdır. X10 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İddiaçı atasından miras qalmış ünvan 1 küçəsi, 23 saylı ev ünvanında yerləşən daşınmaz əmlakda ona çatası miras payına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş edir.
2. İddiaçının atasından qalmış mirasın qəbulu ilə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən 26 iyul 2022-ci il tarixli, 2927 nömrəli məktubla miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 vərəsəlik işi üzrə mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpa edilməsini, onun vərəsəlik hüququnun tanınaraq ünvan 1 küçəsi, 23 saylı evə vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı mərhum X2 doğma qızıdır. Mərhumun iddiaçıdan başqa başqa övladları 1953-cü il təvəllüdlü X6, 1955-ci il təvəllüdlü X3, 1956-cı il təvəllüdlü X11, 1950-ci il təvəllüdlü X4, 1961-ci il təvəllüdlü X7, 1964-cü il təvəllüdlü X8 və 1968-ci il təvəllüdlü X21 adlı başqa övladları da vardır. X18 07 sentyabr 2013-cü il tarixində vəfat etmişdir. Hazırda o mərhuma məxsus Vasif Əliyev 23 saylı küçəsindəki əmlakı atasının vəfatından sonra idarə edə bilmir və orada yaşamır. Səbəb isə qardaşının onu oraya daxil olmağa icazə verməməsidir. Hazırda qızı ilə birgə şəraitsiz şəkildə yaşayır. Ata mülkindən qalan əmlakın paylar üzrə bölünməsini istəyir. Bu səbəbdən hüquqi yardım alaraq 53 saylı notariat ofisinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən mirasın açılması ilə bağlı müddətin keçdiyini qeyd edilir. Lakin heç bir vərəsə mirasın açılması üçün müraciət etməmişdir. Hesab edir ki, hazırkı hal üzrə müddət üzrlü hesab edilə bilər.
5. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, atası X10 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, ondan miras olaraq ünvan 1 küçəsi 23 saylı ev qalmışdır. Həmin mirasda payının qəbulu üçün vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisi onun tərəfindən mirasın qəbulu müddəti ötürüldüyündən şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Əlavə olaraq iddiaçı bildirmişdir ki, atası öldüyü gündən digər vərəsə qardaşı tərəfindən ona miras əmlakın idarə edilməsinə maneəçilik törədilmişdir. Atası öldüyü gündən 9 il ərzində o, miras əmlaka köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir və bu müddət ərzində mirasın qəbulu üçün əvvəlcə həyat yoldaşı tərəfindən icazə verilmədiyi, sonradan isə səhhəti ilə ilə bağlı 2 il ərzində müalicə olunduğundan notariat ofisinə müraciət edə bilməmişdir. Ondan başqa digər vərəsələr də mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Atası öldüyü anda həyat yoldaşına məxsus evdə yaşamışdır. Hal-hazıradək o evdə yaşayır. Miras əmlaka dair əmlak vergisini və kommunal xərcləri ödəməmişdir. Odur ki, hesab edir ki, onun tərəfindən mirasın qəbulu müddəti üzrlü səbəblərdən ötürülmüşdür. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə çıxarımasını məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(004)- 4448/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı atasının öldüyü gündən, yəni mirasın açıldığı gündən mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmiş, eyni zamanda miras əmlaka sahiblik etməmiş, idarə etməmişdir. İddiaçı miras əmlakı idarə etməyə və miras əmlaka sahiblik etməyə digər vərəsələr tərəfindən ona maneəçilik törədilməsini bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçının özünün izahatından görünür ki, iddiaçı ona törədilən maneələrə son qoyulması və miras əmlaka köçürülməsi barədə mirasın açıldığı gündən hal-hazıradək məhkəməyə müraciət etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1321.1, 1322 -ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4448/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən üzrlü səbəblərin olmadığına əsaslanaraq ötürülmüş müddətin bərpa olunmasının mümkün olmadığını göstərmişdir. Halbuki iddia tələbi Notariat ofisində vərəsəlik işinə baxılması üçün nəzərədə tutulmuş müddətin uzadılması ilə bağlı verilməmişdir. Belə olan halda məhkəmə müddətin bərbası üçün üzrlü səbəb axtarmamalıdır. Çünki iddia tələbi vərəsəlik hüququnun tanınaraq vərəsəlik payımın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair olduğundan hər hansı bir müddətin bərpasından söhbət gedə bilməz. Miras qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməsi kimi nəzərə alınmalıdır. İddia tələbi Notariat ofisində vərəsəlik işinə baxılması üçün nəzərədə tutulmuş müddətin uzadılması ilə bağlı deyil, vərəsəlik hüququmun tanınaraq vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair olduğundan hər hansı bir müddətin bərpasından söhbət gedə bilməz. İddiaçının vərəsəlik işinin açılması üçün Notariat ofisinə müraciətindən sonra Notariat ofisinin vərəsəlik işini açmaqdan imtina etdiyi hallarda mübahisənin məhkəmə müstəvisində baxılıb həll olunmasını tələb etmək iddiaçının hüququdur. Hakimin qənaətindən yola çıxsaq o zaman iddia müddətini ötürmüş iddiaçının tələb etdiyi miras əmlakın hüquqi aqibəti sual altında qalmalıdır. Bu da mülki hüquq normalarına zidd yanaşmadır və bu kimi fikirlərə aydınlıq gətirilməsi üçün də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu müvafiq qərar qəbul etmişdir. İddiaçı Notariat qaydasında vərəsəlik işinə baxılması müddətinin uzadılması tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən hakim bu normanın tələblərini hazırki iddiaya tətbiq edə bilməzdi. Məhkəmədə işə baxılan zaman mərhum X2 vəfat etməsini təsdiq edən ölüm haqqında şəhadətnaməni, atası ilə qohumluq əlaqəsini təsdiq edən doğum haqqında şəhadətnaməni, Notariat ofisinin imtina məktubunu və digər zəruri sənədləri məhkəməyə təqdim etsə də, məhkəmə işə tam fərqli aspektdən yanaşaraq iddia tələbinə aid olmayan yanaşma ilə iddanı rədd etmişdir. Məhkəmə işi tam və hər tərəfli araşdırmadan, iddiaçının iddiasını əsassız olaraq rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, qanunvericiliklə müəyyən edilmiş müddət sadəcə natorial hərəkətlərin aparılması üçün nəzərdə tutulmuşdur. Buradan da görünür ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş və işi səthi araşdırmışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, yalnız mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı məhkəməyə müraciət edildikdə hakim işə baxarkən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Buradan da görünür ki, iddia tələbində altı aylıq müddətin uzadılması tələb kimi qoyulmadığından hakim iddia müddətinin ötürülməsinə əsaslanaraq iddanı rədd edə bilməz. Buna görə də, qətnamə əsassız olduğundan ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək dəlillərə uyğun məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, həmin mənzil atasına məxsus olmuş, evi atası anası ilə birgə nikah dövründə təqribən 1954- 1955-ci ildə əldə etmişlər. Atası anası ilə 1949-cu ildə nikaha daxil olmuşlar. Atası 2013-cü ildə, anası isə təqribən 2017-2018-ci ildə rəhmətə getmişdir. Atasından qalan miras əmlakı heç kim qəbul etməmiş, yəni həmin əmlak heç kimin adına deyildir. Qardaşının biri atasının sağlığında evin bir hissəsini mülkiyyətinə keçirmişdir. Onun bir qardaşı rəhmətə getmişdir, qalanları sağdır. Həmin ev heç kimin adında deyildir və bu günə qədər heç kimin adına rəsmiləşdirilməyib. Atasının 8 uşağı var idi və ondan başqa hamısının evi vardır. O, ona aid olan evi müvəqqəti olaraq qardaşı oğluna vermişdir və hazırda evi ona qaytarmır. Hal-hazırda orada qardaşı, qardaşının uşaqları yaşayır. Onun bu müddət ərzində Notariat Kontoruna müraciət etməməsi ərinin buna icazə verməməsi və daha sonra xəstə olması ilə əlaqədardır.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
19. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
20. 1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
21. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
22. 1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
23. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
24. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
25. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
26. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X10 xx.xx.2013-cü il tarixdə ölmüşdür. xx.xx.1958-ci il təvəllüdlü X1 mərhum atasının ölümündən təqribən 9 il müddət keçdikdən sonra müvafiq notariat kontoruna müraciət etmiş, daha sonra isə məhkəmədə iddia qaldırmışdır. İddiaçının məhkəmə baxışı zamanı verdiyi izahatlardan və iş materiallarından göründüyü kimi iddiaçı mərhum atası X5 məxsus ünvan 1 küçəsi, 23 saylı evə dair vərəsəlik hüququnun tanınması və əmlaka vərəsəlik payının müəyyən edilməsi ilə bağlı iradə ifadəsini 9 il müddətində ərinin icazə vermədiyi, səhhətində problem olduğu səbəbilə nümayiş etdirə bilməmişdir.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
32. Qərarda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
33. Məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
34. Qanunun həmin tələblərini hazırki işə tətbiq etməklə müəyyən edilir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi iddiaçı mərhum atasının ölümündən sonra qanunla müəyyən edilən müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etməli idi. Lakin, sonuncunun mirasın açıldığını bilməsinə baxmayaraq, onun qanunla müəyyən olunan müddət ərzində mirasın faktiki qəbulu ilə bağlı hər hansı hərəkət edilmədiyi, mirasın açıldığı yer üzrə notariat kontoruna ancaq xx.xx.2022-ci il tarixdə müraciət edildiyi müəyyən edilmişdir.
35. Bundan başqa qeyd edilməldir ki, işə baxılan zaman iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin, gecikdirmə səbəbini üzrlü saymaqla uzadılmasına əsas ola biləcək hər hansı hal müəyyən edilməmişdir. Belə ki, iddiaçı miras əmlakı idarə etməyə və miras əmlaka sahiblik etməyə digər vərəsələr tərəfindən ona maneəçilik törədilməsini iddia ərizəsində göstərsə də, bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə onun bu müddət ərzində Notariat Kontoruna müraciət etməməsi ərinin buna icazə verməməsi və daha sonra xəstə olması ilə əlaqədləndirmiş, daha sonra isə qardaşının onun evə gəlib yaşamasına etiraz etmədiyini bildirmişdir.
36. Məhkəmə kollegiyası iddiaçı ilə eyni növbəli lakin miras əmlakı vaxtında qəbul etmiş digər vərəsələri, müvafiq müddət qurtardıqdan sonra iddiaçı tərəfindən mirasın qəbul edilməsinə razı olub-olmadıqlarını müəyyən etmək məqsədilə üçüncü şəxs qismində cəlb edərək onların iradəsini müəyyən etməyə çalışsa da sözügedən şəxslər məhkəmə iclasında iştirak etməmiş və mübahisəyə dair hər hansı mövqe bildirməmişlər.
37. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni qətnamə qəbul olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4448/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov