Məhkəmə qərarları › İş №2(103)-1346/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1346/2024

13.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1346/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Geyik Özgürün Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ödənilməmiş əmək haqqı və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1272/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Geyik Özgür Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə ödənilməmiş əmək haqqının ödənilməsi, məhkəmə qətnaməsi icra edilən günədək gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində pul vəsaitinin tutularaq, ona verilməsi, mənəvi zərərin əvəzi olaraq 15.000 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-1272/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən yalnız bir sübuta üstünlük verilmiş, işin halları tam obyektiv araşdırmamışdır. Həmçinin o, hesab etmişdir ki, iddia müddətini ötürməmişdir, buna görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh tərəf iddiaçının apellyasiya şikayətinə etiraz ərizəsi vermişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Z.Ələkbərov apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

7. Geyik Özgürün əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin pide ustası vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir.

8. “İşəgötürən” qismində Cavabdeh MMC ilə “İşçi” qismində Geyik Özgür arasında bağlanmış xx.xx.2019-cu il tarixli, EA-180/2019 saylı əmək müqaviləsinin surətindən görünür ki, Geyik Özgür Cavabdeh MMC-nin pide ustası (Pidem Restoranı) peşəsinə işə qəbul edilmişdir. Bu Müqavilə xx.xx.2019-cu il tarixədək bağlanılır. İşçinin tam əmək haqqının aylıq miqdarı 1660,34 manat təşkil etmişdir. Əmək haqqı hər ay işçinin Azərbaycandakı bank hesabına köçürülmə yolu ilə ödənilir.

9. “İşəgötürən” qismində Cavabdeh MMC ilə “İşçi” qismində Geyik Özgür arasında bağlanmış 180/2019 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 180/2019-3 saylı xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmasından görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdən etibarən işçinin əmək haqqının 1679,10 manat təşkil etməsi, bu razılaşmanın qüvvəyə mindiyi müddətdən EA-180/2019 saylı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 7.1-ci maddəsinin qüvvədən düşmüş hesab edilməsi barədə razılığa gəlmişlər.

10. "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, Geyık Özgürə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 49.354,63 manat əmək haqqı ödənilmişdir.

11. Cavabdeh MMC tərəfindən həmin MMC-də pide ustası vəzifəsində işləyən Geyik Özgürə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, onunla Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, EA-180/2019 saylı əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitəcəkdir. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndini əsas gətirərək (əmək müqaviləsinin müddətinin qurtarması), onunla bağlanılmış xx.xx.2019-cu il, EA-180/2019 saylı əmək müqaviləsinin müddəti uzadılmayacaqdır və xx.xx.2022-ci il tarixdə xitam veriləcəkdir. Eyni zamanda nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 71.2-ci maddəsinə əsasən əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azzərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respblikasının ərazisini tərk etməlidir. Cavabdeh MMC-nin rəhbərliyi adından işlədiyi dövrdə göstərdiyi fəaliyyətə görə təşəkkür edir. Özgür Geyik xx.xx.2022-ci il tarixdə bildirişlə tanış olmuşdur.

12. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli BHG-TE22/071 saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin pide ustası Özgür Geyik xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarmasına görə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Özgür Geyikə 86,3 istifadə edilməmiş məzuniyyət gününə görə pul əvəzinin ödənilməsi və son haqq-hesabının ödənilməsi müvafiq qaydada təmin edilməsi əmr edilmişdir. Əsas kimi əmək müqaviləsinin müddətinin qurtarması haqqında xx.xx.2022-ci il tarixli HR-016/22 nömrəli bildirişi qeyd edilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Özgür Geyikə Cavabdeh MMC tərəfindən 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayına qədər əhatə edən dövr üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Araşdırma nəticəsində Özgür Geyik tərəfindən imzalanmış Covid-19 pandemiyası ilə əlaqədar iş yerlərinin qorunub saxlanılması və restoran biznesinin davamlı fəaliyyət göstərməsi üçün əmək haqqının müvafiq hissəsinin tutulmasına dair razılıq ərizəsi aşkar olunmuşdur. Bundan əlavə, Cavabdeh MMC-nin baş direktorunun Covid-19 pandemiyasının yaratdığı fəsadları nəzərə alaraq, təcili təxirəsalınmaz tədbirlər planının həyata keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 1 nömrəli və xx.xx.2020-ci il tarixli 7 nömrəli əmrlər mövcuddur.

14. "xxxx" ASC-nin hesabdan çıxarışdan görünür ki, Özgür Geyikə 2020-ci ilin aprelmay ayları üçün 1500 manat, 2020-ci ilin iyun-noyabr ayları üçün 1200 manat, 2020-ci ilin noyabr - 2021-ci ilin may ayları üçün 750 manat əmək haqqı ödənilmişdir.

15. Özgür Geyik tərəfindən yazılmış ərizənin surətindən görünür ki, o, Covid-19 Qlobal Pandemiyası ilə əlaqədar olaraq şirkətin çəkdiyi maddi zərəri anlayaraq, bu müddətdə iş yerlərinin qoruyub-saxlanılması və restoran biznesinin davamlı fəaliyyət göstərməsi üçün, növbəti ayların əmək haqqından bir hissəsinin kəsilməsinə etiraz etmir.

16. Cavabdeh MMC-nin baş direktorunun “Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixindən etibarən iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyətinin müvəqqəti dayandırılması göstərişinə və Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 122 saylı Qərarına əsasən fəaliyyətinə icazə verilməyən sahələr – iri ticarət mərkəzləri və “Pidem” şəbəkəsinin yerləşdiyi “Mall”ların fəaliyyətinin dayandırılmasını nəzərə alaraq, iş yerlərinin saxlanılması lakin gəlir olmadığı müddətdə böhranın idarə edilməsi məqsədilə, təcili təxirəsalınmaz tədbirlər planının həyata keçirilməsinə dair” xx.xx.2020-ci il tarixli 7 №-li əmrdən çıxarışından görünür ki, Cavabdeh MMC-nin “28 Mall”, “Gənclik Mall” və “Dəniz Mall”da yerləşən “Pidem” şəbəkəsində fəaliyyət göstərən əməkdaşlarının əmək haqları 2020-ci ilin noyabr və dekabr aylarında 50%-la ödənilməsi əmr edilmişdir.

17. Cavabdeh MMC-nin baş direktorunun “Covid-19 Qlobal pandemiyasının yaratdığı fəsadları nəzərə alaraq, iş yerlərinin saxlanılması lakin gəlir olmadığı müddətdə böhranın idarə edilməsi məqsədilə, təcili təxirəsalınmaz tədbirlər planının həyata keçirilməsinə dair” xx.xx.2020-ci il tarixli 1 №-li əmrdən çıxarışından görünür ki, Cavabdeh MMC-nin Restoran bölməsinin əməkdaşlarına əmək haqları 4 ay müddətinə (may, iyun, iyul, avqust) 30% və 60% olmaqla azaldılması, əmrin may, iyun, iyul, avqust aylarına şamil edilməsi əmr edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi

18. Maddə 154.1 Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

19. Maddə 172.(1-4-cü hissələr) Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

20. Maddə 178.1 İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

21. Maddə 195 İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyəti müəyyən edilmişdir.

22. Maddə 196.5 İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır.

23. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

24. Maddə 292.1. Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

25. Maddə 296.2 Bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

26. Maddə 296.4 Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

27. Maddə 296.5. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

29. Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

30. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.»

31. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Tətbiq edilən prosessual hüquq normaları:

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

40. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə iddiaçının şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır.

44. Kollegiyanın ararşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış və həmin əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh şirkətə pide ustası (Pidem restoranı) vəzifəsinə 1660,34 manat aylıq əmək haqqı ilə işə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmaya əsasən iddiaçının əmək haqqı 1679,10 manat təşkil etmiş, müvafiq ödənişlər çıxıldıqdan sonra iddiaçıya hər ay 1500 manat məbləğində əmək haqqı verilmişdir. “Covid-19” pandemiyasının yaratdığı fəsadları nəzərə alaraq, böhranın idarəedilməsi məqsədilə Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən əmək haqları bir neçə ay müddətinə 30% və 60% olmaqla azaldılması barədə əmr qəbul edilmişdir. Daha sonra isə qeyd edilən məqsədlə Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən müvafiq ticarət obyektlərində yerləşən “Pidem” şəbəkəsində fəaliyyət göstərən əməkdaşlarının əmək haqları bir neçə ay müddətində 50%-lə ödənilməsi barədə əmr qəbul edilmişdir. Həmin dövr ərzində iş yerlərinin qorunub saxlanılması və restoran biznesinin davamlı fəaliyyət göstərməsi üçün əmək haqqının müvafiq hissəsinin tutulması dair iddiaçı ilə razılıq ərizəsi imzalanmışdır. Yəni iddiaçının əmək haqqının kəsrlə verilməsinə dair iradə ifadəsi olmuşdur

45. Mülki iş materialları ilə eyni zamanda müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayına qədər əhatə edən dövr üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı əmək müqaviləsinin müddətinin qurtarmasına görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

46. Mülki işdə olan sənədlərdən görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 2020-ci ilin aprel ayından may ayına qədər 1500 manat, 2020-ci ilin iyun ayından noyabr ayına qədər 1200 manat, 2020-ci ilin noyabr ayından 2021-ci ilin may ayına qədər 750 manat (13 ay ərzində cəmi 12450 manat) əmək haqqı verilmişdir, bununla da sadə riyazi hesablama ilə müəyyən edilir ki, əmək haqqının ödənilməmiş qalan hissəsi (19500- 12450=7050 manat) 7050 manat təşkil edir.

47. İddiaçı 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayına qədər olan müddət ərzində ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ödənilməsini tələb edir, iddia tələbi də məhz əmək haqqı tələbi ilə bağlı olduğundan, belə mübahisənin həlli üçün isə qanunvericilikdə 1 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur, qanunvericiliyə əsasən bu müddət iddia müddəti hesab olunur, iddiaçı isə hazırkı iddianı 2023-cü ilin may ayında qaldırdığından 1-ci instansiya məhkəməsi əmək haqqının tələb edilməsi ilə bağlı iddianı (cavadehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə əsasən) iddia müddətinin ötürülməsi əsası ilə təmin etməməkdə düzgün qənaətə gəlmişdir.

48. Kollegiya iddia tələbinin digər hissəsi -mənəvi ziyanın ödənilməsi ilə bağlı isə qeyd edir ki, işəgötürən tərəfindən iddiaçıya mənəvi ziyan vurulmasına əsas olan hər hansı əməllərə və ya hərəkətlərə yol verilməmişdir. Bu Əmək Məcəlləsinin 290-cı maddəsinin “Qeyd” hissəsində göstərildiyi kimi, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülür. Hazırkı işdə isə bu hallar mövcud deyil. Buna görə də rayon məhkəməsi iddianı bu hissədə də haqlı olaraq təmin etməmişdir. Nəticə:

49. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Geyik Özgür tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1272/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar