Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1347/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı (Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: müavinətin tam ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin nümayəndəsi-vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı (Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2403/2022 saylı 25 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəf olduğu 29 may 2009-cu il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə bağlanmış razılaşmaya əsasən xitam verilmşdir. Həmin razılaşmaya görə İddiaçı 29 may 2009-cu il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə (işçi yaşa görə əmək pensiyasına çıxdıqda) müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət etməyi, Cavabdeh isə bunun müqabilində işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10.796,50 manat işdənçıxarma müavinəti hesablamağı və həmin işdənçıxarma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli arayışa əsasən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında verilmiş müavinətdən 2074,13 manat məbləğində gəlir vergisi tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2.794,74 manat pulun və 50 manat mediasiya xərcinin "Azneft” X1 və Qazçıxarma İdarəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, “Azneft” İB-nin “Ə.C.Əmirov” adına NQÇi-də “elektrik təchizatı və elektrik avadanlıqları sahəsində sahə rəisi” vəzifəsində çalışmışdır. 15 avqust 2022-ci il tarixli əmr ilə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir. Ödənilmiş işdən çıxmaya görə müavinətinin az olması səbəbindən mühasibatlığa müraciət edəndə ona bildirildi ki, ödənilmiş son haqq-hesabdan tutulmalar olmuşdur.
4. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. “Azneft” İB-nin 15 avqust 2022-ci il tarixli əmri ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qəranın 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmişdir. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-220 nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilib. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009cu il tarixli 57/06- 19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək, müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr Qərarın 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək müraciət etdikdə, müstəsna hal kimi işəgötürən, tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin Əmr-Qərarın girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramından irəli gələn vəzifələrinin, xüsusilə də, “şirkətin müəssisə təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərcləron azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir. Sözügedən əmrə əsasən ləğv edilən müəssisələrin işçilərinin, qeyd olunan əmr- qərara müvafiq olaraq orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək, müqaviləsi AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsi onun yazıb, ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçılara ödənilmişdir. Vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirlər ki, iddiaçılara ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. Bundan əlavə, iddiaçı iddia ərizəsində ona ödənilməli olan 9326 manat məbləğində puldan 2794,4 manat tutulmasını qeyd etməsi əsassızdır. Belə ki, 08/2022 saylı haqq-hesab vərəqəsindən görünür ki, iddiçıya hesablanmış 2794,4 manat pula həmçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti də daxildir. İddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti olaraq 10.796,5 manat pul hesablanmış, həmin puldan 2074,13 manat gəlir vergisi tutulmuşdur.
5. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs iddiaya etiraz təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: 1) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri. 2) hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar. 3) Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə iddiaçının qeyd etdiyinin əksinə, qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunverciliyin tələblərinə uyğun deyildir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən isə işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Lakin hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarından aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Bundan əlavə iddiaçı Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə istinad edərək bildirmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildiririk ki, həmin maddə özüözlüyündə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Bununla yanaşı iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə işdən çıxması əlaqədər olaraq xx.xx.2022-ci il tarixdə işəgötürənlə bağladığı müqaviləyə əsasən ona orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin ödənilməli olduğunu bildirmişdir. Bu isə o deməkdir ki, qeyd olunan müavinətin verilməsinin hüquqi əsası qanunvericiliyin hər hansı norması deyil, tərəflər arasında bağlanılmış müqavilə və ARDNŞ-nin və ANQSİHİRİK-nin 2020-2023-cü illər üzrə üçün Sahə (tarif) Kollektiv Sazişi olmuşdur. Lakin həmin sənədlərin heç biri normativ və ya normativ xarakterli sənəd olmadığından vergitutma və ya vergidən azad olunma barədə qanunvericilikdə nəzərdə tutulan normalardan fərqli müddəları əks etdirə bilməzlər. İddiaçıya ödənilmiş müavinətin isə dövlət müavinəti olduğunu nəzərdə tutan hər hansı norma qüvvədə olan qanunvericlikdə mövcud deyildir, yəni Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin müddəaları ona verilmiş birdəfəlik müavinətə şamil edilə bilməz. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2403/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2074,13 manat məbləğində gəlir vergisi və 50 manat mediasiya xərcinin 25 manat hissəsinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilərək gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz.
8. Məhkəmə həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Lakin istinad etdikləri əmr qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Bundan başqa, cavabdeh iddiaçıya ödənilən işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni, Əmək Məcəlləsinin 77, 175-ci maddələri, Vergi Məcəlləsinin 98.1, 102.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2403/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçılara ödənilmişdir. Vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. İddiaçı ilə “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ arasında xx.xx.2022-ci il tarixdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətindən vergi qanunvericiliyinə uyğun gəlir vergisi tutulacağından xəbəri olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmanın 1.3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona (işçiyə) ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən, ....işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10796.5 manat işdənçıxma müavinət hesablamağı və həmin işdənçıxma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. İş materiallarından da göründüyü kimi, iddiaçı işçilərin və ştatların ixtisarı ilə əlaqədar deyil, yaşa görə pensiyaya çıxmaq istədiyinə görə öz ərizəsi ilə işdən azad edilib. Dolayısıyla işçinin qaldırdığı problemin əsası işçi ilə işəgötürən arasındakı münasibətlər deyil, işçiyə ödənilən müavinətdən vergi tutulması ilə əlaqədar hansı müddəanın tətbiq olunmasıdır. Əgər Əmək Məcəlləsinin 175.4-cü maddəsinin “İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir” müddəası tətbiq edilməlidirsə işçiyə verilmiş müavinətdən vergi tutulması əsassızdır. Göründüyü kimi Vergi Məcəlləsi işçilərlə bağlanmış əmək müqaviləsinə yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar xitam verildiyi halda onlara ödənilən birdəfəlik müavinətlərin və yalnız dövlət büdcəsi hesabına verilən digər dövlət müavinətlərinin vergidən azad edilməsini müəyyən etmişdir. Hazırki mülki iş üzrə iddiaçıya ödənilmiş pul vəsaiti isə nə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar verilən, nə də dövlət büdcəsi hesabına ödənilən birdəfəlik maddi yardımlara aid deyildir. Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı” başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c” və “ç”, 70-ci maddəsinin “a” və “b”, 74-cü maddəsinin “a”, “c” və “e” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. Başqa sözlə, işçi ilə olan əmək münasibətlərinə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər əsasla xitam verilərkən işəgötürən tərəfindən ödənilən pul məbləği dövlət müavinəti olmadığından müvafiq məbləğdə pulu alan işçi müavinətlər üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən yararlanmaq imkanından məhrum olur. Digər tərəfdən, VM-nin 102.1.4-cü maddəsində ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Digər hallar üzrə verilən müavinətlərin isə gəlir vergisindən azad edilməsi qanunla müəyyən edilməmişdir. Buna görə də ARDNŞ–nin və ANQSİHİRK–nin birgə əmr–qərarına əsasən, iddiaçıya orta əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait onun gəliri hesab edilərək, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutumuş fiziki şəxslərin gəlir vergisinə cəlb edilmişdir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış və maddi hüquq normalarının tələblərini pozaraq, tətbiq edilməli normaları düzgün tətbiq etməmişdir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2403/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsindən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
13. Dövlət Vergi Xidməti tərəfindən verilmş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq işçinin öz ərizəsinə xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bununla əlaqədar ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edən iddiaçı müavinətin ödənilməyən hissəsinin işəgötürəndən tutulmasını tələb etməkdədir. O, öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad etmişdir. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarından aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Göründüyü kimi vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəflərindən verilmiş şikayətin məzmununa uyğun izahat vermişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş şikayətin məzmununa uyğun izahat vermişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2403/2022 saylı 25 noyabr 2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin iddianın təmin olunmuş hissəsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
22. 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır.
23. 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.
24. 175-ci maddəsinin 1-ci, 2-ci (a) və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
25. 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır.
26. 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
27. 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayətlər təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı (Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. 29.Belə ki, iş materiallarından göründüyü kimi birinci instnasiya məhkəməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasını, Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə rəsmiləşdirilməsinə baxmayaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə, yəni işçilərin ixtisar edilməsi və sayının azaldılması ilə əsaslandırmış, bu səbəbdən də cavabdeh tərəfindən ödənilmiş işdənçıxma müavinəti gəlir vergisindən azad edilən müavinətlər sırasına aid etmiş, iddianın əsaslı olduğundan təmin edilməsi qənaətinə gəlmişdir.
30. İşin faktiki hallarından isə görünən odur ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmaq (69-cü maddəsinin 3-cü hissəsi) istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında 15 avqust 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır.
31. Göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10.796,50 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir.
32. Vergi qanunvericiliyində konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunverciliyin tələblərinə uyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir.
33. Beləliklə vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir.
34. Göründüyü kimi cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur.
35. Buna baxmayaraq birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilən məbləğin işdənçıxma müavinəti oduğu üçün həm də Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə əsaslanaraq fərgli nəticəyə gəmişdir. Belə ki, həmin maddənin tələblərinə görə işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
36. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq hesab edir ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin qaydaları xüsusilə Vergi Məcəlləsi əsasında tənzimlənir və xüsusi tənzimlənən bu münasibətlərə də Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinin geniş və qeyrimüəyyən təsfirinin tətbiqi yolverilməzdir.
37. Bundan başqa qeyd edilməlidir ki, tərəflər qarşılıqlı razılığı ilə aralarında olan əmək münasibətlərinə xitam vermək qərarına gəlmişlər. İşə baxılan zaman iddiaçının razılaşma imzalanarkən şirkət tərəfindən təzyiqlərə məruz qalması halı və yaxud ödənilən vəsaitdən gəlir vergisinin tutulmasının etibarsız hesab edilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Beləliklə, iddiaçı istinad etdiyi razılaşmaya əsasən ödəniləcək müavinətin vergiyə cəlb olunacağına dair məlumatlı olmuşdur.
38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
39. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2403/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı (Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov