Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1349/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə yaşayış sahəsinə köçürmə, özbaşına tikili) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının bərpası və evə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5459/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. Onların faktiki və rəsmi nikahından xx.xx.2008-ci il tarixdə X5, xx.xx.2009-cu il tarixdə X8 və xx.xx.2010-cu il tarixdə X9 doğulmuşdur. Uşaqlar hazırda iddiaçının yanında qalır. Faktiki nikah münasibətlərində olduğu dövrdən başlayaraq, iddiaçı uşaqları və cavabdehlərlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, 68-ci korpus, 20 saylı fərdi yaşayış evində 2020-ci ilin dekabr ayınadək (evi noyabr ayında tərk etmişdir) yaşamışdır. İddiaçı həmin evdə yaçamağa başlayanada ev artıq mövcud olmaqla cavabdehlərin faktiki istifadə və sahibliyində olmuşdur. Həmin evin hüquq müəyyənedici sənədi yoxdur. Şəxslərin qeydiyyatını əks etdirən Cavabdeh3 adına xx.xx.2003-cü il tarixdə tərtib edilmiş ev kitabı vardır. Həmin ev kitabında həm iddiaçının, həm himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların, həm də cavabdehlərin qeydiyyata alındığı əks olunmuşdur. Evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr Cavabdeh3 ilə bağlanmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1140/2021 saylı qətnaməsi ilə pozulmuş, uşaqların anasının yanında qalmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, 20 saylı evə dair istifadə hüquqlarının bərpa olunması və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 2007-ci ilin mart ayında el adəti ilə ailə quraraq, cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, ev 20 saylı evə gəlin köçmüşdür. Nikahları xx.xx.2008-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X5, xx.xx.2009-cu il tarixdə X6 və xx.xx.2010cu il tarixdə X9 doğulmuşdur. Nikaha daxil olduqları ilk müddətdə ailə münasibətləri normal olmuş, daha sonra xasiyyətlərinin uyğun olmaması, bir-birlərini başa düşmədiklərinə söz-söhbət olmuş və cavabdehlər evə yaşamağa imkan verməyərək, zor tətbiq etməklə onu və uşaqları evdən çıxartmağa çalışmışlar. 2020-ci ilin noyabr ayında o, uşaqları ilə birlikdə məcburi olaraq evdən çıxarılmışdır. Evdən çıxarılarkən yalnız geyim əşyalarını götürə bilmişdir. Digər cehiz əşyaları (yataq dəsti 1 ədəd, servant 1 ədəd, divan kreslo, servislər, paltaryuyan maşın və.s) isə evdə qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1140/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və onların saxlanması üçün Cavabdeh2 cəmi 390 manat alimentin tutulması qərara alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, 20 saylı evə cavabdehlərin razılığı ilə gəlin köçmüşdür, uşaqları həmin evdə dünyaya gəlmişdir. Qeyd olunan ev 1 zal, 3 yataq otağı, mətbəx, dəhliz, hamam və sanitar qovşaqdan ibarətdir. Hazırda cavabdehlər həmin evdə, o uşaqları ilə birlikdə kirayədə qalır. Hesab edir ki, 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən qeyd edilən evə cavabdehlərin razılığı ilə köçdüyündən həmin evə dair istifadə hüququ yaranmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 5459/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının bərpası və evə köçürülmə” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilmişdir. (hakim X13)
5. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, mübahisəli evə dair hər hansı istifadə hüququnun yaranmasından, tanınmasından, bərpasından söhbət gedə bilməz. Çünki ev hər hansı hüquq müəyyənedici sənəd olmadığından faktiki olaraq özbaşına tikili statusundadır. Bununla belə ev faktiki dəyər kimi mövcud olduğundan və faktiki olaraq cavabdehlərin sahibliyində və istifadəsində olmaqla yaşayış üçün istifadə edildiyindən bu cür tələblərə baxılması prosessual olaraq mümkündür və məhkəmə təcrübəsində mülki dövriyyənin predmeti olmayan fərdi yaşayış evlərinə köçürülmə tələbi qanunun anologiyası üzrə əmlakdan istifadə üçün hüquqi əsasın mövcudluğu ehtimalına əslanmaqla həll edilir. Bunun üçün əvvəla evin alınmasında, yaşayış üçün yararlı hala gətirilməsində, təmirində evə köçürülmək istəyən şəxsin iştirak edib-etməməsi məsələsi aydınlaşdırılmalıdır ki, onun həmin tikiliyə münasibətdə əmlak (iqtisadi) marağı olduğu təsdiq olunsun. Lakin işin müəyyən edilmiş mübahisəsiz hallarından aydın olduğu kimi iddiaçının evin alınmasında, təmirində nə özünün şəxsən, nə də ər-arvadın birgə gəlirləri hesabına ərinin iştirakı olmamışdır. Belə ki, qeyd edilən fərdi yaşayış evi alınarkən iddiaçı ilə Cavabdeh2 nikahda olmamış və iddiaçı qayınatası və qaynanasının evinə gəlin köçmüşdür. Ümumiyyətlə həmin fərdi yaşayış evinin iddiaçının qaynatası və qaynanasına məxsus olması iddiaçı tərəfindən mübahisələndirilmir. Bundan əlavə tərəflər arasında olan mübahisəli hüquq münasibətinin 2009-cu ilin oktyabr ayının 1-dək, konkret olaraq 2007- 2008-ci ildə yarandığı nəzərə alındıqda, istifadə hüququ ilə bağlı məsələləri Mülki Məcəllənin 228-ci maddəsi tənzimləyir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Məhdud əşya hüququ kimi istifadə hüququnun yaranması üçün yaşayış sahəsi mülkiyyətdə olmalı və mülkiyyətçisi ilə ya notariat qaydasında müqavilə bağlanmalı, ya da mülkiyyətçinin ailə üzvü olmalıdı. Lakin iddiaçının istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi yaşayış sahəsi nə onun keçmiş ərinin mülkiyyətindədir, nə də onun ailə üzvü hesab edilməyən qaynatası və ya qaynanası ilə arasında notarial qaydada bağlanmış müqavilə vardır. Yəni mübahisəli fərdi yaşayış evi iddiaçının qaynatası və ya qaynanasının mülkiyyətində olmuş olsaydı belə, onun məhdud əşya kimi istifadə hüququnun yaranması üçün notarial qaydada müqavilənin bağlanması gərəkli idi. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mülki dövriyyənin predmeti olmayan fərdi yaşayış evinə istifadə hüququnun tanınması (bərpası) mümkün olmadığından və mübahisəli fərdi yaşayış evinin alınmasında, təmirində, yaşamaq üçün yararlı hala gətirilməsində nə iddiaçının, nə birgə nikah dövründə ər-arvadın iştirakı olmadığından, o cümlədən mübahisəli fərdi yaşayış evi iddiaçının qaynatası və ya qaynanasının mülkiyyətində olmuş olsaydı belə, iddiaçının ailə üzvü olmayan həmin şəxslərlə arasında notarial qaydada müqavilə bağlanmadığından iddiaçının tələbi əsassızdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.3-cü, 144.1-ci, 228-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.2-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə əsaslandırsa da, həmin qərarda qeyd olunan göstərişləri hazırki mübahisəyə uyğun düzgün tövsif etməmişdir. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumunu belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Bundan başqa oxşar mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5843/17 saylı, xx.xx.2017-ci il tarixli qərarında qeyd olunur ki, Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış sahələrindən daimi və ya müvəqqəti olaraq istifadə etmənin hüquqi əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənmədiyi üçün Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir (qanunun analogiyası). Analogiya qaydasında hazırki münasibətlərə oxşar münasibətləri tənzimləyən normalar vardır. Həmin normalara Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və 68-ci maddələri aiddirlər. Mənzil Məcəlləsinin 30-cu maddəsi fıziki şəxslərin mülkiyyətində olan yaşayış sahələrindən, 68-ci maddəsi isə sosial kirayə müqaviləsi üzrə dövlət və bələdiyyə mənzil fonduna aid yaşayış sahələrindən istifadə ilə bağlı qaydaları nəzərdə tutur. Hazırki mübahisənin obyekti olan yaşayış sahəsi cavabdehlərin sahibliyində və istifadəsində olduğuna görə, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həllinə qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hazırki qətnaməni qəbul edərkən uşaqların da mənafeini nəzərə almayaraq qanunvericliyin tələbləri pozmuşdur. Digər əsaslar olmadan belə, ən azından uşaqların maraqlarının daha yaxşı təmin edilməsi baxımından iddia tələbi təmin edilməli idi. Məhkəmə isə fərdi yaşayış evinin mülki dövriyyənin predmeti olmaması, onun ailə üzvü olmayan həmin şəxslərlə arasında notarial qaydada müqavilə bağlanmadığından iddia tələbinin əsassız olması qənaətinə gələrək qeyd olunan qərarın mahiyyətinə zidd qətnamə qəbul etmişdir. İddia tələbinin tam həcmdə təmin olunması ilə bağlı sübutlar təqdim olunmasına baxmayaraq, məhkəmə iddia tələbini rədd etməklə qeyd olunan maddələrin tələblərini pozmuşdur. Belə ki, sübutlarla, istərsə də cavabdehlərin izahatları və etirazları ilə iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, ev 20 saylı evə cavabdehlərin razılığı ilə köçdüyündən o və 3 azyaşlı uşağımın istifadə hüquqlarının bərpa olunub həmin evə köçürülməyinə dair qətnamə çıxarılmalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, heç kim yaşayış yerindən qanunsuz məhrum oluna bilməz. Birinci instansiya məhkəməsinin iclas protokolundan da görünür ki, cavabdeh iddiaçının əxlaqsız davranışını müəyyən edib onu evdən döyərək çıxarmışdır. İddiaçı və onun cavabdehlə birgə nikahından doğulmuş 3 uşaq həmin evdə pasport qeydiyyatındadır. Cavabdeh 3 uşaq üçün 130 manat aliment verir. Tərəfin maddi vəziyyəti çətindir. Digər yaşayış yeri yoxdur, kirayə qalır. İddiaçının maddi vəziyyəti pis olduğundan bu günədək məhkəməyə müraciət etmək imkanı olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, iddiaçı onun arvadı olmuş və həmin evə gəlin gəlmişdir. Bu ev onun valideynlərinə məxsusdur. Bütün kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr onun anası Cavabdeh3 ilə bağlanmışdır. Həmin evin yaxşılaşdırılmasına onun tərəfindən hər hansı vəsait qoyulmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh2 izahatına uyğun izhat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıb-yaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.
23. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı və Cavabdeh2 keçmiş ər-arvaddır, digər cavabdehlər isə iddiaçının keçmiş qaynana və qaynatasıdır. Onların arasında 2008-ci il tarixdə nikah bağlanmış, onların faktiki nikahlarından xx.xx.2008-ci il tarixdə X5, xx.xx.2009-cu il tarixdə X8, xx.xx.2010-cu ildə X9 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1140/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmışdır və hazırda da onun himayəsindədir. İddiaçı nikahdan 1 il əvvəl mübahisəli tikilidə yaşamağa başlamışdır.
24. Mübahisəli fərdi yaşayış evi bügünədək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir.
25. Hazırda iddiaçı birgə nikahdan doğulmuş 3 övladı ilə birlikdə həmin mübahisəli tikiliyə köçürülməsini tələb edir və bu hüququnun əsası kimi həm hazırda qüvvədə olmuş, həm də xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına istina edir.
26. Məhkəmə kollegiyası iddiaçının bu mövqeyinə münasibətdə qeyd edir ki, iddiaçının istinad etdiyi münasibətlər mülkiyyət hüquqlarını təsdiq edən sənədin mövcud olduğu halda münasibətlərə tətbiq edilə bilər. Hazırki halda isə iddiaçının köçmək istədiyi tikili özbaşına tikildir. Bu səbəbdən həmin münasibətlərə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilə bilməz.
27. Məhkəmə kollegiyası bu konteksdə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülüb-köçürülməməsinin mümkünlüyü bilavasitə fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, bu əmlakın hansı şəxsin mülkiyyətində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı, o cümlədən istifadə hüququnun yaranıb-yaranmamasından və iddiaçının həmin evin alınmasında hər hansı vəsait sərf etməsindən asılıdır. Belə ki, iddiaçının rəsmi nikaha daxil olmamışdan 1 il əvvəl mübahisəli evə köçməsi, bir neçə il həmin evdə yaşaması, pasport qeydiyyatında olması və himayəsində yetkinlik yaşına çatmayan 3 övladının olması onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz.
28. Mübahisəli fərdi yaşayış evinin Cavabdeh2 mülkiyyətində olması, həmin evin iddiaçı ilə həmin cavabdehin birgə (gəlirləri) vəsaiti hesabına alınması, o cümlədən evin inşası və ya yaxşılaşdırılması üçün iddiaçının hər hansı məbləğdə vəsait sərf etməsi, habelə iddiaçının həmin evə hər hansı hüququnun yaranması müəyyən edilməmişdir. Bununla belə, iddiaçının mübahisəli evə köçməsi və orada yaşaması həmin evdə yaşayan şəxslərin könüllü razılığı əsasında olmuş və onunla cavabdehlər arasında olan və ailə üzvülüyündən irəli gələn münasibətlərə söykənmişdir. Hazırda isə iddiaçı cavabdehlərə münasibətdə keçmiş ailə üzvü statusuna malik olan şəxsdir və cavabdehlər onun həmin evə köçürülməsinə razı deyillər. Bu səbəbdən iddiaçının evdə bir neçə il yaşaması onun həmin evə köçürülməsi üçün əsas ola bilməz və iddiaçının cavabdehlər tərəfindən evə buraxılmaması onun bu evdə yaşamaqdan qanunsuz olaraq məhrum edilməsi kimi qiymətləndirilə bilməz. Bu da öz növbəsində iddianın əsassız olmasına dəlalət edir və onun rədd edilməsini şərtləndirir.
29. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, iddiaçının maddi imkanının olmaması, hazırda kirayə əsaslarla başqa bir yaşayış sahəsində yaşama məcburiyyətində qalması da onun mübahisli evə köçürülməsinə hər hansı əsas yaratmış olmur. Nəzərə alınmalıdır ki, iddiaçının bu evi 2020-ci ilin noyabr ayında tərk etməsinə baxmayaraq, hazırki iddia ilə həmin tarixdən 2 il 9 aya yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsi də onun bu mövqeyinin əsassız olduğunu təsdiq edir.
30. Məhkəmə kollegiyası hazırki mövqeyin apellyasiya şikayəti üzrə digər dəlilləri də əhatə etməsini nəzərə alıb, onlara ayrı-ayrılıqda hüquqi qiymət verilməsinə hər hansı zərurət görmür.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 5459/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.