Məhkəmə qərarları › İş №2(103)-135/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-135/2025

10.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-135/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə, sıradan çıxmış (ölmüş) Cavabdeh prosessual hüquqi varisi (oğlu) X8 özü və vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahə ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, cavabdehin həmin torpaq sahəsindən məcburi çıxarılması və qeyd edilən ünvanda yerləşən torpaq sahəsi üzərində inşa olunmuş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında, təyinatı yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş ərazidə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçərək ******* saylı çıxarış ilə təsdiq edilmiş 0,12 ha torpaq sahəsi almışdır. Torpaq sahəsini aldıqdan sonra iddiaçı tərəfindən hasarlama işləri həyata keçirilmiş və o, bir müddət torpaq sahəsindən istifadə etməmişdir. Təxminən 2021-ci il tarixdə iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, torpaq sahəsinin üzərində qanunsuz müxtəlif tikinti işləri aparılmış və fərdi yaşayış evi inşa olunmuşdur. Məsələni yerində araşdırma istəyi heç bir nəticə verməmişdir. Belə ki, sözügedən torpaq sahəsində qanunsuz tikililər tikmiş Cavabdeh ona məlumat vermədən sözügedən ərazini zəbt edərək, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililər aparmış və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Hadisə ilə bağlı iddiaçı Xəzər RPİ-ə müraciət etmiş, polis şöbəsi tərəfindən fakt təsdiq edilmiş lakin iddiaçıya müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. b) iddia tələbinə dair cavabdehlərin münasibəti barədə məlumat

3. Rayon Məhkəməsində məhkəmə prosesi zamanı cavabdeh izahat verərək iddia tələbinə etiraz etdiyini bildirmiş və öz etirazını belə əsaslandırmışdır ki, o, torpaq sahəsini Bağlar İdarəsindən 10 illik etibarnamə ilə almışdır. Həmin torpaq sahəsi iddiaçıya isə saxta sənədlərlə satılmışdır və buna görə də iddiaçının tələbi əsassızdır. Belə ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi xx.xx.1994-cü il tarixdə Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə X12 adına ayrılmış və xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” verilərək özgəninkiləşdirilmişdir. 2007-ci il tarixdə saxta sənədlərə əsasən “5/102” və “M-748” saylı torpaq sahələrinin rəsmi sənədləri əldə edilərək özgəninkiləşdirilmişdir. İddiaçı mübahisə predmeti olan torpaq sahəsini xx.xx.2008-ci il tarixdə X12 və X9 iştirakı ilə “AN-1 № 0158704” alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Lakin həmin alqı-satqı müqaviləsinin bağlanmasında fəal iştirak etmiş Kamil Şükürov saxta sənədlərin hazırlanması ilə bağlı dələduzluqda təqsirliliyi sübuta yetirilmiş şəxslərdən biridir. Belə ki, X19 2007-ci il tarixdə 7 saylı Dövlət Notariat Kontorunda saxta sənədlərin əldə və istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Odur ki, iddiaçının istinad etdiyi “AN-1 № 0158704” torpaq alqı-satqı müqaviləsini etibarsız saymaq lazımdır, çünki müqavilə bağlanan zaman həmin müqavilə rəsmiləşdirilmədiyi üçün onun hüquqi qüvvəsi yoxdur. Cavabdeh eyni zamanda onu da qeyd edir ki, 7 saylı Dövlət Notariat Kontorunda qeyri-rəsmi köməkçi vəzifəsini icra edən digər şəxs X10 2006-cı il tarixdən 2009-cu il tarixə kimi saxta sənədləri dələduzlara, yəni X2 şəxslərə yönəltmiş və məlumdur ki, onun özündə də mübahisəli torpaq sahəsinə dair çıxarış vardır. Odur ki, eyni torpaq sahəsinin ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmaqla saxta sənədlərin (çıxarışların) verilməsi faktının qaçınılmaz olduğunu nəzərə alaraq iddia tələbinin rədd olunması xahiş edilir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25 aprel 2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əgər bir iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, həmin işdə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində yenidən sübut olunmur və mübahisələndirilmir (predyusiya prinsipi). Bu prinsip hüquqi müəyyənliyi və məhkəmə qərarlarının sabitliyini təmin etmək üçündür. Analoji faktlar üzrə Konstitusiya Məhkəməsinin qərarlarına görə də predyusiya institutu eyni faktların təkrar araşdırılmasının qarşısını alır və məhkəmə qərarlarının sabitliyini təmin edir. Qeyd edilənlərə əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməklə hal-hazırda cavabdehin mülkiyyətində olduğundan, həmçinin mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair sənədlərin saxta sənədlər əsasında rəsmilədirilməklə iddiaçı Nailə Hüseynovaya satıldığı müəyyən edildiyindən iddia tələbi təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin dayaq nöqtələri göstərilməklə mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi və iddiaçıya məxsus torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi barədə məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə vəsatət məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə vəsatətə heç bir münasibət bildirmədən qərar qəbul edərək iddiaçının mülkiyyət hüququnu pozmuşdur.

8. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı 14 mart 2008-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında, təyinatı yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş ərazidə 0,12 ha torpaq sahəsi almışdır. Adı keçən torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilmiş və ******* saylı çıxarış verilmişdir və iddiaçıya məxsus xx.xx.2008-ci il tarixli, **********6 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mübahisələndirilməmiş və hər hansı məhkəmə qərarı ilə ləğv edilməmişdir. İddiaçı vicdanlı alıcı olmaqla alğı-satqı zamanı hər hansı qanun pozuntusuna yol vermemiş və torpaq sahəsi üzərində qanuni yollarla tam mülkiyyət hüququ əldə etmişdir. Lakin, məhkəmə bu kimi halları nəzərə almamış və hər hansı araşdırma aparmadan birtərəfli mövqedən yanaşaraq İddiaçı mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən ədalətsiz qərar qəbul etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

e) Kassasiya instansiyası məhkəməsindəki icraat barədə məlumat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinə əsasən yenidən baxılması üçün mülki işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. Kassasiya məhkəməsi mülki işi yeni məhkəmə baxışına qaytararkən qeyd etmişdir ki, apellyasiya məhkəməsi göstərilən qənaətə gələrkən tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. Belə ki, işdən görünür ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış 0,12 ha torpaq sahəsi Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı ünvanda, xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmış 0,12 ha torpaq sahəsi və bağ evi isə ünvan 2 ünvanda yerləşir. İşə baxmış apellyasiya instansiya məhkəməsi isə bu hala diqqət yetirmədən, həmin ünvanların eyni, yaxud ayrı-ayrı ünvanlar olub-olmamasını, iddiaçının və cavabdehin adına verilmiş çıxarışların eyni torpaq sahəsinə aid olub-olmamasını, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini araşdırmamış, bununla bağlı xüsusi biliyə ehtiyac yaranmasına zərurətin olduğuna əhəmiyyət verməmişdir. Həmçinin işə baxan apellyasiya instansiya məhkəməsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)-422/2009 nömrəli, 09 dekabr 2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X12 adına rəsmiləşdirməklə İddiaçı satıldığının müəyyən edilməsinə istinad etsə də, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə MH ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışın, habelə plan və ölçü sənədinin etibarsız hesab edilməsi barədə iş materiallarında hər hansı sübutun olmamasına hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə alıcı İddiaçı arasında bağlanmış alğısatqı müqaviləsinin tərəfi kimi sonuncunun vicdanlı alıcı qismində qəbul olunubolunmaması məsələsini araşdırmamış və həmin hala hər hansı hüquqi qiymət verməmişdir.

ə) Yenidən apellyasiya məhkəməsindəki icraat barədə məlumat

13. Mülki iş Bakı Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra, yəni xx.xx.2025-ci il tarixdə Cavabdeh vəfat etmişdir. Məhkəmə, Cavabdeh vərəsələrinin dairəsinin müvafiq notariat ofisi tərəfindən müəyyən edilib, vərəsələrə “Vərəsəlik şəhadətnaməsinin” verilməsinə qədər iş üzrə icraatı dayandırmış və notarius hazırkı mülki iş üzrə Cavabdeh vərəsələrinin dairəsini müəyyən etmiş və “Vərəsəlik şəhadətnaməsi” vermişdir. Bunu nəzərə almış Məhkəmə mərhum Cavabdeh arvadı - X17 və övladları - X13, X4 və X5 mərhumun prosessual hüquqi varisləri kimi işin baxılmasına cəlb etmişdir.

14. Apellyasiya icraatı zamanı sıradan çıxmış (ölmüş) şəxsin prosessual hüquqi varisləri kimi işin baxılmasına cəlb olunmuş arvadı – Bela Useynovanın və qızları - Səbinə Useynovanın və Nigar Axtyamovanın öz vərəsəlik paylarından imtina etdikləri üçün Məhkəmə, Səlim Useynovu mərhumun yeganə prosessual hüquqi varisi kimi tanımışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

15. Sıradan çıxmış (ölmüş) Cavabdeh prosessual hüquqi varisi (oğlu) Səlim Useynovun özü və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə ərizə ilə Məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, hazırkı iş üzrə təyin edilmiş apellyasiya baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilmir, çünki həmin vaxt o, Bakı Ağır Cinayətlər Məhkəməsində öncədən təyin olunmuş məhkəmə iclasında iştirak etməlidir. Buna görə də, o, hazırkı iş üzrə təyin edilmiş apellyasiya baxışı iclasının başqa vaxta təxirə salınmasını xahiş edir.

17. Məhkəmə iddiaçının vəkilinin (nümayəndəsinin) apellyasiya baxışı iclasına gəlməməsini məhz üzrlü səbəbdən baş vermiş hal kimi qiymətləndirmək və iclasın təxirə salınması üçün əsas tapmamışdır. Çünki apellyasiya baxışı iclasına gəlməmiş iddiaçının vəkili (nümayəndəsi) həmin vaxt başqa məhkəmə iclasında iştirak etməsinə dair Məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

18. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X23 ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini İddiaçı (onun adından X6 çıxış etmişdir) satmışdır.

21. İşdə olan Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha 5/102 nömrəli torpaq sahəsinə dair X12 adına tərtib edilmiş, xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilmişdir.

22. İşdə olan Əzizbəyov Rayon Məhkəməsinin saylı xx.xx.2009-cu il tarixli hökmünün surətindən görünür ki, X1 Asif Vaqif oğlunun adından X14 xx.xx.2007-ci il tarixli verilmiş AR-1 seriyalı 046663 saylı etibarnaməni, X3 adından X14 xx.xx.2007-ci il tarixdə verilmiş AR-1 seriyalı 046663 saylı etibarnamələrini saxtalaşdıraraq K.Ş.Şükürova və A.A.Dadaşova verilmişdir ki, onlar həmin hüquq verən rəsmi sənədlərdən istifadə edərək saxta sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edərək “Torpaq sahələrinin planları və ölçüləri” sənədini əldə etmişlər.

23. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı xx.xx.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 sahə Cavabdeh adına qeydiyyata alınmışdır.

24. İş materiallarında olan A №216021 saylı xx.xx.2009-cu il tarixli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, həmin plan və ölçü Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi bağ massivində Cavabdeh Bakı şəhər İH-nin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1998-ci il tarixli 788 saylı Protokoluna və Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi əsasında verilmişdir.

25. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 sahə Cavabdeh xüsusi mülkiyyətindədir.

26. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsində baxılmış 1(003)-422/2009 və 2(003)-648/2009 saylı iş materialları saxlanma müddəti bitdiyinə görə məhv edilmiş və işlər üzrə yalnız yekun məhkəmə aktları saxlanılmışdır. Saxlanılmış iş materialları arasında apellyasiya və kassasiya instansiyalarına aid məhkəmə aktları aşkar edilməmişdir.

27. İş materiallarında olan Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən və iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi ilə ünvan 5 ünvanda yerləşən və cavabdehə məxsus 0,12 ha torpaq sahəsinə aid planölçülərdəki koordinatlarla sahələr bütövlüklə üst-üstə düşür, hər iki sənəd eyni sahəyə aiddir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/5442 saylı ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ünvan 4 ünvanda yerləşən və iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi ilə ünvan 5 ünvanda yerləşən və cavabdehə məxsus 0,12 ha torpaq sahəsinə aid plan-ölçülərdəki koordinatlarla sahələr bütövlüklə üst-üstə düşür, hər iki sənəd eyni sahəyə aiddir.

30. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş – Cavabdeh vərəsələri arvadı - X22 və övladları - X20, X15 və X7r və onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdır. Miras əmlak, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 66,3 kv.m olan bağ evindən və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir.

31. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddiaçının iddia tələbi cavabdehin qanunsuz istifadəsində olan torpaq sahəsinin geri qaytarılması ilə bağlıdır. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

32. Baxılan işdə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha 5/102 nömrəli torpaq sahəsini qanunsuz zəbt etdiyini əsas gətirərək, cavabdehin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin tikililər sökülməklə boşaldılmasını xahiş etmişdir.

33. Belə ki, həmin çıxarışın iddiaçıya verilməsinə xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsas olmuş, müqavilə üzrə tərəf olan X12 adından onun X14 verdiyi etibarnamə əsasında iddiaçının verdiyi etibarnamə ilə X16 çıxış etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə X14 verilmiş etibarnamənin saxta olduğu müəyyən edilmişdir.

34. Bundan başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha 5/102 nömrəli torpaq sahəsinə dair X12 adına tərtib edilmiş, xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilmişdir. Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(003)-648 saylı qətnaməsi və Bakı şəhər İHnin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1998-ci il tarixli 788 saylı Protokolu əsasında Cavabdeh 2670 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü verilmişdir.

35. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)- 422/2009 saylı xx.xx.2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X11 adına rəsmiləşdirməklə İddiaçı satıldığı müəyyən edilmişdir. Eyni zamanda, qanuni qüvvəyə minmiş 2(003)-648/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi mübahisəli torpaq sahəsinin X12 adına tərtib olunmasına dair xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”də etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında cavabdehə mübahisəli əmlaka dair plan və sxem verilmişdir.

36. MPM-in 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

37. Kassasiya instansiya məhkəməsinin mülki işi yeni məhkəmə baxışına qaytararkən qoyduğu məcburi göstərişlərdən biri odur ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH ******* №-li, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli “Çıxarışa” əsasən İddiaçı məxsus olan və ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli “Çıxarışa” əsasən Cavabdeh məxsus olan və ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməməsi olmuşdur.

38. Qeyd edilən halın araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 03 aprel 2025-ci il tarixli, 10/5442 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.12ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Sözügedən torpaq sahəsindən və üzərində mövcud olan yaşayış evindən Cavabdeh istifadə edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən plan ölçülərdəki koordinatlarla sahələr bütövlükdə üst-üstə düşür. Hər iki sənəd eyni sahəyə aiddir.

39. Kassasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə alıcı İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin tərəfi kimi sonuncunun vicdanlı alıcı qismində qəbul olunub-olunmaması məsələsini araşdırilmamış və həmin hala hər hansı hüquqi qiymət verilməmişdir.

40. Məhkəmə qeyd edir ki, mübahisəli 0.12 ha torpaq sahəsinin həm iddiaçının adına olan MH ******* №-li, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli “Çıxarışa” əsasən, həm də cavabdehin adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli “Çıxarışa” əsasən üst-üstə düşdüyü müəyyən edilmişdir. Görünən odur ki, tərəflər hər biri eyni torpaq sahəsinə aid fərqli qeydiyyat nömrəli çıxarış təqdim etmişlər. Cavabdehin çıxarışının alınmasına münasibətdə həmin çıxarışın əldə edilməsinə əsas sənədlərin mötəbərliyinə şübhə olmasa da, iddiaçının adına olan torpaq sahəsinin saxta sənədlər əsasında X12 adına rəsmiləşdirməklə İddiaçı satıldığı müəyyən edilmişdir.

41. Məhkəmə Rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)-422/2009 nömrəli, 09 dekabr 2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X12 adına rəsmiləşdirməklə İddiaçı satıldığı müəyyən edilmişdir. Eyni zamanda, qanuni qüvvəyə minmiş 2(003)-648/2009 nömrəli, 03 iyun 2009- cu il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsinin X12 adına tərtib olunmasına dair xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” də etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında cavabdehə mübahisəli əmlaka dair plan və sxem verilmişdir. Sözügedən məhkəmə aktları ilə iddiaçının torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinin qanuniliyinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 82.3 və 82.4-cü maddələrinə istinad edərək, hazırkı iddia tələbində iddiaçının özünün əmlaka mülkiyyət hüququ mübahisəli olduğunu bildirir, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin cavabdehin adına verilmiş çıxarışda olan 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməsini nəzərə alaraq cavabdehin üstün hüququnu tanıyır.

42. Beləliklə məhkəmə Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı ünvanda xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış 0,12 ha torpaq sahəsinin, ünvan 2 ünvanda xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmış 0,12 ha torpaq sahəsi və bağ evinin həmin ünvanların eyni ünvanlar olmasını, iddiaçının və cavabdehin adına verilmiş çıxarışların eyni torpaq sahəsinə aid olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsinin əsasını təşkil edən sənədlər əvvəlki məhkəmə qərarları ilə mötəbər hesab edilmədiyindən, iddiaçının həmin torpaq sahəsinə hüququ qeydiyyata alınmış cavabdehin də çıxarılmasını tələb edə bilməz. İddiaçı cavabdehin adına verilmiş çıxarışı mübahisələndirdikdən və onun ləğvinə nail olduqdan sonra cavabdehin çıxarılmasını tələb edə bilər.

43. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikasının Konstitusiyası; maddələr

13. və 29.).

44. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə isə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).

46. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu və digər əmlak hüquqlarını təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “R.Ağalarovun şikayəti üzrə” qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür.

48. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə də aid dəlilləri əsassızdır.

g) apellyasiya baxışının nəticəsi

49. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən və mahiyyət etibarı ilə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi təmin edilmədiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

51. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

52. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinə əsasən apellyatorun özünə aid edilməlidir.

53. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə iddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. Hazırkı iş üzrə digər tərəf kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar