Məhkəmə qərarları › İş №2(103)-1352/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1352/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1352/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “payların naturada bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu payların naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərk, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 150 saylı bağ evinin və torpaq sahəsinin paylara uyğun naturada bölünməsi, bölünmüş paydan istifadə qaydasının müəyyən edilməsi və hüquqlarının dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mübahisə predmeti olan ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölünməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü planındakı 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1570/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 saylı, 17 fevral 2020-ci il tarixli tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində – ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölünməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü planındakı 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsi – hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməmiş, tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qətnamədən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5560/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1570/2021 nömrəli, 05 may 2021 il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hal-hazırda iddiaçı ilə aralarında razılaşma əldə olunduğundan apellyasiya şikayətindən imtina edir və ərizənin nəzərə alınaraq apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətindən imtina barədə ərizənin təmin edilməsini xahiş edərək, əlavə olaraq bildirdi ki, mübahisə barəsində tərəflər arasında razılıq əldə edilmişdir, bu səbəbdən də Cavabdeh apellyasiya şikayətindən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4282/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X1 verdiyi apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 saylı, 17 fevral 2020ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul olunsun və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar