Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1353/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə bağlı 2(002)-2129/2021 saylı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2018-ci il tarixli 02/18 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh illik 8 faizlə 300 ay müddətinə 37500 manat məbləğində kredit verilmişdir.
2. 31 yanvar 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, həmin müqavilə əsasında Cavabdeh məxsus Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən 48 saylı evin 32 saylı mənzili kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. 13 oktyabr 2021-ci il tarixli maliyyə arayışına və hesabdan çıxarışa əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 36049,96 manat məbləğində əsas borc, 2039,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 38089,25 manat məbləğində borcu vardır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ASC-nə ünvanladığı 29 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri 10-cu mikrorayon ev 48-də yerləşən 32 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
5. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlardan görünür ki, Sumqayıt şəhəri 10-cu mikrorayon ev 48-də yerləşən 32 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
6. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDN106 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri 10-cu mikrorayon ev 48 ünvanında yerləşən 32 nömrəli mənzilin qiymətləndirmə tarixinə likvid dəyəri 40000 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 36049,96 manat əsas borc, 2039,23 manat faiz borcu, cəmi 38089,25 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun və bildirişin DƏDRX-də qeydiyyatı ilə bağlı 30,40 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın həmin mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, buna görə də bank kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmışdır.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(002)- 2129/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 36049,96 manat əsas borc, 2039,29 manat faiz borcu olmaqla, cəmi 38089,25 manat məbləğində borc pul vəsaiti, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh məxsus, Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən 48 saylı evin 32 saylı mənzilinə yönəldilməsi, həmin mənzil ilkin satış (likvid) qiyməti 40000 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğin həmin mənzilin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir. (hakim Fuad Hüseynov)
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas və faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin o, müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 385.1, 442, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini düzgün müəyyən etməmiş, mənzilin ilkin satış qiymətini bazar qiyməti ilə deyil, likvid qiyməti ilə müəyyən etmişdir. Bundan əlavə, bank qeyd olunan iddia tələbləri ilə yanaşı, müqavilənin ləğvi barədə tələb irəli sürməmişdir. Məhkəmə əsassız olaraq iddianı qismən təmin etmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Qətnamə cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin 2 dəlili vardır : ---İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti bazar qiyməti ilə yox, likvid qiyməti ilə müəyyən olunmuşdur. ---Bank tərəfindən kredit müqaviləsinin ləğvi tələbi irəli sürülməmişdir. Şikayətin birinci dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair tələblərdə ilk olaraq ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilir. İlkin satış qiyməti isə ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Buna görə də apellyasiya şikayətinin bu dəlili əsassızdır.
26. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 50000 manat, birinci instansiya məhkəməsində işə baxılarkən verilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə mənzilin likvid qiyməti 40000 manat, bazar qiyməti 44450 manat müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı mənzilin yenidən qiymətləndirilməsi "xxxx" MMC Qiymətləndirmə şirkətinə həvalə olunmuş, lakin Cavabdeh mənzilə baxış keçirilməsi üçün şərait yaratmaqdan imtina etmişdir. Bundan əlavə, Cavabdeh ekspertiza tədqiqatına gəlmədiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən də mənzilin qiymətləndirilməsi üçün müvafiq ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bank tərəfindən kredit müqaviləsinin ləğvi tələbinin irəli sürülməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, belə bir tələbin irəli sürülməməsi qətnamənin ləğv edilməsinə və iddianın rədd edilməsinə əsas vermir.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(002)- 2129/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.