Məhkəmə qərarları › İş №2(103)-1353/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1353/2023

15.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1353/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh faktiki ər-arvad münasibətlərində olmaqla bir müddət birlikdə yaşamış, sonradan isə münasibətləri pozulmuşdur. Tərəflər faktiki münasibətlərdə olduqları dövrdə "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 64 saylı mənzilə dair cavabdehlə mənzilin əvvəlki payçısı X3 arasında pay haqqının verilməsi haqqında 03 aprel 2018-ci il tarixli müqavilə bağlanmış, həmin mənzil təmir olunmuş, mebel və məişət əşyaları ilə təmin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin dəyəri olan 47.000 manatın; mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat maddi ziyanın; həmin mənzilin içərisində yerləşən – dəyəri 1250 manat olan mətbəx mebeli, ümumi dəyəri 6120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti, ümumi dəyəri 1379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu, dəyəri 1217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner, 500 manat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, dəyəri 1248 manat olan 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor, ümumi dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd koridorda olan şkaf, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün yataq dəsti, dəyəri 140 manat olan 1 ədəd şirə çəkən, dəyəri 100 manat olan ütü, dəyəri 112 manat olan 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba, dəyəri 240 manat olan ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl kulon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), dəyəri 1300 manat olan qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya - 300 manat, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət - 2104 manat, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 700 manat dəyərində 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar (1740 manat), Hoffmann 3450 markalı mini soba (99 manat), LG markalı paltaryuyan maşından (600 manat) ibarət əşyaların, həmin əşyalar olmadığı halda onların 23.137 manat məbləğində dəyərinin, həmçinin mübahisəli mənzildə olan ona məxsus 4500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2013-cü ildə tanış olmuş, tanışlıq getdikcə yaxın münasibətə çevrilmişdir. Rəsmi nikahda olduğu arvadı cavabdehlə münasibətindən xəbərdar olduqdan sonra aralarında münaqişə yaranmış, buna görə də, birgə nikah dövrünə düşməməsi üçün öz adına heç bir daşınmaz əmlak almamış, cavabdehə etibar etdiyindən Rüfət adlı şəxsin vasitəçiliyi ilə mübahisəli mənzili tam təmirsiz vəziyyətdə 47.000 manata cavabdehin adına almış, yüksək səviyyədə təmir etdirmiş, mənzil bir otaqdan üç otağa yığılmış, qaz, su, elektrik xətləri çəkilmiş, sayğaclar, kanalizasiya sistemi qurulmuş, təmir üçün lazım olan bütün avadanlıqlar alınmış, kombi sistemi çəkilmişdir. Ümumilikdə, mənzili təmirli vəziyyətə gətirmək üçün 25.650 manat sərf etmiş, həmçinin, mətbəx mebeli yığdırmış, mebel dəsti (yataq və qonaq otağı mebeli), tələbdə sadalanan məişət əşyaları almış, mənzilin təmiri üçün "xxxx" ASC-dən kredit və “Birkart” adlanan kartdan yüksək məbləğlərdə pul götürmüş, lakin sonradan cavabdehlə münasibətləri pisləşdiyindən öz evindən qovulmuşdur. Yaşayış binasında kommunal xidmət göstərilməsi haqqında müqavilə onun adına olmaqla mənzildən çıxarıldığı günədək bütün kommunal borcları ödəmişdir. Bundan əlavə, münasibətdə olduqları dövrdə tərəfindən cavabdehə müxtəlif qızıl-zinət, geyim əşyaları, telefonlar və s. alınmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən mübahisəli mənzilin dəyəri olan 47.000 manatın, mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 manatın, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducunun və dövlət rüsumuna görə ödənilmiş 19 manatın alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumunun kəsrini təşkil edən 11 manatın iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 65 manatının cavabdehdən, qalan 35 manatının isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil iş üzrə İddiaçı tərəfindən dəyəri tam şəkildə ödənilməklə alınmışdır. Əldə edilmiş mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Belə olan halda iddiaçı dəyərini tam ödədiyi mənzil üzərində hər hansı pay almaq hüququndan məhrum olmuş, cavabdeh isə əksinə olaraq iddiaçının hesabına varlanmışdır. Cavabdeh ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 manat pul alınaraq iddiaçıya ödənilməlidir.

6. Məhkəmə həmçinin müəyyən etmişdir ki, ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil İddiaçı tərəfindən tam təmirsiz vəziyyətdə alınmışdır. Mənzili əldə etdikdən sonra iddiaçı mənzildə təmir işləri aparmış, təmir xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan qaimə fakturalarla, təhvil-təslim aktları ilə də təmir xərclərinin ödənilməsi təsdiq olunur. Məhkəmə ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, Cavabdeh evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 manat pul məbləği alınıb İddiaçı ödənilməlidir.

Apelyasiya şikayətinin dəlilləri

7. Həmin qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər.

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunan hissəsində ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 23 adda digər əşyaların və mübahisəli mənzildə olan iddiaçıya məxsus 4.500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbini rədd edərkən əsassız olaraq bu əşyalar barədə mülkiyyət hüququna dair heç bir sənəd təqdim etməyən cavabdehin mövqeyindən çıxış etmiş, bu hissədə işə aid və mötəbər sübutlarla təsdiq olunan faktlar qətnamədə əks etdirilməmiş, həmin hissədə iddiaçının təqdim etdiyi sübutlar nəzərə alınmamışdır.

10. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunan hissəsində rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, məhkəmə prosesinin vaxtı barədə o və nümayəndəsi lazımi qaydada məlumatlandırılmamış, maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş, yalnız İddiaçı əsassız və heç bir sübutla təsdiq olunmayan iddialarına əsasən onun xeyrinə qətnamə çıxarılmışdır. Belə ki, birgə yaşadıqları dövrdə iddiaçı tərəfindən onun yaşadığı evə mebellər və bir sıra məişət əşyaları alınmışdır. Qeyd olunan əşyalar iddiaçı tərəfindən hədiyyə olaraq Cavabdeh bağışlanmışdır. Həmin əşyaların ona məxsus evdə olması onların hədiyyə olaraq alındığını bir daha təsdiqləyir. Lakin hədiyyə ilə bağlı tərəflər arasında yaranmış münasibəti AR MM-də tənzimləyən hüquq norması yoxdur. Tərəflər arasında AR MM-nin 673-cü maddəsində nəzərdə tutulmuş heç bir hal baş vermədiyi üçün alınmış hədiyyələrin geri qaytarılması qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bir dəst yataq mebeli və qonaq mebel desti, 1 ədəd İVEAXP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba 81 dioqanalli LG Led markalı (43UJ630V) televizor, 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zamanat) kondisioner, 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu ondan alınaraq iddiaçıya verilməməlidir. ünvan 3 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 (qırx yeddi min) manat pul vəsaitinin məhz iddiaçıya məxsus olduğu hər hansı sübutla öz təsdiqini tapmadığı üçün əsassız varlanma ilə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq norması hazırki mülki mübahisəyə tətbiq edilə bilməz. Ödənişin iddiaçı tərəfindən həyata keçirildiyini təsdiqləyən sübutlar məhkəmə prosesi zamanı tərəflərindən təqdim olunacaqdır. Bir daha qeyd edir ki, ona məxsus mənzilin pulu onun tərəfindən ödənilmişdir. Ödənişin iddiaçı tərəfindən təhvil verildiyini qəbul etsək belə bu pulun ona məxsus olmasına dəlalət etmir. Məhkəmə tərəfindən iş materiallarında olan xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi, Pay haqqının verilməsi barədə xx.xx.2018-ci il tarixli müqavilə nəzərə alınmamışdır. İddiaçının vəsaiti hesabına onun əsassız olaraq varlandığını təsdiq edəcək mötəbər sübut mövcud deyildir. Bundan başqa ona məxsus evdə iddiaçı tərəfindən mebel və digər məişət əşyalarının alınmasına dair hissədə onların hədiyyə olduğu, AR AM 673-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə qətnaməsində tərəflərin faktiki ər-arvad olmasını təsdiq edir, lakin aralarındakı əmlak münasibətlərinə qanunsuz olaraq digər hüquq normaları tətbiq olunur. Belə ki, iddiaçı ilə o iş materiallarından da göründüyü kimi bir müddət birlikdə yaşamışdır. Məhz İddiaçı tərəfindən iddiaçıya məxsus evdə mebel və digər məişət əşyalarının yerləşdirilməsi daşınar əşyaların ona hədiyyə olaraq alındığını təsdiqləyir. Məhkəmə mübahisəli mənzilin pulunun iddiaçı tərəfindən ödənildiyi qənaətinə gəlmişdir. Lakin həmin məbləğin məhz kimə məxsus olduğu müəyyənləşdirilməmişdir. Xüsusilə qeyd edir ki, göstərilən məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Bunun əksini qəbul etsək belə, ödənişin iddiaçı tərəfindən təhvil verilməsi 47.000 manat məbləğində pulun məhz ona məxsus olduğuna dəlalət etmir. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında qeyri-rəsmi nikah münasibəti olmuşdur. Buna görə də, pulun iddiaçı tərəfindən təhvil verilməsi tamamilə normal bir haldır. Mənzil onun tərəfindən alınsa da, yaşadıqları cəmiyyətin adət-ənənələrinə uyğun olaraq pulun ödənilməsi kimi məsələlər iddiaçı tərəfindən həll edilə bilər. Məhkəmə tərəfindən iş materiallarında olan ilkin alqı-satqı müqaviləsinə yox, İddiaçı əsassız iddialarına istinad edilərək 47.000 manat məbləğində pulun ondan tutulması qət edilmişdir. Ödənişin İddiaçı tərəfindən həyata keçirilməsi 47.000 manatın ona məxsus olması mənasına gəlmir. Məhkəmə bu mövqeyini əsaslandırcaq və ya təsdiqləyəcək hər hansı maddi hüquq normasına istinad etməmişdir. 47.000 manatın tərəfindən verilə biləcəyi ehtimalı nəzərə alınmamışdır. Eyni zamanda iddia ərizəsində qeyd olunanlara əsasən, İddiaçı guya onunla münasibətlərini həyat yoldaşı bildiyinə, həmçinin buna görə aralarında münaqişə yarandığından mübahisəli mənzli öz adına deyil, faktiki ər-arvad kimi yaşadığı onun adına rəsmləşdirmişdir. Rəsmi nigahda olduğuna görə adına əmlak almayacaq dərəcədə çoxbilmiş birisinin özündən 30 yaş kiçik, daim gərgin münasibətdə olduğu bir xanımın adına mənzil alması ağlabatan deyildir. Məhkəmə tərəfindən iş materiallarında olan təhvil-təslim aktlarının həqiqiliyi heç bir sübutla təsdiqlənməmişdir. İş materiallarına əlavə edilimiş qaimə-fakturalar və təhvil-təslim aktlarının hüquqi əhəmiyyətli sənəd olub olmadığı nəzərə alınmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi istənilən kağız parçasını sübut kimi qiymətləndirmişdir. Belə ki, mübahisəli mənzil onun sifarişi və vəsaiti hesabına təmir edildikdən sonra, heç kimin adı qeyd olunmayan qaimə fakturalar və təhvil-təslim aktlar saxlanılmışdır. Lakin iddiaçı evdən çıxarkən onları ələ keçirmiş və öz adını əlavə edərək məhkəməyə sübut qismində təhvil vermişdir. Bir daha qeyd etməliyik ki, mənzil onun vəsaiti və sifarişi əsasında təmir edilmişdir. Lakin məhkəmə tərəfindən mübahisəli mənzilin kimin sifarişinə əsasən və vəsaiti hesabına təmir edildiyi müəyyənləşdirilməmişdir. Məhkəmə prosesi zamanı təhviltəslim aktlarının saxta olduğunu, mənzilin məhz onun sifarişi və vəsaiti hesabına təmir edildiyini təsdiqləyəcək sübutlar təqdim ediləcəkdir.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1589/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(011)- 3886/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil iş üzrə İddiaçı tərəfindən dəyəri tam şəkildə ödənilməklə alınmışdır. Əldə edilmiş mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Belə olan halda iddiaçı dəyərini tam ödədiyi mənzil üzərində hər hansı pay almaq hüququndan məhrum olmuş, cavabdeh isə əksinə olaraq iddiaçının hesabına varlanmışdır. Cavabdeh ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 manat pul alınaraq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə kollegiyası işin hallarından çıxış edərək qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi, Pay haqqının verilməsi barədə xx.xx.2018-ci il tarixli müqavilə cavabdehin adına rəsmiləşdirilsə də, iş materiallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilin dəyərini özü ödəməklə təmir edib orada yaşamaq niyyəti olmuş, lakin cavabdehlə münasibəti pozulduğundan mənzili tərk etməyə məcbur olmuşdur. Cavabdeh isə qeyd edilənləri təkzib edəcək sübutları təqdim edə bilməmişdir.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat məbləğində maddi ziyanın cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsini araşdıraraq belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, müəyyən edilmişdir ki, ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil İddiaçı tərəfindən tam təmirsiz vəziyyətdə alınmışdır. Mənzili əldə etdikdən sonra iddiaçı mənzildə təmir işləri aparmış, təmir xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan qaimə fakturalarla, təhvil-təslim aktları ilə də təmir xərclərinin ödənilməsi təsdiq olunur.

16. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, göstərilənlər tutarlı dəlillər və mötəbər sübutlarla təsdiqini tapmadığından formal mülahizələrə əsaslanmışdır və şikayətin təmin olunmasına əsas vermir.

17. Həmin qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayəti vermişlər.

Kassasiya instansiyası məhkəməsində icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4127/2022 saylı 24 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti isə təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1589/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissələrində ləğv edilmiş, həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

19. Ali Məhkəmə qeyd etmişdir ki, iddianın rədd olunmuş (tələb olunan mebel və məişət əşyalarının bir qisminə aid) hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Bununla belə, kollegiya aşağıdakılara əsasən hesab etmişdir ki, məhkəmə iddianın təmin olunmuş (mənzilin dəyərinin, təmir xərcinin, 5 adda mebel və məişət əşyalarının, onlar olmaqdıqda dəyərinin qaytarılması) hissələrində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddianın təmin edilməsi üçün iddiaçının hanasısa hüquqi əsasla tələb hüququna malik olması, buna müvafiq olaraq cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməlidir.

21. İşdən belə görünür ki, sözügedən mənzilin və digər əşyaların cavabdehə məxsusluğu mübahisə olunmur və iddiaçı, onlara dair hər hansı hüquq iddia etmir. İddiaçı, daşınar və daşınmaz əşyaların əldə olunması (və mənzilin təmiri) üçün vəsaitin onun tərəfindən ödənildiyini bildirir. Əgər məhkəmələr bu xüsusatın iddiaçı tərəfindən sübuta yetirildiyi qənaətinə gəlmişlərsə, mübahisənin düzgün hüquqi həlli üçün həmin vəsaitin bilavasitə cavabdehə verilməsi, yaxud cavabdehin xeyrinə əşya alınması (təmir edilməsi) məqsədilə üçüncü şəxslərə təqdim olunması hərəkətinin hüquqi mahiyyətinə qiymət verilməlidir.

22. Hazırki işdə isə mübahisə predmetlərinə dair tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmadığı araşdırılmamış, cavabdehin əmlak əldə etməsi üçün iddiaçı tərəfindən ödənildiyi bildirlən pul vəsaitlərinin bağışlama olub-olmamasına hüquqi qiymət verilməmişdir.

23. Baxılan işdə iddiaçı, sözügedən əmlakı cavabdehin qazanması üçün verilmiş vəsaiti bağışlama düşüncəsi ilə xərcləmədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Araşdırma nəticəsində tərəflər arasında bağışlama münasibətlərinin mövcudluğu müəyyən edildiyi halda isə hədiyyə edilmiş əşyaların və ya onların dəyərinin geri qaytarılması üçün əsasların olub-olmaması müəyyənləşdirilməlidir.

24. Bu əsaslar bağışlamanın etibarsızlığı, müqavilənin ləğv olunması, bağışlamadan imtina edilməsi kimi müxtəlif mahiyyətdə ola bilər. Beləliklə bağışlamanın hüquqi qüvvəsinin olmaması və ya sonradan aradan qalxması sübuta yetirilərsə tərəflər arasında bu məzmunda müqavilə münasibətlərinin yoxluğundan bəhs edilə bilər. Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hansınasa istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur.

25. Belə olan halda, yəni müqavilə münasibətləri istisna olunduğu təqdirdə iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsaslar yoxlanılır. Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma normaları çərçivəsində təmin edilməsi üçün kifayət deyil.

26. Göründüyü kimi, cavabdehin sözügedən əmlakı bağışlama müqaviləsi əsasında əldə edib-etməməsinin, əldə etmişsə bağışlama (müqavilə) münasibətlərinin sonradan aradan qalxıb-qalxmamasının yuxarıda göstərilən hüquqi mövqelərə uyğun olaraq aydınlaşdırılması, iddiaya həm də əsassız varlanma qaydaları çərçivəsində hüquqi qiymət verilməsi üçün vacibdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsivəkili X4 apellyasiya şikayətinin məzmuua uyğun izahat verərək təmin olunmasını xahiş etmişlər. Həmçinin Cavabdeh sədrlik edənin suallarına cavab olaraq mübahisəli evi qardaşı aldığını, qardaşı pulu ölkəyə gəlib-gedəndə anasıgilə verdiyini, iddiaçı ilə olan münasibətini anası və evi onun üçün alan qardaşı qəbul etdiyini, həmçinin evi almaq üçün məbləğin bir hissəsini birinci ərinə məxsus torpaq sahəsinin satışından əldə etdiyi vəsait hesabına ödədiyini bildirmişdir.

29. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətlərində olmuşlar. İddiaçı rəsmi nikahda olduğu arvadından boşanma ərəfəsində özünə yeni mənzil almaq qərarına gəlmişdir. Eyni zamanda alacağı mənzilin köhnə nikahına münasibətdə “birgə nikah dövründə əldə olunmuş əmlak” kateqoriyasına düşməsin deyə mənzili öz adına almamışdır. Mənzilin alğı-satqı müqaviləsi bağlanarkən alıcı kimi Cavabdeh adı qeyd olunmuş, lakin mənzilin dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə hər hansı bir formada əmlak və əşyaların bağışlanılmasından söz gedə bilməz. Mübahisəli mənzilin cavabdehin adına rəsmiləşdirilməsinə səbəb iddiaçının öz həyat yoldaşı ilə nikahın pozulması zamanı öz adına əldə edəcək əmlak ½ hissəyə bölünmə ehtimalı olduğu üçün cavabdehin adına müvəqqəti rəsmiləşdirilmişdir. Həmin mənzili iddiaçı özünün yaşaması üçün təmir etdirmişdir. İddiaçının özünün mənzili olmadığı halda cavabdehə mənzili necə bağışlaya bilərdi? Əgər həqiqətdə mübahisəli mənzil cavabdehə məxsus idisə niyə kommunal müqavilə iddiaçının adına rəsmiləşdirilmişdir? Əgər həqiqətdə mübahisəli mənzil cavabdehə məxsus idisə niyə "xxxx" MMC İddiaçı adına qeydiyyatsız yaşaması barədə arayış vermişdir? İddiaçı həmin ərəflərdə bankdan böyük məbləğlərdə kreditlə pul götürmüşdür. Mənzil cavabdehin idisə iddiaçı niyə əşyaları almalı idi?! Cavabdeh tərəf ilkin olaraq birinci instansiya məhkəməsində bildirmişdir ki, iddiaçını tanımır, onunla heç bir əlaqəsi olmamışdır. Daha sonra cavabdeh özünün iddiaçı barəsində Polis Bölməsinə olan şikayətdə iddiaçını tanıdığını, ama əmlakların özünə məxsus olduğunu bildirmişdir.

Apellyasiya baxışının hədləri

30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4127/2022 saylı 24 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti isə təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1589/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bunu nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

35. 324.1-ci, 324.2-ci, 324.3-cü və 337.1-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 36.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

38. 422.2-ci və 422.2.4-cü maddələrinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 39.666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

40. 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

41. 1091-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

42. 1092.1-ci varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

43.Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamənin yoxlanılan hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. 44.Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki hallarının məcmusu üzrə gəldiyi nəticə ilə razılaşır. Çünki işdə olan sübutlara (yazılı sübutlar, şahid ifadələri və s.) əsasən cavabdehin əldə etdiyi əmlakı iddiaçının hesabına qazandığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Əksini, yəni iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 45.Məhkəmə araşdırması zamanı cavabdeh mübahisəli mənzili ölkə hüdudlarından kənarda yaşayan qardaşının vəsaiti, daha sonra ərinə məxsus torpaq sahəsinin satışından əldə olunmuş vəsaiti hesabına aldığını bildirsə də istinad etdiyi bu halları təsdiq etmək üçün məhkəməyə hər hansı sübutu (pul köçürülmələrinə dair qəbzlər, torpaq alqı-satqı müqaviləsi, şahid ifadəsi və s.) təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 46.Cavabdeh notariat qaydasında təsdiq olunmuş xx.xx.2018-ci il tarixli mənzilin alqısatqısına dair ilkin müqaviləyə istinadı ilə əlaqədar isə məhkəmə kollegiyası vurğulayır ki, sözügedən müqavilə mübahisələndirilmir, hazırki mübahisənin predmeti də mənzilin özü deyil, bu mənzilin əldə edilməsi, onun təmir edilməsi, müvafiq əşyalar ilə təmin edilməsi üçün pulun kimin tərəfindən və hansı məqsədlə xərcləndiyi və bu məsələlərdən doğan digər hallar təşkil edir. Beləliklə də hazırkı iş üzrə cavabdehin sahibliyində olan mənzilin məhz ona məxsus olan vəsait hesabına alınması, yaşayış üçün uyğun vəziyyətə gətirilməsi halları öz təsdiqini tapmamışdır. 47.Məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

48. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehin sahibliyində olan daşınmaz və daşınar əşyaların əldə olunması (və mənzilin təmiri) üçün vəsaitin iddiaçı tərəfindən ödənildiyi halının öz təsdiqini tapdığı qənaətinə gələn məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisənin düzgün hüquqi həlli üçün həmin vəsaitin bilavasitə cavabdehə və ya üçüncü şəxslərə verilməsinə dair tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması, həmçinin iddiaçı tərəfindən ödənildiyi bildirilən pul vəsaitlərinin bağışlama olub-olmaması hallarına hüquqi qiymət verilməlidir.

49. Bununla əlaqədar qeyd edilməlidir ki, baxılan işdə iddiaçı, sözügedən əmlakın əldə edilməsi üçün verilmiş vəsaiti bağışlama və cavabdehin qazanması düşüncəsi ilə xərcləmədiyinə istinad etsə, bu mənzilin cavabdehin adına alınmasını nikahı pozularkən birgə nikah dövründə əldə olunmuş əmlakının bölgüsündən yayınmaq istəyi ilə izah etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının cavabdehlə qeyri-rəsmi münasibətlərə girdiyindən on ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də boşanmadığı müəyyən edilmişdir.

50. Bundan başqa iddiaçının mənzilin əldə edilməsi üçün satıcıya pul verməsinə, təmir işləri ilə özünün məşğul olmasına, mənzili mebel və məişət əşyaları ilə təmin etməsinə, kommunal müqavilənin onun adına rəsmiləşdirilməsinə dair istinad etdiyi halların mövcudluğu da məhkəmə kollegiyasının gəldiyi qənaəti təkzib etmir. Buna baxmayaraq sözügedən bu dəlillər iddiaçının sübuta yetirmək istədiyi halların, yəni mənzilin əldə edilməsi və s. üçün pul vəsaitinin bağışlama niyyəti olmadan cavabdehə və ya onu zənginləşdirmək üçün üçüncü şəxslərə verilməsinin öz təsdiqini tapması üçün yetərli deyildir.

51. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası araşdırmanın növbəti mərhələsinə keçilməsi üçün zəruri olan xüsusatların kifayət qədər araşdırılmış olduğu qənaətinə gəlir. Beləliklə, Mülki Məcəlləyə əsasən bir şəxsin öz əmlakını (və ya müəyyən hissəsini) könüllü şəkildə əvəzsiz qaydada başqa şəxsə verməsi (onu zənginləşdirməsi) bağışlama hüquq münasibətlərinə (Mülki Məcəllənin 666.1-ci maddəsi) uyğun gəlir. Bu baxımdan hazırki mərhələdə tərəflər arasında şifahi formada bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı və ya ləğv olunması, həmçinin bağışlamadan imtinası üçün əsasların mövcud olub-olmaması yoxlanılmalıdır.

52. Belə ki, yarandığı hesab edilən hüququn əsasında duran müəyyən bir əqdin etibarlı olub-olmadığını, bu əqdin ləğv olunması üçün şərtlərin olub-olmadığını təsbit etmək üçün məhkəmə kollegiyası araşdırılmış hallara nəzər salır və bu halların qeyd edilən qanuni əsaslarının (əqdlərin etibarsızlığı, müqavilənin ləğvi) şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığını müəyyən edir.

53. İddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyi halda onun cavabdehə verdiklərini geri qaytarması üçün həmçinin bağışlamaqdan imtina üçün (Mülki Məcəllənin 673-cü maddəsi) əsasların mövcud olubolmadığı işdə olan sübutlara əsasən yoxlanılmalıdır.

54. Belə ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozulması bağışlamadan imtina əsası kimi çıxış edir.

55. Tərəflərin olduğu münasibətlərin mahiyyətindən görünür ki, aralarında yaranmış qeyri-rəsmi nikah münasibətlərinin saxlanılıb davam etdirilməsi mümkün olduğu təqdirdə hazırki mübahisə yaranmazdı. Mübahisəli mənzilin əldə edilməsi, təmir olunması və müvafiq əşyalar ilə təmin olunması üçün iddiaçı tərəfindən xərclər çəkilmiş, lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçı ilə faktiki nikah münasibətləri kəsildiyindən iddiaçı xərclədiyi vəsaiti cavabdehdən geri tələb etmək qərarına gəlmişdir.

56. Halbuki cavabdehin çəkilən xərcin qarşılığında faktiki nikah münasibətlərini davam etdirəcəyini öhdəsinə götürdüyü, bu münasibətləri pozduğu halda iddiaçının onu zənginləşdirmək üçün çəkdiyi xərcləri (bağışlananları) geri qaytarmaq hüququnun yarandığı, yəni bağışlamaqdan imtinanı və ya bağışlamanın ləğvini mümkün edən bu kimi hallar işə baxılan zaman məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir.

57. Məhkəmə kollegiyası bağışlamanın hüquqi qüvvəsinin olmamasının və ya sonradan aradan qalxmasının sübuta yetirildiyi təqdirdə iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsasların yoxlanılmasının mümkün olduğunu nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən hazırkı işdə əsassız varlanmaya aid maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur.

58. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə bu qətnamənin əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermədiyindən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia bu hissədə (cavabdehdən mübahisəli mənzilin dəyəri olan 47.000 manatın, mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 manatın, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducunun və dövlət rüsumuna görə ödənilmiş 19 manatın alınaraq iddiaçıya ödənilməsi) rədd edilməldir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddiası mübahisələndirilən (qismən təmin edilən) hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar