Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1355/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “istifadə hüququna xitam verilməsi, mənzilə köçürülmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı "mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001 )-5014/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 16A (Yeni qaydalarla: AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 248) xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmaqla xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
2. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X6 Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, əməkdaşları tərəfindən sorğuda qeyd olunan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 16A (Yeni qaydalarla: AZ 1130, ünvan 1 ünvana baxış keçirilmiş və qonşular tərəfindən təsdiq olunmuş akta əsasən vətəndaş X1 ünvanda tək yaşadığı müəyyən olunmuşdur.
3. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əliyeva X4 şəhəri, 28-ci məhəllə, ev 21, mənzil 73 ünvanında qeydiyyat yoxdur, ancaq orada yaşayır.
4. Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı 113580 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, YŞmidt (Faiq Rüstəmov) küçəsi, ev 16A İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 40 nömrəli reyestr kitabında xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır.
5. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 16A saylı evdə daimi pasport qeydiyyatındadır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 863 saylı xx.xx.1997-ci il tarixli sərəncamına, xx.xx.1997-ci il tarixli 508 saylı forma 2 arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 16A saylı fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 248) İddiaçı adına xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 16A (Yeni qaydalarla: AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248) saylı evə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248 saylı ev (keçmiş L.Şmit 16A) Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli Pasporta əsasən ona məxsusdur. Qeyd olunan ünvana dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Kadastrı və reyestri X10 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən - yeni qaydalarla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248 saylı ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun qızıdır. Uzun müddətdir ki, ailə quraraq başqa ünvana köçüb. Hal-hazırda ona məxsus evdə formal qeydiyyatdadır, lakin yaşamır. Soruğularına cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X6 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli arayışda mübahisəli evin onun digər qızı - X2 tək yaşaması qeyd olunur. Digər sorğularına cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən, cavabdeh Xırdalan şəhəri, 28-ci məhəllə, ev 21, mənzil 73 ünvanında qeydiyyatsız yaşayır.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı "istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiasının rədd edilməsi və onun və uşaqlarının xx.xx.2010-cu ildə anadan olmuş Hüseyn və xx.xx.2013-cü il təvəllüdlü Əziz adlı övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248 nömrəli evə köçürürlmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, icraatda İddiaçı ona qarşı "istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi əsasında başlanılmış mülki iş vardır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun anasıdır. 1974-cü ildə həmin evdə anadan olmuş və yaşamışdır. Ailə qurduqdan sonra da həyat yoldaşı ilə orada yaşamağa davam etmişdir. Həmin dövrdə onun iki uşağı doğulmuşdur. Bundan sonra anası ilə aralarında münasibətlər pozulduöuna və azyaşlı uşaqlara bu pis təsir etdiyinə görə məcbur olaraq oradan köçərək kirayədə yaşamışlar. Ümid edirdi ki, münasibətləri düzələcək. Lakin sonradan bilmişdir ki, anası onun barəsində məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, o, ailə üzvləri ilə nirlikdə mübahisəli mənzildən fasiləsiz olaraq, maneəsiz istifadə etmişdir. Sonrada, evə qayıtmaq istəyən zaman anası İddiaçı onu mübahisəli mənzili buraxmamışdır. Hazırda aralarında qeyd olunan mənzil ilə bağlı mübahisə yaranmışdır. Belə ki, İddiaçı qeyd olunan mənzilə onu və uşaqlarını buraxmamaqla, həmin mənzildən istifadə imkanından onu məhrum etmişdir. Odur ki, o da məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmişdir. Azyaşlı uşaqları ilə kirayədə yaşayır. Lakin hazırda yaşadığı evdə normal şərait yoxdur. Məhz bu səbəbdən hazırda qeydiyyatda olduğu mübahisəli mənzilə köçmək məcburiyyətindədir. Qeyd edir ki, o, mübahisəli mənzildə daimi qeydiyyatdadır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001 )-5014/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 16A (Yeni qaydalarla: AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248) saylı evə istifadə hüququna xitam verilməsi, Cavabdeh İddiaçı qarşı "mənzildən köçürülmə” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir (hakim X5).
12. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, hazırda cavabdeh qeyd olunan ünvanda qeydiyyatda olsa da, lakin orada yaşamır. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh 1999-cu ildə ailə qurduğdan mübahisəli mənzildə yaşamayıb, ancaq valideyinlərini ziyarət etmək üçün gəlib və həmin mənzildə heç bir təsərrüfat aparmamışdır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 16A (Yeni qaydalarla: AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248) saylı evə istifadə hüququna xitam verilməlidir. sözügedən ünvanda Cavabdeh qeydiyyatda olsa da, hazırda orada yaşamır və hazırki iş üzrə ilkin iddia təmin olunaraq onun həmin ünvandan istifadə hüququna xitam verilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157.4-cü, 178.1-ci, 203.1-ci maddələrinə, xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü, 54-cü, 60-cı, 87-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 119.1-ci, 217.4-cü, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ev onun atası tərəfindən alınıb. O, həmin evdə anadan olaraq orada yaşamışdır. Ailə qurduqdan sonra da həyat yoldaşı ilə orada yaşayaraq ölən günə qədər atasına baxmışdır. İndiki iddiaçı olan anası isə başqa biri ilə qeyri-rəsmi yaşayaraq arada bir onların yanına gələrdi. Sonra isə həmin kişi ilə Almaniya Respublikasına daimi yaşamaq üçün getmişdir. 2023-cü ildə isə gəlib qeydiyyat vəsiqəsini çıxarışla əvəz etmişdir. Anası isə atamdan boşandıqdan sonra hansı yollarlasa evi heç kimin xəbəri olmadan öz adına rəsmiləşdirib. Bu vaxt onların razılığı lazım idi. İddiaçı evi hansı əsaslarla almağı barədə məhkəməyə heç bir sübut təqdim etmədi. Məhkəmə onun hər hansı yaşayış sahəsinin olmamasını nəzərə almayıb. Halbuki o, həmin evdə anadan olub orada yaşamışdır və həmin evdə pasport qeydiyyatı var. Ailə qurduqdan sonra da burada yaşamışdır. Uşaqları da evə yaxın olan poliklinikada qeyydiyyatda olublar. Məhkəmə isə bunları araşdırmadan ədalətsiz qətnamə çıxardı. 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvülərinin icarədarın ailə üzvüləri icarədarın bütün hüquqlarına malikdirlər və bütün vəzifələri daşıyırlar. Göründüyü kimi o, iddiaçının ailə üzvü olaraq mübahisəli mənzildə onun razılığı olmaqla birgə yaşamışdır və həmin mənzilə qanuni əsaslarla istifadə hüquqları tanınmışdır. Həmin məcəllənin (köhnə redaksiyada) icarədar özü ilə birlikdə yaşayan alə üzvülərinin razılığı ilə digər şəxsləri qanunla müəyyən edilmiş qaydada yaşayış sahəsinə köçürmək hüququna malikdir. İcarədar və onunla yaşayan ailə üzvüləri arasında başqa saziş olmamışsa yaşayış sahəsinə köçmüş şəxslər yaşayış sahəsindən orada yaşayan digər ailə üzvüləri ilə bərabər hüquqla istifadə edirlər. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-54-cü maddələrinə əsasən mübahisəli məzilə qazandığı istifadə hüququna xitam verilə bilməz. Onun isə mübahisəli mənzilə olan istifadə hüququ 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 59-cu maddəsi ilə də nizamlanır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İddiaçı ilə münasibətləri pis vəziyyətdə olduğundan orada yaşamamışdır.1999-cu ildə ailə həyatı qursa da, gediş gəlişi olmuşdur. Atası rəhmətə getməzdən əvvəl 1-2 il orada gedib yaşamışdır. Ev atasına məxsus olub. Ev alınan zaman anasının 13 yaşı olub. Onun həmin evi alması qeyrimümkün idi. Atası 2006-cı ildə rəhmətə getdikdən sonra da orada yaşamışdır. 2010-cu ildən həmin evdən ümumiyyətlə çıxmışdır və orada yaşamamışdır. Şəxsiyyət vəsiqəsində də qeydiyyatı həmin ünvanda idi. 2 il bundan qabaq anası ona həmin evdən qeydiyyatdan çıxmağını bildirmişdir ki, evi bacısına verəcək. Şəxsin həmin evə çıxarış almağı da şübhə doğurur. Çıxarış da qanunsuz əldə edilib. Hal-hazırda Xırdalanda baldızının evində yaşayır.
18. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir;
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
e) Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. İlk iddia üzrə cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
27. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, hazırda cavabdeh qeyd olunan ünvanda qeydiyyatda olsa da, lakin orada yaşamır. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh 1999-cu ildə ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamayıb, ancaq valideyinlərini ziyarət etmək üçün gəlib və həmin mənzildə heç bir təsərrüfat aparmamışdır. Şəxsin konkret ünvanda yaşaması müxtəlif halların məcmusu ilə müəyyən olunur. Bu hallara şəxsin yaşadığı sahədə gündəlik istifadə olunan şəxsi əmlakının yerləşməsi, yaşayış sahəsinə dair öhdəliklərinin icrasını təsdiq edən digər hallar aiddir.
28. Məhkəmə iclasında müxtəlif vaxtlarda gəlib yaşadığını qeyd etsə də, işin bu halını sübuta yetirə bilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, müxtəlif vaxtlarda yaşadığı qəbul edilmiş olsaydı belə, özünün qeyd etdiyi kimi, 2010-cu ildən hazıradək 14 ildir orada yaşaması daimi əsaslarla həmin yaşayış sahəsindən çıxıb getməsini təsdiq etməklə, istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsas hesab edilir.
29. Belə ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, hazırda cavabdeh qeyd olunan ünvanda qeydiyyatda olsa da, 1999-cu ildə ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamayıb, həmin mənzildə heç bir təsərrüfat aparmamışdır. Sadəcə olaraq valideyinlərini ziyarət etmək üçün həmin mənzilə gəlib getmişdir. Göstərilənlər Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 16A (Yeni qaydalarla: AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248) saylı evə istifadə hüququna xitam verilməsini şərtləndirir. Hazırkı vəziyyətdə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsi onun mənzilə köçürülməsinə dair qarşılıqlı iddia tələbinin də təmin edilməməsinə əsas verir.
32. Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001 )-5014/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.