Məhkəmə qərarları › İş №2(103)-13555/2019

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-13555/2019

13.11.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-13555/2019 13.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Maraqlı şəxs AR DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçilər İddiaçı1, İddiaçı2, İddiaçı3 (maraqlı şəxs Cavabdeh olmaqla) ayrılmış torpaq sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2006 il tarixli, 2-1215/2006 saylı qətnaməsindən maraqlı şəxs AR DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçilərin, mərhum Musa Qoqiyevin hüquqi varisi kimi tanınması, eləcə də onun adına ayrılmış torpaq sahəsindən istifadə hüququnun tanınması və torpaq sahəsinin adına rəsmiləşdirilməsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər mərhum X6 övladlarıdır. Bakı şəhəri Maştağa (indiki Sabunçu) rayon ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1951-ci il tarixli qərarı ilə X7 Bakı şəhərinin Nardaran qəsəbəsində 075 ha-dan ibarət torpaq sahəsi ayrılmışdır. M.Qoqiyev ayrılmış torpaq sahəsini hasarlayıb və orada müəyyən tikinti işləri aparmışdır. M.Qoqiyev 1962-ci ilin dekabr ayında vəfat etmişdir. Onun vəfatından sonra ayrılmış torpaq sahələrində onun övladları, hazırki işüzrə ərizəçilər-İddiaçı1, İddiaçı2 və İddiaçı3 ev tikərək orada yaşayır və həmin sahədən istifadə edirlər. Musa Qoqiyevin arvadı-hazırki iş üzrə ərizəçilərin anası Qoqiyeva X10 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Atalarına ayrılmış torpaq sahəsini, onun ölümündən sonra ərizəçilər öz adlarına rəsmiləşdirmək istəsələr də, hüquqi varisilik məsələsi həll edilmədiyindən bunu həyata keçirə bilməmişlər. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2006 il tarixli, 2-1215/2006 saylı qətnaməsi ilə ərizə təmin edilərək, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mərhum X6 hüquqi varisləri tanınması və M.Qoqiyevin adına ayrılmış Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 0,75 ha-dan ibarət torpaq sahəsinə onların istifadə hüququnun tanınması, M.Qoqiyevin adına ayrılmış torpaq sahəsinin ərizəçilər İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına rəsmiləşdirilməsinin təmin edilməsi qət edilmişdir. Maraqlı şəxs AR DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi həmin qətnamədən şikayət verərək, qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, onlar mərhum X6 övladlarıdır. Bakı şəhəri, Maştağa (indiki Sabunçu) rayon ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1951-ci il tarixli qərarı ilə X7 Bakı şəhərinin Nardaran qəsəbəsində 0,75 ha-dan ibarət torpaq sahəsi ayrılmışdır. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, müvafiq torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən də, müvafiq torpaq sahəsi vərəsəlik qaydasında vərəsələrin adına dövlət reyestrində qeydiyyata alına bilməz. Lakin müvafiq torpaq sahəsinə dair mövcud qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, müvafiq torpaq sahəsinə dair sənədlər mərhum X6 adına olduğundan mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq torpaq sahəsi əvvəlcə onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmalı və yalnız bundan sonra vərəsəlik qaydasında vərəsələrin adına keçməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərinndə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reysterdən çıxarış (bundan sora- çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Həmin Təlimatın 7.3-cü bəndinə əsasən bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd olunanlardan əlavə, məhkəmə tərəfindən müvafiq daşınmaz əmlaka dair vərəsəlik və mirasın qəbul edilmə faktı mülki qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun müəyyən edilməmiş, vərəsələrin dairəsi müəyyən edilməmiş və qətnamə tam əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almamış və müvafiq mülki işə dair qətnamə qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, müvafiq qətnamə qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş və məhkəmənin istinad etdiyi hallar qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı hüquq norması ilə əsaslandırılmamışdır. Bu səbəbdən də, müvafiq qətnamə ləğv edilməli və ərizəçilərin ərizələri təmin edilməməlidir. Yuxarıda qeyd hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığından, idarə müvafiq mülki iş üzrə tərəf qismində cəlb edilmədiyindən və İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan idarənin müvafiq qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermək hüququ vardır.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil- tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icra müqavilələri, sərəncamlar və orderlər, “kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmişüzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” 8.0.8 bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən” müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər “8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiştikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə BakıŞəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq mülki işüzrə tərəf qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza keçirilməlidir. İş materiallarından görünür ki, Bakışəhəri Sabunçu Rayon Məhkəməsi yuxanda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq ərizəçilərin ərizəsini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2006-cı il tarixli, 2-1215/2006 nömrəli qətnamə ləğv olunmalı və ərizəçilərin ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs AR DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qətnaməni ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, ərizəçilər İddiaçı2, İddiaçı3 cavabdeh AR Dövlət Torpaq və Xəritəçəkmə Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2006 il tarixli, 2-1215/2006 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılması olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarından Maştağa rayon ZDS İK-nin xx xxxxxx 1951-ci il tarixli qərarının surətindən görünür ki, istefada olan podpolkovnik X8 Nardaran qəsəbəsi ərazisində Maştağa dövlət fondundan torpağından, sərhədləri göstərilməklə 0,75ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, M.Qoqiyev 1962-ci ildə, M.Qoqiyevin nikahda olduğu X10 isə xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. Həmçinin 1938-ci il təvəllüdlü X4 notarial qaydada təsdiq olunmuş ərizəsi məhkəməyə daxil olmuşdur ki, həmin ərizəsində, o, Nardaran qəsəbəsində atasından qalan torpaq sahəsinə heç bir iddiasının olmadığmı bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə də məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Maştağa (indiki Sabunçu) rayon ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1951-ci il tarixli qərarı ilə X7 Bakı şəhərinin Nardaran qəsəbəsində 0,75 ha-dan ibarət torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinin 2-ci hissəsinə görə vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərinndə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reysterdən çıxarış (bundan sora- çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Həmin Təlimatın 7.3-cü bəndinə əsasən bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. Göründüyü kimi, torpaq sahəsinə dair sənədlər mərhum X6 adına olduğundan mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq torpaq sahəsi əvvəlcə onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmalı və yalnız bundan sonra vərəsəlik qaydasında vərəsələrin adına keçməlidir. Belə olan halda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə istinad edərək, işə hüquqi fakt qaydasında baxmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 391, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs AR DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti qismən təmin olunsun. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2006 il tarixli, 2- 1215/2006 saylı qətnaməsi ləğv edilsin. Ərizəçilər İddiaçı1, İddiaçı2, İddiaçı3 (maraqlı şəxs Cavabdeh olmaqla) ayrılmış torpaq sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iş üzrə icraata ərizəyə məkəmədə baxılmalı olmadığından xitam verilsin. Ərizəçilərə izah edilsin ki, mərhum X6 adına olan torpaq sahəsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əvvəlcə mərhumun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmalı və yalnız bundan sonra vərəsəlik qaydasında vərəsələrin adına keçməlidir. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar