Məhkəmə qərarları › İş №2(103)-1359/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1359/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1359/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-158/2023 saylı qətnaməsi ilə iddia təmin olunmuş və qətnamə ilə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsi, 8-ci blokunda yerləşən, sahəsi 145 m2 olan, 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-158/2023 saylı qətnaməsinin ləğv edilməsi, tədqiq edilmiş sübutlar əsasında onlara münasibətdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-158/2023 saylı qərardadına əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti forma və məzmunu Azərbaycan Respublikası MPM-in 361.1-ci maddəsinin tələbinə uyğun olmadığından geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 MTK tərəfindən şikayət verilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-158/2023 saylı qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-158/2023 saylı qərardadına əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 MTK-nın vəkili Vəkil3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və müddətin bərpası məsələsi həll olunmadığından geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 MTK tərəfindən şikayət verilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-158/2023 saylı qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-158/2023 saylı qərardadına əsasən 2(004)-158/2023 saylı mülki iş üzrə Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət olunmadan verildiyindən geri qaytarılmışdır. Daha sonra müddətin bərpasına dair verilmiş ərizəyə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh1 MTK-ya münasibətdə bərpa edilmiş və cavabdehin nümayəndə-vəkili Vəkil3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək qərardadın ləğv edilməsi və cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materialında xx.xx.2023-cü il tarixli şikayət ərizəsi verilən tarixədək qüvvədə olan etibarnamə əlavə edilməmişdir. Yalnız müddəti ötürməməsini əsaslandırıb nömrəsi olmayan və istənilən vaxt cavabdeh tərəfindən əvvəlki tarixə verilə biləcək bir etibarnamə təqdim edilmişdir. Hesab edir ki, bu əsas arqument kimi sayıla bilməz və qanunun tələbinə uyğun olaraq da məhkəmənin əvvəlki mövqeyi ədalətli olmuşdur ki, xx.xx.2023-cü il tarixli şikayət ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verməklə yanaşı ötürülmüş müddətin bərpası ilə bağlı ərizə vermişdir. Şikayət ərizəsi həm etibarnaməsi qüvvədə olan müddətdə, həm də qüvvədə olmadığı müddətdə vəkili Vəkil3 tərəfindən verilsə də mülki işdə iştirak edən və səlahiyyəti qüvvədə olan elektron kabineti olan digər vəkil də vardır ki, şikayəti verən vəkilin elektron kabinetə əlavə edilməməsi və qərardaddan xəbərdar olmaması müddətin bərpası üçün əsas ola bilməz. Bu səbəbdən də hüquqlarının müdafiəsi ilə bağlı başqa vəkillə müqavilə bağlaması, prosessual müddətin axımının dayandırılması və yaxud yenidən hesablanması üçün əsas hesab edilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(004)- 158/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı mülki iş üzrə cavabdehin hüquqları onun etibarnamə üzrə nümayəndəsi və vəkili olan Vəkil2 tərəfindən müdafiə edilmişdir. Məhkəmə tərəfindən yekun olaraq qəbul edilmiş xx.xx.2023 cü il tarixli, 2(004)- 158/2023 qətnamə Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Daha sonra cavabdeh ilk dəfə xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayəti onun nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmişdir. Lakin həmin şikayət forma və məzmunu Azərbaycan Respublikası MPM-in 361.1-ci madddəsinin tələbinə uyğun olmadığından qeyri-mümkün hesab edilərək məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Bu zaman texniki yanlışlığa yol verilərək cavabdehin nümayəndəsi Vəkil3 proses iştirakçısı olaraq elektron sistemə daxil edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardad Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə ki, qeyd olunan tarixdə Vəkil2 etibarnaməsi qüvvədə olmuşdur. Qərardadın cavabdehin nümayəndəsinin elektron kabinetinə yerləşdirilməsi nəzərə alınaraq qərardad məhkəmə tərəfindən cavabdehin hüquqi ünvanına poçt vasitəsilə göndərilməmişdir. Cavabdehin nümayəndə-vəkili Vəkil2 onun elektron sistemə proses iştirakçısı kimi daxil edilməsinə dair müraciəti daxil olmuşdur. O, müraciətlə eyni zamanda məhkəmənin “apelyasiya şikayətinin geri qaytarılmasına dair” xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə şikayət vermişdir. Lakin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(004)- 158/2023 saylı qərardadına əsasən xx.xx.2023-cü il tarixli qərardaddan Cavabdeh1 MTK-nın nümayəndə-vəkili Vəkil3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və müddətin bərpası məsələsi həll olunmadığından geri qaytarılmışdır. Belə ki, şikayət verilən vaxt xx.xx.2023-cü il tarixdə 2 ay müddətinə verilən etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədə olmamışdır. Bundan sonra Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Yasamal rayon Məhkəməsinin icraatında olmuş 2(004)-158/2023 saylı mülki iş üzrə şikayəti verərək xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilərkən müddətin ötürülmədiyini bildirərək və qanunla müəyyən edilmiş müddət ərzində və həmin dövrdə etibarnamənin müddətinin bitmədiyi vaxtda apellyasiya şikayətinin məhkəməyə təqdim edildiyini bildirmiş və yeni etibarnamə təqdim etməklə vaxtında verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli şikayət isə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Belə ki, MPM-in tələblərinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi konkret olaraq göstərilməmişdir. Həmin şikayətin “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafasının ikinci abzasında apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın ləğv edilərək sonrakı prosessual hərəkətlərin davam etdirilməsi tələb edilmiş, lakin mübahisələndirilən qərardadın konkret tarixi qeyd edilməmişdir. Hansı ki, iş üzrə şikayətin geri qaytarılması barədə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli qərardadlar mövcud olmuşdur. Yuxarıda sadalanan məhkəmə aktlarından sonra Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verməklə yanaşı ötürülmüş müddətin bərpası ilə bağlı ərizə vermişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, məhkəmə tərəfindən yekun olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(004)-158/2023 qətnamə Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Daha sonra cavabdeh ilk dəfə xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayəti onun nümayəndəsi-vəkili Vəkil3 tərəfindən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət ərzində verilmişdir. Lakin Vəkil3 səlahiyyətlərini təsdiq edən xx.xx.2023-cü il tarixli (2 ay müddətinə verilmişdir) etibarnaməsi və orderi şikayətə əlavə edilməsinə baxmayaraq texniki yanlışlığa yol verilərək cavabdehin nümayəndəsi proses iştirakçısı olaraq elektron sistemə daxil edilməmiş, məhkəmə aktları iş üzrə Cavabdeh1 MTK-nın digər nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi Vəkil3 tərəfindən ilkin apelyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülməmiş, həmçinin qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmişdir. Lakin həmin vaxt o, texniki yanlışlıqla proses iştirakçısı qismində elektron sistemə daxil edilmədiyindən, eləcə də şikayətin geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərardad onun elektron kabinetinə yerləşdirilmədiyindən, onun faktiki olaraq iş materialları ilə tanış olmaq və sonrakı hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(004)-158/2023 qətnamədən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh1 MTK tərəfindən müddətin ötürülməsi səbəbi üzrlü hesab edilməsi, Cavabdeh1 MTK-nın nümayəndə-vəkili Vəkil3 tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin təmin edilərək xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iş materiallarından görünür ki, qətnamədən şikayət verilməsi Vəkil3 həvalə edilmiş və bundan sonra bütün hüququ hərəkətləri o, həyata keçirmişdir. Vəkil3 qətnamədən ilk dəfə apellyasiya şikayətini verərkən onun səlahiyyətlərini təsdiq edən etibarnaməsi və orderi, dolayısı ilə imzalamaq səlahiyyəti mövcud olmuş, lakin məhkəmə tərəfindən yol verilmiş texniki yanlışlıq nəticəsində o, proses iştirakçısı kimi elektron sistemə əlavə edilməmişdir. Qətnamədən şikayət verilməsi üçün prosessual müddətin hesablanması isə qətnamə qəbul edilən zaman cavabdehin iş üzrə yeganə nümayəndəsi olan Vəkil2 qətnamənin təqdim edilməsi vaxtından hesablanmışdır. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh1 MTK-nın nümayəndə-vəkili Vəkil3 tərəfindən verilmiş ərizəni təmin etməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpası ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar