Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-136/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh Arif oğluna qarşı “kredit, kredit faizlərinin ödənilməsi, ipoteka predmentinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-334/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli 08DİK/07 saylı kredit müqaviləsinə birtərəfli qaydada xitam verərək cavabdehdən bankın xeyrinə 47796,37 ABŞ dolları əsas, 11020,62 ABŞ dolları faiz olmaqla, cəmi 58816,99 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 nömrəli binanın mansardında qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli 08DİK/07 saylı kredit müqaviləsinə birtərəfli qaydada xitam verərək sonuncudan bankın xeyrinə 47796,37 ABŞ dolları əsas, 13315,02 ABŞ dolları faiz olmaqla, cəmi 61111,39 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 nömrəli binanın mansardında qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)- 334/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 08DİK/07 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 47796,37 ABŞ dolları əsas, 11020,62 ABŞ dolları faiz borcu olmaqla, cəmi 58816,99 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 nömrəli binanın mansardında qeyri-yaşayış sahəsinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 170.000 manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına “xxxx” KB ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada Cavabdeh tutulması və əmlakın satışından artıq qalan vəsaitin Cavabdeh qaytarılması, iddiaçının təşəbüsü ilə keçirilmiş ipoteka predmetinin qiymətləndirilməsi üzrə 650 manat xidmət haqqının iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir. İddiaçı tərəfin apelyasiya şikayətində qətnamənin qiymətləndirmə xərcinin tutulması hissəsində dəyişdirilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üzrə 650 manat xidmət haqqının və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Şikayətə görə, ilk olaraq iddiaçı tərəfindən qiymətləndirilmə ilə bağlı hər hansı vəsatət verilməmişdir, bundan başqa iddianın tam təmin edilməsinə baxmayaraq, qiymətləndirmə ilə bağlı xərcin iddiaçıdan tutulması əsassızdır. Apelyasiya baxışı zamanı isə iddiaçının nümayəndəsi apelyasiya şikayətinə əlavə təqdim edərək, qətnamədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmadığını, faiz borcunun yalnış olaraq 11020,62 ABŞ dolları məbləğində tutulduğunu bildirərək, nəzərə alınmağını xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətində isə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şikayətə görə, qətnamə ilə tutulması qət edilmiş əsas və faiz məbləği düzgün hesablanmamışdır, bu məbləğ bank tərəfindən şişirdilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət birinci instansiya məhkəməsində təmin edilməmişdir. Banka ödənişləri vaxtında etmişdir. Devalvasiyadan sonra ödəmələrdə problemlər yaransa da, əvvəlki qaydada ödənişləri davam etdirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Bankın apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili isə iddiaçının apelyasiya şikayətinə etiraz edərək, təmsil etdiyi şəxsin apelyasiya şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi” nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apelyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apelyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 08DİK/07 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 180 ay müddətinə 90000 USD illik 18% məbləğində kredit verilmişdir. Habelə, kredit müqaviləsinin təminatı olaraq, eyni tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 nömrəli binanın mansardında qeyri-yaşayış sahəsi “xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən daşınmaz əmlak 120000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə banka 47796,37 USD əsas, 11020,62 USD faiz, cəmi 58816,99 USD məbləğində borcu yaranmışdır. Daha sonra təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə banka 47796,37 USD əsas, 13315,02 USD faiz, cəmi 61111,39 USD məbləğində borcu yaranmışdır. İş materiallarından müəyyən edilir ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. İddiaçı apelyasiya şikayətinə əlavədə məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmadığını, faiz borcunun yalnış olaraq 11020,62 ABŞ dolları məbləğində tutulduğunu qeyd etmiş, eyni zamanda cavabdeh apelyasiya şikayətində əsas və faiz borcunun düzgün hesablanmadığını qeyd edərək, ekspertiza təyin olunmasını xahiş etmişdir. Apelyasiya şikayətlərinin qeyd edilən dəlilinin araşdırılması məqsədi ilə Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin valyutası ABŞ dolları olduğu halda, ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 27161 nömrəli ekspert rəyində borcun valyutası manat ekvivalentində hesablanmışdır. Bu səbəbdən Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında qoyulmuş suallarda kredit müqaviləsi və onun əlavəsi olan ödəniş cədvəlində göstərilən valyuta ilə (ABŞ dolları) hesablanması göstərilmiş, lakin təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatı nəticəsində verilmiş xx.xx.2020-ci il tarixli 9/2025 nömrəli ekspert rəyi ilə əvvəlki ekspert rəyində olduğu kimi borcun valyutası manat ekvivalentində hesablanmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza Mərkəzindən Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 9/4693 nömrəli rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, eləcə də xx.xx.2007-ci il tarixli 08DİK/07 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2018-ci il tarixə“xxxx” KB ASC-yə olan ümumi borcu o cümlədən: əsas borc üzrə – 47796,37 ABŞ dolları; faiz borcu üzrə – 13315,02 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2007-ci il tarixli 08DİK/07 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə (cərimə hesabı üzrə) cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün sualda soruşulan tarixə cavabdehin cərimə borcu hesablanmamışdır. Ekspert rəyi ilə cavabdehin icra edilməmiş öhdəliyi nəticəsində yaranmış borc məbləğinin (əsas və faiz borcu) iddia tələbində göstərilən (əsas borc üzrə 47796,37 ABŞ dolları, faiz borcu üzrə 13315,02 ABŞ dolları) məbləğdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi cavabdehin əsas və faiz borcunun düzgün hesablanmaması barədə cavabdehin apelyasiya şikayətinin dəlili əsassızdır. İddiaçının borc məbləğinə aid tələbi qanuni və əsaslı olduğundan təmin edilməli və cavabdehdən 47796,37 ABŞ dolları əsas, 13315,02 ABŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə iddiaçının xeyrinə tutulmalıdır. Tutma yönəldilmiş mübahisəli əmlak kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti olan əmlaka dair ipoteka saxlayan ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (maddə 319.1). Həmin məcəllənin 319.1.6-cı maddəsinə görə, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli Hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 nömrəli binanın mansardında qeyri-yaşayış sahəsinin bazar qiyməti 170000 manat təşkil edir. Kollegiya qeyd edir ki, göstərilən qiymət ipoteka predmetinin bazar dəyəri olsa da, məhkəmə qeyri-yaşayış sahəsini göstərilən qiymətlə açıq hərracdan satışa çıxarılmasını qət etmiş, tərəflər də nə apelyasya şikayətində, nə də apelyasiya icraatı zamanı göstərilən qiyməti mübahisələndirməmişlər. Bununla da onlar ipoteka predmetinin ilkin satış qiymətinin 170000 manat müəyyən olunması ilə razılaşmışlar ki, bu da həmin məsələ ilə bağlı tərəflər arasında mübahisə olmadığını göstərir. Kollegiya sadalanan normalara əsaslanaraq hesab edir ki, iddia tələbi “tələbin Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 nömrəli binanın mansardında qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi” hissəsində qanunidir və bu hissədə iddia tələbi təmin edilməlidir. İddiaçının ipoteka predmetinin qiymətləndirilməsi üzrə 650 manat xidmət haqqının cavabdehdən tutulmalı olması ilə bağlı apelyasiya şikayətində qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, bu hissədə apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə məhkəmənin öz təşəbbüsü ilə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi ilə qeyri-yaşayış sahəsinin hazırki dövrə bazar dəyəri 163000 manat müəyyən edilmişdir. “xxxx” MMC-yə xidmət haqqı olaraq 350 manat iddiaçı Bank tərəfindən ödənilmişdir. Cavabdeh mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğlə razılaşmayaraq, təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş (iş v.111) və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli Hesabatı ilə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 nömrəli binanın mansardında qeyri-yaşayış sahəsinin bazar qiyməti 170000 manat müəyyən edilmişdir. Xidmət haqqı olaraq 300 manat iddiaçı Bank tərəfindən ödənilmişdir (iş v. 174-175). Birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsi üzrə hər iki xidmət haqqını (650 manat) iddiaçıya aid etmişdir. İddiaçı isə apelyasiya şikayətində xidmət haqqının cavabdehə aid edilməli olmasını, bu məqsədlə də cəmi 650 manat məbləğində məhkəmə xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, ilkin qiymətləndirmə bankın iddiası üzrə başlanmış icraat çərçivəsində keçirildiyindən, həmin qiymətləndirmə xərci bankın özünə, təkrar qiymətləndirmə isə cavabdehin təşəbbüsü ilə keçirildyindən, cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qeyd edir ki, məhkəmənin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci qərardadları əsasında keçirilmiş ekspertiza tədqiqatları nəticəsində qoyulmuş suallara uyğun düzgün rəy verilmədiyi üçün aparılmış tədqiqatların dəyəri - müvafiq olaraq tələb olunan 145 manat və 100 manat xərc ekspertiza qurumunun özünə aid edilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı əsasında aparılmış təkrar ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ekspertiza Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)- 334/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 08DİK/07 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 47796,37 ABŞ dolları əsas, 13315,02 ABŞ dolları faiz borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində vəsait tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 nömrəli binanın mansardında qeyri-yaşayış sahəsinə yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 170000 manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti hesabına borc məbləği “xxxx” KB ASC-nin xeyrinə tutulsun. “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirməyə görə 350 manat xidmət haqqı iddiaçının özünə aid edilsin. “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirməyə görə iddiaçı tərəfindən ödənilmiş 300 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ekspertiza Mərkəzinə ödənilsin. İddiaçı tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-136/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-136/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver