Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1361/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4894/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" MMC-də baş aviakassir vəzifəsində çalışır.
2. İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə dəyəri 10500 manat məbləğində olan bilet satılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat əsas məbləğ, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat olmaqla, cəmi 10790,25 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ona 10500 manat pul verməlidir. O, Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" MMC-də baş aviakassir vəzifəsində işləyir. "xxxx" Azərbaycanda İATA-yə üzv olan azsaylı turizm şirkətlərindən biridir. Artıq 10 ildən çoxdur ki, bu sahədə çalışır. Buna görə də bu sferada fəaliyyət göstərən şəxslərin çox hissəsini tanıyır. Bunlardan biri də Cavabdehdur. Cavabdeh uzun illər Azərbaycan Respublikası DİN-də polis zabiti kimi fəaliyyət göstərmişdir. Cavabdeh ondan bilet istədikdə o, müqavilə bağlamağı lazım olduğunu bildirmişdir. Lakin, Cavabdeh VÖEN-nini hal-hazırda müəyyən səbəblərə görə dondurduğunu bildirmiş və “kişi sözü” verməklə ona etibar etməyini xahiş etmişdir. O, cavabdehin keçmiş polis zabiti olduğunu nəzərə alıb, sözünü yerə salmayaraq ona nisyə biletlər verməyə başlamışdır. Cavabdeh ilk vaxtlar ödənişlər edib, özünə xoş təəssüratlar yaratmışdır. Lakin, Cavabdeh 2022-ci ilin əvvəllərində ondan 10500 manat dəyərində bilet almış və indiyə kimi həmin biletlərin pulunu ödəməmişdir. Pulun verilməsi barədə dəfələrlə, Cavabdeh müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə ona 10500 manat pulu verməkdən boyun qaçırmışdır. Bu barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı da vardır. Həmin qərarda Cavabdeh "xxxx" MMC-yə 10500 manat borclu olduğunu bildirsə də, həmin məbləğin hamısını nəğd şəkildə ödədiyini bildirmişdir. Bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. Anası ankoloji xəstədir. O, ailəlidir və iki övladı var. Cavabdeh həmin pulu ödəməsə, şirkət bu pulu ondan tutacaqdır. O, yuxarıdakıları əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun ümidi ancaq məhkəməyədir. xx.xx.2021-ci il tarixli Aztur Travel MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin əlavə razılaşmanın 5-ci bəndinə əsasən cavabdehdən pulu tələb etmək onun öhdəliyindədir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4894/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 10500 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 150 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin 10500 manat dəyərində bilet aldığının, cavabdehin üzərinə düşən sübutetmə yükü isə həmin pulu ödənilməsinin sübut edilməsidir. İddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş və məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə 10500 manat dəyərində bilet verməsi, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarına əsasən, cavabdehin polis bölməsində verdiyi izahatla, cavabdehin diskdə əks edilmiş səs yazısına və şahid ifadələrinə əsasən öz təsdiqini tapmışdır. Lakin cavabdeh, öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, "xxxx" MMC-yə 10500 manat borcu olsa da həmin məbləğin hamısını nəğd şəkildə ödədiyini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan 10500 manat dəyərində biletləri alsa da, həmin biletlərin pulunu ödəməyərək, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh 10500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 150 manat məbləğində vəkil xidməti xərcinin İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, məhkəmə xərcləri qismində göstərilən 150 manat vəkilə çəkilmiş xərc mütənasib olduğundan, məhkəmə həmin xərci ağlabatan məbləğ hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin həmin tələbi də təmin edilərək, 150 manat məbləğində vəkil xidməti xərci Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “etibarnamə üçün ödənilmiş 17,25 manat pulun İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, iddiaçı həmin məbləğin ödənilməsini təsdiq edən sübut təqdim etmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (bir yüz iyirmi üç) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 386.1, 442, 433.3, 445.2, 448.1, 448.2, 567-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 121.1, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4894/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, təmin olunan hissədə ləğv edilməsi, iddia əsassız olduğundan həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəzərə almalı idi ki, şahidlərin hamısı bu və ya diğər formada iddiaçının iş yoldaşları olmaqla hadisənin canlı şahidi olmamış, yəni pulların ödənilməsi, biletlərin cavabdehə satılması prosseslərində iştirak etməmiş, hadisə barədə yalnız iddiaçının sözündən məlumat almışlar. Bu baxımdan hesab edir ki, onların verdiyi ifadələr əsaslı ola bilməz və sübut növü kimi qəbul edilməməlidir. Tərəflərin arasında həqiqətən əməkdaşlıq münasibətləri olmuş və bu baxımdan həmin səs yazısının hansı tarixdə, kim tərəfindən, hansı borcla bağlı yazılması, həmin yazılardan sonrakı münasibətlər müəyyən olunmamışdır. Cavabdehin, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26 –cı Polisbölməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən verdiyi İzahatı ilə bağlıbildirmək istəyirəm ki, qeyd olunan qərarda da açıq aydın cavabdehin verdiyi izahat öz əksini tapmış və onun iddiaçıya hər hansı bir borcu olmadığı açıq –aydın qeyd olunmuşdur. İddiaçı ilə onun işlədiyi Aztur Travel MMC arasında xx.xx.2021 –ci il tarixli müqavilənin mövcud olması iddiaçının iddia qaldırmaq ücün hüququi subyektinin yaranması üçün əsas ola bilməz. Belə ki, iddiaçının (özünün dediyi kimi) cavabdehə satdığı biletlər önun şəxsi əmlakı deyil müəssisənin mülkiyyətində olan əmılak kimi qiymətləndirilməlidir və bu halda iddiaçı qismində İddiaçı deyil, onun calışdığı Aztur Travel MMC cıxış etməli idi. Belə ki satılan biletlər həmin müəssisəyə məxsus olub. İddiaçı isə həmin müəssisənin işçisi olmaqla vəzifəsindən irəli ğələn əmək funksiyalarını yerinə yetirib. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə isə sonradan arxa tarixlə, müəssisəni araya salmamaq məqsədi ilə, tərtib olunub və Əmək müqavilələri və ona əlavələrin qeydiyata alındığı Əmək Məşgulluğunun elektron sisteminə əlavə olunmayib. Belə ki, müəssisə özü iddiaçı qismində cıxış etdiyi halda mütləq olaraq tərəflər arasında (iddiaçı - cavabdeh) olmalı olan alğı – satqı müqaviləsini əlavə etməli idi. Digər tərəfdən də iddiaçı ilə cavabdeh arasında olan münasibətlər diqqət yetirdikdə həmin münasibətlərin alğı-satqı münasibətlərindən irəli gəldiyi açıq – aydın görünür. Hesab edir ki, alğı – satqı münasibətlər hazırkı iş üzrə prioritet təşkil etdiyindən məhkəmə həmin münasibətlərdən irəli gələn qanunvericilik və sübut etmə bazasına istinad etməli – alğı-satqı müqaviləsi, təhvil –təslim aktı, tərəflər arasında görülmiş işlərə və borca dair üzləşmə aktı tələb etməli idi. Hazırkı vəziyyətdə isə mübahisəli əmlakın – yəni biletlərin cavabdehə satılıb satılmaması və ya onların məbləği, eyni zamanda borc məbləği müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırkı mübahisə predmeti olan biletlərin satılması faktı sübuta yetmədiyindən onların əvəzi olaraq ödənişlərin həyata keçirilməsi barədə öhdəliyin yaranması şübhə altında qalır. Eyni zamanda iddiaçının subyektiv hüququnun olub – olmaması məsələsini araşdırmalı idi
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, İddiaçı cavabadehə təklif edib ki, müqavilə bağlayaq, amma cavabdeh VÖEN-i hazırda olmadığını, polis zabiti olduğunu və müqavilə bağlamaq istəmədiyini bildirmişdir. İddiaçı da inanıb biletləri verib, əvvəl cavabdeh pulu qaytarsa da sonradan qaytarmayıb. Sonuncu dəfə cavabdeh iddiaçıdan 10.500 manat pul dəyərində bilet alıb amma borcunu qaytarmayıb. Cinayət işinin başlanması rədd edilməsi qərarında cavabdeh borcu olduğunu da etiraf etmişdir. İddiaçı "xxxx" MMC-nin işçisidir, cavabdehdən pul tələb etmək əmək müqaviləsinə əsasən iddiaçının öhdəliyindədir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il qərarı “...Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.”
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdehə satılmış 10500 manat məbləğində aviabiletlərin dəyəri və məhkəmə xərclərinin ödənilməsini xahiş edir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
22. Apellyasiya şikayətinin dəlillərindən biri odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddia ərizəsini Aztur Travel MMC verməli idi.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ vardır. Belə ki, xx.xx.2021-ci il tarixli Aztur Travel MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə əlavə razılaşmaya əsasən, bilet, otel, transfer satışından əldə olunmuş gəlirlər hər ayın son iş gününədək işçi İddiaçı tərəfindən nağd və ya köçürmə yolu ilə Aztur Travel MMC-yə ödənilməlidir. Göstərilən xidmətin ödənişi ödənilmədiyi təqdirdə işçinin aylıq əmək haqqının 50% miqdarı pul vəsaiti işəgötürən Aztur Travel MMC tərəfindən tutulacaqdır. İşçi ilə üçüncü şəxslər arasında qarşılıqlı razılaşma mümkün olmadıqda, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyi əsasında məhkəmə qaydasında həll ediləcəkdir. İddiaçı qismində məhkəmədə işçi - İddiaçı iştirak edəcəkdir.
24. İddiaçı tərəfin təqdim etdiyi sübutlardan müəyyən olunur ki, cavabdehin "xxxx" MMC-yə 10500 manat borcu vardır.
25. Belə ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, İddiaçı ərizə ilə polis bölməsinə müraciət edərək, Cavabdeh 2022-ci ilin əvvəllərində 10500 manat dəyərində bilet yazdırdığını, ödənişi ondan tələb etdikdə müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayındığını, ödəniş etməsə həmin pulun şirkət rəhbərliyi tərəfindən ondan tutulacağını bildirsə də, heç bir nəticəsi olmadığını qeyd etmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Təhqiqat zamanı Cavabdeh Sayildin oğlu izahat verərək göstərmişdir ki, o İddiaçı onun barəsində yazdığı ərizəsilə tanış olaraq bildirmək istəyir ki, onun Emin ilə əməkdaşlığı olmuşdur. Lakin ərizədə qeyd edilənlər hamısı qərəzli, şər və böhtandır. Onların öz hesabatlarında ciddi nöqsanlar olduğu üçün maliyyədə yaranmış kəsirləri ona yönəltmək istəyirlər. O, "xxxx" MMC ilə müqavilə bağlamadığı üçün nəqd şəkildə hesablaşmışdır. Onun 2022-ci ilin əvvəlində "xxxx" MMC-yə 10500 manat borcu olsa da həmin məbləğin hamısını nəğd şəkildə ödəmişdir. Onun həmin şirkətə heç bir borcu yoxdur.Belə bir iddianı hansı səbəbdən 1 ildən sonra qaldırılması çox təəccüblüdür
26. İddiaçının iddia tələbinin əsası kimi isinad etdiyi hallarla bağlı birinci instansiya məhkəməsində şahidlər dinlənilmiş və cavabdehin səs yazısını əks etdirən cd diskə baxış keçirilmişdir.
27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, hüquqşünas vəzifəsində işləyir. "xxxx" MMC müəyyən turizm şirkətlərinə bilet satır. Bunlardan biri də “Alfa Travel” şirkətinin direktoru, təsisçisidir. İddiaçı onun iş yoldaşıdır və baş aviakassir vəzifəsində çalışır. İddiaçı ona Cavabdeh bir ildən çoxdur ki, borcu olduğunu və borcu ödəmədiyini bildirmişdir. O və Emin birlikdə Cavabdeh yanına getmişlər. Cavabdeh onlara bəzi problemlərinin olduğunu, böyrəyindən əməliyyat olunduğunubildirmişdir. Həmçinin, cavabdeh onlara iddiaçını pis vəziyyətdə qoymayacağını və borcu ödəyəcəyini də bildirmişdir. İkinci dəfə Cavabdeh yanına getdiklərində o, evini satacağını və ən geci on günə pulu verəcəyini bildirmişdir. Həmin vaxt onlar Cavabdeh ilə olan danışıqları qeydə almışlar. Həmin səs yazısında Cavabdeh 10500 manat borcu olduğunu etiraf edərək, evini, maşınını sataraq borcu ödəyəcəyini bildirmişdir. Sonradan onlar dəfərlərlə Cavabdeh ofisinə getdikdə işçilər onun işdə olmadığını bildirmişlər. Buna görə də, onlar məcbur olub polis idarəsinə, daha sonra məhkəməyə müraciət etməli olmuşlar. Həmçinin şahid cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, həmin səs yazısının yazılması barədə Cavabdeh məlumatı yox idi. İddiaçı 10 ildən çoxdur ki, bu sferada fəaliyyət göstərir. Cavabdeh yeganə şəxsdir ki, onunla müqavilə bağlanmamışdır. Səbəbi isə iddiaçı və cavabdehin 10-15 il dostluq münasibətlərinin olması olmuşdur. Həmin səs yazısında cavabdeh maliyyə problemlərinin olduğunu, VÖEN-i bağladığını bildirmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında deyil, iddiaçı ilə Cavabdeh arasında əməkdaşlıq olmuşdur. İddiaçı və cavabdehin əməkdaşlıq etdiyi müddəti bilmir. Əvvəllər də cavabdeh iddiaçıdan bilet almış, lakin pulu ödəyib-ödəməməsi barədə məlumatı yoxdur.
28. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən işləyir. Cavabdehi şəxsən tanıyır. Cavabdehlə borcla bağlı ofisində görüşmüşlər. İddiaçı Tural müəllimin otağından çıxandan sonra ona “Alfa Travel” şirkətinin direktoru Cavabdeh bilet yazdırdığını və borcu olduğunu demişdir. O, Milad və Emin Cavabdeh ilə borcla bağlı təxminən 2022-ci ilin axırı, 2023-cü ilin əvvəlində görüşmüşlər. Cavabdeh 10500 manat borcu olduğunu, xəstə olduğunu, müalicəsinin davam etdiyini, evi satdıqdan sonra borcu ödəyəcəyini bildirmişdir. O, Cavabdeh Eminə borcu olmasını Eminin sözlərindən bilir. Biletlərin hansı tarixdə, hansı istiqamətə yazıldığını bilmir. Cavabdeh həmin borcu qaytarmamışdır. 29.Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, həqiqətən tərəflər arasında əməkdaşlıq münasibtləri olmuş və həmin münasibətlər 2021-ci ilin axırlarınadək davam etmişdir. 2022-ci ilin əvvəllərinə cavabdehin iddiaçıya hər hansı borcu qalmamışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, caabdeh tərəf də öz etirazına dair halları sübut etməlidir.
31. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.§15.
32. Qanunvericiliyin tələbindən göründüyü kimi, hər bir tərəf öz tələbləri və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh istinad etdiyi hallarla bağlı sübut təqdim etməmişdir.
34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4894/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev