Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1363/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1363/2025 (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-578/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh3 2003-cü ildə faktiki, 18 yanvar 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından Gülxanım, Günel və Əli adlı uşaqları doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Faktiki nikaha daxil olduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evdə yaşamışlar.
2. 2006-2007-ci illərdə 600 kv.m torpaq sahəsi üzərində tikilmiş 165 kv.m sənədsiz tikili olan ev 2009-cu ildən Cavabdeh1 (iddiaçının qayınatası) adına bələdiyyədə vergi qeydiyyatına alınmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə 2007-ci ildən ünvan 1 ünvanında yaşayır.
3. "xxxx" ASC-nin A180802770M1 nömrəli sayğacı iddiaçının adınadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları ilə birlikdə cavabdehlərin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, cavabdehlərlə münasibətləri korlandığı üçün onu və birgə nikahdan doğulan uşaqlarını məcburi qaydada Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarmışlar. O evdən qovulan günə kimi cavabdehlərlə birlikdə yaşamış və birgə təsərrüfatı idarə etmişlər. Hazırda onun övladları ilə daimi yaşayış yeri yoxdur. İddiaçı bir neçə dəfə qeyd olunan yaşayış evinə köçmək istəsə də, cavabdehlər buna imkan verməmiş, qapının kilidini dəyişmiş, qapını ona və uşaqlara açmamışlar. Həmçinin övladları 148 nömrəli tam orta məktəbin şagirdləridir. Evdən çıxarılmalarının nəticəsində uşaqların hər gün təhsil müəssisəsinə gedib-gəlməsi olduqca çətinləşmişdir və əksər hallarda məktəbə gedə bilmirlər.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-578/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın təmin edilməsi, İddiaçı övladları X2, X5 və X13 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən cavabdehlərin yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 11.1, 157.8, 158.2, 180.1-180.4-cü, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci, Avropa İnsan Hüquqları Məhkəməsinin “O.X9rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarına istinad ilə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
7. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə yalnız birtərəfli, yəni sırf iddiaçının maraqlarını üstün tutaraq, ən əsası da qanunvericiliyə və mövcud işlər üzrə məhkəmə təcrübəsinə zidd olan, ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli özbaşına tikilinin iddiaçının qayınatası olan Cavabdeh1 tərəfindən tikilməsi həm iddiaçı tərəfindən verilmiş iddiada, həm iddiaçının vəkilinin məhkəmədə verdiyi izahatında, həm də Bələdiyyənin arayışında təsdiqini tapmışdır. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə məhkəmə təcrübəsinə və analogiyaya istinad etmişdir. Halbuki eyni xarakterli məhkəmə işlərində mənzilə köçürülmə tələbi o halda, təmin olunur ki, tərəflərin birgə nikah dövründə və birgə təsərrüfat hesabına özbaşına tikili tikmələri sübuta yetirilsin. Lakin indiki halda mübahisəli özbaşına tikilinin tərəflərin vəsaiti hesabına deyil, iddiaçının qayınatası tərəfindən tikilməsi və hazır olan evdə iddiaçı ilə ərinin sonradan gedib yaşaması sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə analoji olaraq Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir. Həmin maddənin 4-cü bəndinə əsasən, belə nəticəyə gəlmək olur ki, keçmiş ailə üzvünün yaşayış sahəsi olmadıqda onun istifadə hüququ müəyyən müddətə saxlana bilər. İstifadə hüququ isə Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir ki, hazırda belə bir razılaşma mövcud deyil. Həmçinin məhkəmə həm hesab etmişdir ki, daşınmaz əmlak özbaşına tikili olduğundan mülkiyyətçisi yoxdur, həm də daha sonra qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadən iddiaçı evə köçürmə tələbində haqlıdır. Halbuki həmin maddədə yaşayış sahəsinin mülkiyyətçisindən söhbət gedir. Qeyd olunan evə dair kommunal xidmətlərə dair bəzi sənədlərin iddiaçının adına olması ilə bağlı bildirilir ki, sözügedən kommunal xidmət müəssisəsinin əməkdaşı evə gələrkən, həmin vaxt evdə iddiaçı olduğundan məcburən müqavilə onunla bağlanmışdır ki, bu hal bir çox evlərdə baş verir və sırf hansısa kommunal xidmət müqaviləsinin iddiaçının adına olması iddia tələbinin əsaslı olması qənaətinə gəlmək üçün kifayət deyil.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3301/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin mübahisəli evin Cavabdeh1 tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi təkcə onun qanuni gözlənti hüququnun olması dəlilinə münasibətdə bildirmişdir ki, bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, beləliklə də, mübahisələndirilən fərdi yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin onun vəsaiti hesabına əldə edilməsi halı da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin mübahisəli evə aid kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin iddiaçı tərəfindən bağlanması, müvafiq abonent cədvəllərinin onun adına tərtib olunması da, tərəflərin nikah münasibətlərinə daxil olduqları tarix nəzərə alındıqda ağlabatandır və bu sənədlər məhkəmə tərəfindən müəyyən edilmiş halları təkzib etmir.
11. Kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Odur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair subyektiv hüquqa malikdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 11.1, 157.8, 158.2, 180.1-180.4-cü, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
d) Kassasiya instansiyası məhkəməsində icraat
13. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə apellyasiya şikayətinin dəlillərini hər tərəfli araşdırmamış, qanunun analogiyasını sadəcə iddiaçıya münasibətdə tətbiq etmiş, cavabdehlərin mənafelərini nəzərə almamışdır.
15. AR Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3534/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X10 (məruzəçi hakim), X11 və X8 ibarət tərkibdə,) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3301/2024 nömrəli, 2024-cü il 5 iyun tarixli qətnaməsi ləğv edilərək, işin yenidən apelyasiya baxışına göndərilməsi qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...məhkəmələr iddiaçının başqa yaşayış yeri olmaması barədə ortaq fikirdə olmuş, lakin bu qənaətə gələrkən cavabdehlərin və iddiaçının izahatlarını düzgün qiymətləndirməmiş, iddiaçının cavabdehlərin təklif etdiyi başqa yaşayış yerinin mövcudluğunu etiraf etsə də, yaşamaq üçün yararsız və əlverişsiz olduğunu sübuta yetirə bilmədiyini nəzərə almamışlar. Belə ki, aşağı instansiya məhkəmələrinin iclaslarında cavabdehlər dəfələrlə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evdə yaşamalarına etiraz etmədiklərini bildirmişlər. Lakin iddiaçı həmin evdə yaşamaq üçün şəraitin olmadığını bildirmiş, məhz Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1ndə yerləşən evə köçürülməsini tələb etmişdir. İddiaçı cavabdehlər tərəfindən təklif olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evdə daimi olaraq yaşamaq üçün şəraitin olmaması haqqında sübutlarını, sübutları araşdırmaq hüququ olan məhkəmələrə təqdim etməməklə, övladları ilə birlikdə köçürülməsini tələb etdiyi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1ndə yerləşən fərdi yaşayış evinə ehtiyacının olmasını əsaslandıra bilməmiş, aşağı instansiya məhkəmələri də bu evə yerli baxış keçirmədən, hər hansı sübut (videoçəkiliş, fotoşəkil və s.) tələb etmədən evin yaşamaq üçün yararsız olduğu, beləliklə də, iddiaçının başqa yaşayış yeri olmaması qənaətinə gəlmişdir”.
c) Proses iştirakçılarının izahatı
17. Apellyasiya baxışında iştirak edən Cavabdeh3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya baxışında iştirak edən Cavabdeh4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
20. Apellyasiya baxışında iştirak edən İddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
21. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 21. 158.2ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
27. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
28. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
29. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
30. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
31. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnamələrinin bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
40. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
41. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, Cavabdeh3 və İddiaçı nikahları xx.xx.2011-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsində 56 nömrəli akt qeydi ilə qeydə alınmışdır.
42. Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, X2 25 iyun 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2007-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 2344 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh3, anası İddiaçıdır.
43. Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, X5 15 iyul 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2009-cu il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 641 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh3, anası İddiaçıdır.
44. Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, X12 21 yanvar 2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2011-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1296 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh3, anası İddiaçıdır.
45. Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsinin 01 sentyabr 2023-cü il tarixli 257 nömrəli məktubuna əsasən Sabunçu bələdiyyəsinə daxil olmuş 334/23/02 saylı 25 avqust 2023-cü il tarixli sorğunuza əsasən İddiaçı adına torpaq sahəsi ayrılması barədə bələdiyyədə heç bir sənəd aşkarlanmadı. Lakin 2006-2007-ci illərdə 600 kvm torpaq sahəsi üzərində tikilmiş 165 kvm sənədsiz tikili olan ev 2009-cu ildən Kəmalənin qayınatası Cavabdeh1 adına bələdiyyədə vergi qeydiyyatına alınmışdır. X1 adları qeyd olunan ailə üzvləri ilə birlikdə 2007-ci ildən həmin evdə yaşayırlar.
46. Sabunçu Bələdiyyəsi tərəfindən tərtib edilən 28 avqust 2023-cü il tarixli aktdan görünür ki, Sabunçu bələdiyyəsi üzrə Gender bərabərliyi komissiyasının sədri H.Nəcəfov, komissiya üzvü T.Yaqubova, müfəttiş Ç.Hacıyev, ünvan 2 ünvanında qeydiyyatsız yaşayan İddiaçı və həyat yoldaşı Cavabdeh3 iştirakı ilə bu akt tərtib edilib ondan ötəri ki, 1985-ci ildə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuş, hazırda Cavabdeh3 ilə rəsmi nikahda olan İddiaçı bələdiyyəyə ünvanladığı şikayət ərizəsi əsasında Kamilə Fərhad qızı və İsmayıl Valeh oğlu bələdiyyəyə dəvət olunublar. Onlarla ayrı-ayrılıqda söhbət aparılıb. Məlum olub ki, Kamilə ilə İsmayıl 2003-cü ildə ailə qurublar. 2007-ci ildə ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında inşa etdikləri sənədsiz tikili olan evdə yaşayıllar. Onların bu nikahdan 3 uşağı vardır. Lakin ailə-məişət zəmnində yola getmirlər. Tərəflər artıq boşanmaq üçün məhkəməyə müraciət ediblər.
47. "xxxx" ASC-nin bildirişindən görünür ki, A180802770M1 nömrəli sayğac abonent İddiaçının adınadır.
48. İşə bundan öncə baxmış müvafiq instansiya məhkəmələri iddianı təmin edərkən qeyd etmişdirlər ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur.
49. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hər hansı yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması orada yaşayan və istifadə edən şəxslərə münasibətdə Azərbaycan Respublikasının 43-cü maddəsinin tətbiqinə maneə yaratmır. Təsadüfi deyildir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180ci maddəsində də şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq mövcud olan və istifadə edilən mübahisəli evə iddiaçının köçürülməsi tələbinin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması, yarandığı halda hələ qüvvədə olub-olmaması məsələsi araşdırılmalıdır.
51. Hazırki iş üzrə özbaşına tikiliyə münasibətdə iddiaçının faktiki istifadə hüququnun yaranması üçün 2 mühüm şərtin vəhdətdə təşkili zərurəti vardır.
52. Birincisi, iddiaçının qeyd olunan özbaşına tikilidən hazırda istifadəsinin mövcudluğu və istifadə hüququnun realizə olunmasının qeyrilərinin hüquq və mənafelərinə xələl gətirməməsi.
53. İşin hallarından aydın olur ki, tərəflər müəyyən müddətdə birgə yaşayış və təsərrüfat aparsalar da, sonradan onlar arasında olan münasibətlər kəskinləşmişdir. Hazırda onların yenidən birgə yaşayış üçün eyni mənzilə köçürülməsi analoji qaydada yeni mübahisələrə zəmin yaradacağı təkzibolunmaz bir faktdır.
54. Belə ki, İddiaçı bələdiyyəyə ünvanladığı şikayət ərizəsi əsasında Kamilə Fərhad qızı və İsmayıl Valeh oğlu bələdiyyəyə dəvət olunublar. Onlarla ayrı-ayrılıqda söhbət aparılıb. Məlum olub ki, Kamilə ilə İsmayıl 2003-cü ildə ailə qurublar. 2007-ci ildə ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında inşa etdikləri sənədsiz tikili olan evdə yaşayırlar. Onların bu nikahdan 3 uşağı vardır. Lakin ailə-məişət zəmnində yola getmirlər.
55. Həmçinin artıq faktiki olaraq, iddiaçı ilə cavabdehlərdən Cavabdeh3 arasında nikah münasibətlərinə də xitam verilmişdir.
56. İstər iddiaçı tərəfindən qeyd olunan, istərsə də işə bundan öncə baxan müvafiq instansiya məhkəmələrində mübahisənin əsl mahiyyətinə aidiyyatı olmasa da, sözügedən fərdi yaşayış evinin cavabdehin atası tərəfindən və onun vəsaiti hesabına tikilməsi məsələsi önə çəkilmişdir. Göstərilənlərə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən məsələ iddiaçının həmin fərdi evin tikintisinə çəkilmiş xərclərin bölünməsi və ya həmin haldan doğan sahiblik hüququnun təsbiti, həmçinin bunun kimi digər tələblər irəli sürüldüyü halda mübahisə mövzusu ola bilər və həmin halların araşdırılması işin həllinə təsir göstərə bilərdi. Lakin indiki halda iddiaçının tələbi mübahisəli fərdi yaşayış evinə köçürülmə hüququ ilə bağlı olduğundan göstərilən arqumentlər hazırki işin həlli üçün hansısa əhəmiyyət kəsb etmir.
57. Daha sonra məhkəmənin aydınlaşdırmalı olduğu digər məsələ kassasiya instansiyası məkəməsinin də göstərişlərinə müvafiq olaraq iddiaçının hazırda mübahisəli mənzildən başqa yaşayış yerinin olub-olmaması və ora köçürülməsinin mütləq ehtiyacdan irəli gəlməsinin sübuta yetirilməsi ilə bağlıdır.
58. Belə ki, məhkəmə icraatı zamanı tərəflərin izahatlarından və iş materiallarından aydın olur ki, ilk olaraq iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evdə məskunlaşmışdır. Lakin sonradan məişət şəraitinin qənaətbəxş olmamasını əsas gətirərək hazırki mübahisə predmetini təşkil edən evdə məskunlaşmasını tələb etməkdədir.
59. Lakin qeyd olunan hallar, yəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evin istismar üçün adekvat göstəricilərə sahib olub-olmaması digər məhkəmə icraatları zamanı araşdırılmamış və bir qayda olaraq, iddiaçının mülahizələrinə əsaslanılmaqla həmin mənzilin yaşamaq üçün yararsız və əlverişsiz olması qənaətinə gəlinmişdir.
60. Bununla əlaqədar apelyasiya baxışı zamanı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evə yerli baxış keçirilmiş, evin 2 otaqlı, orta-təmirli, zəruri tikinti-texniki normalarına uyğun, yaşayış üçün qənaətbəxş səviyyədə olduğu və minimal tələblərə cavab verdiyi müşahidə olunmuşdur.
61. Məhkəmə kollegiyası edir ki, iddiaçının mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə ilkin olaraq istifadə hüququ yaransa da, sonradan (2024-cü ildə) tərəflər arasında nikah münasibətlərinə xitam verilmiş, bununla da istifadə hüququ əsası aradan qalxmışdır. Cavabdehlər tərəfindən iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evdə yaşaması təklif edilmiş, lakin iddiaçı həmin evin yaşayış üçün əlverişli olmasına baxmayaraq bunu təkzib etmiş və hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
62. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, tərəflərin mübahisəli mənzildə yaşaması onların kəskin münasibətləri münaqişəli həyat tərzlərinə görə mümkün olmadığından, o cümlədən iddiaçının yaşamaq üçün yeganə imkanı mübahisəli mənzillə bağlı olmadığından apelyasiya şikayəti təmin edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
63. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilməli, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehlərə ödənilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-578/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev