Məhkəmə qərarları › İş №2(103)-1364/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1364/2022

04.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1364/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “mənzilə hüquqların itirilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 19.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı mənzilə hüquqların itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və çıxarılmış qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi onun mülkiyyətindədir. Adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Uzun illərdir ki, həmin mənzildən istifadə edərək sahiblik hüquqlarını tam şəkildə yerinə yetirir. Cavabdehlər əvvəllər həmin evdə yaşasalar da, sonradan (artıq uzun illərdir ki) evdən çıxıb gedərək özlərinə ev alıb orada yaşamaqdadırlar. Hazırda onlar Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 15, mənzil 39 ünvanında yerləşən Cavabdeh1 (cavabdehin mülkiyyətində 3 mənzil vardır) mülkiyyətində olan evdə yaşayırlar. Bu barədə məlumatı sorğuya cavab olaraq daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 24.08.2021-ci il tarixli, **********82 nömrəli sorğuda qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehlərin yaşamaları üçün şəraitləri olsa da, bu günə kimi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Hal-hazırda mülkiyyətçisi olduğu evdə oğlu Cavabdeh2, onun həyat yoldaşı Cavabdeh1, onların övladları xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 və 05.11.2013-cü il təvəllüdlü X6 formal olaraq qeydiyyatda qalmaqdadırlar. Hazırda cavabdehlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamaları onun üçün problemlər yaradır. Cavabdehlərin mülkiyyətçisi olduğu mənzildə formal olaraq qeydiyyatda olması ona öz mülkiyyətində mənzilini satmaq üçün qeydiyyatda olanların razılığı tələb olunduğundan bu ona müəyyən çətinliklər törədir. Məlum olduğu kimi yaşayış binasının alqı-satqısı zamanı həmin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mənzilində formal qeydiyyatı olan şəxslərin razılığını almaq isə onun üçün çətinlik yaradır. Bu da onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Buna görə də bu hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 19.11.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və 05.11.2013-cü il təvəllüdlü X2 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamənin Cavabdeh1 və 05.11.2013-cü il təvəllüdlü X2 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması, iddia tələbinin cavabdehlər Cavabdeh2 və X5 qarşı hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Şahin Abdullayev).

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bildirir ki, İddiaçı Cavabdeh2 mübahisəli mənzildən birdəfəlik köçməsini məhkəmədə təsdiq edə bilməmişdir. Məhkəmə Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 15, mənzil 39 ünvanında yerləşən mənzilə Cavabdeh2 oğlunun alması üçün xəbərnamə ilə bildiriş göndərmişdir (xəbərnamə iş materiallarında mövcuddur). Həmin 08.10.2021-ci il tarixli xəbərnamə ilə Cavabdeh2 oğluna bildiriş çatdırılaraq şəxsən imza etməklə qəbul edilmişdir. Yəni bu fakt Cavabdeh2 həmin mənzildə yaşadığını təsdiq edən ilk dəlildir. Daha sonra isə Cavabdeh2, Cavabdeh1 və X15 oğlu tərəfindən imzalanmış və Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etirazda qeyd edilmişdir ki, iddiaçı ilə cavabdehlər mübahisəli mənzildə 2015-ci ilin may ayına kimi bir yerdə yaşamışlar. Daha sonra onlar arasında vəziyyət gərginləşdiyindən onlar məcbur olub ( yəni məcburi şəkildə çıxarılmayıblar, sadəcə olaraq elə şəraitdə yaşamaq xoş olmadığı üçün könüllü surətdə) evdən çıxaraq oranı tərk etmişlər (iddiaya etiraz 2-ci bənd). İddiaya etirazın 6-cı bəndində isə qeyd edilmişdir ki, Ailə münasibətləri (Cavabdeh2 ilə Cavabdeh1) alınmadığından R. Quliyevin Cavabdeh1 ilə nikahı 2009-cu ildən pozulmuşdur. Keçmiş ər-arvad arasında münasibətlər yalnız övladlarına görə davam edir. Hal-hazırda Cavabdeh2 adına heç bir yaşayış sahəsi və ya mənzil yoxdur. Əliverdiya Nigar ilə münasibətləri elə səviyyədədir ki, istənilən vaxt münasibətləri pozula bilər. Belə olan halda isə onun anasının evindən başqa onun yaşamağa yeri olmayacaqdır. Yəni bu o deməkdir ki, özləri də təsdiq edirlər ki, Cavabdeh2 ilə Cavabdeh1 nikah münasibətləri formal olaraq pozulsa da faktiki olaraq onların ailə münasibətləri davam edir və Cavabdeh2 Ə.Nigarın evində yoldaşı kimi yaşamaqdadır. Bu faktı həmçinin onların nikahlarının pozulduğunu iddia etdikləri 2009-cu ildən sonra 2013-cü ildə ikinci övladlarının (Quliyeva Xalidə) dünyaya gəlməsi də təsdiq edir. İddiaya etirazın 8-cı bəndində isə qeyd edilmişdir ki, hal-hazırda Cavabdeh2 və onun ailəsinin anasının mənzilinə ehtiyacı vardır. Lakin faktiki olaraq orada yaşamağa yer yoxdur. Yəni bu o deməkdir ki, orada yaşamaq mümkün deyil. Bunu cavabdeh bilir və bu məhkəmənin nə ilə nəticələnməsindən asılı olmayaraq orada yaşamayacaqdır. Sadəcə olaraq o orada qeydiyyatda qalmaqla iddiaçıya mülkiyyət hüquqlarını sərbəst həyata keçirtməyə maneəçilik törətmək, iddiaçıya öz əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmaq istəyir. Belə ki, əgər həqiqətən də cavabdehin həmin mənzildə yaşamağa ehtiyacı olsaydı o bu illər ərzində üzö) bildirir ki, mənzildən 2015-ci ildən çıxıb, lakin əslində isə 2012-ci ildən mənzildən çıxmışdır) mənzilə köçməyə cəhd edər və əgər mülkiyyətçi tərəfindən hər hansı bir maneə ilə qarşılaşardısa o zaman hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət edərdi. O bunların heç birini etməmiş və yalnız ona qarşı iddia qaldırdıqdan sonra guya həmin mənzilə ehtiyacının olduğunu bildirmişdir. Cavabdeh3 oğlunun həmin mənzildən istifadə etməsinə ehtiyacının olması ilə bağlı məhkəmənin gəldiyi nəticəyə münasibət bildirərək qeyd edirəm ki, cavabdeh özü bildirir ki, o hal-hazırda anası ilə birgə yaşamaqdadır və əgər atası mübahisəli mənzildə yaşamağa başlasa o da onunla birgə yaşamağa niyyətlidir. Məhkəmə də cavabdehin niyyətinin olmasını həmin şəxsin mübahisəli mənzildən istifadə etməsinə ehtiyacının olması kimi təfsir etmişdir. Yəni məhkəmənin gəldiyi bu mövqedən belə anlaşılır ki, şəxsin hal-hazırda yaşamağa yerinin (valideyninin adına olan mənzil də olsa) olması hələ onun yaşamaq üçün mənzil ehtiyacının aradan qalxması demək deyil. Məhz bu ehtiyac onun niyyətinə bağlıdır. Yəni şəxs bu mənzili bəyənməyib başqa bir mənzildə yaşamaq niyyətinə düşərsə məhz onun yaşayış ehtiyacı həmin mənzil vasitəsilə təmin edilməlidir. Bundan başqa məhkəmə Cavabdeh1 harada işləməsini araşdırmayaraq (Zara şirkətində satış təmsilçisi işləyən və əmək haqqı ilə dolanan şəxsin) hansı şəkildə 3 mənzil əldə etməsini qiymət verməmişdir. Halbuki bu fakt araşdırılsaydı bu mənzillərin faktiki nikah münasibətlərin olan ər-arvad tərəfindən birgə təsərrüfat nəticəsində əldə edildiyi öz təsdiqini tapardı. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X16 oğlunun əsassız fikirlər söyləməsinə də (guya iddiaçı ilə faktiki ər arvad münasibətlərinin olması, cavabdehlərin evdən zorla çıxarılması və s) məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, təmin edilməsini, qətnamənin qismən ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi.

7. Cavabdeh N.Əfəndiyeva və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

9. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X8 fadəsində göstərmişdir ki, o, bu ailəni 15-20 ildir tanıyır. Qeyri rəsmi iddiaçı ilə yaşamışdır. Həmin evə gedib-gəlmişdir, gəlin Nigar olduğu vaxt Tamilla ailə ilə normal münasibətdə olmuş, gəlin olmadıqda isə Rəzzaqa gəlinlə bağlı sözlər demiş, münasibəti gərginləşdirmişdir. Rəzzaq ailəsi Tamillanın evində yaşamış, ikinci uşaqları da orda olmuş, Tamilla ikinci uşağa baxmaq üçün pul almış, ümumiyyətlə Tamilla pula çox meyilli olmuş, pulu qurtaran kimi qalmaqal yaratmışdır. Oğlu ailəsi ilə birlikdə məcburiyyət qarşısında evi tərk etmişdir.

10. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06.12.2008-ci il tarixli, MH seriyalı ******* seriyalı çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2 otaq İddiaçı, 2 otaq X1, 1 otaq (y/s 9,1 kv.m.) X3, 2 otaq X4 adına daşınmaz əmlakın dövlətl reyestrində qeydiyyata alınmışdır.

11. İş üzrə AR DİN tərəfindən yerilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışa əsasən Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar.

12. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış 24.08.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 adına Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 14, mənzil 11 (1 otaq 9,0 kv.m.); Bakı şəhəri, Səbail rayonu, X7 küçəsi, ev 15, mənzil 39; Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 74, mənzil 59 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına isə ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

13. İş üzrə 2 saylı forma üzrə arayışdan görünür ki, X9, Cavabdeh1, Cavabdeh3 və X6 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar.

14. İş üzrə notariat qaydada tədiq olunmuş Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.08.2010-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 ilə Cavabdeh1 qəzı arasında olan nikah ləğv edilmiş və bu barədə 25.09.2009cu ildə 127 syalı akt qeydi icra edilmişdir.

15. İş üzrə qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 31.07.2002-ci il tarixli 2-1546/2002 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evinə köçürülməklə evin yaşayış sahəsinə istifadə huququ tanınmışdır. Hüquqi dəyərləndirmə:

16. Kollegiya iş materialları əsasında qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evin 2 otağı paylı mülkiyyət hüququ üzrə iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə cavabdehlər iddiaçının oğlu, gəlini və nəvəsidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 22.12.2001-ci il tarixdə nikah bağlanılmış və həmin nikah 25.09.2009-cu il tarixdə pozulmuşdur.

17. İş materiallarından həmçinin görünür ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 31.02.2002-ci il tarixli 2-1546/2002 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ə.Əzizov küçəsində yerləşən 31 saylı evə istifadə hüququ tanınmış və o, həmin mənzilə köçürülmüşdür.

18. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən və apellyasiya şikayətindən görünür ki, cavabdehlər artıq uzun müddətdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X7 küçəsində yerləşən 15 saylı evin 39 saylı mənzilində yaşayırlar, cavabdehlər formal olaraq iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışlar və Cavabdeh1 həmin mənzildən başqa mülkiyyətində daha iki mənzil var.

19. Kolegiya iddiaçının irəli sürdüyü tələbə və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, hazırki mübahisəyə hüquq münasibətləri yaranan vaxt qüvvədə olan qanunvericilik normaları baxımından qiymət verilməlidir.

20. Belə ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzildə doğulduğu vaxtdan, yəni 1973-cü ildən qeydiyyatda olduğundan və həmin vaxtdan orada yaşadığından, onun həmin mənzilə istifadə hüquqları 1973-cü ildən yaranmışdır. Cavabdeh1 isə mübahisəli mənzilə istifadə hüquqları qanuni qüvvəyə minmiş 31.07.2002-ci il tarixli məhkəmə qətnaməsi əsasında yarandığı üçün, həmin hüquqlar 2002-ci ildən yaranmış hesab edilir. Eyni zamanda iddiaçı mənzilin mülkiyyətçisi kimi qeydiyyata alındıqdan sonra da Cavabdeh2 ailə üzvü kimi mübahisəli mənzildə yaşamağa davam etmişdir.

21. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqları yaranan vaxt mənzilin icarədarı (1996-cı ilədək), 1996-cı ildən sonra isə mülkiyyətçisi (1996-cı ildən sonra) Züleyxa Oktyabrskaya olmuşdur. 2008-ci ildə mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına rəsmiləşdirilmiş və hazırda da onun mülkiyyətindədir.

22. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

23. Kollegiya qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqları 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, cavabdeh Nigar Quliyevanın isə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinə əsasən yarandığı üçün, iddiaçının irəli sürdüyü tələbə, yəni cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

25. 01.10.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir.

26. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

27. Qeyd edilən Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir.

28. AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

29. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

30. Kollegiya qanunun yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi yalnız onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. İdidaçı Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

31. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

33. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 mülkiyyətindəki mənzildə onunla birlikdə daimi yaşaması ilə bağlı da iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim olunmamışdır. Digər tərəfdən işin faktiki hallarından göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 arasında olan nikah hələ 2009-cu ildən pozulmuşdur.

34. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının iddiasının Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olması və təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

35. Kollegiya vurğulayır ki, cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna yalnız müvafiq kompensasiya ödənilməsi yolu ilə, yaxud mübahisəli mənzilə ehtiyacının aradan qalxmasından sonra kompensasiya verilmədən xitam verilə bilər.

36. Kollegiya iddia tələbinin və apellyasiya şikayətinin Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələbin əsaslı hesab edilə bilməməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikahdan doğulan uşağıdır və o, da doğulduğu vaxtdan mübahisəli mənzildə yaşamışdır. Həmçinin, Cavabdeh3 yetkinlik yaşına çatmış, atası ilə qalmaq niyyətindədir. Atası anasından ayrı yaşamaqla kirayədə və dostlarının evində qalır, kirayədə qaldığı müddətdə Fərid atasının yanında yaşayır, atası dostlarının yanında qaldığı müddətdə isə anasının yanında yaşayır.

37. AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

38. Qanunun yuxarıda göstərilən tələbləri baxımından kollegiya qeyd edir ki, Cavabdeh3 iddiaçının nəvəsi kimi (evin mülkiyyətçsinin ailə üzvünün yetkinilk yaşına çatmayan uşağı) AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli evə istifadə hüququ əldə etmişdir. Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edildiyindən, həmin hüquqa kompensasiya ödənilməsi yolu ilə, yaxud yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

39. Bundan başqa, Cavabdeh3 anasının yanında yaşaması daimi xarakter daşımır. İddiaçı tərəfindən Cavabdeh3 mübahisəli mənzilə ehtiyacının aradan qalxması, habelə onun anasının mülkiyyətindəki evdə daimi yaşaması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığından, iddia tələbinin Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassız heab edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

40. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

46. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı Xəlilova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 19.11.2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar