Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1365/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X9, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Pirallahı Rayon Məhkəməsinin 2(094)-87/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Pirallahı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli icarə müqaviləsi əsasında verilmiş 600 kv.m torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 90 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Pirallahı Rayon Məhkəməsinin 2(094)-87/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Pirallahı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli icarə müqaviləsi əsasında verilmiş 600 kv.m torpaq sahəsinin qanunsuz zəbt edilmiş 90 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması qərara alınmışdır.
3. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Gürgan-Pirallahı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı icarə müqaviləsinə əsasən uzun müddət 99 (doxsan doqquz) il Gürgan qəsəbəsi E.Hüseynov küçəsi şimal-şərq tərəfində təsərrüfat aparılması üçün 600 kv.m torpaq sahəsi X4 ayrılmışdır. Həmin torpaq sahəsində X1 tövlənin yerində 7x4,2 metr qaraj və 2,5x2.5 kv.m su hovuzu 1980-ci ildə tikilmişdir. Gürgan qəsəbəsi E.Hüseynov küçəsi şimalşərq tərəfində 600 kv.m fərdi təsərrüfat aparılması üçün X4 uzun müddətli 99 il müddətində xx.xx.2004-cü il tarixdə 13 saylı icarə müqaviləsi əsasında verilmişdir. X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bununla əlaqədar onun həyat yoldaşı X8 onun prosesual hüquqi varisi kimi tanınmışdır. Cavabdeh tərəfindən İddiaçı mülkiytində olan 600 kv.m torpaq sahəsini qanunsuz olaraq zəbt edərək tikinti işləri aparmışdır. Bu isə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə zəddir.
4. Məhkəmə hesab etmişdir ki, iddiaçının istifadəsində olan Bakı şəhəri Pirallahı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli icarə müqaviləsi əsasında verilmiş 600 kv.m torpaq sahəsinin qanunsuz zəbt edilmiş 90 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 157.2, 157.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, rayon məhkəməsi obyektiv araşdırma aparmadan, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını arşdırmadan, iddiaçının təqdim etdiyi icarə müqaviləsinin bağlanmasına səbəb olmuş sənədləri tələb etmədən, həmçinin mübahisəli torpaq sahəsinin sxemi də məhkəməyə təqdim edilmədən iddia tələbini təmin etmişdir. Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Hazırkı iş üzrə iddiaçının 99 il müddətinə icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı icarə hüquqlarını qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması müəyyən edilmir. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Məmmədov apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qeyd etdi ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı Pirallahı Bələdiyyəsi ilə bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin əslini yox, kserosurətini təqdim etmişdir. Məhkəmənin sorğusuna Pirallahı Bələdiyyəsinin cavab məktubundan məlum olur ki, həmin bələdiyyə 2015-ci ildən fəlaiyətə başlamış, heç bir torpaq sahəsi də ayırmamışdır. İddiaçının subyektiv hüququ olmadığından iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmin müqavilənin hansı şəraitdə, hansı əsasla bağlanması ilə bağlı məlumatı olmadığını, müqavilənin mərhum əri tərəfindən bağlandığını bildirmiş, eyni zamanda iddiaçı icarə müqaviləsinin əslini təqdim edə bilməyəcəyini bildirmişdir. Sübutların tədqiqi:
10. Mülki iş materiallarındakı torpaq sahəsinin icarəyə verilməsi haqqında 13 nömrəli xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Gürgan-Pirallahı Bələdiyyəsi Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 20, mənzil 47-də yaşayan X5 Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin şimal-şərq tərəfində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsini doxsan doqquz illiyinə icarə verilmişdir.
11. Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti MMC-nin xx.xx.2013-cü il tarixli hesab cədvəlinə əsasən X2 mülkiyyətində olan Pirallahı rayonu Gürgan qəsəbəsi E.Hüseynov küçəsi Ö/T obyektin inventar dəyəri 7022 manat müəyyən edilmişdir.
12. Pirallahı Rayon Məhkəməsinin 2(094)-26/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X2 iddiaçı Cavabdeh məxsus torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi qət edilmişdir.
13. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)235/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)26/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbləri təmin edilməməsi qət edilmişdir.
14. Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-1688/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-235/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. AZ-İİ seriyalı 052304 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir.
16. Şıxıyev.N.M, Ağamalıyev Ş.B və Məlikova.P.E tərəfindən tərtib olunmuş ərizənin surətindən görünür ki, X7 tərəfindən Gürgən qəsəbəsi E.Hüseynov küçəsində sökülmüş tövlənin yerində 7x4,2metr qaraj və 2,5x2,5 kv.m su hovuzu tikməsini ərizəni imza etməklə təsdiq etmişlər.
17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq Bakı şəhər Pirallahı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 22 nömrəli məktubdan məlum olur ki, “Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 588-İVQ nömrəli Qanununa və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2801 nömrəli Sərəncamına əsasən ayrılma yolu ilə yeni Pirallahı bələdiyyəsi yaradılmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2014-cü il 21 oktyabr tarixli 4/25 saylı Qərarı ilə növbəti bələdiyyə seçkiləri 2014-cü il 23 dekabr tarixində keçirilmiş və seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyasının 2015-ci il yanvar tarixli iclasında təsdiqlənmişdir.
18. Bakı şəhəri Pirallahı rayonunun ərazisində yeni yaradılmış Pirallahı bələdiyyəsi 2015-ci il 27 yanvar tarixində 01 saylı protokola əsasən fəaliyyətə başlamışdır. Qeyd olunanlara əsasən bildiririk ki, Pirallahı bələdiyyəsi fəaliyyətə başladığı vaxtdan halhazıradək torpaq sahəsi ayırmamışdır. Bələdiyyənin arxiv sənədlərində (mərhum) X5 torpaq sahəsinin ayrılması və müqavilənin bağlanmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Hazırkı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında mərhum X5 torpaq sahəsinin icarəyə verilməsi haqqında 13 nömrəli xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Gürgan-Pirallahı Bələdiyyəsi tərəfindən Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin şimalşərq tərəfində yerləşən 600 kv.m ölçüdə ayrılmış torpaq sahəsi ilə Cavabdeh tərəfindən zəbt edilmiş 90 kv.m torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin (və ya hansı hissədə üst-üstə düşüb-düşmədiyinin) müəyyən edilməsi sualı qoyulmuşdur.
20. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli məlumatdan məlum olur ki, tədqiqat obyektinə keçirilmiş baxışda mütəxəssisin iştirakı təmin edilmiş, lakin iş üzrə iddiaçı mərhum X3 ayrılmış 600 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki (miqyas, koordinat və hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgi sənədlərin təqdim edilməməsi səbəbindən xx.xx.2022-ci il tarixli 2(103)-1365/2022 nömrəli qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məlumatı ilə müvafiq mütəxəssis rəyinin təqdim edilməməsi səbəbindən ekspertizanın aparılmasından imtina olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Torpaq Məcəlləsi:
22. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
23. Maddə 67:
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Məcəllə:
24. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Hazırkı halda cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
33. Hazırkı iddia tələbini təmin edən rayon məhkəməsi Pirallahı Bələdiyyəsi ilə bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin ksero surətinə istinad etmişdir. Məhkəmə Kollegiyası həmin müqavilənin əslinin təqdim edilməsi və müqavilənin bağlanmasına səbəb olmuş sənədlərin təqdim edilməsi üçün Pirallahı Bələdiyyəsinə sorğu vermişdir. Pirallahı Bələdiyyəsinin həmin sorğuya xx.xx.2022-ci il tarixli, 22 nömrəli cavab məktubundan məlum olur ki, Bakı şəhəri Pirallahı rayonunun ərazisində yeni yaradılmış Pirallahı bələdiyyəsi 2015-ci il 27 yanvar tarixində 01 saylı protokola əsasən fəaliyyətə başlamış, Pirallahı bələdiyyəsi fəaliyyətə başladığı vaxtdan hal-hazıradək torpaq sahəsi ayırmamışdır. Bələdiyyənin arxiv sənədlərində (mərhum) X5 torpaq sahəsinin ayrılması və müqavilənin bağlanmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıya hazırkı icarə müqaviləsinin əslinin təqdim edilməsini təklif edilsə də, iddiaçı həmin müqavilənin əslini təqdim edə bilməmişdir. Eyni zamanda, həmin müqavilənin hansı şəraitdə, hansı əsasla bağlanması ilə bağlı da ağılabatan izahat verə bilməmiş, müqavilənin mərhum əri tərəfindən bağlandığını bildirmişdir. Prosessual qanunda yazılı sübuta dair tələblər nəzərdə tutulmuşdur(maddə 89.1.), həmin normaya əsasən yazılı sübut-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir(maddə 89.2.). Beləliklə, hazırkı halda iddiaçının təqdim etdiyi icarə müqaviləsinin ksero surəti yazılı sübutla bağlı tələbə cavab vermədiyindən o, sübut kimi qəbul oluna bilməz.
34. Bundan əlavə, Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Hazırkı iş üzrə iddiaçının Pirallahı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli icarə müqaviləsi əsasında ona icarəyə verildiyini iddia etdiyi 600 kv.m torpaq sahəsinə hüquqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və həmin reyestrdən çıxarışla rəsmiləşdirilməsi müəyən olunmur.
35. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Beləliklə, iddiaçının hazırkı iddia tələbini qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığı müəyyən edildiyindən iddia tələbi əsassızdır və təmin edilə bilməz. Nəticə:
36. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüqquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəfləri özlərinə aid edilməlidir.
38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Pirallahı Rayon Məhkəməsinin 2(094)-87/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev