Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1368/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 044003 saylı müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 140.9 kv.m olan, 44 nömrəli 3 otaqlı izolə olunmuş mənzili (bundan sonra –mübahisəli mənzil) İddiaçı vermiş, tərəflər bununla bağlı razılaşma əldə etmişlər. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 112720 manat təşkil edir, həmin məbləğ həmin tarixdə tam şəkildə ödənilmişdir.
a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslanmışdır ki, ev hazır olsa da, o, haqqına çatan mənzilə köçə bilmir. Ailəsi ilə birlikdə kirayədə qalmağa və yüksək məbləğdə kirayə haqqı ödəməyə məcburdur. Hesab edir ki, cavabdeh vicdansızlıqla hüquqdan sui-istifadə edərək, aralarında bağlanmış müqavilədə əksini tapmış öz öhdəliyini yerinə yetirməkdən yayınır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2939/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Əhmədov) iddia təmin edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2, 165.1, 385.1, 386.1, 425.1, 427.3, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə dair hər hansı bir ödəniş olmamışdır. Mübahisəli mənzil İddiaçı müəyyən hərəkətlərin əvəzi olaraq verilmişdir. Lakin İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən hazırkı mübahisəli mənzil ona verilməmişdir. Hazırkı mənzil başqa bir şəxsə məxsusdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçı və nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədilər və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
11. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi də məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin əsassız olduğunu, mübahisəli mənzilin iddiaçıya qanuni əsaslarla verildiyini, hər hansı pozuntuya yol verilmədiyini bildirdi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş "xxxx" MMC və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13.Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Apellyasiya baxışının hədləri
14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 15.Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. 17.İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 05 mart 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 140.9 kv.m olan, 44 nömrəli 3 otaqlı izolə olunmuş mənzili bir pay kimi İddiaçı verməyi, sonuncu isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə məbləğini təşkil edən 112720 manatın ödənilməsi barədə maliyyə arayışı verilmişdir. 18.Hazırda iddiaçı 05 mart 2020-ci il tarixli müqavilə üzrə mənzilin cavabdeh tərəfindən ona təhvil verilmədiyinə istinad edərək mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 19.Cavabdeh birinci instansiya məhkəməsində məhkəmənin çağırışına gəlməmiş və məhkəmə iclaslarında iştirak etməmişdir. 20.Birinci instansiya məhkəməsi müqavilə öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilmədiyi qənaətinə gələrək iddianı əsaslı saymış və təmin etmişdir. 21.Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. 22.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini aşağıdakılara görə əsassız sayır. 23.Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında mübahisə sifarişçi olan Azərbaycan Milli Elmlər Akademiyası ilə podratçı təşkilat olan "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli Podrat Müqaviləsi üzrə podrat münasibətlərindən irəli gəlməklə üçüncü şəxsin (hazırkı işdə iddiaçının) xeyrinə bağlanmış müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 403.1-ci maddəsinə görə üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Həmin Məcəllənin 403.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. 24.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). 25.Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. 26.Cavabdeh iddiaçının müqavilə üzrə pul öhdəliyini yerinə yetirmədiyinə, mübahisəli mənzilin iddiaçıya müəyyən hərəkətlərin əvəzi olaraq verildiyini, lakin iddiaçı öhdəliyi yerinə yetirmədiyinə görə mənzilin ona təhvil verilmədiyinə, iddiaçı tərəfindən hər hansı ödəniş edilmədiyinə istinad edir. Halbuki, həmin öhdəliyin tam həcmdə yerinə yetirildiyi iş materiallarında olan cavabdehin verdiyi maliyyə arayışı ilə təsdiq olunur. Digər tərəfdən, cavabdeh iddiaçı ilə aralarında hər hansı digər münasibətlərin olduğu və iddiaçının bu münasibətlərdən irəli gələn hər hansı öhdəliyi yerinə yetirməməsinə dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə müqavilə məbləğinin naturada ödənilməməsi ilə bağlı dəlil həm də ona görə əsassızdır ki, tərəflər arasında münasibətlər birbaşa deyil, Azərbaycan Milli Elmlər Akademiyası ilə "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli Podrat Müqaviləsinə əsasən yaranmışdır və müqavilə üzrə ödənişlərin qaydası, əsasları həmin müqavilə ilə tənzimlənmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasını iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak etməyə cəlb etmiş və eyni zamanda məsələyə aydınlıq gətirilməsi üçün həmin orqana müvafiq sorğu göndərmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, “Sifarişçi” adlanan Azərbaycan Milli Elmlər Akademiyası ilə “Podratçı” adlanan "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli Podrat Müqaviləsinin 1.1-ci bəndinə görə “Podratçı” ünvan 2 ünvanında Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinlər üçün həmin yataqxanaya aid olan ərazidə yaşayış binasının inşası üçün Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı əsasında AMEA-ya məxsus 0,66 ha torpaq sahəsində 1 (bir) ədəd 4 (dörd) girişli 16 (on altı) mərtəbəli yaşayış binasının layihə sənədlərinə və bu Müqavilənin aşağıdakı şərtlərinə uyğun olaraq tikintisini öz üzərinə götürür. Müqavilənin 1.3-cü maddəsinə görə, “Podratçı” AMEA-ya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinlər üçün öz vəsaiti hesabına inşa etdiyi 1 (girişli) 16 (on altı) mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla “Sifarişçi”yə təhvil verməyi öz öhdəsinə götürür. 08 iyul 2015-ci il tarixli Podrat müqaviləsinə Əlavələr protokolu ilə ünvan 3 ünvanında podratçı "xxxx" MMC-nin vəsaiti hesabına tikilməkdə olan yaşayış kompleksində ümumi sahəsi 5000 (beş min) kv.metr mənzillərin ödənişsiz əsaslarla AMEA-ya verilməsi qərara alınmışdır. AMEA ilə podrat müqaviləsi bağlanmasına baxmayaraq "xxxx" MMC nin "xxxx" MMC ilə öz aralarında olan razılaşma əsasında ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından 5 (beş) mənzilin Akademiyaya verilməsi təsdiq olunmuşdur. Bu səbəbdən də "xxxx" MMCnin direktoru X2 ilə bağlanmış müvafiq müqaviləyə əsasən ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından Akademiyanın digər əməkdaşları ilə yanaşı Torpaqşünaslıq və Aqrokimya İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü İddiaçı də 140,9 kv. metr sahəsi olan mənzil verilmişdir. Həmin mənzil 08 iyul 2015-ci il tarixdən AMEA-ya ödənişsiz əsaslarla verilməsi nəzərdə tutulmuş mənzillərdən biridir. Ona görə də "xxxx" MMC həmin mənzilin İddiaçı verməsi barədə müqavilə bağlamış, lakin digər əməkdaşlarla bərabər İddiaçı də bağlanmış müqavilədə mənzilin dəyəri göstərilmiş və ona mənzilin dəyərinin tam ödənilməsi barədə arayış verilmişdir.
28. Göründüyü kimi, mübahisəli mənzilin yerləşdiyi bina Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinlər üçün həmin yataqxanaya aid olan ərazidə inşa olunmuşdur. İddiaçı da Torpaqşünaslıq və Aqrokimya İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü olmaqla Akademiyanın əməkdaşıdır. 29.Cavabdehin dəlillərindən biri də mübahisəli mənzilin başqa şəxsə məxsus olması barədədir. Cavabdeh bu dəlilin təsdiqi olaraq X4 adlı şəxslə bağlanmış bir müqavilənin surətini təqdim etmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı həmin şəxsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edərək məhkəmə iclasının vaxtı və yeri haqqında onun həm yaşadığı və qeydiyyatda olduğu ünvana, həm də istifadəsində olan telefon nömrəsinə müvafiq bildirişlər göndərmiş, lakin o, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. 30.İddiaçı tərəf bildirdi ki, cavabdeh mübahisəli mənzilə dair ikinci müqavilənin mövcudluğunu bu günə qədər bildirməyib. O, bu barədə ən azından birinci instansiya məhkəməsində işə baxılarkən də məlumat verməmişdir. 31.Məhkəmə kollegiyası qeyd olunanları, eləcə də X3 məhkəmə iclaslarına gəlməməsini, mübahisəli mənzillə maraqlanmamasını, habelə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmədiyini nəzərə alaraq onunla bağlanmış müqavilənin həqiqiliyinə şübhə ilə yanaşır və onu mötəbər sübut kimi qəbul etmir. 32.Məhkəmə kollegiyası onu da qeyd edir ki, belə bir müqavilə mövcud olmuş olsa belə, o, əhəmiyyətsizdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli Podrat Müqaviləsi və həmin müqaviləyə xx.xx.2015-ci il tarixli Əlavələr Protokolu qüvvədə ola-ola cavabdeh tərəfindən belə bir müqavilənin bağlanması qanuna ziddir. Digər tərəfdən, belə bir müqavilə həqiqətən mövcud olmuş olsaydı cavabdehin iddiaçı ilə eyni mənzilə dair müqavilə bağlaması da inandırıcı deyil. 33.Apellyasiya baxışı zamanı iddiaçı tərəf həmçinin bildirdi ki, hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "xxxx" MMC-nin rəhbər vəzifəli şəxslərinin haqqında başlanmış cinayət işinin istintaqı davam edir və MMC-nin rəhbərliyi həmin istintaqın gedişində verdiyi izahatların heç birində mübahisəli mənzilin iddiaçıya deyil, başqa şəxsə satılmasını göstərməmişdir. Ona görə də istintaq orqanı da mənzilin yeganə sahibinin iddiaçı olduğu qənaətinə gələrək onu cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanımamışdır. 34.Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı habelə müəyyən etdi ki, mübahisəli məhzil cavabdehin sahibliyində olmaqla boşdur və orada hər hansı təmir işləri aparılmayıb. Mənzil başqa şəxsə verilmiş olsaydı həmin şəxs bu günə qədər mənzilə sahiblik edə, orada təmir-tikinti işləri apara bilərdi. Apellyasiya baxışı zamanı iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərək iş üzrə mübahisə yekunlaşana və yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək mübahisəli yaşayış sahəsinin (mənzilin) üzərinə həbs qoyulmuşdur. 35.Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini tamamilə əsassız sayır və hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 37.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 04 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.