Məhkəmə qərarları › İş №2(103)-1369/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1369/2020

16.01.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1369/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3856/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh “xxxx” QSC Aviasiya Təhlükəsizlik Baş X6 Xidmətinin rejim zonalara buraxılışa nəzarət üzrə agent vəzifəsinə bərpa olunması və işdən çıxarılma barədə əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2015-ci il tarixdən “xxxx” QSC Aviasiya Təhlükəsizlik Baş X6 Xidmətinin rejim zonalara buraxılışa nəzarət agnet işləmişdir. Cavabdeh tərəfindən xx xxxx 2019-cu il tarixli əmr qəbul edilərək, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Qəbul edilmiş əmrdə rəhbərlik tərəfindən onunla xidmətdə buraxdığı bu cür nöqsan və iradlarla bağlı dəfələrlə fərdi söhbətlər aparılması, üzərinə düşən əmək funksiyasını və vəzifə təlimatının tələblərini pozaraq, təhkim olunmuş xidməti postu nəzarətsiz qoyaraq kafeyə getdiyi üçün müqavilənin ləğv edilməsi əsaslandırılsa da, qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, işlədiyi dövrdə hər hansı bir nöqsanların olmadığı üçün rəhbərlik tərəfindən onunla bu barədə hər hansı bir fərdi söhbətlər aparılmamışdır. Kafeyə getməsi ilə bağlı isə iddiaçı bildirilir ki, onun xidmət apardığı postla kafe yan-yanadır, xx xxxxxx 2019-cu il tarixdə saat 04:27 radələrində özünü pis hiss etdiyi üçün bir neçə dəqiqəlik postun yanında yerləşən kafeyə keçmiş, lakin postu nəzarətsiz qoymamış, çünki postla kafe arasında olan məsafə çox yaxın olduğu üçün nəzarətində olmuşdur. Ümumiyyətlə, onun işdən azad olmağı həmin hadisə ilə əlaqəli deyildir. Belə ki, rəhbərlik tərəfindən dəfələrlə bu hadisədən qabaqda iddiaçıya öz ərizəsi ilə işdən azad olunmağı barədə təzyiqlər olmuş, ona ya öz ərizəsi ilə işdən azad olunmalı, ya da ki, maddə ilə çıxardacaqları barədə dəfələrlə təhdid edilmişdir. Ailədə tək işləyən iddiaçıdır və himayəsində üç az yaşlı uşağı var. Hazırda cavabdehin qərəzli olaraq onu işdən xaric etməsi nəticəsində ailəni dolandırmaqda çətinlik çəkir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 3856/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3856/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üçün əhəmiyyəti olan halları sübut olunmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin iddiaçı izahatında xx xxxxxx 2019-cu il tarixində xidmət zamanı saat 04:27 radələrində özünü yaxşı hiss etmədiyi üçün heç kimə məlumat vermədən xidməti postun ərazisini tərk edərək yaxınlıqdakı kafeyə getdiyi etiraf etmiş, lakin bildirmişdir ki, kafedən postun ərazisi müşahidə olunmuş, o, nəzarəti itirməmiş və müvafiq olaraq əmək funksiyasını pozmamışdır. Məhkəmə iclasında cavabdeh “xxxx” QSC-nin etibarnamə əsasında nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tərəflərlə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 2015-ci il tarixli əmək müqaviləsin əsasən “xxxx” QSC-yə işə qəbul olunmuş və xx xxxx 2016-cı il tarixdən Heydər Əliyev X3 Nəzarət Xidmətinə rejim zonalara buraxılışa nəzarət üzrə agent vəzifəsində işləmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, İddiaçı 30-xx xxxxxx 2019-cu il tarixində təlimatlandırılaraq 2 saylı Terminalın Şimal zonasında gözləmə zalında yerləşən 1 saylı posta təyin olunmuşdur. xx xxxxxx 2019-cu il tarixində xidmət zamanı saat 04:27 radələrində agent İddiaçı heç kimə məlumat vermədən xidməti postun ərazisini tərk edərək yaxınlıqdakı kafeyə getdiyi aşkar olunmuşdur. Bu fakt Daxili Təhlükəsizlik Xidmətinin Videomüşahidə Şöbəsi tərəfindən də qeydə alınmışdır. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “xxxx” QSC-nin xx xxxx 2019-cu il tarixli, 144 №-li əmrinə əsasən rəhbərlik tərəfindən xidmətdə buraxdığı nöqsan və iradlarla bağlı dəfələrlə fərdi söhbət aparılmasına baxmayaraq, üzərinə düşən əmək funksiyasını və vəzifə təlimatının tələblərini pozaraq, təhkim olunmuş xidməti postunu nəzarətiz qoyaraq, kafeye getdiyinə görə Heydər Əliyev X3 Nəzarət Xidmətinin rejim zonalara buraxılışa nəzarət üzrə agenti İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışlar. Həmin maddənin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbehlərindən birini olaraq əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinini 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. İş materiallarından müəyyən olunur ki, “xxxx” QSC-nin Prezidenti tərəfindən təsdiq olunmuş Aviasiya Təhlükəsizlik Baş X10 X1 Nəzarət Xidmətinin rejim zonalarına buraxılışa nəzarət üzrə agentinin vəzifə Təlimanının 4.5-ci bəndinə əsasən hər hansı səbəbdən məntəqəni özbaşına tərk etmək Buraxılış Nəzarət Xidmətinin rejim zonalarına buraxılışa nəzarət üzrə agentinə qadağandır. İddiaçı isə xx xxxxxx 2019-cu il tarixində xidmət zamanı saat 04:27 radələrində agent İddiaçı heç kimə məlumat vermədən xidməti postun ərazisini tərk edərək yaxınlıqdakı kafeyə getdiyini mübahisələndirməmiş, yalnız kafedən postu nəzarət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X9 Aeroportu xüsusi əhəmiyyəti olan bir idarə olunmaqla, onun rejim zonalarına qısa müddətdə nəzarətsiz qalması işəgötürənin qanunla qorunan mənafelərinə ziyan kimi qiymətləndirilməlidir. Digər tərəfindən iş materiallarından müəyyən olunur ki, İddiaçı xx xxxx 2018-ci il tarixdə icazəsiz işə gəlmədiyi üçün işəgötürənin xx xxxxxx 2018-ci il tarixli əmri ilə ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmiş, lakin iddiaçı həmin intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Nəhayət iş materiallarından müəyyən olunur ki, iddiaçının barəsində mübahisələndirilən əmr qəbul edilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmuş, o cümlədən xx xxxxxx 2019-cu il tarixdə həmkarlar ittifaqı komitəsinin yığıncağı keçirilmiş, komitə üzvləri işgötürən tərəfindən müqavilənin birtərəfli şəkildə ləğv olunmasına razılıq verməmiş, iddiaçının müvəqqəti olaraq 3 aylıq X9 Aeroportunda Mühafizə Xidmətində avtodayanacaq növbətçisi vəzifəsinə keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Lakin İddiaçı qərarla razılaşmayaraq onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına təkid etmişdir. Aviasiya Təhlükəsizlik Baş X4 Komitəsinin iclasının xx xxxxxx 2019-cu il tarixli 22 No-li protokolundan çıxarışdan müəyyən olunur ki, Aviasiya Təhlükəsizlik Baş X10 X3 Nəzarət Xidmətinin rejim zonalarına buraxılışa nəzarət üzrə agenti İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin birtərəfli şəkildə ləğv olunması qərara alınmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 3856/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar