Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1369/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” və “evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə, evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4336/2021 saylı 01 iyun 2021-ci il tarixli qətnaməsindən və icraatı birləşdirilmiş İddiaçı Cavabdeh qarşı “iddiaçının evə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mübahisəli ev özbaşına tikilidir. Həmin ev iddiaçının 1-ci qrup əlil olan bacısı X2 yaşaması üçün alınmışdır. Bu ev alındıqdan sonra orada iddiaçının 2-ci qrup əlil olan qardaşı, fəaliyyət qabiliyyəti olmayan bacısı və iddiaçının qardaşının faktiki nikah münasibətlərində olduğu cavabdeh yaşamış, iddiaçının bacısı və qardaşı vəfat etdikdən sonra cavabdeh həmin evdə yaşamağa davam etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayan cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsi ev 15A ünvanında yerləşən fərdi yaşayış evi 23 avqust 2016-cı ildən iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının tanışıdır. O hazırda iddiaçıya məxsus olan fərdi yaşayış evini zəbt edərək orada qeydiyyatsız yaşayır. Cavabdehdən ona məxsus olan evdən çıxmasını tələb etsə də, o, mənzildən çıxmaqdan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-4336/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Bundan əlavə İddiaçı Cavabdeh qarşı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia əvvəlki iddia tələbinin dəlilləri ilə əsaslandırılmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(011)- 5939/2021 saylı qətnaməsi ilə bu iddia da rədd edilmişdir.
8. Məhkəmələr gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbləri əmlakın mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən irəli sürülən iddia tələblərinə aiddir. Məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli əmlakın nə mülkiyyətçisi, nə də qanuni sahibi olması faktı müəyyən edilməmişdir. İddiaçı suyun, işığın, qazın onun adına olmasını qeyd etsə də, bu hal özlüyündə mülkiyyət hüquqlarının yaranması üçün kifayət deyil. Şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alındıqdan sonra əldə edildiyindən, mübahisəli mənzil dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından onun hazırkı iddia tələbləri təmin edilə bilməz
Apelyasiya şikayətinin dəlilləri
9. İddiaçı hər iki qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(011)-5939/2021 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-4336/2021 saylı qətnamələrinin ləğv edilməsini və iddialarının təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsus olduğu, cavabdehin bu evə hər hansı hüquqları olmadığı halda, məhkəmə işin faktiki hallarını tam araşdırmayaraq və maddi hüquq normalarını pozaraq iddiaları təmin etməmişdir.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2466/2022 saylı 16 mart 2022-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-434/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-4336/2021 saylı və 21 sentyabr 2021-ci il tarixli 2(011)- 5939/2021 qətnamələri ləğv edilmiş; iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin edilmiş; Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsi ev 15A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması; İddiaçı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsi ev 15A ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
13. Məhkəmələr gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmasa da, həmin evin titul sahibidir. Onun həmin ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ vardır. Cavabdeh isə həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. İş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh başqa ünvanda – ünvan 3hisəli evin iddiaçıya məxsus olması onun həmin evə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. O isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini və mənzil üzərində hər hansı hüququ olmayan cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır, iddiaçının başqa yaşayış yerinin olması özünə məxsus olan evə köçürülməsi tələbini irəli sürməyə mane olmur.
14. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4712/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-434/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Ali Məhkəmə qeyd etmişdir ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, iş materiallarında həmin evin yerləşdiyi torpaq sahəsinin də həyətyanı sahə kimi ayrılmasına dair hər hansı bir sübut yoxdur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti ilə hüququ olması barədə mövqeyi qanuni və əsaslı hesab edilə bilməz.
17. Məhkəmə kollegiyası həmin qərarlarda ifadə olunmuş mövqeyi və cavabdehin mənzilə hörmət hüququnun qorunmasının zəruriliyini nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi iddiaçının hazırda harada yaşaması, onun mülkiyyətində evinin olub-olmaması, yaşayış sahəsi ilə təmin olunub-olunmaması, mübahisəli evə ehtiyacının hansı zərurətdən irəli gəlməsi, o cümlədən, mübahisə predmeti olan evə hər hansı bir hüquqa, yəni subyektiv hüquqa malik olub-olmaması, həmçinin cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanının olub-olmaması ilə bağlı halları aydınlaşdıraraq nəzərə almalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq iddiaçı bidirmişdir ki, hal-hazırda bacısı gildə ya da ərinin yanında qalır, əri ilə münasibətləri yaxşı deyildir, ərinin evi ona işdən verilmiş və ev onundur. Mülkiyyətində hər hansı yaşayış yeri yoxdur, yanında qaldığı bacısı xəstədi, iki uşağı var, əri də ölüb, yataqxanada qalırlar, onları o vəziyyətdə oradan qova bilmir. Biləcəridəki torpaq sahəsini (üzərindəki evlə birlikdə) satıb hazırki mübahisə obyekti olan - Xətai rayonu Əhmədli qəsəbəsindəki evi almışdır; Biləcəridəki torpaq sahəsi bacısının adına olub, amma ona məxsus idi; həmin torpaq sahəsindəki evi sökürdülər deyə, bacısının əlil olmasını nəzərə alaraq torpaq sahəsini onun adına rəsmiləşdirib, evi də o tikdirib; qeyd olunan topraq sahəsini o satıb; bacısının qəyyumu olduğuna görə alğı-satqını o həyata keçirmişdir; torpaq sahəsini 81 000 manata satıb; Xətai rayonu Əhmədli qəsəbəsindəki evin alınması üçün 30 000 manat pul verib; həmin pul məbləğini notariat ofisində evin keçmiş mülkiyyətçisi Ələviyyə xanıma verib; evin Ələviyyə xanıma məxsus olması-mənzilin mülkiyyətçisi olmasını təsdiq edən hər hansı sənədi təqdim edə bilmir. Bacısı Zemfira əlil idi, qardaşı və onun yoldaşı (cavabdeh) Zemfiraya baxa bilmirdilər deyə, bacısını yanına gətirmiş, ona qulluq etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətlərini əsassız hesab etdiyini, şikayətin təmin edilməməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4336/2021 saylı 01 iyun 2021-ci il tarixli və 2(011)-5939/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, həyat yoldaşı Rafiq İsmayılovla 2016-cı ilin əvvəllərində evlənmiş və bir müddət kirayədə yaşamışlar. Daha sonra Rafiqin ata evində yaşamağa başlamışlar. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ərinin atasına məxsus mülkün satışından əldə olunan vəsait hesabına əldə edilmişdir və iddiaçı heç vaxt bu evdə yaşamamışdır. Həmin evdə həyat yoldaşı ilə birgə yaşamış, bütün kommual xərclər onun adına rəsmiləşmişdir. Onu da qeyd etmişdir ki, iddiaçının özünün yaşaması üçün mənzili var. Həmçinin sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun başqa yerdə qeydiyyatı yoxdur, polis idarəsinin inzibati binasında qeydiyyatda olmuş, hazırda mübahisə obyekti olan - Xətai rayonu Əhmədli qəsəbəsindəki evdə yaşayır, həmin ev özbaşına tikili olduğundan oraya qeydiyyata düşə bilmir. Evlə bağlı bütün kommunal sənədləşmələr onun adınadır, əri rəhmətə gedəndən sonra iddiaçı ilə münasibətləri pisləşmiş, iddiaçının bacısı Zemfiraya məxsus torpaq sahəsi təxmini 80 000 manata satılmış, satışdan əldə olunan 80 000 manata 4 ev alınıb ki, biri də hazırki mübahisəli evdir; hazırki mübahisəli ev ərinə 28 000 manata 2016-cı ilin avqust aynda alınıb. 80 000 manata alınan evlər bahalı olmayıb, Xırdalanda, Məhəmmədidə alınıb.
Apellyasiya baxışının hədləri
21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamələrin ləğv olunması və iddia tələblərinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamələrin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
25. Mülki Məcllənin 180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 26.Həmin Məcəllənin 36.1-ci maddəsinin tələblərinə görə qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər.
27. Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.Həmin Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 33.Belə ki, işin müəyyən edilmiş halları bundan ibarətdir ki, mübahisəli ev özbaşına tikilidir. Həmin ev iddiaçının 1-ci qrup əlil olan bacısı X2 yaşaması üçün alınmışdır. Bu ev alındıqdan sonra orada iddiaçının 2-ci qrup əlil olan qardaşı, fəaliyyət qabiliyyəti olmayan bacısı və iddiaçının qardaşının faktiki nikah münasibətlərində olduğu cavabdeh yaşamış, iddiaçının bacısı və qardaşı vəfat etdikdən sonra cavabdeh həmin evdə yaşamağa davam etmişdir. Hazırda iddiaçı mübahisəli evin onun tərəfindən alınmasına, kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin onunla bağlanmasına istinad edərək bildirir ki, o, mübahisəli evin faktiki mülkiyyətçisidir. 34.Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, iş materiallarında həmin evin yerləşdiyi torpaq sahəsinin də həyətyanı sahə kimi ayrılmasına dair hər hansı bir sübut yoxdur. 35.İddiaçı mübahisəli evin onun tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi qanuni gözlənti hüququnun olmasına istinad etsə bu hallar da məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçı veridyi izahatında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus olmasını, bacısının adına formal olaraq rəsmiləşdirilmiş torpaq sahəsinin satılmasından əldə edilmiş vəsait hesabına alındığını bildirmişdir. Onun qeyd etdiyi bu xüsusatlara baxmayaraq işdə olan sübutlara əsasən sözügedən torpaq sahəsinin iddiaçının əlil olmuş bacısına fərdi yaşayış evinin tikintisi üçün ayrıldığı (Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 760 saylı, xx.xx.1998-ci il tarixli sərəncam), ona məxsus olduğu və onun adından qanuni nümayəndəsi bacısı-iddiaçı vasitəsilə satıldığı (xx.xx.2016-cı il tarixli torpaq alqı-satqısına dair ilkin müqavilə,) müəyyən edilmişdir. 36.İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş bu halı təkzib etsə də, əslində torpaq sahəsinin ona məxsus olduğuna istinad etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, beləliklə də mübahisələndirilən fədri yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmamasından başqa hətta onun vəsaiti hesabına əldə edilməsi halı öz təsdiqini tapmamışdır. 37.Qeyd edilməlidir ki, mübahisəli evə aid kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin iddiaçı tərəfindən bağlanması, "xxxx" MMC tərəfindən verilmiş və Bakı şəhəri Xətai RİH başçısının Əhmədli qəsəbəsi üzrə nümayəndəliyinin möhürü ilə də təsdiq olunmuş 23 avqust 2016-cı il tarixli hesabat cədvəlinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair hesabat cədvəlinin onun adına tərtib olunması da ağlabatandır və bu sənədlər məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş halları təkzib etmir. 38.Belə ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2000-ci il tarixli 2218 saylı sərəncamı ilə İddiaçı ruhi xəstə, 1-ci qrup əlil olan bacısı X2 qəyyumu təyin edilmişdir. Bununla da iddiaçı xəstə bacısının qanuni nümayəndəsi olmuşdur, yaşadığı evin idarə edilməsi üzrə müvafiq hərəkətləri etməkdə səlahiyyətli idi və qəyyumluğunda olan şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün vəzifə daşıyırdı. 39.İddiaçı həmçinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 28.000 manat müqabilində X1 onun tərəfindən alınmasına dair notariat qaydasında təsdiq olunmuş ərizəyə istinad etmişdir.
40. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır: sübutlar birlikdə dəyəndirilməlidir. 41.Məhkəmənin gəldiyi qənaətə görə, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 28.000 manat müqabilində X1 iddiaçı tərəfindən alınmasını təsdiq edən lazımi sənədlər məhkəməyə təqdim edilmədiyindən, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2016-cı tarixli ərizəyə hüquqi qiymət verilməsinə də zərurət aradan qalxır. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına zərərin dəyməsinə dair irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. 42.Bundan başqa müvafiq ərizə məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edildiyi təqdirdə belə yuxarıda qeyd edilənlərə əsasən həmin vəsaitin iddiaçıya məxsus olmaması halının öz təsdiqini tapdığından iddiaçının bu ərizə ilə sübut etmək istədiyi halları məhkəmə tərfədindən əsassız hesab ediləcəkdir. 43.Beləliklə yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamadığı, özbaşına tikiliyə mülkiyyət hüququna dair qanuni gözləntisinin olmadığı qənaətinə gəlmiş və birinci instansiya məhkməsinin hazırki iş üzrə gəldiyi mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayan cavabdehin əşyaları ilə birlikdə həmin ünvandan çıxarılmasını tələb etmək üzrə subyektiv hüquqa malik deyildir. 44.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. 45.Məhkəmə kollegiyası iddiaçının mənzilə köçürülməsi ilə əlaqədar olan iddiaya dair Ali Məhkəmənin göstərişlərinə əsasən onun hazırda harada yaşaması, mülkiyyətində evin olub-olmaması, yaşayış sahəsi ilə təmin olunub-olunmaması, mübahisəli evə ehtiyacının hansı zərurətdən irəli gəlməsi, o cümlədən, mübahisə predmeti olan evə hər hansı bir hüquqa, yəni subyektiv hüquqa malik olub-olmaması, həmçinin cavabdehin alternativ yaşayış yerinin olub-olmaması ilə bağlı halların aydınlaşdırılmalı olması qənaətinə gəlir. 46.Bununla əlaqədar ilk öncə qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının yaxud hər hansı bir aidiyyətinin, yaşayış sahəsinə olan ehtiyacını yalnız mübahisə predmeti olan evdən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmaması ilə bağlıdır. 47.Belə ki, iddiaçı həmin evin əldə olunmasında özünün iştirak etdiyini, mübahisəli evə subyektiv hüquqa malik olduğunu qeyd etsə də, yuxarıda göstərilənlərə əsasən onun mübahisə predmeti olan evə mülkiyyətçi kimi qanuni gözlənti hüququnun olması halının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından, o cümlədən iddiaçının birinci instansiya və apellyasiya baxışı zamanı verdiyi izahatdan görünür ki, onun yaşamaq məqsədilə istifadə etdiyi digər sahələr vardır. 48.Belə ki, birinci instansiya məhkəməsində iddiaçı xəstə bacısına normal qulluq edilmədiyi üçün öz yanına aparmalı olduğu (iş vərəq 98), apellyasiya baxışı zamanı isə ərinin mülkiyyətində mənzil olduğunu və onunla nikah münasibətlərinin pozulmadığını, bacısının uşaqlarını yaşadıqları evdən yazığı gəldiyi üçün qova bilmədiyini və s. bu kimi izahatlar onun yaşayış yerinin olmasına və alternativ yaşayış yeri kimi mübahisə predmeti olan evə ehtiyacının olmamasına dəlalət edir. 49.Qeyd edilməlidir ki, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə bu cür halların mövcudluğu öz təsdiqini tapmamışdır. 50.Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli evdə yaşamadığı və hazırda yaşamaması, nikahda olduğu şəxsin mülkiyyətində evin olduğu, özünün etiraf etdiyinə görə alternativ yaşayış sahəsinə malik olduğu və mübahisəli yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəlmədiyi, o cümlədən, mübahisə predmeti olan evə hər hansı bir hüquqa malik olmadığı müəyyən edilmişdir. Bununla da hazırki mülki iş çərşivəsində cavabdehə aid digər məsələlərin aydınlaşdırılmasına ehtiyac qalmamışdır. 51.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və bu baxımdan İddiaçı Cavabdeh qarşı “evə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qətnaməsinin də ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4336/2021 saylı 01 iyun 2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov