Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1369/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 Bakı filialının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun zaminə yönəldilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı X6 Bakı filialının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun zaminə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3247/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı X6 Bakı filialı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun zaminə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 iyun 2023-cü il tarixə əsas borc üzrə 9992,06 manat, faiz borcu üzrə 359,83 manat olmaqla, cəmi 10351,89 manat borcun və ödənilmiş 121,06 manat dövlət rüsumunun tutularaq “X6” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3247/2023 saylı qərardadı ilə iddiaçı borclunun vərəsələrinə qarşı tələb irəli sürmədən birbaşa onun zamininə qarşı iddia ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
3. xx.xx.2023-cü il tarixdə iddiaçı Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 saylı qərardadından apellyasiya şikayəti və şikayət vermə müddətinin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3247/2023 saylı qərardadı ilə şikayət vermə müddətinin bərpası haqqında ərizə rədd edilmiş və xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 saylı qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 saylı qərardadı iddiaçının nümayəndəsinin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 saylı qərardadı ilə apellyasiya şikayəti elektron imza ilə imzalanmadığından geri qaytarılmışdır. Həmin qərardad iddiaçının nümayəndəsinin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. İddiaçı xx.xx.2023cü il tarixdə şikayətin ondan asılı olmayan səbəblərdən elektron imzalana bilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ərizə rədd edilməli və qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 nömrəli qərardadından verilmiş “buraxılmış müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3247/2023 nömrəli qərardadından xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə müddət ötürülmədən apellyasiya şikayəti verilmişdir. Lakin, məlum olmayan səbəbdən apellyasiya şikayətinin elektron imza ilə imzalanması baş verməmişdir. Nəticədə apellyasiya şikayəti geri qaytarılmışdır. Bu isə apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinə səbəb olmuşdur. Daha sonra 22 noyabr 2023-cü il tarixdə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə birlikdə apellyasiya şikayəti elektron qaydada məhkəməyə göndərilmişdir. Bu zaman məhkəmə buraxılmış müddəti üzürlü hesab etməyərək ərizəni rədd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, apellyasiya şikayəti göndərilmişdir, elektron imzalanması isə görünmüş və ya bilinmiş olsa idi, şikayət göndərilən kimi elektron imza ilə də təsdiq edilərdi. Habelə məhkəmə buraxılmış müddətin qısa olmasını belə nəzərə almamışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3247/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 2(004)-3247/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsində qeyd edilir ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
13. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 saylı qərardadı iddiaçının nümayəndəsinin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir.
18. Göründüyü kimi iddiaçı X6 Bakı filialına münasibətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 saylı qərardadından şikayət verilməsi üçün müəyyən edilmiş müddət 10 noyabr 2023-cü il tarixə qədər olmuşdur.
19. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 saylı qərardadı ilə apellyasiya şikayəti elektron imza ilə imzalanmadığından geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3247/2023 saylı qərardadı iddiaçının nümayəndəsinin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir
20. Bundan sonra iddiaçı yalnız xx.xx.2023-cü il tarixdə prosessual müddətin bərpası barədə ərizə və şikayət məhkəməyə müraciət edərək qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
21. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
22. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
23. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, iddiaçı X6 Bakı filialı tərəfindən qərardaddan şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3247/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev