Məhkəmə qərarları › İş №2(103)-137/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-137/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-137/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X17 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil4, Cavabdeh nümayəndəsi Nümayəndə2, üçüncü şəxslər X3 və X8, maraqlarına toxunan şəxs Maraqlı şəxs hüquqi varisi Nümayəndə1 vəkili və nümayəndəsi Vəkil5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 881/2021 saylı 15 mart 2021 il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs hüquqi varisi Nümayəndə1tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Məhəməd oğlu ilə Cavabdeh tərəflər arasında bağlandığını göstərən xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv.metr, 2-ci blok üzrə 559.0 kv.metr, 3-cü blok üzrə 510.6 kv.metr və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış (qarajlar) sahələrini alıcı İddiaçı Məhəməd oğluna təhvil verməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı Məhəməd oğlu 1-ci blok üzrə 527.5 kv. metr qeyri-yaşayış sahəsinə 105500 manat, 2-ci blok üzrə 559.0 kv.metr qeyri-yaşayış sahəsinə 111800 manat, 3-cü blok üzrə 510.6 kv.metr qeyri-yaşayış sahəsinə 102120 manat və 4-cü blok üzrə 527.5 kv.metr qeyriyaşayış sahəsinə 105500 manat olmaqla, cəmi 424920 manatı Şirkətə ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2007-ci il tarixli maliyyə arayışlarınının və kassa mədaxil orderlərinin qəbzlərində, İddiaçı Məhəməd oğlunun həmin məbləğləri ödədiyi və Cavabdehnə borcu qalmadığı göstərilir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Məhəməd oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarda 1-ci blok üzrə 527,5 kv. metr, 2-ci blok üzrə 559,0 kv. metr, 3-cü blok üzrə 510,6 kv. metr və 4-cü blok üzrə 527,5 kv. metr qeyriyaşayış (qarajlar) sahələrinin boşaldılıb ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahələrinə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündürmərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv.metr, 2-ci blok üzrə 559.0 kv.metr, 3-cü blok üzrə 510.6 kv.metr və 4-cü blok üzrə 527.5 kv.metr qeyriyaşayış (qarajlar) sahələrinə xx.xx.2007-ci il tarixdə onunla Cavabdeh arasında müqavilələr bağlanmışdır. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv.metr qeyri-yaşayış sahəsinə 105.500 manat, 2-ci blok üzrə 559.0 kv.metr qeyri-yaşayış sahəsinə 111.800 manat, 3-cü blok üzrə 510.6 kv.metr qeyri-yaşayış sahəsinə 102.120 manat və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-vaşayış sahəsinə 105.500 manat olmaqla, cəmi 424.920 manat xx.xx.2007-ci il tarixli müqavilələr üzrə tərəfindən cavabdeh şirkətə ödənilmişdir. Ona məxsus qeyri-yaşayış sahələrinin təhvil verilməsi üçün cavabdeh şirkətə dəfələrlə müraciət edilmiş, lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. Cavabdeh öhdəliyini icra etmədiyindən pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 nömrəli, 15 mart 2021 il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilib tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv.metr, 2-ci blok üzrə 559.0 kv.metr, 3-cü blok üzrə 510.6 kv.metr və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış (qarajlar) sahələrini alıcı İddiaçı Məhəməd oğluna təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun müqabilində 1-ci blok üzrə 527.5 kv. metr qeyri-yaşayış sahəsinə 105.500 manat, 2-ci blok üzrə 559.0 kv.metr qeyri-yaşayış sahəsinə 111.800 manat, 3-cü blok üzrə 510.6 kv.metr qeyri-yaşayış sahəsinə 102.120 manat və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış sahəsinə 105.500 manat olmaqla cəmi 424.920 manat məbləğində pulu Şirkətə ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışlarından və kassa mədaxil qəbzlərindən görünür ki, İddiaçı Məhəməd oğlunun Cavabdehnə borcu qalmamışdır. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən qeyriyaşayış sahələrinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaradır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilələr üzrə öhdəliklərini tam olaraq, yerinə yetirsə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.8, 385.1, 425.1, 178.8, 646.1, 646.2 və 648.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu məhkəmə prosesi real mülki münasibətlərin pozulması səbəbilə deyil, iddiaçı X6 ilə Cavabdeh arasında ona qarşı yönəldilmiş separat addımın nəticəsi olaraq meydana çıxmışdır. Çox təəssüf ki, məhkəmə həqiqəti araşdırmadan, şübhəli olduğu kənardan açıq-aşkar bəlli olan iddia tələbini təmin etmişdir. Cavabeh Cavabdeh və onun rəhbərliyi çox gözəl bilir ki, vətəndaş İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsi onundur və faktik olaraq mülkiyyətindədir. Bu qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən inşa edilən binanın qeyri-yaşayış sahəsi kimi hələ 2011-ci ildə 1 053 600 manata ona satılmışdır. Elə o dövrdən də onun istifadə və sərəncamındadır. Hal-hazırda da, həmin qeyri-yaşayış sahəsinin sahibi odur. Məsələ ondadır ki, 2013-cü ildə Bakı şəhər prokurorluğunda istintaqı aparılan, ********* saylı cinayəyt işinin istintaqı zamanı Bakı şəhəri, Yasamal rayonu, Yenil Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən yaşayış binasının 4-cü blokunun 1.765 kv.m sahəsi olan zirzəmiyə aid, qiyməti 1 053 600 manat dəyərləndirilən qeyri-yaşayış sahəsinə aid sənədlər prokurorluğun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Nail Əliyev tərəfindən götürüldüyündən, bu sahənin özəlləşdirilməsini müvəqqəti olaraq həyata keçirə bilməmişdi. Aparılan istintaqın nəticəsi barəsində isə bu vaxta qədər ona heç bir məlumat verilməmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi bu qeyri-yaşayış sahəsinin mülkiyyətçisi odur və sahə onun tərəfindən idarə olunur. Bütün bunları bildiyi halda Cavabdeh məhkəmə prosesinə gəlib, həqiqəti məhkəməyə çatdırmamış və güya ki, mübahisənin həllində maraqlı olmadığını nümayiş etmişdir. Əslində isə Cavabdeh kimliyi ona məlum olmayan, prosesdə iddiaçı qismində çıxış edən İddiaçı ilə cinayət əlaqəsinə girərək ona məxsus olan obyekti ələ keçirmək niyyəti güdmüşdür. Faktlar isə onunla bağlıdır ki, mülki iş üzrə Cavabdeh prezidenti Ələsgər Ömərovla aralarında bağlanmış 07 aprel 2011-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında Müqaviləyə müvafiq olaraq bu şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidəki tikilməkdə olan binanın qaraj yerinin tikilərək ona təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1765 kv.m olmaqla, müqavilənin qiyməti isə 1 053 600 (bir milyon əlli üç min altı yüz) AZN təşkil edirdi. Müqavilədə nəzərdə tutulan ******* (bir milyon əlli üç min altı yüz) manat ümumi məbləğ tərəfindən müqavilə bağlanan gün tam həcmdə Cavabdehnə ödənilmişdir. Bu barədə ona elə müqavilə bağlanan tarixdə, 7 aprel 2011-ci il tarixli ödənişə dair qəbz verilmişdir. Cavabdeh direktoru kimi X11 tərəfindən imzalanmış həmin qəbzdə təsdiq olunur ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə tikilməkdə olan qaraj yeri sahəsi 1765 kv.m olmaqla dəyəri ******* AZN vətəndaş Maraqlı şəxs tərəfindən tam ödənilmişdir. Müqavilənin 4.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, Cavabdeh şirkət podratçı kimi müqavilədə göstərilən bütün şərtləri icra edib, daxili bəzək-tamamlama cihazlar və qapılar olmaq şərti ilə ona təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi, tərəflər, iddiaçı və cavabdeh öz nümayəndələrinin şəxsində qanunvericiliyin müvafiq tələblərinə vicdansız yanaşmış, saxta sənədlər tərtib etməklə özgə əmlakını ələ keçirmək məqsədi güdmüşlər və təəssüf ki, məhkəməni aldada bilmişlər. Təəssüf ki, məhkəmə İddiaçı bu vaxta qədər harda olduğunu, nə üçün bu vaxta qədər cavabdehdən öz öhdəliyini yerinə yetirməyi tələb etmədiyini soruşmamışdır. Mübahisə predmetinə yerli baxış keçirərkən mübahisə predmeti olan əmlaka kimin sahiblik etdiyini yerində müəyyənləşdirməmiş, Cavabdeh nümayəndəsini bununla bağlı sorğu-suala tutmamışdır. Müvafiq halda bu hallar mövcuddur. Apellyasiya şikayətinə əlavə etdiyi sənədlər təsdiq edir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış və sonda səhv nəticəyə gəlmişdir. Təqdim etdiyi sənədlər göstərir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ona məxsusdur. Məhkəmə qətnaməsi ilə ona məxsus olan əmlak üzərində başqasının hüquqlarını tanınmışdır. Belə olan halda məhkəmə qətnaməsi qanuni hesab oluna bilmız və ləğv olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

12. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-56/2023 nömrəli 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Məhəməd oğlunun Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinə hüququnun tanınması və təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

13. Apellyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın 10/4032 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsinin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin Cavabdeh ilə İddiaçı və Maraqlı şəxs arasında bağlanmış müqavilələrə dair plan sxem təqdim olunmadığı üçün həmin müqavilələr üzrə ayrılmış sahələrin ölçülərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh tərəfindən İddiaçı və Maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində satıldığını nəzərə alaraq, həmin qeyri-yaşayış sahələrinin üst-üstə düşdüyü müəyyən olunur.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında verilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 5/386 saylı 05 may 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 28 iyun 2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdəki (sahə 510,6 kv.m, sahə 527,5 kv.m , sahə 527,5 kv.m. sahə 559,0 kv.m), həmin tarixli maliyə arayışlarındakı və 07 aprel 2011-ci il tarixli kassa mədaxil orderindəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin möhür əksləri təqdim edilmiş "Yenes” şirkətinə məxsus möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil edir.

15. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/2030 saylı 03 oktyabr 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), ölçüləri və digər texniki parametrləri layihə sənədlərinə uyğun olmaqla, birinci blokun zirzəmisinin sahəsi 527,5 kv.m, ikinci blokun zirzəmisinin sahəsi 620,2 kv.m, üçüncü blokun zirzəmisinin sahəsi 491,6 kv.m və dördüncü blokun zirzəmisinin 401,4 kv.m (pilləkən meydançası, pilləkənlər və lift şaxtası nəzərə alınmadan) təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının mübahisəli mərtəbəsi həmin layihə sənədlərinə və İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1-ci əlavəsinə əsasən zirzəmi mərtəbəsi hesab edilir. Həmin zirzəmi mərtəbəsinin daxilində yerləşən pilləkən meydançası, pilləkənlər və lift şaxtası Mənzil Məcələsinin 35.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərin istifadəsində olduğu müəyyən olunur.

16. Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1523-5/1304 saylı 28 fevral 2023-ci il tarixli rəyində isə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Maraqlı şəxs və Cavabdeh adından olan 07 aprel 2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə "Podratçı" hissəsində "Ömərov Ə-A." yazılarının qarşısındakı imzalar, Maraqlı şəxs adına olan 7 aprel 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imza - eyni şəxs X11 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh adından olan 28 iyun 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilədə "Podratçı" hissəsində “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, həmin tarixli 4 ədəd maliyyə arayışlarında “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh adından olan 28 iyun 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilədə "Podratçı” hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar həmin tarixli 4 ədəd maliyyə arayışlarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar - X12 tərəfındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

17. Kollegiya qeyd etmişdir ki, alınmış rəylərin nəticəsindən göründüyü kimi, hazırki iddia üzrə iddiaçı cavabdehi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə məcbur etmək görüntüsü yaratmağa cəhd etsə də, əslində iş üzrə keçirilmiş ekspertizalarla, o cümlədən məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlandığı iddia olunan 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki imzalar mərhum X11 tərəfindən deyil, başqa şəxslər tərəfindən icra olunmuşdur. Əksinə, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış 7 aprel 2011-ci il tarixli müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə “Podratçı” hissəsində yazılarının qarşısındakı və eyni tarixli kassa mədaxil orderinin qəbzindəki imzanın X11 tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Demək ki, iddiaçının təqdim etdiyi 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki möhür əksi cavabdeh Şirkətə məxsus olsa da, imzalar həmin vaxt Şirkətin rəhbəri olmuş Ələsgər Ömərova məxsus deyildir. Bu fakt isə açıq-aşkar ona dəlalət edir ki, həmin sənədlər sonradan Ələsgər Ömərovun imzası saxtalaşdırılmaqla tərtib edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

18. Kollegiya belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 452.1 və 452.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçının, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin (əlbətdə ki, iddiaçının təqdim etdiyi müqavilə və digər sənədlər sonradan saxta yolla tərtib edilməmiş olsa) etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş qeyri-yaşayış sahəsi o vaxt verilə bilər ki, həmin qeyri-yaşayış sahəsi digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, tikinti şirkəti yaxud digər şəxs qeyriyaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Lakin bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-nin 443, 452.2, 448 mad.).

19. Lakin hazırki iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir, üstəlik qeyriyaşayış sahəsinin on ildən artıq müddətdə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs sahibliyində və istifadəsində olması da işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə iddiaçının və cavabdeh Şirkətin səlahiyyətli şəxslərinin sonradan saxta sənədlər tərtib edərək hazırki iddianın irəli sürülməsi isə əlbətdə ki, yolverilməzdir. Çünki, bu hal açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə edib başqalarına zərər vurmaq məqsədi daşımışdır.

20. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

Kassasiya instasiyası məhkəməsində icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3196/2023 npmrəli 25 oktyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-56/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

22. Kollegiya qeyd etmişdir ki, apelyasiya instansiyası müvafiq rəyə istinad etməklə o nəticəyə gəlmişdir ki, iddiaçının təqdim etdiyi 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki möhür əksi cavabdeh Şirkətə məxsus olsa da, imzalar həmin vaxt Şirkətin rəhbəri olmuş Ələsgər Ömərova məxsus deyildir. Bu fakt isə açıq-aşkar ona dəlalət edir ki, həmin sənədlər sonradan Ələsgər Ömərovun imzası saxtalaşdırılmaqla tərtib edilmişdir.

23. kollegiya qeyd olunan ekspert rəyinə istinadla iddianın rədd olunmasını əsaslı saymamışdır. Qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli rəydə müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya X1 imza nümunəsi qismində AZE seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası, xx.xx.2012-ci il tarixli müqavilənin və maliyyə arayışının kserosurətindəli imzası, xx.xx.2010-cu il tarixli maliyyə arayışının kserosurətindəki imzası, xx.xx.2011-ci il tarixli müqaviləyə əlavənin kserosurətindəki imzası təqdim edilmişdir.

24. Təqdim olunmuş xx.xx.2011-ci il tarixli müqaviləyə əlavə, Maraqlı şəxs özünə aid olan sənəddir və bu sənədin müqayisəedici imza kimi seçilməsi məntiqli deyildir. Nümunə kimi təqdim olunmuş xx.xx.2012-ci il tarixli müqavilə və maliyyə arayışının kserosurəti habelə xx.xx.2010-cu il tarixli maliyyə arayışının kserosurətindəki imzalarla bağlı qeyd etmişdir ki, birincisi, sərbəst xətt və imza nümunələrinin təqdim olunduğu sənədlər tədqiq olunan sənədlə növünə, yazıya (qrafika) və dilinə, icra olunma vaxtına, məqsədli təyinatına və məzmununa, yazı alətinə, icra olunma şəraitinə, icra olunma surətinə, icra olunma üsuluna (vərdişsiz sol əllə yazı, meylin dəyişməsi, çertyoj, kitabxana və digər şriftlər və s.) uyğun olmalıdır.

25. Halbuki iddiaçı ilə bağlanmış müqavilə 2007-ci ilə aid müqavilədir. Lakin ekspertizaya təqdim olunan imza nümunələri 2010 və 2012-ci illərə aid səndələrdə əksini tapan imzalardır. Müqayisə material kimi ekspertə təqdim olunması üçün 2007-ci ilə aid imza nümunələrinin tələb olunması, həmin nümunələrin təqdim olunmasının mümkün olmaması iş materiallarından görünmür.

26. Ekspertin müqayisəedici nümunə kimi istinad etdiyi xx.xx.2012-ci il tarixli müqavilə və maliyyə arayışı (2-ci cild, səh.104-105), "xxxx" MMC-yə aiddir. Belə ki, sözügedən müqaqvilədə həmin müqavilənin "xxxx" MMC-nin Nizamnaməsinə əsasən "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı və X2 arasında Bakı şəhəri, S.Rəhimov küçəsi 101 ünvanda inşa edilən binaya dair bağlandığı qeyd olunur. Lakin müqaviləni və maliyyə arayşını imzalayan şəxs kimi «"xxxx" MMC-nin direktoru Ömərov Ə.A.» qeyd olunmuşdur. Göründüyü kimi, müqayisəedici nümunə kimi təqdim olunan xx.xx.2012-ci il tarixli müqavilə və maliyyə arayışının nümunə kimi mötəbərliyi şübhədən kənar deyildir.

27. Məhkəmə iddiaçı ilə bağlanmış müqavilələlərin saxta olduğu barədə nəticəyə ekspert rəyinə istinad etməklə gəldiyi halda, ekspert rəyinin sübut kimi qiymətləndirməsini aparmalı idi. Lakin işə baxmış məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla ekspertin rəyini qanunun tələbinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi meyarları üzrə təhlil edib əsaslandırmaqla qiymətləndrməmişdir.

28. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 452.1 və 452.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, tikinti şirkəti yaxud digər şəxs qeyriyaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-nin 443, 452.2, 448 mad.). Lakin hazırki iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir.

29. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin həllinə Mülki Məcəllənin 452-ci maddəsinin təbiqi mümkündür. Məhkəmə Mülki Məcəllənin 452-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərini müəyyən etməsini iddianın rədd olunması üçün kifayət hesab etməyib, əlavə olaraq iddiaçı tərəfindən həmin məbləğin şirkətə ödənilib-ödənilməməsini də araşdırmışdır. Lakin iddiaçının mübahisəli qeyriyaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməməsi barədə nəticəyə gəlmək üçün işin halları tam araşdırılmayıb.

30. Belə ki, əvvəla Cavabdeh iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsi üçün müqavilədə nəzərdə tiutulmuş məbləğin ödənilməsini inkar etmir. İddiaçının bəhs olunan müqavilə üzrə pulun ödənilməsi barədə adi qəbz və ya maliyyə arayışı deyil, məhz Cavabdeh üçün çap edilmiş ciddi mühasibat sənədi sayılan, şirkətin möhürü ilə təsdiqlənmiş kassa mədaxil orderi və maliyyə arayışı verilmişdir. Bu maliyyə sənədlərində şirkətin direktoru Ələsgər Ömərov tərəfindən deyil, başqa şəxs tərəfindən imza edildiyi barədə ekspert rəyinə istinadla pulun şirkətə ödənilməməsi barədə gəlinən nəticə, sonadək aparılmamış araşdırmaya əsaslanıb. Məhkəmə, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və pulun iddiaçı tərəfindən ödəniməsini mübahisələndirmədiyi halda, bu xüsusatın araşdırılması üçün cavabdehdən yazılı izahat verilməsini tələb etməmişdir.

31. Bundan başqa, iş materiallarından görünür ki, Maraqlı şəxs mübahisəli qeyriyaşayış sahəsinə aid sənədlərin 2013-cü ildə ondan istintaq orqanı tərəfindən götürüldüyünü bildirirb və bu barədə tərtib olunmuş protokolu təqdim edib. Həmçinin apelyasiya instansiyası məhkəməsi sorğu etməklə, qeyd olunan araşdırmaya aid olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətini alaraq, iş materiallarına əlavə edib. Məhkəmə kollegiyası cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarla bağlı dərhal qeyd etmişdir ki, həmin qərar baxılan iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Lakin qərarda əksinin tapmış məlumatların baxılan iş üzrə əhəmiyyətli olması və araşdırma predmetinə çevrilməsi məsələsi ortaya çıxır.

32. Belə ki, sözügedən qərarda əksini tapmış məlumatlardan belə nəticə hasil olur ki, mərhim Ə.Ömərov Maraqlı şəxs 2011-ci ilin yanvar ayında 200.000 manat, aprel ayında 300.000 manat, iyun ayında 200.000 manat borc pullar almış, həmin borcların qarşılığında girov kimi, H.Cavid prospektində yerləşən 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sənədini, Yeni Yasamalda yerləşən yaşayış binasının zirzəmisi olan 1770 kv-metr sahəni əhatə edən qarajın sənədini və Tbilisi prospektində, Diaqnostika mərkəzinin yaxınlığında yerləşən 3 mərtəbəli villanın sənədini alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına rəsmiləşdirmişdir. Bu məlumat, məhkəmədən həqiqətə nail olunması üçün həmin cinayət işi materiallarının alınıb öyrənilməsini, qeyd olunan faktın Maraqlı şəxs izahatında necə əks olunduğunu müəyyən etməyi tələb edirdi. Lakin həmin materiallar alınıb öyrənilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkəmə qətnaməsi ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs hüquqi varisi Nümayəndə1 vəkili və nümayəndəsi Vəkil5 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil4 bildirmişdir ki, aldığı qeyri-yaşayış sahəsi qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, o, 2018-ci ildən orada işləyir. Orada mübahisələr çox olmuşdur. Bütün sənədləşmələrin hamısını öz üzərinə götürmüşdür. Heç kim qeyri-yaşayış sahəsindən pul götürməmişdir. O pulları mühafizəçilərə vermişdir. Mühafizəçilər elə həmin pulu xərcləyiblər. Kommunallar yığılmadığı üçün elə onlara vermişdi ki, istifadə etsinlər. O, qarşı tərəfi tanımır. O, 2018-ci ildən orada işləyir, lakin qarşı tərəfi orada görməmişdir. İddiaçı bir-iki dəfə üzünü görmüşdür, Yusif kişi də orada var idi, arada gəlirdi. Lakin o heç kimə şərait yaratmamışdır ki, orada özbaşınalıq etsin. Həmin qeyri-yaşayış sahəsini mühafizəçilərə gələn gündən vermişdir. Ondan əvvəl oranı kimin istifadə etməsindən məlumatı olmamışdır, orada direktorda yox idi, 2012-ci ildə rəhmətə getmişdi. Oranı komendant idarə edirdi. O, birinci instansiya məhkəməsində iştirak etməmişdir, o, birinci dəfədir ki, burada iştirak edir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs hüquqi varisi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Odur ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

42. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

43. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

44. 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; ...

45. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

47. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

48. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

49. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

51. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

52. 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

53. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

56. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi və prosessual hüquq norması düzgün tətbiq edilməmişdir.

59. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanmış 28 iyun 2007-ci il tarixli müqaviləyə əsasən podratçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə inşa edilən hündürmərtəbəli binaların 1-ci blokunun zirzəmisində 527,5 kv.metr, 2-ci blokunun zirzəmisində 559,0 kv.metr, 3-cü blokunun zirzəmisində 510,6 kv.metr və 4-cü blokunun zirzəmisində 527,5 kv.metr qeyri-yaşayış sahələrini (qarajları) sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin qeyri-yaşayış sahələri üçün cəmi 424.920 manat məbləğdə pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləğləri ödədiyinə dair şirkətin möhürü ilə təsdiq edilmiş 28 iyun 2007-ci il tarixli 14, 15, 16 və 17 nömrəli kassa mədaxil orderi qəbzləri tərtib olunmuş, habelə Cavabdehnə borcu qalmadığına dair eyni tarixli maliyyə arayışları verilmişdir. Həmin müqavilə, kassa mədaxil orderi və maliyyə arayışları Cavabdeh adından şirkətin direktoru X11 tərəfindən imzalanmışdır

60. Həmçinin həmin qeyri-yaşayış sahələrinin satılması barədə 7 aprel 2011-ci ildə Cavabdeh adından direktoru X11 ilə Maraqlı şəxs arasında alğı-satqı müqaviləsi bağlanılmış, müqavilənin qiyməti 1.053.600 manat məbləğində müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulan 1.053.600 manat ümumi məbləğin alıcı tərəfindən müqavilə bağlanan gün tam həcmdə ödənilməsi barədə Cavabdehnə aid kassa mədaxil orderi verilmişdir. Müqavilə və kassa mədaxil orderi Cavabdeh möhürü və direktoru kimi X7 imzası ilə təsdiqlənmişdir.

61. İlkin apellyasiya baxışı zamanı məhkəmə tərəfindən əldə olunmuş ekspert rəyinə əsasən, Şirkət ilə Maraqlı şəxs arasında bağlanmış 7 aprel 2011-ci il tarixli alqı-satqı müqaviləsindən fərqli olaraq, İddiaçı ilə Cavabdeh adından X11 arasında bağlanmış 28 iyun 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” 4 ədəd fərdi müqavilədə "Podratçı” hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzaların, həmin tarixli 4 ədəd maliyyə arayışlarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzaların, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzaların - X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

62. Kassasiya instansiyası məhkəməsi, məhkəmənin xx.xx.2023-cü il tarixli rəyinə istinadən iddiaçının təqdim etdiyi müqavilə və digər sənədlərin saxta yolla tərtib edildiyi barədə qənaət ilə razılaşmayaraq, sözügedən ekspert rəyinin sübut kimi qiymətləndirilməsinin düzgün aparılmadığını, ekspertiza tədqiqatnın aparılması üçün ekspertlərə təqdim olunmuş sənədlərin həmin rəyin mötəbər sübut kimi nəzərə alınmasının prosessual qanunvericiliyə zidd olduğunu qeyd etmişdir.

63. Kassasiya məhkəməsi göstərmişdir ki, 7 aprel 2011-ci il tarixli müqaviləyə əlavə, Maraqlı şəxs özünə aid olan sənəddir və bu sənədin müqayisəedici imza kimi seçilməsi məntiqli deyildir. Nümunə kimi təqdim olunmuş 1 mart 2012-ci il tarixli müqavilə və maliyyə arayışının kserosurəti, habelə 25 avqust 2010-cu il tarixli maliyyə arayışının kserosurətindəki imza və xətt nümunələri tədqiq olunan sənəddəki imza və xətt nümunələrinə - icra olunma vaxtına, məqsədli təyinatına və məzmununa, yazı alətinə, icra olunma şəraitinə, surətinə, üsuluna uyğun olmamışdır. Belə ki, iddiaçı ilə bağlanmış müqavilə 2007-ci ilə aid müqavilədir. Lakin ekspertizaya təqdim olunan imza nümunələri 2010 və 2012-ci illərə aid səndələrdə əksini tapan imzalardır. Müqayisəedici nümunə kimi təqdim olunan 1 mart 2012-ci il tarixli müqavilə və maliyyə arayışının nümunə kimi mötəbərliyi də şübhədən kənar deyildir.

64. Ali Məhkəmənin müvafiq göstərişlərinə uyğun olaraq müqayisə materialı kimi X7 2007-ci ilə (həmçinin yaxın illərə) aid imza və xətt nümunələri əldə olunmuş, rəy verilməsi üçün ********* saylı cinayət işinin İ cildində (səhifə 30-33, 41-50); İİ cildində (səhifə 64-67, 103-106, 131-135, 142-148, 150-160); İİİ cildində (səhifə 96-98, 150-151, 168); İV cildində (səhifə 56, 62, 63, 70, 75, 81); V cildində (səhifə 6-14); Vİ cildində (səhifə 32) olan sənədlərdən; həmçinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixində ünvanlanmış sənədlərdən ekspertiza tədqiqatında istifadə olunması müvafiq qurumun ekspertlərinə tapşırılmışdır.

65. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/776 saylı 14 iyun 2024-cü il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 164-166-cı vərəqlərində Maraqlı şəxs və Cavabdeh arasında olan 7 aprel 2011-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə "Podratçı" qrafasından aşağıda yerləşən "Ömərov Ə-A." yazılarının qarşısındakı imzalar, 163-cü vərəqində olan 7 aprel 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imzanın - eyni şəxs - X11 tərəfindən icra olunduğu;

66. Ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 168-183-cü vərəqlərində İddiaçı Məhəməd oğlu və Cavabdeh arasında olan 28 iyun 2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdə (4 ədəd) "Podratçı" qrafalarında “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, 28 iyun 2007-ci il tarixli maliyyə arayışlarında (4 ədəd) "xxxx" MMC-nin direktoru: Ömərov Ə.A.” qrafalarındakı imzalar, yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 16 nömrəli, 28 iyun 2007-ci il tarixli 14 nömrəli, 28 iyun 2007-ci il tarixli 15 nömrəli, 28 iyun 2007-ci il tarixli 17 nömrəli kassa mədaxil orderinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzaların – EYNİ ŞƏXS tərəfindən icra olunduğu;

67. Ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 168-183-cü vərəqlərində İddiaçı Məhəməd oğlu ilə Cavabdeh arasında olan 28 iyun 2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdə (4 ədəd) "Podratçı” qrafalarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, 28 iyun 2007-ci il tarixli maliyyə arayışlarında (4 ədəd) "xxxx" MMC-nin direktoru: "Ömərov Ə.A." qrafalarındakı imzalar, yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 16 nömrəli, 28 iyun 2007-ci il tarixli 14 nömrəli, 28 iyun 2007-ci il tarixli 15 nömrəli, 28 iyun 2007-ci il tarixli 17 nömrəli kassa mədaxil orderinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzaların – X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu;

68. Ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 164-166-cı vərəqlərində Maraqlı şəxs ilə Cavabdeh adından olan 07 aprel 2011-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə "Podratçı" qrafasından aşağıda yerləşən "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, 163-cü vərəqində olan 7 aprel 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imza ilə mülki işin İ cildinin 168-183 vərəqlərində İddiaçı Məhəməd oğlu ilə Cavabdeh arasında olan 28 iyun 2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdə (4 ədəd) "Podratçı” qrafalarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, 28 iyun 2007-ci il tarixli maliyyə arayışlarında (4 ədəd) "xxxx" MMC-nin direktoru: "Ömərov Ə.A." qrafalarındakı imzalar, yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 16 nömrəli, 28 iyun 2007-ci il tarixli 14 nömrəli, 28 iyun 2007ci il tarixli 15 nömrəli, 28 iyun 2007-ci il tarixli 17 nömrəli kassa mədaxil orderinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzaların öz aralarında – müxtəlif şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir.

69. Bununla belə iddiaçının adına tərtib olunmuş maliyyə sənədlərinin şirkətin direktoru Ələsgər Ömərov tərəfindən deyil, başqa şəxs tərəfindən imza edildiyini müəyyən edən ekspert rəyinə istinadla həmin sənədlərin saxta olması barədə nəticəyə gəlmək düzgün olmazdı. Çünki birinci apellyasiya baxışı zamanı əldə olunmuş sənədlərin məhkəmətexniki ekspertizasının 5/386 saylı 5 may 2022-ci il tarixli rəyinə əsasən, 28 iyun 2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdəki (sahə 510,6 kv.m, sahə 527,5 kv.m, sahə 527,5 kv.m, sahə 559,0 kv.m), həmin tarixli maliyə arayışlarındakı və 7 aprel 2011-ci il tarixli kassa mədaxil orderindəki möhür əksinin relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu, həmin möhür əkslərinin təqdim edilmiş "Yenes” şirkətinə məxsus möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir.

70. “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nın 3.2-ci bəndinə görə əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə hüquqi və inzibati aktlara imza qoyulmaqla yanaşı, Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhür də vurulur.

71. Qeyd olunan Qaydanın 3.3-cü bəndinə görə əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Möhür sənədin rəsmi və həqiqi olması üçün vurulur.

72. Rəydə qeyd olunduğu kimi iddiaçıya məxsus maliyyə sənədləri şirkətin möhürü ilə təsdiq edilmişdir və imza şirkətin direktoru tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilsə də, möhürlərin tətbiqi ilə bağlı formalaşmış işgüzar qaydalar onu ehtiva edir ki, dövlət gerbinin təsviri olmayan möhürlər də sənədin rəsmi və həqiqi olması üçün vurulur.

73. Bundan başqa iş materiallarından, cavabdeh tərəfin verdiyi izahatlardan müəyyən edilir ki, Cavabdeh iddiaçı ilə müvafiq müqavilələrin bağlanması, həmin müqavilələrə əsasən tərəfindən pulun ödənilməsi hallarını mübahisələndirmir.

74. Belə olan halda da tərəflər arasında bağlanmış müqavilələlərin 10/2030 saylı 3 oktyabr 2022-ci il tarixli 4/776 saylı və 14 iyun 2024-cü il tarixli ekspert rəylərinə istinadən saxta olduğu barədə nəticəyə gəlinməsi hazırkı kateqoriyadan olan işlər üzrə yaranmış məhkəmə təcrübəsinə uyğun olmazdı.

75. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair maraqlarına toxunan şəxsin cavabdeh ilə bağladığı müqavilənin etibarsız olması halı da öz təsdiqini tapmır.

76. Belə ki, maraqlarına toxunan şəxs ilə Şirkət arasında mübahisəli qeyri-yaşayış sahəsi barədə bağlanmış və Şirkət tərəfindən mübahisələndirilməyən 7 aprel 2011-ci il tarixli müqaviləyə əsasən alıcı (X13) da müvafiq məbləğdə pulun ödənilməsi barədə üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmişdir.

77. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən mərhum Ə.Ömərovun Maraqlı şəxs 2011-ci ilin yanvar ayında 200.000 manat, aprel ayında 300.000 manat, iyun ayında 200.000 manat borc aldığı, həmin borcların qarşılığında girov kimi, H.Cavid prospektində yerləşən 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sənədini, Yeni Yasamalda yerləşən yaşayış binasının zirzəmisi olan 1.770 kv.metr sahəni əhatə edən qarajın sənədini və Tbilisi prospektində, Diaqnostika mərkəzinin yaxınlığında yerləşən 3 mərtəbəli villanın sənədini alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına rəsmiləşdirdiyi müəyyən edilir.

78. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 arvadı X10 müraciəti əsasında toplanmış material üzrə Bakı Şəhər Prokurorluğunun hazırda ləğv edilmiş İstintaq İdarəsi tərəfindən başlanılaraq ibtidai istintaqı aparılmış və xx.xx.2020-ci il tarixdə Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam edilmiş ********* saylı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İsmət Mehdiyrv ödədiyi pul müqabilində 2007-ci ildə həmin qeyri-yaşayış sahələrini almış, Maraqlı şəxs isə 2011-ci ildə Ələsgər Ömərov ilə qarşılıqlı razılaşma əsasında, borc müqabilində girov qismində sözügedən qeyri-yaşayış sahələrinin sənədlərini sonuncudan əldə etmiş, lakin reallıqda həmin sahələri almamışdır.

79. Göstərilənlərə münasibətdə kollegiya qeyd etməyi zəruri sayır ki, Şirkət ilə Maraqlı şəxs arasında öhdəlikləri müəyyən edən müqavilə və sonuncu tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsini təsdiq edən maliyyə arayışı qüvvədə olduğu halda, həmin müqavilənin etibarsız olması ilə də razılaşmaq olmaz. Birincisi, öhdəliyin yaranma əsasını təşkil edən 7 aprel 2011-ci il tarixli müqavilənin və həmin müqavilə üzrə Maraqlı şəxs tərəfindən öhdəliyin icra olunmasını təsdiq edən maliyyə arayışının ləğv edilməsi və ya etibarsız hesab olunması Şirkət tərəfindən tələb edilməmişdir.

80. İkincisi, sözügedən sənədlərin Şirkətin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmaqla idarənin möhürü ilə təsdiq olunması mübahisə doğurmur.

81. Üçüncüsü isə, Maraqlı şəxs tərəfindən borc olaraq verdiyi pul müqabilində mübahisəli sahənin sahibliyinə keçirilməsi tərəflərin qarşılıqlı razılaşması əsasında baş verib.

82. Belə ki, 7 aprel 2011-ci il tarixli müqavilənin bağlanması ilə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, Maraqlı şəxs qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən haqqı tam ödəmək, qarşı tərəf isə həmin sahəni müəyyən olunmuş müddətdə alıcıya təhvil vermək vəzifəsini daşıyır.

83. X7 müqaviləyə əsasən yaranmış öhdəliyin hansı formada icra etməli olması də tərəflərin razılaşmasından asılı edilmiş, Maraqlı şəxs sözügedən qeyri-yaşayış sahəsini borc müqabilində təhvil almış, yəni X7 icra etməli olduğu öhdəliyin bu formada icrasını tamamilə qəbul etmişdir. Onların təklif olunmuş hərəkətin öhdəliyin icrası kimi təsdiq etmək niyyətində olmadıqları isə sübut edilmir. Tərəflərin razılaşması ilə öhdəliyə borcun qaytarılması əvəzinə əmlak verilməsi ilə xitam verilməsinin mümkün olduğu da formalaşmış işgüzar qaydalara zidd deyildir.

84. Bundan başqa mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair həm iddiaçının, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi də qanuni yanaşma deyildir. Çünki, Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Həmin müqavilənin mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alqı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.

85. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hər iki müqavilənin etibarlı olmaması halı öz təsdiqini tapmadığından, mübahisənin hüquqi dəyərləndirilməsi məhz Mülki Məcəllənin 452-ci maddəsinə əsasən (iş v. 143) keçirilməlidir.

86. Belə ki, həmin maddənin məzmunundan göründüyü kimi fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

87. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur.

88. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyildir. Bu baxımdan, əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqi əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş əmlak o vaxt verilə bilər ki, həmin qeyriyaşayış sahəsi digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun.

89. Hazırkı halda da, tikinti şirkəti yaxud digər şəxs qeyri-yaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ aradan qalxır. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıqaşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 443, 452.2, 448-ci maddələri).

90. Bu xüsusatla bağlı məhkəmə kollegiyası həmçinin vurğulayır ki, əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması, mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir.

91. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-56/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsinin on ildən artıq müddətdə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs sahibliyində və istifadəsində olması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilənlər həmçinin birinci instansiya məhkəməsində işə baxılan zaman Cavabdeh nümayəndəsi Nümayəndə2 verdiyi izahatla (iş səhifə 49-50) öz təsdiqini tapmışdır.

92. İşin müəyyən olunmuş hallarından açıq-aydın görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsinə hələ uzun müddət əvvəl (10 ildən artıq) faktiki sahiblənmiş, qeyriyaşayış sahəsi məhz ona təhvil verilmiş, hazırda onun faktiki sahibliyində və istifadəsindədir. İddiaçı tərəfin mübahisəli daşınmaz əmlak ilə uzun müddət ərzində maraqlanmaması (ən azından mənzilin Maraqlı şəxs faktiki sahibliyindən olduğu 2011-ci il tarixindən sonra) Şirkət ilə arasında yaranmış müqavilə münasibətlərinə formal yanaşmasının təzahüri kimi qiymətləndirilməlidir.

93. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, Şirkət və Maraqlı şəxs arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə etibarlı əqd olmaqla bağlandığı andan tərəflər üçün haqq və öhdəliklər yaradır və yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən xeyrinə icra edilmiş kreditor kimi mübahisəli mənzilə dair üstünlük məhz ona məxsusdur.

94. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya (cəmi 2.124,6 kv.m) və məhkəmə qətnaməsi ilə maraqlarına toxunan şəxsə (cəmi 1.765 kv.m) müqaviləyə əsasən verilməli olan sahələrin ölçülərinin fərqli olması, habelə bu ölçülərin sahənin mövcud ölçüsü (cəmi 2.059,7 kv.m) ilə düz gəlməməsi məhkəmə tərəfindən nəzərə alınmış, bu hallara aydınlıq gətirilməsi üçün ekspertiza təyin edilmiş, lakin məhkəmə qərardadına əsasən ekspert qarşısında qoyulmuş sualların (qeyriyaşayış sahələrinin ölçüləri tikinti layihəsinə uyğundurmu? Maraqlı şəxs faktiki sahibliyində olan sahə ilə üst-üstə düşüb-düşürmü? Sonuncunun faktiki sahibliyində olan sahədən kənaraçıxmaları mövcuddurmu? Sahibliyində ona aid olmayan sahənin olması müəyyən edilrmi? İddiaçı Məhəməd oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilələrə əsasən qeyri-yaşayış sahələrinin ona verilməsi mövcud vəziyyətdə texniki olaraq mümkündürmü? Mümkün deyilsə hansı səbəbdən?) cavablandırılmasının mümkün olmadığı tərəfindən təsbit etmişdir.

95. Belə olan halda kollegiya bir də vurğulayır ki, iddiaçı cavabdeh ilə bağlanmış müqaviləyə əsasən öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

96. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.

97. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

98. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

99. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 nömrəli, 15 mart 2021ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 138 manatın 69 manatı İddiaçı (Мехдиев Исмет Магамед оглы) oğlundan, 69 manatı Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manatın 50 manatı İddiaçı (Мехдиев Исмет Магамед оглы) oğlundan, 50 manatı Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Birinci apellyasiya baxışı zamanı ekspertizalarının keçirilməsinə sərf edilmiş 519,65 (100+53,65+126+100+140) manatın 259,8 manatı İddiaçı (Мехдиев Исмет Магамед оглы) oğlundan, 259,8 manatı Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar