Məhkəmə qərarları › İş №2(103)-1370/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1370/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1370/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşdə iki iddia var. İlk iddia ərizəsində tələb olunub ki, hüquqi xidmətin haqqı kimi 10.000 manat Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, 7.500 manat İddiaçı alınaraq Cavabdeh1 verilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, 4.700 manat Cavabdeh2 alınaraq İddiaçı verilsin, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qənamə ilk iddianın təmin edilən hissəsində, qarşılıqlı iddianın isə rədd edilən hissəsində ləğv edilsin, ilk iddia tamamilə rədd edilsin, qarşılıqlı iddia təmin edilsin. Məhkəmə iclaısnda iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı-cavabdeh İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh-iddiaçı Cavabdeh1 şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin yalnız ilk iddianın təmin edilməsnə aid hissəsi apellyasiya qaydasında yoxlanılmalıdır. Apellyasiya şikayəti verən Cavabdeh2 qətnamənin qarşılqlı iddianın rədd edilməsinə aid hissəsini mübahisələndirə bilməz, çünki həmin iddia üzrə iddiaçı deyil. İlk iddianın təmin edilməsinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə “Hüquqi xidmət göstərilməsinə dair” yazılı müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə öhdəlik götürüb ki, cavabdehin tapşırığına əsasən ona mülki mübahisə üzrə hüquqi xidmət göstərəcək, cavabdeh isə üzərinə öhdəlik götürüb ki, bu xidmətin müqabilində iddiaçıya 10.000 manat ödəyəcək. Həmin məbləğin 300 manatı əvvəlcədən ödənilib, bu, müqavilədə qeyd olunub və hər iki tərəf bunu təsdiq edib. İddiaçı öz öhdəliyini icra edib. O, bu barədə sübutları birinci instansiya məhkəməsinə təqdin edib. Əks tərəf iddiaçının öz öhdəliyini icra etmədiyini və ya lazımi qaydada icra etmədiyini təsdiq edən sübut təqdim etməyib. Birinci instansiya məhkəməsinin qətnaməsində işin bu halı düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Lakin cavabdeh öz öhdəliyini icra etməyib, yəni xidmət haqqını iddiaçıya ödəməyib. Mülki Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Tərəflər müqavilənin məzmununda xidmət haqqının məbləğinə dair şərti azad surətdə müəyyənləşdiriblər, cavabdeh belə məzmunda müqavilə bağlamağa məcbur edilməyib. Odur ki, iddiaçı xidmət haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Müqavilədə xidmət haqqının qiyməti 10.000 manat göstərilsə də, birinci instansiya məhkəməsi 4.700 manat tutulmasını qət edib, tələbin qalan hissəsini rədd edib, iddiaçı isə ilk iddianın rədd edilən hissəsində qətnaməni mübahisələndirməyib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 390, 398 və 425-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar