Məhkəmə qərarları › İş №2(103)-1372/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1372/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1372/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır. Cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda qaz itkisinin yarandığı müəyyən edilmiş və iddiaçının abonent hesabına 4147,20 manat borc hesablanmışdır. İddiaçı hesablanmış borcları məhkəmə qaydasında mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, **********00007 saylı abonent İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt etibarsız hesab edilərək həmin akt üzrə hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc məbləği silinməsini və 64 manat ekspertiza xərci cavabdeh Azəriqaz İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 4147,20 manat məbləğində borcun onun hesabından silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evdə qanuni şəkildə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini isə həmişə ödəmişdir. Onun heç vaxt təbii qaza görə borcu olmayıb. 2023-cü ilin əvvəlində istifadə etdiyi təbii qazın dəyərini ödəmək istəyəndə onun hesabına artıq qaz pulu hesablandığını görüb bununla maraqlananda Qaz idarəsindən ona sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyinə görə barəsində akt tərtib edildiyini və həmin akta əsasən də ona 4147,20 manat məbləğində borc hesablandığını bildirdilər. O, sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmədiyini və onun evinə hər hansı bir sayğacdan kənar qaz xəttinin çəkilmədiyini, həmçinin evinə gedən sayğacdan kənar qaz xəttinin olmasını sübut edən hər hansı bir sənədin olmasını tələb etsə də cavabdeh təşkilatın əməkdaşları bununla bağlı ona heç bir sübut təqdim edə bilmədilər. Belə olan halda o, barəsində tərtib edilən aktın qanunsuz olduğunu bildirib həmin akta əsasən ona hesablanmış 4147,20 manat məbləğində borcun hesabından silinməsini tələb etsə də cavabdeh təşkilatın əməkdaşları bunun mümkün olmadığını bildirdilər. Bundan sonra o heç bir məlumatı olmadan barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktı, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnaməni və abonent saldosunu almışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda guya onun mənzildə sayğacdan kənar qeyri-qanuni əlavə qaz xəttindən istifadə etdiyi qeyd edilmişdir. Həmin aktda istehlakçı kimi onun adı qeyd edilsə də, akt imza edilməsi üçün ona təqdim edilməmiş, həmçinin akt bilavasitə həmin aktın tərtib edilməsində maraqlı olan cavabdeh təşkilatın 3 nəfər nümayəndəsinin iştirakı ilə tərtib edilməklə qanunvericiliyin tələbinə görə aktın tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan əlavə onun sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməyini təsdiq edən hər hansı bir sübut cavabdeh təşkilat tərəfindən ona təqdim edilməmiş və ya ona təqdim edilən sənədlərə əlavə edilməmişdir. Həmçinin onu da qeyd etmişdir ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə aktın tərtib edilmə tarixi xx.xx.2022-ci il tarix kimi qeyd edilmişdir. Bu da barəsində tərtib olunan xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın tamamilə qanunsuz olduğunu bir daha sübut edir. Göründüyü kimi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il (Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə aktın tarixi xx.xx.2022-ci il göstərilmişdir) tarixli, ******* nömrəli akt onun heç bir məlumatı olmadan tərtib edilmiş, hal şahidləri dəvət edilməmiş, aktda adının qeyd edilsə də akt imza edilməsi üçün ona təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə akt ən azı iki nəfər hal şahidləri dəvət edilməklə təbii qaz istehlakçısının özünün və ya onun nümayəndəsinin iştirakı ilə tərtib edilməlidir. xx.xx.2022ci il tarixli, ******* nömrəli aktın qanunsuz tərtib edilməsini sübut edən ikinci məqam ondan ibarətdir ki, cavabdeh təşkilatın əməkdaşları ay ərzində 2 dəfədən az olmayaraq qaz sayğacına baxış keçirib onun sərfiyyatını qeyd edərək bu barədə abonentə bildiriş təqdim edirlər. Cavabdeh təşkilatın əməkdaşları qaz sayğacına baxış keçirərkən onun sayğacdan kənar qaz xətti vasitəsi ilə əvvəlki aylarda təbii qazdan istifadə etməyini müəyyən edərdilər. Bir ay ərzində təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadə etməklə dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə qeyd edilən miqdarda- 34560 kub metr miqdarda qaz itkisinə yol verilməsi mümkünsüzdür. Üçüncü məqam ondan ibarətdir ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə cavabdeh təşkilatın əməkdaşları onun evində istifadə etdiyi qaz işlədicilərinin nədən ibarət olmasını müəyyən etmədikləri halda qaz sayğacının normal qaz sərfini 4 kub metr orta günlük iş rejimini 24 saat və hesabat müddətini 360 gün qəbul edib hesabat aparması qanunsuz olmaqla cavabdeh təşkilat həmin cərimənin hansı qanuna əsasən hesablaması barədə ona heç bir sənəd təqdim etməmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixliqərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy alınmışdır.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, 2(003)-1958/2024 nömrəli iş üzrə) iddia tələbi **********00007 saylı abonent İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt etibarsız hesab edilərək həmin akt üzrə hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc məbləği silinməsini və 64 manat ekspertiza xərci cavabdeh Azəriqaz İBdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt xx.xx.2022-ci il tarixdən sonraki dövrdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1105 nömrəli ekspertiza rəyi nəzərə alınaraq sözügedən akt etibarsız hesab edilməli və onun əsasında yazılmış cərimə silinməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Cavabdeh əməkdaşları tərəfindən fotoçəkilişlə də lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş təbii qazın miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız, qeyri-qanuni istifadə etməklə Cavabdehnə ziyan vurmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymətin verilməsini təmin etməmiş, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar (saldo, akt və s.) iddia tələbinin tam rədd edilməsinə əsas vermişdir. Həmçinin iş üzrə verilmiş trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki tərəfimizdən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin (fotoşəkillərdən açıq-aşkar görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur), həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10.Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

11. Cavabdeh tərəf isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17.Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Məhkəmə kollegiyası iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini qeyd etməyi zəruri hesab edir.

22. Həmin qaydaların tələblərinə əsasən, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

23. “Qaz paylayıcısı” dedikdə isə alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.

24. Göründüyü kimi, qanunvericiliklə qaz paylayıcısının, yəni Cavabdeh üzərinə sayğaca müdaxilə halları aşkar edildikdə tərtib etdiyi aktı adıkeçən orqanlara təqdim etməsi vəzifəsi qoyulmuş və konkret olaraq müəyyən edilmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya həmin orqanların qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. 25.Lakin iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.

26. Qeyd olunan hal isə (müvafiq orqanların və ya məhkəmənin qərarı olmadan vurulmuş zərərin tələb edilməsi) qanunvericiliyin tələblərinin bilavasitə pozulmasıdır, qanunvericiliyin tələbləri pozulmaqla tələb olunan borc məbləği isə silinməlidir. 27.Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.

28. Apellyasiya şikayətinin dəlillərindən biri sayğacın saldolarının, aktların, tələbnamələrin və fotoşəkillərin sübut qismində araşdırlmaması ilə bağlıdır. Cavabdeh tərəfindən qeyd olunanlar iddia tələbinin əsaslığını təkzib edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki abonentin saldosu hesablanmış və ödənilmiş borcları, tərtib olunmuş akt keçirilmiş yoxlamanın nəticələrini, tələbnamə dəymiş ziyanı göstərir. Həmin sənədlər onsuzda iddiaçı tərəfindən mübahisələndirilir və onların qanuniliyi şübhə altındadır. Cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdə isə mübahisənin nəticəsi üçün kifayət qədər əhəmiyyət kəsb edəcək hallara rast gəlinmir.

29. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).

30. Belə olan halda, həmin sənədlərin mötəbərliyi şübhə altında olduğundan istehlakçının, yəni iddiaçının adına hesablanmış borcun əsaslı olmasını təsdiq etmir.

31. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf ekspert rəyinin mötəbərliliyinin şübhəli olması ilə bağlı əsaslı dəlil təqdim edə bilməmişdir. Digər tərəfdən mübahisələndirilən pul məbləği iddiaçıdan qanunamüvafiq porsedurlardan sonra tələb olunmadığı üçün, ekspert rəyin cavabdehin təqdim etdiyi fotoşəkillərlə müqayisəli şəkildə tərtib olunsa belə bu hal apellyasiya şikayətinin təmin, eləcə də iddianın rədd edilməsinə əsa ola bilməz. 32.Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onların mötəbərliyini nəzərə almaqla istifadə etmiş, cavabdeh isə iddia tələbinə etirazının dəlillərini sübut edə bilməmiş və formal mülahizələrə əsaslanmışdır. Nəticədə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla əsaslandırmış və iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

33. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Qətnamənin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

36. MPM-in 119.1 və 124.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini təmin edildiyini nəzərə alaraq, 64 manat ekspertiza xərcinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mədaxilinə cavabdehdən almaqda haqlı olmuşdur.

37. Həmçinin məhkəmə kollegiyası həmin Məcəllənin 402-ci maddəsini əsas tutaraq qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(008)- 1958/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar