Məhkəmə qərarları › İş №2(103)-1373/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1373/2025

10.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1373/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzildən çıxarılma, preyudisiallıq») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-270/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X6 - 1 otaq - 11.2 kv.m, İddiaçı - 1 otaq - 13.68 kv.m, X7 - 1 otaq - 13.1 kv.m adlarına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon bina 19K mənzil 28, xx.xx.2015-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir.

3. Bakı şəhəri 73 saylı MKİS tərəfindən verilmiş 291 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan göstərilib ki, Zabrat qəsəbəsi Neftçilər küçəsi ev 4 mənzil 2 ünvanında 3 nəfərin paylı mülkiyyətində olan 3 otaqlı mənzilin mülkiyyətçisi İddiaçı olan 13.68 kv.m sahəli 1 otağında qeydiyyatsız tək olmaqla Cavabdeh yaşayır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-424/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətin əvvəlki statusuna qaytarılması tələbinə dair iddiası rədd edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2468/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-424/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3175/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2468/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kamil oğlunun ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin 13.68 kv.m sahəsi olan 1 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiada göstərilib ki, bacısı X8 öz əri Cavabdeh ilə birlikdə pasport qeydiyyatında olmadan bir neçə il ərzində həmin mənzildə yaşamışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bacısı X8 ilə Cavabdeh arasında olan nikaha xitam verildikdən sonra onun tərəfindən cavabdehdən mənzili boşaldaraq təhvil verilməsi tələb olunsa da Cavabdeh mənzildən çıxmaqdan imtina etmişdir və mülkiyyətçinin mülkiyyət hüquqlarını pozaraq həmin mənzildə pasport qeydiyyatı olmadan yaşamağa davam etmişdir. Cavabdeh əslində ünvan 1 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, öz qeydiyyat yeri üzrə yaşamır. Mənzil üzərində onun mülkiyyət hüququ mövcuddur. Bü hüquq əmlaka dair maneəsiz istifadə, sahiblik və sərəncam hüquqlarını ehtiva edir. Cavabdehin qanunsuz olaraq mənzili zəbt etməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması, faktiki olaraq bu hüquqlardan məhrum edilməsidir. Buna görə də, onun mübahisəli mənzilə dair hüquqları qanunvericiliyin tələblərinə uyğun yaranmış, cavabdehin həmin mənzildə yaşamasının hüquqi əsasları olmaması tam sübut olunmuşdur.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-270/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbinin təmin edilərək Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 13.68 kv.m sahəsi olan 1 otağından çıxarılması; məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə qərarlarından görünür ki, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 34 sаylı notаriаt kontorundа rеyеstrdə 4Ə/4- 142 № ilə qеyd еdilmiş bаğışlаmа müqаviləsinə əsasən X2 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsi еv 4 mənzil 2-də yerləşən, ümumi sahəsi 63.0 kv.m olan 3 otaqlı mənzildən bir otağı-yаşаyış sаhəsi 13.68 kv.m. olаn bir otаğı bacısı İddiaçı Əlişan qızına bağışlamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1986/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X3 ilə Cavabdeh arasında xx.xx.1997-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. xx.xx.2007-ci il tarixdə, yəni onlar nikahda olan zaman X.Həsənova mülkiyyətində olan Bakı şəhəri Zabrat qəsəbəsi Neftçilər küçəsi еv 4 mənzil 2-də yerləşən, ümumi sahəsi 63.0 kv.m olan 3 otaqlı mənzildən yаşayış sаhəsi 13.68 kv.m olаn bir otаğı bаğışlаmа müqаviləsinə əsаsən bacısı İddiaçı Əlişan qızına bağışlamışdır. Mənzil Cavabdeh və X.Həsənovanın birgə nikah dövründə əldə edilən əmlak olduğundan əmlak özgəninkiləşdirilərkən Cavabdeh yazılı razılığı alınmışdır. Cavabdeh qeyd edilən müqavilənin görünüş üçün bağlandığına və yalançı əqd olduğuna istinad edərək, bağışlama müqaviləsinin etibarsız olduğuna istinad etmişdir. Məhkəmələr hesab etmişlər ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmiş və bağışlama müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirilmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada İddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin paylı mülkiyyət hüququ üzrə özünə məxsus 13.68 kv.m-dən ibarət 1 otağına dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə Cavabdeh həmin otaqdan çıxmaması maneçilik törədir. O cümlədən, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh adına isə iddiaçıya məxsus olan mənzilin bir otağına dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir. Bundan başqa, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması da müəyyən edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iddia ərizəsində vicdansızcasına onun qanunsuz olaraq mənzili zəbt etməyi qeyd olunmuşdur. Halbuki, həmin mənzili o, 2000-ci ildə hərbçi kimi ağır işdə dövlətə qulluq edəndə yığdığı pul vəsaiti və valideynlərinin maddi köməkliyi ilə alqı-satqı müqaviləsi ilə o vaxt həyat yoldaşı olan X1 adına alıb. Sonradan 2007-ci ildə məlum səbəblər üzündən mənzil baldızı İddiaçı bağışlanılmışdır. İddiaçı sözügedən mənzilə mülkiyyət hüququ yalnız formal xarakter daşıyır. Belə ki, mənzil ona bağışlanandan sonra bir gün də olsun orada yaşamamış, heç vaxt bu mənzilin iddiasında olmamış, çünki bilirdi ki, bu müqavilə onun mənzil növbəsindən çıxarılmamağı üçün formal olaraq bağlanmışdır. Qətnamə icra edildiyi halda o, evsiz-eşiksiz kirayədə qalmağa məcbur olacaq. Cavabdehin təqdim etdiyi sübutlara məhkəmə qeyri-obyektiv və birtərəfli yanaşmış, heç bir qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmənin elektron poçt ünvanına daxil olmuş məktubda Cavabdeh səhhətindəki problemlərlə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilmədiyi qeyd edilmiş və işə baxılmasının təxirə salınması xahiş edilmiş, lakin qeyd edilən səbəbi təsdiq edən sübut təqdim edilməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 8.0. və 8.0.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

23. Əvvəla ona görə ki, iddiaçı cavabdehin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olduğundan cavabdehlərə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır.

24. Apellyasiya şikayətinin dəlilləri isə mübahisə predmeti olan mənzilin onun vəsaiti ilə əvvəllər keçmiş arvadının adına alınması, mənzil növbəsində olduğu üçün formal olaraq keçmiş baldızına bağışlanması ilə bağlı olmuşdur. Ancaq bu dəlillər, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən yoxlanılmışdır və hazırkı iş üzrə də preyudisial əhəmiyyət daşıyır. Bu cür vəziyyətdə məhkəmə tərkibinin cavabdehin mənafeyinə uyğun nə isə edə biləcəyi də mümkün sayılmır. Yəni, mübahisəli mənzilin cavabdehin keçmiş arvadı tərəfindən iddiaçıya bağışlanması və hazırda mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti olmasa da bu bir fakt olaraq qalır. Çünki cavabdeh bundan əvvəl ayrıca məhkəmə icraatında, hər üç instansiya məhkəməsini keçməklə mənzilə dair bağışlama müqaviləsinin etibarsızlığını və mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmiş və iddiası rədd edilmişdir. Demək ki, qeyd olunan iş üzrə çıxarılan məhkəmə aktları hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Ona görə də, qətnamənin yoxlanılması məhz hazırkı mövcud vəziyyətə uyğun həyata keçirilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-270/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-270/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar