Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1377/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-ə qarşı “ömürlük təqaüdün ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(002)- 2331/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçının həyat yoldaşı X4 ilə Cavabdeh ASC-də kran operatoru vəzifəsinə işləmiş, xx.xx.2017-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2017ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının həyat yoldaşının vəfat etməsi səbəbindən ona 380 manat məbləğində təqaüd ödənilirdi. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 4 №li Əmrin məzmunundan görünür ki, xx.xx.2017-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi səbəbindən ailəsinə 2000 manat məbləğində maddi yardım göstərilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixindən Cavabdeh ASC rəsmi olaraq fəaliyyətini dayandırdığından hər ay edilən kompensasiya ödənişi edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2019-cu il tarixdən etibarən ona, ailə başçısının ölümü nəticəsində çəkmiş şəxs qismində ömürlük təqaüdün ödənilməsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X4 01 iyul 2016cı il tarixdə Cavabdeh ASC ilə 116 saylı əmək müqaviləsini imzalayaraq şıxta hazırlama sexinin kran operatoru vəzifəsində işləmişdir. 17 yanvar 2017-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həyat yoldaşı X4 vəfat etmiş və buna görə də Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 11 saylı 07 fevral 2017-ci il tarixli əmri ilə sözügedən əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin Cavabdeh ASC tərəfindən “İstehsalatda bədbəxt hadisə haqqında” 01 saylı 07 fevral 2017-ci il tarixli akt tərtib edilmiş və həmin akt 16 fevral 2017-ci il tarixdə ona təqdim edilmişdir. 24 fevral 2017-ci il tarixdə Cavabdeh ASC-yə ərizə ilə müraciət edərək həmin təşkilat tərəfindən ailə başçısını itirməyə görə ailəsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada maddi dəstək göstərilməsini xahiş etmişdir. Həmin təşkilatın 98 saylı, 29 mart 2017-ci il tarixli məktubunda bildirmişdir ki, Cavabdeh ASC-də 17 yanvar 2017-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində həyat yoldaşı X2 vəfat etməsi səbəbindən müəssisə tərəfindən Azərbaycan Respublikası Mülki Məcələsinə əsasən, (maddə 1121: Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi, bənd 1121.3.3: əlli beş yaşından yuxarı qadınlara-(ömürlük) 380 manat məbləğində ömürlük təqaüd ödəniləcəkdir. 2017-ci ilin may ayından başlayaraq ona hər ay sözügedən məktubda qeyd edilən məbləğdə təqaüd ödənilmişdir. Lakin bu ödəmələr 2019-cu ilin sentyabr ayından etibarən dayandırılmışdır. Ödəmələrin dayandırılmasının səbəbini öyrənmək məqsədi ilə şifahi müraciətinə Cavabdeh ASC-nin 26 saylı 19 oktyabr 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: “Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 6 noyabr 2017-ci il tarixində "xxxx" ASC yaradılmış və "xxxx" ASC-dən "xxxx" QSC BOKT-a keçmiş problemli aktivlər "xxxx" ASC-nin balansına verilmişdir. 05 yanvar 2018-ci il tarixində Cənab Prezidentin fərmanına əsasən "xxxx" QSC BOKT tərəfindən həmin əsas vəsaitlər "xxxx" ASC-dən götürülmüş və "xxxx" ASC-yə təhvil verilmişdir. Əsas vəsaitlərinin, avadanlıqlarının, xammal və köməkçi materialların Cavabdeh ASC-dən alınması onun öz öhdəliklərini icra etmək imkanından məhrum etmiş və bu səbəbdən xx.xx.2019-cu il tarixindən Cavabdeh ASC rəsmi olaraq fəaliyyətini dayandırmışdır. Müəssisənin fəaliyyətini dayandırması hər ay edilən kompensasiya ödənişinin bundan sonra da ödənilməsini qeyri-mümkün etmişdir. Nəzərə almağınızı Sizdən xahiş edirik”. Bu səbəbdən "xxxx" X6 Cavabdeh ASC-nin hüquqi varisi olduğunu güman etmiş, həmin təşkilata müraciət edərək ödəmənin bərpa edilməsini təmin etmələrini xahiş etsə də, buna məhəl qoymamış və bununla bağlı heç bir iş görülməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ömürlük təqaüdün "xxxx" X10 tərəfindən bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1761/2020 saylı mülki iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə prosessinin gedişində məhkəmə sorğusu ilə müəyyən edilmişdir ki, "xxxx" ASC Cavabdeh ASC-nin hüquqi varisi deyil və cavabdeh hələ də fəaliyyətini davam etdirir. Hesab edir ki, Cavabdeh ASC öhdəliklərinin yerinə yetirilməməsinə görə özü məsuliyyət daşıyır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(002)- 2331/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 1117 və 1121-ci maddəsi çıxış edir. Qeyd edilən maddənin tələbinə əsasən zərərçəkən-ailə başçısı öldüyü halda hansı şəxslərin zərərin əvəzini və hansı müddətə almaq hüququ dəqiq və birmənalı şəkildə qeyd edilmişdir. Hazırki mülki iş üzrə mülki qanunvericiliyin qeyd edilən maddəsinin tələbinə əsasən zərərin əvəzini almaq hüququ olan şəxslərə aid olan heç bir hal aşkar edilməmişdir. Məhkəmə iddiaçının istinad etdiyi yaşının 55 yaşdan yuxarı olması, ölən şəxsin onun həyat yoldaşı olması halı ilə bağlı onu qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının zərərçəkən-ölmüş ailə başçısının himayəsində olması və əmək qabiliyyəti olmayan şəxs olması halı müəyyən edilməmişdir. Həmçinin, iddiaçı cavabdeh işəgötürənin bununla bağlı əmrinin olduğunu qeyd etsə də, qeyd edilən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu baxımından məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə MM-nin 1121-ci maddəsinin tələbinə əsasən iddiaçının belə bir hüququ mövcud olmamışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci, 1118-ci, 1121.1-ci, 1121.3-cü maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88ci, 217.3-cü və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2017-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi səbəbindən ona 380 manat məbləğində ömürlük təqaüd ödəniləcəkdir. Həmin məktubdan göründüyü kimi cavabdeh MM-nin 1121.3-cü maddəsinə əsasən Cavabdeh ASC ona 380 manat məbləğində ömürlük təqaüd ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin məktub cavabdehin müvafiq əmri əsasında hazırlanmış və ödəniş edilmişdir. Məhkəmə həmin əmrin məhkəməyə iddiaçı və ya cavabdeh tərəfindən təqdim edilməməsi əsası ilə iddianı rədd etməsi əsassızdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd edib ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 1117 və 1121-ci maddəsi çıxış edir. Halbuki məhkəmə prosesləri zamanı məhkəmənin diqqətinə çatdırılıb ki, iddianın hüquqi əsasını Mülki Məcəllənin 1121.3-cü maddəsi təşkil edir. Mülki Məcəllənin 1121.3-cü maddəyə əsasən cavabdehin niyə öhdəlik götürməsini, buna görə niyə ödənişlər etməsini əsaslandırmadan iddia tələbi rədd edilmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən həyat yoldaşının xx.xx.2017-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi səbəbindən ona 380 manat məbləğində ömürlük təqaüd təyin edilmişdir. Hazırda cavabdeh fəaliyyət göstərməməsi əsası ilə təqaüdü ödəməkdən yayınır, lakin onlarda olan məlumata əsasən cavabdeh adını “Azərşüşə” olaraq dəyişdirmiş və faəliyyətinə davam edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi əsaslar düzgün olmamışdır. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 1118. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququna ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, şəxsin ölümündən sonra doğulmuş uşağı, ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq, ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər malikdir. 1121.3. Zərərin əvəzi yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək, on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək, əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük, əlilliyi olan şəxslərə - əlillik müddəti üçün, ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin
239. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən daxil olmuş 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ASC (VÖEN **********) 27 noyabr 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış “X8” ASC-nin 27 mart 2007-ci il tarixdə adının dəyişdirilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil Ştq, ünvan 1 tarixə olan uçot məlumatlarına əsasən, Cavabdeh ASC-nin fəaliyyəti və vergi tutulan digər əməliyyatları dayandırılmış vəziyyətdədir. Həmçinin 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim olunmuş əmlak vergisi bəyannaməsinə əsasən ödəyicinin əmlakı müəyyən edilməmişdir. Göründüyü kimi Cavabdeh ASC-nin fəaliyyəti və vergi tutulan digər əməliyyatları dayandırılmışdır. Eləcə də iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbinin əsası Mülki Məcəllənin 1121.3-cü maddəsi təşkil edir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.3-cü maddəsinin tətbiq edilməsi üçün iddiaçıya münasibətdə 1121.1-ci maddəsində göstərilənlər müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1-ci maddəsində zərərçəkənin (ailə başçısının) öldüyü halda - ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; şəxsin ölümündən sonra doğulmuş uşağı; ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ olması göstərilmişdir. Qeyd olunan maddənin tələblərindən də göründüyü kimi zərərçəkənin (ailə başçısının) öldüyü halda hansı şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ olması göstərilmişdir. Hazırda isə iddiaçıya münasibətdə zərərin əvəzini almaq hüququ olan şəxslərə aid olan hər hansı hal müəyyən edilməmişdir, həmçinin iddiaçının əmək qabiliyyətinin olmaması öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı cavabdeh işəgötürənin bununla bağlı əmrinin olduğunu qeyd etsə də, qeyd edilən sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q ət e t d i : Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(002)- 2331/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.