Məhkəmə qərarları › İş №2(103)-1379/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1379/2021

27.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1379/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6268/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 “Q” saylı ünvandakı qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6268/2020 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda göstəri ki, qeydiyyatının ləğv edilməsini tələb etdiyi cavabdehlər ona məxsus ünvanda, ya da yaxınlıqda yaşamırlar. Sadəcə olaraq, onun ünvanı ev 65 ”Q” cavabdehlərin ünvanı ev 65 “q” olduğundan asan xidmətdən arayış alarkən ünvandakı böyük “Q” və kiçik “q” nəzərə alınmadığından həmin şəxslərin ona məxsus fərdi yaşayış evində qeydiyyatda olduqları görünür. Bu səbəbdən, o, hazırkı məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan qanunda göstərilən hallarda çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təstiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli 244 saylı Fərmanının 2-ci bəndinə əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Belə olan halda, rayon məhkəməsi hazırkı iddia ərizəsini icraata qəbul etməməkdə haqlı olmuşdur. Bununla belə, kollegiya qeyd edir ki, iddiaçı iki ayrı ünvandakı böyük “Q” və kiçik “q” ilə bağlı yaranmış məsələnin həll edilməsinə çalışır. Bu səbəbdən, iddiaçıya hazırkı məsələ ilə bağlı ünvanların verilməsi xidməti ilə məşğul olan müvafiq dövlət orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olmaqla, qərardadın ləğvinə səbəb olmadığından təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6268/2020 saylı qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İddiaçıya hazırkı məsələ ilə bağlı ünvanların verilməsi xidməti ilə məşğul olan müvafiq dövlət orqanına müraciət etmək hüququnun olması izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar