Məhkəmə qərarları › İş №2(103)-1379/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1379/2023

17.03.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1379/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzilin və ya pulun verilməsi tələbi barədə” iddiasına dair hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə2, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun istifadəsində olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşən cəmi 129,1 kv.metr torpaq sahəsinin əvəzinin kompensasiyası kimi 129,1 kv.metr sahəsi olan mənzilin və 180.000 manat məbləğində pulun cavabdeh MMC tərəfindən ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən fərdi yaşayış sahəsi və cəmi 129,1 kv.metr torpaq sahəsi onun mərhum əri X6 X3 Hərbi Dairəsinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmişdir. Belə ki, həmin İdarənin xx.xx.1991-ci il tarixli, 54/7/1129 saylı qərarına əsasən iddiaçının ərinin Müdafiə Nazirliyi sistemində uzunmüddətli işləməsi nəzərə alınaraq hissənin yaşayış fondundan 3 otaqlı mənzil ayrılaraq verilmişdir. Daha sonra qeyd olunan 3 otaqlı mənzilin ayrılması mümkün olmadığından bunun əvəzində 4 və 5 saylı mənzillər torpaq sahəsi ilə birlikdə onlara verilmişdir. Həmin evdə iddiaçıdan başqa 2 oğlu, 2 gəlini və 2 nəvəsi daxil olmaqla cəmi 7 nəfər şəxs yaşamışdır. Həmin mənzilə və qarşısında yerləşən 129,1 kv.metr olan torpaq sahəyə sahib olmaqları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-916 saylı qətnaməsində də öz təsdiqini bir daha tapmışdır. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli “Çıxarışdan” görünür ki, ünvan 2ndə istifadədə olan 0,09 ha torpaq sahəsində 45 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Torpaq sahəsinə görə iddiaçı tərəfindən müxtəlif tarixlərdə Bakı şəhəri Nərimanov bələdiyyəsinə torpaq vergisi də ödənilmişdir. "xxxx" layihəyə uyğun olaraq cavabdeh MMC həmin ünvanda çoxmənzilli yaşayış binasının inşasını həyata keçirməli idi. Bununla əlaqədar olaraq MMC, iddiaçının istifadəsində olan cəmi 129,1 kv.metr torpaq sahəsini götürmüş, lakin qeyd olunan torpaq sahəsinin əvəzi olaraq nə göstərilən ölçüdə iddiaçıya müvafiq mənzil verməmiş, nə də ki, həmin torpaq sahəsinə münasibətdə hər hansı bir kompensasiya ödənişi həyata keçirməmişdir. MMC-nin iddiaçıya qarşı bu cür davranışı ədalətli deyil və bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Çünki, "xxxx" layihəyə qədər iddiaçının əvvəllər yaşadığı mənzilin sahəsi xeyli böyük olmaqla həmin mənzilə aid və üzərində təxminən 10 meyvə ağacı olan 129,1 kv.metr torpaq sahəsi var idi. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh MMC qeyd olunan mənzilin əvəzində ona müvafiq mənzillər versə də, göstərilən torpaq sahəsinin əvəzində ona yeni mənzil vermək və ya orta bazar qiymətinə uyğun olaraq kompensasiya ödənişi etmək fikrində deyil. Belə ki, sözügedən 129,1 kv.metr torpaq sahəsinin 2018-2020-ci illər üzrə orta bazar qiyməti (söküntü işlərinə 2018-ci ilin yanvar ayında başlanılmışdır) xx.xx.2020ci il tarixli "xxxx" Qiymətləndirmə Şirkətinin rəyinə əsasən 180.000 manat təşkil edir. Lakin göstərilən torpaq sahəsinə görə iddiaçıya heç bir məbləğ ödənilməmiş və ya onun əvəzində hər hansı bir mənzil verilməmişdir. Halbuki, MMC, həmin sahədə yeni qeyriyaşayış obyektləri tikərək onların olduqca yüksək qiymətə satışını həyata keçirməkdədir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədilə iddiaçı tərəfindən cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilsə də, məsələ öz həllini tapmamışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onun MMC-yə qarşı irəli sürdüyü iddia tələbi əsaslıdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh MMC-nin iddia tələbinə qarşı olan etirazı onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilmiş, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının, Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosialiqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarının icrası ilə əlaqədar olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 243 nömrəli sərəncamı ilə bir neçə yerdə, o cümlədən iddia ərizəsində qeyd edilən ünvanda yerləşən, yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması, yeni çoxmənzilli yaşayış binalarının inşasının həyata keçirməsi MMC-yə tapşırılmışdır. MMC, onun üzərinə qoyulmuş tapşırığın icrası ilə əlaqədar, qeyd edilən ərazidə yaşayan sakinlər ilə, o cümlədən iddiaçı ilə razılığa gəlmiş və bir neçə müqavilə bağlayaraq iddiaçının istifadəsində olan mənzili və torpaq sahəsini iddiaçıdan qəbul edərək, bunun əvəzində iddiaçının və onun övladının adına mənzillər rəsmiləşdirmişdir. Belə ki, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən iddiaçıya və onun oğlu Vüsal Məmmədova sahəsi 62 kv.m. olan, 55,60 kv.m. olan və 60 kv.m. olan 3 ədəd hər biri 2 otaqlı mənzillər verilmişdir. Həmin müqavilələrdə qeyd edilmişdir ki, həmin mənzillər iddiaçının istifadəsində olan qanuni və qanunsuz sahələrin, torpaq sahəsinin əvəzi olaraq verilir. Bu şərtlər iddiaçı tərəfindən qəbul edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddia əsassızdır. İddiaçının məqsədi və niyyəti məhkəməyə müraciət etməklə sadəcə olaraq hüquqlarından sui-istifadə edərək MMC-dən əlavə vəsait və ya mənzil almaqdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində ona məxsus olmuş 129,1 kv.m. torpaq sahəsinin əvəzində cavabdeh MMC-dən onun xeyrinə mənzil və ya pul şəklində kompensasiyanın ödənilməsini tələb etsə də, həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edə biləcək hər hansı bir hüquqi sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçının mülkiyyətində olan mənzillə bağlı cavabdeh arasında bağlanan satış müqavilələrinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəf mülkiyyətində olan mənzili tam formada cavabdehə satmış və satarkən isə “Forma 1” arayışına əsasən müəyyən edilmiş özbaşına tikililər barədə heç bir qeyd şərt qoymayaraq bütün halda müqavilə bağlamışdır. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi iddiaçıya rəsmi və faktiki sahəsinin ölçüsündən artıq sahə verilmişdir. Halbuki, iddiaçının faktiki sahələrə heç bir hüququ qeydə alınmamışdır. Bu hüquqa mülkiyyət hüququndan əmələ gələn sahiblik, istifadə, sərəncamverici hüquqlarının heç biri müəyyən edilməmişdir. Belə ki, sahibliyin özü də qanuni olmalı, bu sahiblik özbaşına tikilərlə əlaqələndirilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli 27 saylı və 27 "xxxx" saylı ilkin müqavilələrin məzmunundan görünür ki, cavabdeh MMC ilə iddiaçı və iddiaçının övladı X7 arasında bağlanmış müqavilələrə əsasən iddiaçıya və onun ailə üzvlərinə məxsus məhz 5 otaqlı, ümumi sahəsi 134 kv.metr olan mənzilin müqabilində ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 103 kv.m. mənzili iddiaçının və tam təmirli 2 otaqlı, 62 kv.m. mənzili Vüsal Məmmədovun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh MMC qarşılıqlı razılaşma yolu ilə tam təmirli 3 otaqlı, 103 kv .m. mənzilin əvəzinə 27 saylı müqavilə əsasında S154 saylı və S155 saylı, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə iddiaçıya ayı-ayrı 2 otaqlı və 1 otaqlı təmirsiz mənzillər, Vüsal Məmmədova isə əvvəlki qaydada, ilkin 27 "xxxx" saylı müqavilədə nəzərdə tutulduğu kimi 2 otaqlı tam təmirli mənzil vermişdir. Lakin bu xüsusatlar Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. İddiaçıya məxsus mənzilə bitişik sahədə tikililərin və hasarlanmış 129,1 kv.m. həyətyanı sahəsinin mövcudluğu işdə olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-916 saylı qətnaməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli “Forma 1” arayışı ilə təsdiq olunur. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi olmasa da, bu hal onun həmin torpaq sahəsi üzərində əmlak hüquqlarının olmasını istisna etmir. Buna görə də, mülkiyyətçi olmayan iddiaçının əmlak hüquqları hər bir halda müdafiə edilməlidir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, sökülən sahənin əvəzi kimi iddiaçıya mənzil verilən zaman onun əvvəl sahib olduğu sahə təhrif olunub. İddiaçının sahibliyində 129,1 kv.m. torpaq sahəsinin olmasına baxmayaraq, bu torpaq sahəsi nəzərə alınmayıb. Bundan başqa, müqavilə bağlanılanda mövcud olan qiymətlər ilə hazırki qiymətlər arasında fərq var. Bununla bağlı qiymətləndirmə rəyini də təqdim ediblər. Həmin rəydən də görünür ki, mübahisəli torpaq sahəsinin hazırki qiyməti 180.000 manatdır.

9. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, MMC tərəfindən humanistlik göstərərək iddiaçının faktiki istifadəsində olan, heç bir hüquqi sənədi olmayan qanunsuz tikililəri və həyətyanı sahəni də nəzərə almaqla, iddiaçının yaşayış sahəsini 134 kv.m. qiymətdəndirmişdir. Göründüyü kimi, MMC tərəfindən iddiaçıya, iddiaçının sahib olduğu sahədən də çox sahə verilmişdir. 4-5 il keçdikdən sonra iddiaçının bu kimi iddia ilə MMC-yə qarşı çıxış etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, X3 Hərbi Dairəsinin Mənzil-İstismar İdarəsi tərəfindən N saylı hərbi hissəsinin komandirinə, surəti Abşeron rayon Mənzil İstismar Hissəsinə ünvanlanmış xx.xx.1991-ci il tarixli məktubundan görünür ki, İdarə (iddiaçının mərhum əri) X5 Müdafiə Nazirliyi sistemində uzun müddət işləməsini nəzərə alaraq, Mənzil İstismar Hissəsinin yaşayış fondundan 3 otaqlı mənzilin Vaqif Məmmədova ayrılması barədə qərar qəbul etmişdir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsindən (İş № 2-916/2000) görünür ki, həmin qətnamə ilə iddiaçı Abşeron rayon Mənzil İstismar Hissəsinin cavabdeh Vaqif Məmmədova qarşı irəli sürdüyü “Bakı şəhəri, Yusifzadə küçəsi, 20 saylı evin 4 və 5-ci mənzilin planının dəyişdirilməsi və qanunsuz tikililərin ləğv edilməsi tələbi barədə” iddiası rədd edilmişdir.

13. Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il tarixli “Reyestrdən çıxarışın” təsdiq edilmiş fotosurətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 20 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 46,85 kv.m ümumi, 34,45 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə hazırki iş üzrə iddiaçının mülkiyyətində olmuşdur.

14. Rayon Məhkəməsinin sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Forma 1” arayışından görünür ki, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” 725 nömrəli reyestr kitabının 68030 nömrəli vərəqində qeydiyyata alınmışdır. Müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikililər haqqında məlumat: mənzilə bitişik 57,0 kv.m. zal, hamam, sanitar qovşağı inşa edilmişdir. 9,6 kv.m. bir otaq tikilmişdir. Həyətyanı sahəsi hasara alınmış və ərizəçinin 129,6 kv.m. həyətyanı sahədə 6,1 kv.m. sanitar qovşağı inşa edilmişdir.

15. Rayon Məhkəməsinin sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş (iddiaçının övladları) Nümayəndə1 və X7 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar yaşadıqları (yuxarıda qeyd edilən) 4 nömrəli mənzilinin anaları olan iddiaçının adına özəlləşməsinə etiraz etməmişlər.

16. Rayon Məhkəməsinin sorğusuna cavab olaraq həmin İdarə tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 024221 nömrəli orderdən görünür ki, (yuxarıda qeyd edilən) həmin mənzil iddiaçıya ayrılmışdır. Ailə tərkibi 3 nəfər (iddiaçının özü, 2 övladı) .

17. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 27 saylı müqavilədən görünür ki, MMC, Əliyar Əliyev küçəsi, 20, mənzil 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada iddiaçıya məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, 134 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 103 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdeh MMC-yə təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

18. Cavabdeh MMC ilə iddiaçının övladı X7 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 27 "xxxx" saylı müqavilədən görünür ki, MMC, (yuxarıda qeyd edilən) 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada yerləşən həmin mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş həmin 5 otaqlı, 134 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı, 62 kv.m. mənzili Vüsal Məmmədovun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Vüsal Məmmədov bu müqaviləyə əsasən həmin mənzili söküntü üçün MMCyə təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

19. Satıcı qismində çıxış edən cavabdeh MMC ilə alıcı qismində çıxış edən iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, S154 saylı müqavilədən görünür ki, MMC, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində yerləşən və onun tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci blokundan 2 otaqlı, 60 "xxxx" saylı, 60 kv.m. təmirsiz mənzili onların arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 27 saylı ilkin müqaviləyə əsasən iddiaçının mülkiyyətinə vermişdir. İddiaçı həmin mənzili mülkiyyətinə qəbul etmişdir. İddiaçı, ona məxsus olmuş və həmin ərazidə yerləşən (sökülmüş) 4 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” və mənzillə bağlı kommunal borcların olmaması barədə arayışın satıcı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

20. Satıcı qismində çıxış edən MMC ilə alıcı qismində çıxış edən iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, S155 saylı müqavilədən görünür ki, MMC, yuxarıda qeyd edilən binanın 1-ci blokundan 1 otaqlı, 58 saylı, 55,60 kv.m. təmirsiz mənzili onların arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 27 saylı ilkin müqaviləyə əsasən iddiaçının mülkiyyətinə vermişdir. İddiaçı həmin mənzili mülkiyyətinə qəbul etmişdir. İddiaçı, ona məxsus olmuş və həmin ərazidə yerləşən (sökülmüş) 4 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” və mənzillə bağlı kommunal borcların olmaması barədə arayışın satıcı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

21. Satıcı qismində çıxış etmiş MMC ilə alıcı qismində çıxış etmiş (iddiaçının övladı) Vüsal Məmmədov arasında bağlanmış xx.xx.2018-ci il tarixli, S156 saylı müqavilədən görünür ki, MMC, yuxarıda qeyd edilən binanın 1-ci blokundan 2 otaqlı, 61 saylı, 62 kv.m. təmirli mənzili onların arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 27 "xxxx" saylı ilkin müqaviləyə əsasən Vüsal Məmmədovun mülkiyyətinə vermişdir. Vüsal Məmmədov həmin mənzili mülkiyyətinə qəbul etmişdir. Vüsal Məmmədov (sökülmüş) 4 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” və mənzillə bağlı kommunal borcların olmaması barədə arayışın satıcı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

22. İddiaçının vəkili X1 əsasən “Əmlak Bazarı İstehlakçıları” İB tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticəsində verilmiş xx.xx.2020-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən” görünür ki, iddia ərizəsində qeyd edilən 129,1 kv.metr (1,29 sot) torpaq sahəsinin xx.xx.2020-ci il tarixə bazar dəyəri 180.000 manat təşkil edir.

23. İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciətdən görünür ki, o, həmin torpaq sahəsinə dair 180.000 manat məbləğində kompensasiyanın verilməsi və ya torpaq sahəsinin əvəzində ona 129,1 kv.metr mənzilin verilməsi barədə onunla MMC arasında müqavilə bağlanmasını və müraciətinə 1 həftə müddətində yazılı cavabın verilməsini xahiş etmişdir.

24. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Rayon Məhkəməsinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2ndə istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 46,85 kv.m. ümumi, 34,45 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzilin, cəmi 129 kv.m. torpaq sahəsində inşa edilən tikinti obyektinə dair məlumatlar tikintilərin dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir.

25. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavininin Rayon Məhkəməsinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh MMC tərəfindən sözügedən və iddia ərizəsində göstərilən ərazidə 3 yaşayış binasının inşası başa çatdırılmış, 4-cü binanın inşası isə davam etdirilir.

26. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə hesabata əsasən ünvan 2 ünvanında yerləşən binada 129 kv.metr sahəsi olan mənzilin bazar dəyəri 129.000 manat təşkil edir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

27. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən olunur ki, ünvan 2, 20 nömrəli evin ümumi sahəsi 46,85 kv.metr olan 2 otaqlı 4 saylı mənzil iddiaçının mülkiyyətində olmuşdur (bax: hazırki qətnamənin 13cü bəndinə). Həmin mənzilin qanuni sahəsi ilə özbaşına tikili olan sahəsinin ümumi ölçüsü (46,85+57+9,6+6,1=) 119,55 kv.metr olmuşdur (bax: bənd 14). Buna baxmayaraq cavabdeh MMC, onunla iddiaçı və iddiaçının övladı (hazırki iş üzrə tərəf olmayan) Vüsal Məmmədov arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2 ədəd müqavilədə iddiaçının yaşayış sahəsini 134 kv.metr kimi (14,45 kv.metr artıq) hesablamışdır (bax: bəndlər 17 və 18).

29. Həmçinin həmin müqavilələrdə qeyd edilmişdir ki, MMC, “Daşınmaz əmlakın dövlət reyestrində” iddiaçının adına qeydə alınmış ümumi (qanuni) sahəyə 25% əlavə edilməklə 3 otaqlı, 103 kv.metr sahəsi olan tam təmirli mənzili iddiaçıya, iddiaçının övladı Vüsal Məmmədova isə 2 otaqlı, 62 kv.metr sahəsi olan tam təmirli mənzili (cəmi 165 kv.metr) verməkdən ibarət öhdəliyi öz üzərinə götürür (bax: bəndlər 17 və 18).

30. Məhkəmə qeyd edir ki, həmin müqavilələrdə göstərilənlərə əsasən bəlli olur ki, MMC tərəfindən iddiaçıya və iddiaçının övladı Vüsal Məmmədova təhvil verilməli sahənin ölçüsü (46,85+(25%=)11,71=) 58,56 kv.metr olmalı idi, lakin MMC üzərinə öhdəlik götürmüşdür ki, onlara cəmi 165 kv.metr (yəni razılaşdırılmış ölçüdən 106,44 kv.metr artıq) sahəsi olan cəmi 3 mənzil təhvil verəcək.

31. İşin hallarından daha sonra görünür ki, MMC, onunla iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2 ədəd müqaviləyə əsasən (60+55,6=) cəmi sahəsi 115,6 kv.metr təşkil edən 2 ədəd təmirsiz mənzil, onunla Vüsal Məmmədov arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən sahəsi 62 kv.metr təşkil edən 1 ədəd təmirli mənzil, ümumilikdə isə onların hər ikisinə (60+55,6+62=) 177,6 kv.metr sahədən ibarət 3 ədəd mənzil vermişdir (bax: bəndlər 19, 20 və 21).

32. Bu müqavilələrdə göstərilənlərə əsasən isə bəlli olur ki, MMC, iddiaçıya və iddiaçının övladı Vüsal Məmmədova cəmi 165 kv.metr (yəni 106,44 kv.metr artıq) sahəsi olan cəmi 3 mənzil təhvil verməli olduğu halda, onlara cəmi 177,6 kv.metr (yəni daha 12,6 kv.metr artıq) sahəsi olan cəmi 3 mənzil təhvil vermişdir.

33. Göstərilənlərə əsasən ümumilikdə müəyyən edilir ki, MMC tərəfindən iddiaçıya və iddiaçının övladına cəmi (177,6 - 58,56=) 119,04 kv.metr əlavə sahə verilmişdir.

34. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.).

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (maddə 77.1.), məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

36. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini, MMC tərəfindən iddiaçıya və iddiaçının övladına kompensasiya kimi verilməli olan razılaşdırılmış sahədən 119,04 kv.metr əlavə sahə verilməsini, iddiaçının, onunla və onun övladı ilə MMC arasında xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdən müqavilələr bağlandıqdan 2 il 1 ay sonra, yəni xx.xx.2020-ci il tarixdə məktubla müraciət edərək onun istifadəsində olmuş 129,1 kv.metr torpaq sahəsinin əvəzi olaraq ona 180.000 manat məbləğində kompensasiyanın verilməsi və ya torpaq sahəsinin əvəzində ona 129,1 kv.metr mənzilin verilməsi barədə müraciət ünvanlanmasını nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin bildirdiyi və iddia tələbinə etirazı ehtiva edən dəlil, yəni MMC-nin iddiaçının faktiki istifadəsində olan qanunsuz tikililəri və həyətyanı sahəni də nəzərə almaqla, iddiaçıya naturada və kifayət qədər həcmdə kompensasiya verilməsi barədə dəlili əsaslıdır.

37. Məhkəmə, MMC tərəfindən iddiaçıya naturada verilmiş kompensasiyanın həcmini ağlabatan və ədalətli hesab edir. Çünki torpaq sahəsinin və özbaşına tikililərin iddiaçının istifadəsində olmasının qanuni əsas olmamışdır.

38. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən MMC-yə qarşı yönəlmiş iddia tələbi, habelə iddia ərizəsinə uyğun əsaslandırılmış apellyasiya şikayətinin müzakirə edilən bu dəlilləri əsassızdır.

39. Apellyasiya şikayətinin bir dəlili də, ondan ibarətdir ki, cavabdeh MMC, onların arasında bağlanmış müqavilələrə əsasən iddiaçıya və iddiaçının övladına tam təmirli 3 otaqlı, 103 kv.metr mənzilin əvəzinə S154 saylı və S155 saylı, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə iddiaçıya ayı-ayrı 2 otaqlı və 1 otaqlı təmirsiz mənzillər, Vüsal Məmmədova isə əvvəlki qaydada, ilkin 27 "xxxx" saylı müqavilədə nəzərdə tutulduğu kimi 2 otaqlı tam təmirli mənzil vermişdir. Lakin bu xüsusatlar Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır.

40. Məhkəmə bildirir ki, qeyd edilən dəlildə təsvir edilmiş xüsasatlar işdə olan sənədlər ilə öz təsdiqini tapsa da, bu dəlil əsaslı hesab edilə və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı və onun övladı cavabdeh MMC ilə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə yazılı müqavilələr bağlamaq ilə qeyd edilən qaydada mənzillərin onlar verilməsi barədə şərtləri bəyənmiş və şərtləri qəbul etmişlər (bax: hazırki qətnamənin 19, 20 və 21ci bəndlərinə). Bu razılaşma Mülki Məcəllənin 405-ci maddəsində ifadə olunmuş tələblərinə uyğun olmuşdur (Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1.). 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır (maddə 405.2.)).

41. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, hazırki işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməklə faktlar nöqteyi-nəzərindən və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar