Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1379/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşılıqlı iddiası üzrə (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (baş podratçı), X6 (subpodratçı) və Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli üçtərəfli podrat müqavilələrinə əsasən baş podratçı sifarişçiyə məxsus olan ünvan 1 ünvanında evin hörgü, beton, suvaq və damın örtülməsi işlərinin həyata keçirilməsini, sifarişçi isə hazır obyekti qəbul edib işlərin dəyərini razılaşdırılmış qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, tərəflər qəbul etmişdilər ki, bu müqavilənin xx.xx.2018-ci il tarixdə imzalanmasına baxmayaraq, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş evin hörgü və beton işləri Baş Podratçı tərəfindən artıq tamamlanmışdır və Sifarişçi tərəfindən təhvil alınmışdır. Bu müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də şamil edilir və artıq tamamlanmış və təhvil alınmış hörgü və beton işlərinin, o cümlədən görüləcək suvaq və damın örtürülməsi işlərinin dəyəri sifarişçi tərəfindən Baş podratçıya tam həcmdə müqavilənin 4.1-ci bəndinə əsasən ödənilir. Hörgü və beton işləri tamamlanmış tikilinin suvaq və damın örtülməsi işlərini yerinə yetirmək üçün Baş podratçı subpodratçını cəlb edir. Həmin bəndə isə sifarişçi bu müqavilə üzrə görülmüş işlərə görə baş podratçıya hər kv.m üçün 200 manat (1-ci mərtəbə - 192,4 kv.m, 2-ci mərtəbə - 180,6 kv.m, 3-cü mərtəbə - 180,6 kv.m, cəmi 553,6 kv.m), ümumi - 117,200 manat ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən göstərilən məbləğ qiyməti Bakı şəhəri ərazisində digər mağazalardan yüksək olmamaq şərti ilə mebel dəstləri ilə ödənilə bilər. Ödəniş işləri başa çatdırıldıqdan sonra iki ay müddətinə tam yerinə yetirilməlidir. Bundan sonra eyni baş podratçı, sifarişçi, lakin subpodratçı qismində X9 arasında xx.xx.2019-cu il tarixdə yenidən üçtərəfli podrat müqaviləsi bağlanmışdır. Bu müqavilənin də görülən işlərin qiyməti ilə bağlı 4.1-ci və 4.2-ci bəndləri birinci müqavilənin həmin bəndləri ilə eyni məzmunlu olmuşdur. Bu müqavilənin 1.3-cü bəndinə əsasən hörgü, beton işləri, damın örtürülməsi və evin daxili suvaq işləri artıq tamamlanmış tikilinin çöl suvaq işlərini yerinə yetirmək üşün Baş podratçı subpodratçını cəlb edir. xx.xx.2019-cu il tarixli “görülmüş işlərin təhvil” aktında xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinə əsasən Abşeron rayonu, Mehdiyabad qəsəbəsi, 14 ünvanında yerləşən “Sifarişçi”yə məxsus 3 mərtəbəli tikilinin çöl suvaq işlərinin müqavilənin tələblərinə uyğun tam yerinə yetirildiyi göstərilmiş və X9 (subpodratçı) işləri keyfiyyətçə tam təhvil verdiyini, sifarişçi Cavabdeh isə müqaviləyə uyğun yerinə yetirilmiş işləri keyfiyyətdə qəbul etdiyini imzaları ilə təsdiqləmişdilər. Həmin aktın doğruluğu hər üç tərəfin imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1489 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş, xx.xx.2018-ci il tarixli üçtərəfli podrat müqaviləsinin 1-2-ci vərəqlərinin aşağısında olan soldan sağa 1-ci imzalar və 3-cü vərəqində “Əскəров P” sözünün qarşısındakı imza; xx.xx.2019-cu il tarixli üçtərəfli podrat müqaviləsinin 1-2-ci vərəqlərinin aşağısında olan soldan sağa 1-ci imzalar və 3-cü vərəqində “Sifarişçi” qrafasındaki imza; mülki işin 24-cü vərəqində olan xx.xx.2019-cu il tarixli görülən işlərin təhvil aktında “Müqaviləyə uyğun yerinə yetirilmiş işləri keyfiyyətcə qəbul edir” qrafasındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/981 saylı rəyinə əsasən ünvan 1 ünvanında inşa edilmiş evin mərtəbələrinin və zirzəminin ümumi sahəsinin 746,3 kv.m. təşkil etdiyi, tədqiq olunan fərdi yaşayış evinin tam təmir olunduğunu, zirzəminin təmirinin yarımçıq şəkildə olduğunu nəzərə olaraq, həmin fərdi yaşayış evində görülmüş təmir- tikinti işlərinin qüsurlu icra olunubolunmamasını müəyyən etməyin mümkün olmadığı, təqdim edilmiş foto-şəkillərə, layihə sənədlərinə əsasən tədqiq olunan evin inşa edilməsi üçün sərf edilmiş vəsaitin dəyərinin iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli üçtərəfli podrat müqaviləsi üzrə həmin dövrün orta bazar qiymətlərinə uyğun olaraq təqribən 74.440 manat məbləğində olması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 26.200 manat pulun və 170,10 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli podrat müqaviləsinə əsasən onun tərəfindən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən evin hörgü, beton, suvaq və damın örtülməsi işləri həyata keçirilmişdir. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə müqavilənin imzalanmasına baxmayaraq tərəflər qəbul edirlər ki, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş evin hörgü, beton işləri və damın örtülməsi, eləcə də daxili suvaq işləri artıq tamamlanmışdır. Müqavilənin bağlandığı anda yalnız çöl suvaq işləri həyata keçirilməmişdir. Müqavilənin 2.1-ci bəndində daha sonra göstərilmişdir ki, bu müqavilə ilə müəyyənləşdirilən işlərin dəyəri həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödənilməlidir. Müqavilənin 4.1-ci bəndi ilə sifarişçi, yəni hazırkı iş üzrə cavabdeh görülmüş işlərin dəyəri kimi 117.200 manat məbləğində pul vəsaitinin ödənilməsini öhdəsinə götürmüşdür. Tikinti üçün tələb olunan bütün materiallar, avadanlıqlar, detallar və məmulatlar, eləcə də zəruri texnikalar onun tərəfindən təmin olunmuşdur. Müqavilənin 1.1-ci bəndi ilə sifariş olunan tikinti işlərinin icrasından qalan çöl suvaq işlərinin tamamlanma müddəti müqavilənin 3.1-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixinədək müəyyənləşdirilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən iddiaçı tərəfindən təchiz edilmiş materialların və görülmüş işlərin dəyəri əvəzinə Bakı şəhəri ərazisində olan digər mebel mağazalarından satış dəyəri yüksək olmamaq şərti ilə müvafiq mebel dəstlərinin verilməsi müəyyənləşdirilmişdir. Həmin bəndə əsasən ödəniş (o cümlədən naturada mebel olaraq) işlər başa çatdırılmasından sonra iki ay müddətində yerinə yetirilməli idi. İddia ərizəsinə əlavə edilən xx.xx.2019-cu il tarixli görülən işlərin təhvil aktından görünür ki, müqaviləyə əsasən sifarişçi, hazırkı iş üzrə cavabdehə məxsus 3 mərtəbəli tikilinin son işləri, yəni çöl suvaq işləri də yuxarıda sözügedən müqavilənin şərtlərinə uyğun olaraq onun tərəfindən tam icra olunmuşdur. Sifarişçiyə müvafiq keyfiyyətdə tam təhvil verilmiş, sifarişçi isə müqaviləyə uyğun yerinə yetirilmiş işləri keyfiyyətcə qəbul etmişdir. Cavabdeh tərəfindən əl yazısı ilə yazılmış sənəddən görünür ki, onun tərəfindən ona mebel və digər avadanlıqlar olaraq, ümumilikdə 90.500 manat dəyərində naturada əmlaklar verilmişdir. Hazırda cavabdehin qalıq borcu 26.200 manat təşkil edir. Cavabdehə dəfələrlə qalan borcun pul və ya natura şəklində ödənilməsi üçün müraciətlər olunsa da, qalan borcunu bu və ya digər formada hazırkı vaxtadək ödəməmişdir.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, podrat müqavilələri və təhvil-təslim aktında olan imza ona məxsus deyil, həmin müqavilə və aktın kim tərəfindən imzalanması barədə məlumatsızdır, hər üç sənəddə olan imzalar ona məxsus deyil. Belə ki, iddiaçı ilə aralarında şifahi sövdələşmə olmuş və onun tərəfindən iddiaçıya 90.500 manat məbləğində mebellər verilmişdir. İddiaçı tikintini keyfiyyətli aparmamış, divarların hörgüsündə köhnə mişar daşından istifadə etmişdir ki, bu da daha çox tikinti materiallarının getməsinə səbəb olmuşdur. Bundan başqa tikintinin yekunlaşdırılması gecikdirildiyi üçün iddiaçı tikintidən uzaqlaşdırılmış və evin tikintisi başqa şəxslərə həvalə edilmişdir.
5. Bundan sonra Cavabdeh qarşılıqlı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçıdan 16.060 manat pulun və 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında razılaşmaya əsasən işlərin görülməsi qiyməti 1 kv.m üçün 200 manat deyil, 170 manat, ümumilikdə isə 90.500 manata görülməsi nəzərdə tutulmuşdur. Həmin məbləğ də tərəflər arasında razılaşmaya əsasən onun tərəfindən mebellə ödənilmişdir. İşlər eskiz layihəyə uyğun görülmüşdür. Layihəyə əsasən də bir mərtəbənin ölçüsü (bayır divarları nəzərə alınmaqla) 175 kv.m təşkil edir, üç mərtəbənin ümumi sahəsinin ölçüsü isə 175x3=525 kv.m edir. Bayır divarları nəzərə alınmadan evin ümumi sahəsi 1-ci mərtəbə 150 kv.m, 2-ci mərtəbə 145.25 kv.m, 3-cü mərtəbə 142.3 kv.metr, cəmi 437,55 kv.m metr təşkil edir. Tərəflər arasında razılaşdırılmış qiymətin, yəni 1 kv.m üçün 170 manat olduğunu nəzərə aldıqda ümumi işlərin dəyəri 437,55 x 170= 74 384 manat təşkil edir. Belə olan halda da onun iddiaçıya 16.116 (90.500 - 74.384) manat artıq pulun ödənildiyi müəyyən edilir.
7. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti təmin edilərək, X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
8. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaya qarşı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə mübahisə predmetini təşkil edən müqavilələrdə və aktdakı imzaların qarşı tərəfə aid olduğu müəyyən ediləndən sonra cavabdeh qarşılıqlı iddiasında göstərilən digər xüsusatlara istinad etmişdir. Göründüyü kimi, cavabdeh öhdəliyini icra etməkdən yayınmaq üçün, hətta öz imzasını danmaqdan belə çəkinməmişdir. Belə ki, onun tərəfindən 553,6 kv. metr həcmində tikinti hər kv. metrin dəyəri 200 manat məbləğində olmaqla tam icra olunmuş, və beləliklə də hazırkı vaxtda cavabdehin 117.200 manat məbləğində pul öhdəliyi aranmışdır. Cavabdeh bu öhdəliyinin 90.500 manat məbləğində olan hissəsini icra etmişdir. Beləliklə də ona müqavilə üzrə 26.700 manat (117.200- 90.500=26.700) məbləğində borcu qalmışdır. İddia olunan 26.200 manatla müqavilə üzrə borc arasındakı fərq məbləği ilə bağlı isə qeyd etmişdir ki, yuxarıda göstərilən üçtərəfli müqavilələr və akt tərtib edilərkən cavabdehə məxsus olan torpaq sahəsində əvvəllər mövcud olmuş tikilinin sökülməsi, söküntü materiallarının daşınması və həmin yerdə yeni tikinti üçün özülün (katlavanın) qazılması üçün razılaşdırılmış 7.000 manat da bu məbləğə daxil edilmişdir. Bu səbəbdən də qalıq borc məbləği ümumilikdə 117.200 manat olaraq göstərilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 14.284 manat borcun, 92,70 manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 130 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi, xətşünaslıq və tikinti-texniki ekspertizalarının cəmi dəyəri – 227 manatın 103,25 manatının İddiaçı, 123,75 manatının Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X7)
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı (podratçı) tərəfindən podrat müqaviləsinin şərtlərinə qismən əməl olunması və müqavilədə razılaşdırılmış işlərin qismən, yəni – 523,92 kv.m ümumi sahəsi olan evin tikilməsi, cavabdeh (sifarişçi) tərəfindən görülmüş işlərin təhvil alınması təsdiq edilmişdir. Eyni zamanda, tərəflərin izahatlarından və iddia ərizələrindən göründüyü kimi, görülmüş işlərin bir hissəsi müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən 90.500 manat dəyərində mebellə ödənilmişdir. Müqavilə ilə görüləcək işlərə görə 1 kv.m üçün 200 manat ödənilməsinin nəzərdə tutulduğu nəzərə alınaraq cavabdeh tərəfindən iddiaçıya 14.284 manat (523,92 x 200 – 90.500) ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehə məxsus torpaq sahəsində əvvəllər mövcud olmuş evin sökülməsi, söküntü materiallarının daşınması və evin özülünün qazılması işlərinin dəyərinin podrat müqaviləsindən kənar tərəflər arasında 7.000 manata razılaşdırılmasını bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən işlərin qüsurla görülməsini, evin divarlarının əyri olmasını, vurulmuş suvağın ovularaq tökülməsini bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi qismən təsdiq edildiyindən qismən təmin edilərək cavabdehdən 14.284 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
11. Bundan əlavə məhkəmə hesab etmişdir ki, tədqiq olunmuş sübutlarla qarşılıqlı iddia tələblərinin əsaslandırıldığı hallar, yəni cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş işlərin dəyərindən 16.060 manat artıq pulun ödənilməsi təsdiq edilmədiyindən qarşılıqlı iddia təmin edilə bilməz və rədd edilməlidir.
12. Məhkəmə məhkəmə xərcləri ilə bağlı hesab etmişdir ki, ilk iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 170 manat məbləğində dövlət rüsumunun 92,70 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş cəmi 130 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
13. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, xətşünaslıq və tikinti-texniki ekspertizalarının cəmi dəyəri – 227 manatın 103,25 manatı iddiaçıdan, 123,75 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 389.1-ci, 390.1-ci, 752.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi (cavabdehdən iddiaçının xeyrinə 27.200 manat pulun və ödənilmiş dövlət rüsumunun tam tutulması) barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini ilk iddianın məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd etmişdir ki, əvvəllər mövcud evin sökülməsi və söküntülərin daşınması və özülün qazılması işlərinin onun tərəfindən icra olunmasını cavabdeh də inkar etməmiş, lakin tələbə etirazını belə əsaslandırmışdır ki, guya, bu işlərin görülməsi də evin ümumi sahəsinə (kvadrat metrə) daxil edilmişdir. Lakin tərəflər arasında olan müqavilədən göründüyü kimi, evin ümumi tikinti sahəsinin hər kv.metrinin 200 manata vurulmasından əlavə 7.000 manatın da nəzərə alınması ilə ümumi müqavilə dəyəri 117.200 manat razılaşdırılmışdır. Evin tikilməsi zamanı əvvəlki evin sökülməsi və özülün qazılmasına dair əlavə sübuta ehtiyac yoxdur, çünki işin bu hallarını cavabdeh inkar etməmiş, təsdiq etmişdir. Həmçinin, yeni evin tikilməsi zamanı özülün qazılması və doldurulması vacib şərtdir, bu olmadan evin tikilməsi mümkün olmazdı. Cavabdehlə bu məsələdə fikir ayrılığı ondan ibarətdir ki, cavabdeh bu işlərin evin ümumi sahəsinə daxil olduğunu bildirir. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, evin faktiki sahəsi layihədə göstərilən ölçülərdən kənara çıxmış və xx.xx.2019-cu il tarixli müqavilədə faktiki ölçülər üzrə evin sahəsi 553.6 kv.m göstərilmişdir. Həmin tarixdə evin ümumi tikinti işləri artıq tamamlanmışdır. Məhkəmə tərəfindən maddi hüquq normasının seçilməsi əsasən düzgün olsa da, işin hallarının düzgün qiymətləndirilməməsi və hüququn təfsirində səhvə yol verilməsi ilə iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlinmişdir. İşin müəyyən olunan hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə yerinə yetirilən (icra olunan) işlərin haqqı konkret olaraq məbləğlə razılaşdırılmışdır. Həmçinin, müqavilənin ödənişə dair şərti cavabdeh tərəfindən də qismən icra olunmuş və 90.500 manat öhdəliyin naturada icra edilməsi müəyyən olunmuşdur. Deməli, cavabdeh tərəf də müqaviləni kreditorun xeyrinə qismən icra etmiş, sonradan qalan öhdəliyinin icrasından yayınmışdır. Bu halda da 390.1-ci maddənin tələbləri baxımından cavabdeh tərəfindən müqavilə üzrə 117.200 manat podrat haqqı ödənilməsinə razılıq verildiyi və öz imzası ilə müqaviləni, təhvil aktını təsdiqlədiyini nəzərə alınmalı idi. Tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipindən irəli gələrək, aralarında olan razılaşdırılmış müqavilə qiymətinin məhkəmə tərəfindən azaldılması müqavilə azadlığı prinsipinə zidd olmuşdur. Belə ki, tərəflərin razılaşdığı məbləği ödəmək vəzifəsi cavabdehin üzərində olduğu halda, məhkəmənin öz mülahizəsi ilə evin sahəsini müəyyənləşdirməsi əsassız və qanunsuz nəticəyə səbəb olmuşdur. Bundan əlavə, tərəflər arasında müqavilə podrat münasibətləri ilə bağlıdır. O, cavabdehin sifarişi əsasında podrat işlərini yerinə yetirmişdir. İstinad olunan maddi hüquq normalarına görə cavabdeh yerinə yetirilmiş podrat işlərinin əvəzində razılaşdırılmış muzdu ödəmək vəzifəsi daşıyır. Podrat muzdu isə müqavilədə konkret olaraq müəyyənləşdirilmiş, qismən də olsa cavabdeh tərəfindən icra olunmuşdur. Belə olan halda podrat muzudunun tam ödənilməsi vəzifəsi cavabdehin üzərindədir, məhkəmənin öz mülahizəsi ilə cavabdehi bu vəzifədən “azad etməsi” həm də Mülki Məcəllənin 752, 753, 769-cu maddələrinin tələbinə ziddir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə ilk iddiaya münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsini yanlış təfsir etmiş, həmin məcəllənin 5.3, 324, 386.1, 389.1, 390, 404, 405, 425, 442, 448-ci, 752, 753, 769-cu maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir.
17. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
18. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, məhkəmə heç bir sənədə və sübuta əsaslanmadan ekspertin rəyini səhv kimi qiymətləndirmiş və obyektiv həqiqəti ortaya çıxartmağa heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə ekspert rəyinin işin hallarına təsirini sıfırlamaq qərarına gəlmiş, lakin bu nəticəyə gəlməsini hüquqi cəhətdən əsaslandırmağı vacib bilməmişdir. Belə olduqda sual yaranır əgər işdə olan sənədlərə əsasən iş üzrə qətnamə qəbul olunması mümükün idisə nəyə görə ekspertiza təyin olunmuş və ekspert rəyi alınmasına 8 (səkkiz) ay vaxt sərf edilmişdir. Məhkəmənin gəldiyi nəticə səhvdir və yaranmış mübahisə ekspert rəyində özünün obyektiv həllini tapmasına baxmayaraq, məhkəmə həmin rəydən kənara çıxmışdır. Bundan başqa ekspertizanın keçirilməsinə etiraz edən iddiaçı tərəf ekspert rəyi ilə razılaşmamış və iki dəfə vəsatət qaldıraraq təkrar və əlavə ekspertiza keçirilməsini təkidlə xahiş etmiş, hər iki halda məhkəmə ekspert rəyinin obyektiv və əsaslı olmasını qeyd edərək qarşı tərəfin vəsatətlərini təmin etməmişdir. Belə olan halda əsaslı olaraq sual yaranır: əgər ekspert rəyi obyektiv və əsaslıdırsa nəyə görə məhkəmə qərar qəbul edərkən həmin rəyə əsaslanmamış və gözlənilmədən iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə qərar qəbul edərkən əsaslandığı 2 podrat müqavilələri məhkəmədə mübahisləndirilmiş və müqavilələrin saxta olması, vaxtında tərtib olunmaması və işlərin lazımı keyfiyyətaə təhvil verilməməsi həmin dövrə aid şəkillər və digər sənədlərlə kifayət qədər sübut olunmuşdur. Lakin məhkəmə bu sübutlardan da yan keçərək qarşılıqlı iddia ilə bağlı heç bir sübut təqdim etmədiyimizi qeyd etmişdir. Bütün materiallar mülki işin materiallarına əlavə olunmuş və hətta bu işlərin həyata keçirilməsində iştirakı olmuş şəxslərin məhkəməyə dəvət olunmasına dair vəsatətlərdə verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və ilk iddianın, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və qarşılıqlı iddianın, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti X5 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 10/981 saylı ekspert rəyinin nəticə hissəsində texniki səhv nəticəsində mübahisəli evin mərtəbələrinin və zirzəminin ümumi sahəsinin 746,3 kv.m. təşkil etdiyinin göstərildiyini, həqiqətdə bu sahənin 446,3 kv.m. ölçüdə olduğunu bildirmişdir.
23. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
26. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsini, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı isə qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdiyindən, bununla da tərəflər nəticə etibarı ilə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiklərindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, belə qənaətə gəlir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalı olan pulun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməlidir.
31. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə podrat müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh sifarişi əsasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində üç mərtəbəli evin tikintisi, o cümlədən evin hörgü, beton, suvaq və damın örtülməsi işlərinin görülməsi, sonuncu isə görülmüş işlərə görə hər kv.m üçün 200 manat (1-ci mərtəbə - 192,4 kv.m, 2-ci mərtəbə - 180,6 kv.m, 3-cü mərtəbə - 180,6 kv.m, cəmi 553,6 kv.m) olmaqla, ümumilikdə 117.200 manat pulun ödənilməsi, göstərilən qiymətin mebel dəstləri ilə də ödənilə bilməsinin mümkünlüyü barədə razılığa gəlmişlər. xx.xx.2019-cu il tarixli “görülmüş işlərin təhvil” aktına əsasən üçüncü şəxs X9 (subpodratçı) müqavilə şərtlərinə əsasən həmin tikilinin çöl suvaq işlərini tam təhvil verdiyini, ilk iddia üzrə cavabdeh isə işləri müqaviləyə uyğun keyfiyyətdə qəbul etdiyini imzaları ilə təsdiqləmişdir. Həmin aktın doğruluğu isə hər üç tərəfin, o cümlədən ilk iddia üzrə iddiaçının imzası ilə təsdiq edilmişdir.
32. Hazırda ilk iddia üzrə iddiaçı həmin müqavilələrə və akta istinadən öz üzərinə götürdüyü öhdəliyi tam icra etdiyini və müqavilə üzrə razılaşdırılmış fərdi yaşayış evini inşa və təmir edərək, qarşı tərəfə təhvil verdiyini, lakin sonuncu tərəfindən sifarişin müqavilə üzrə müəyyən edilmiş dəyərinin cəmi 90.500 manat məbləğinin ödənildiyini, qalan məbləğin bugünədək ödənilmədiyini iddia edərək, ödənilməmiş 26.200 manat pulun qarşı tərəfdən xeyrinə tutulmasını tələb edir.
33. İlk iddia üzrə cavabdeh isə hazırda işlərin 1 kv.m. 200 manata deyil, 170 manata razılaşdırdıqlarını, ümumiyyətlə sifarişin müqavilə üzrə müəyyən edilmiş keyfiyyətdə və müddətdə icra edilmədiyini, yəni qüsurlu icra edildiyini, bu səbəbdən işin sonradan başqa şəxslərə həvalə edildiyini, müqavilədə göstərilən sahədə işlərin görülmədiyini, tikinti sahəsinin 553,60 kv.m. deyil, cəmi 437,55 kv.m. təşkil etdiyini, nəticədə ondan 16.060 manat pulun artıq alındığını bildirir və həmin məbləğin qaytarılmasını tələb edir.
34. Nəzərə alınmalıdır ki, bu sahəni tənzimləyən qanunvericilik podratçı tərəfindən podradın nəticələrinin qüsursuz icra edilməsi vəzifəsini təsbit etmiş, eyni zamanda, qüsurlara bərabər tutulan və qüsurlardan azad hesab edilən podratın nəticələrini ayırd etməklə, həmin nəticəyə uyğun olaraq tərəflərin mümkün davranışlarını, habelə hüquq və vəzifələrini müəyyən etmişdir. Bu münasibətlər çərçivəsində sifarişçinin məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onun qəbul edilməsinin mümkünlüyü də təsbit edilmiş və bu davranışın yaratdığı nəticələr açıqlanmışdır.
35. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, tərəflər arasında bağlanmış həm xx.xx.2018-ci il tarixli, həm də xx.xx.2019-cu il tarixli üçtərəfli müqavilələrin 4.1-ci bəndi eyni məzmunlu olmuş və həmin bəndə əsasən ilk iddia üzrə cavabdeh hər kv.m. üçün 200 manat olmaqla, ümumilikdə 553,6 kv.m. (1-ci mərtəbə - 192,4 kv.m., 2-ci mərtəbə - 180,6 kv.m., 3-cü mərtəbə 180,6 kv.m) həcmdə tikinti işlərinin görülməsinə görə cəmi 117.200 manat məbləğində pulun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2018-ci il tarixli müqavilənin 1.3-cü bəndində hörgü və beton işlərinin tamamlandığı, tikilinin suvaq və damın örtülməsi işlərinin qaldığı göstərildiyi halda, bundan 10 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin 1.3-cü bəndində hörgü və beton işləri ilə yanaşı artıq damın örtürülməsi və evin daxili suvaq işlərinin də tamamlandığı, tikilinin çöl suvaq işlərinin qaldığı göstərilmişdir. Başqa sözlə, ilk iddia üzrə cavabdeh xx.xx.2019cu il tarixdə müqaviləni imzalayan zaman onun şərtləri ilə razılaşmış, o cümlədən hüquqi nəticə etibarı ilə 1.3-cü bəndində göstərilən işlərin görülməsini qəbul və təsdiq etmişdir. Həmin vaxt tikili sahə etibarı ilə tam hazır olmaqla onun üçün əlçatımlı olmuş və bu baxımdan tikilinin real sahəsinin ölçülməsi və həqiqətdə müqavilədə göstərilən 553,6 kv.m. ölçüdə deyil, daha az, yəni onun tərəfindən iddia edilən 437,55 kv.m. ölçüdə işlərin görülməsinin müəyyən edilməsi mümkün olmuşdur. Bu hal müqavilənin 1.2-ci bəndi ilə də öz təsdiqini tapır. Belə ki, həmin bənddə müqavilənin 1.3-cü bəndində tamamlanmış kimi göstərilmiş işlərin ilk iddia üzrə cavabdeh tərəfindən təhvil alındığı göstərilmişdir. Buna baxmayaraq, ilk iddia üzrə cavabdeh görülmüş işlərin sahəsi (ölçüsü), habelə işlərin tam və ya hər hansı hissəsinin qüsurlu icra edilməsi ilə bağlı ilk iddia üzrə iddiaçıya qarşı pretenziya irəli sürməmiş, həmçinin hazırki mövqeyinə uyğun olaraq xx.xx.2019-cu il tarixli müqavilənin məzmununun və ya şərtlərinin dəyişdirilməsini, bundan əvvəlki müqavilənin ləğv edilməsini tələb etməmiş, xx.xx.2019-cu il tarixli müqavilənin bağlanmasından da imtina etməyərək, nəticə etibarı ilə həmin müqaviləni imzalamışdır.
36. xx.xx.2019-cu il tarixli müqavilə imzalandıqdan sonra da tərəflər arasında həmin müqavilədən irəli gələn münasibətlərdə hər hansı rpoblemin yarandığı müəyyən edilmir. Əksinə üçüncü şəxs də daxil olmaqla xx.xx.2019-cu il tarixdə onların arasında “görülmüş işlərin təhvil” aktı imzalamışdır. Həmin aktda ilk iddia üzrə cavabdehə məxsus 3 mərtəbəli tikilinin çöl suvaq işlərinin müqavilənin tələblərinə uyğun tam yerinə yetirildiyi göstərilmiş, eyni zamanda, üçüncü şəxs tərəfindən işlərin keyfiyyətçə tam təhvil verildiyi, ilk iddia üzrə cavabdeh tərəfindən isə müqaviləyə uyğun yerinə yetirilmiş işlərin keyfiyyətçə qəbul edildiyi qeyd edilmiş və bu tərəflər öz qeydlərini imzaları ilə təsdiq etmişdilər. Nəticə etibarı ilə bu akt ilk iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh və üçüncü şəxs tərəfindən təsdiq edilmişdir. Həmin akt, həmçinin, müqavilənin 1.3-cü bəndində göstərilən sonuncu, yəni tikilinin çöl suvaq işlərinin də yerinə yetirildiyini və bununla da ilk iddia üzrə iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyini təsdiq edir. Həmin akt xx.xx.2019-cu il tarixli müqavilədən 4 ay sonra imzalanmış (mövcud olan hər hansı qüsuru müəyyən etmək üçün əlavə müddət), lakin bu zaman ilk iddia üzrə cavabdeh yenə də hər hansı pretensiya irəli sürməmiş, o cümlədən hər hansı işin qüsurlu icra edildiyini, cəmi 437,55 kv.m. sahə üzrə tikinti işlərinin aparıldığını bildirməmiş, sonuncu olan bu işin keyfiyyətli yerinə yetirilməklə ona təhvil verildiyini təsdiq etməklə, eyni zamanda, hüquqi nəticə etibarı ilə müqavilə üzrə görülmüş bütün əvvəlki işlərin də müqavilənin şərtlərinə uyğun, yəni tam və qüsursuz icra edildiyini qəbul və təsdiq etmişdir. İlk iddia üzrə cavabdehin müqavilələri, habelə aktı məhz bu məzmunda imzalamağa məcbur edən, habelə hər hansı qüsur barədə qeydlərin aparılmasını qeyri-mümkün edən hər hansı hal da aşkar edilməmişdir. Qeyd edilənlər qüsurlu icra və sahə ilə bağlı ilk iddia üzrə cavabdehin dəlillərinin əsassız olduğunu təsdiq edir.
37. Bununla belə, tikinti işlərinin qüsurlu aparılmasının müəyyən edilməsi üçün ilk iddia üzrə cavabdehin bütün imkanları və kifayət qədər vaxtı olmuşdur. Digər tərəfdən hazırda ilk iddia üzrə iddiaçı tərəfindən podrat müqaviləsi üzrə işlərin qüsurlu icra edildiyi müəyyən edilsə belə, ilk iddia üzrə cavabdeh hər hansı pretenziya irəli sürməməklə, əksinə işlərin tam və keyfiyyətli görülməsini təsdiq edərək, evi (xx.xx.2019-cu il tarixli müqavilənin 1.2-ci bəndi və xx.xx.2019-cu il tarixli akt) təhvil almaqla, bu sahəni tənzimləyən qanunvericiliyin müddəalarının, xüsusilə də Mülki Məcəllənin 773-cü maddəsinin tələbləri baxımından qüsurlarla bağlı tələb irəli sürmək hüququnu itirmişdir.
38. Məhkəmə kollegiyası tikinti sahəsi ilə bağlı qeyd edir ki, ilk iddia üzrə cavabdeh ilk olaraq ümumiyyətlə bu barədə hər hansı fikir söyləməmiş və mövqe irəli sürməmiş, podrat müqavilələrindəki və təhvil aktındakı imzaların ona məxsus olmadığı mövqeyindən çıxış etmişdir. Onun bu arqumentləri birinci instansiya məhkəməsi zamanı keçirilmiş məhkəməxətşünaslıq ekspertizası ilə təkzib edildikdən sonra qarşılıqlı iddia verilərkən başqa mövqedən çıxış etmiş və artıq öz aralarında işlərin 1 kv.m. 200 manata deyil, 170 manata razılaşdırdıqlarını bildirərək, tərəfindən artıq ödənilmiş 2.990 manat pulun ilk iddia üzrə iddiaçıdan onun xeyrinə tutulmasını tələb etmişdir. Bundan sonra tələbinin həcmini artıraraq, 16.060 manat pulun tutulmasını tələb etmişdir. Bu mövqeyində də sənədlərə istinadən evin sahəsinin 437,55 kv.m. olmasına əsaslanmışdır. Halbuki, 437,55 kv.m. işlərin dəyəri (437,55 x 170 = 74.383,50) 74.383,50 manat təşkil edir və bu baxımdan artıq ödənilmiş məbləğ qismində (90.500 – 74.383,50 =16.116,50) 16.116,50 manat tələb etməli idi. Hər bir halda, ilk müqavilə bağlanan zaman tikinti ilə bağlı müəyyən işlər görülmüş, ikinci müqavilə bağlanan zaman isə görülmüş işlərin həcmi xeyli artmışdır. Hər iki müqavilənin 4.1-ci bəndində işlərin hər kv.m. üçün 200 manat qiymət müəyyən edilmiş, bundan əlavə görülmüş işlərin müqabilində 90.500 manat məbləğində ödəniş edilmişdir. İşlərin 1 kv.m. ölçüsünə görə 170 manat razılaşdırıldığı təqdirdə bu hal həmin müqavilələrdə öz əksini tapmış olardı və ya 90.500 manat pulun ödənilməsi zamanı mübahisə yaradardı. Maraqlısı onan ibarətdir ki, bu mövqedən çıxış etsə də, ilk iddia üzrə cavabdeh 90.500 manat pulu 1 kv.m. üçün 170 manat hesablanmaqla ödənildiyini bildirmir.
39. Bundan başqa ilk iddia üzrə cavabdeh məhkəməyə təqdim etdiyi etirazında (i.v. 17) ilk iddia üzrə iddiaçı tərəfindən tikintinin tamamlanmasının və təhvil verilməsinin yerinə yetirilməməsi səbəbindən onu tikntidən uzaqlaşdırdığını və evin tikintisinin və təmir işlərinin başqa şəxslər tərəfindən tamamlandığını bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Onun tərəfindən xx.xx.2019-cu il tarixli aktın imzalanması da bu mövqeyin əsassız olduğunu təsdiq edir. Digər tərəfdən belə olduğu halda tikintiyə cəlb edilmiş şəxslər tikinti sahəsinin həqiqtdə müqavilə ilə müəyyən edilmiş sahədən az olduğunu ona bildirməli idi. Ümumiyyətlə ilk iddia üzrə cavabdeh artıq neçə ildir ki, həmin evdə yaşayır və ötən dövr ərzində ilk iddia üzrə iddiaçıya qarşı hər hansı pretenziya irəli sürməmişdir. Onun hərəkətləri, yəni qarşılıqlı iddiası, qarşılıqlı iddiadan əvvəl olan müqavilələri imzalamaması barədə mövqeyi ilk iddia üzrə iddiaçının ona qarşı pulun tutulması tələbini irəli sürdükdən sonra olmuşdur. Göstərilənlər öz növbəsində ilk iddia üzrə cavabdehin həqiqi mövqeyinin hüquqi nəticə etibarı ilə podrat müqaviləsi ilə müəyyən edilmiş məbləği ödəmək öhdəliyinin icrasından yayınması ilə bağlı olması qənaətinə gəlmək üçün əsas verir.
40. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin xx.xx.2023-cü il tarixli, 10/981 saylı ekspert rəyi ilə bağlı dəlillərinə və həmin rəyi tərtib etmiş ekspertin izahına münasibətdə qeyd edir ki, həmin ekspert rəyini tərtib etmiş ekspert Xəyyam İsgəndərov məhkəmə iclas zalına dəvət edilərək, rəylə bağlı yaranmış sualları cavablandırmış və bu zaman rəyin nəticə hissəsində texniki səhv nəticəsində mübahisəli evin mərtəbələrinin və zirzəminin ümumi sahəsinin 746,3 kv.m. təşkil etdiyinin göstərildiyini, həqiqətdə bu sahənin 446,3 kv.m. ölçüdə olduğunu bildirmişdir. Halbuki, ekspert rəyi yalnız nəticə hissəsindən ibarət deyil və özündə aparılmış tədqiqat üzrə yekun qənaəti əks etdirir. Məhkəmə eksperti isə məhkəmə iclas zalında bir neçə dəqiqə ərzində sənədləri nəzərdən keçirərək və nəticədə layihəyə istinad edərək, texniki səhvə yol verdiyini bildirmişdir. Halbuki, məhz həmin lahiyə sənədlərinə əsasən rəydə ümumi sahənin 746,30 kv.m. olduğu göstərilmişdir. Rəydə olan cədvəldən də sahənin 446,3 kv.m. olduğu müəyyən edilmir. Layihəyə nəzər yetirdikdə isə gözlə görünən sahələrin sadə riyazi hesablama yolu ilə toplanması nəticəsində tikinti sahəsinin 450 kv.m. artıq olduğu aşkardır. Hələ bu rəqəmə divarların sahəsi daxil deyil. Bu səbəbdən məhkəmə kollegiyası ekspertin izahını nəinki əsassız, ümumiyyətlə xüsusi biliyə malik olan şəxsin fəaliyyəti ilə bir araya sığmayan izah kimi qəbul edir. Bu səbəbdən məhkəmə kollegiyası məhkəmə ekspertinin izahını qəbul etmir və yuxarıda nümayiş etdirilmiş mövqeyi əsas götürərək, cavabdehin apellyasiya şikayəti üzrə bu və digər dəlillərini əsassız hesab edir.
41. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçının xeyrinə ödənilməli pulun məbləğinə münasibətdə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər müqavilədən qaynaqlanmış, tərəflər sərbəst iradə ifadələrini bəyan edərək müqavilə üzrə görülməli işlərə görə xidmət haqqını 117.200 manat məbləğində olması ilə bağlı razılığa gəlmişdilər. İlk iddia üzrə cavabdeh özü də həm ilk iddiaya qarşı etirazında, həm də apellyasiya şikayətində görülmüş işlərə görə 90.500 manat məbləğinin qarşı tərəfə verdiyini bildirməklə hüquqi nəticə etibarı ilə həmin müqavilənin bu barədə şərtini qismən icra edildiyini qəbul etmişdir.
42. Bununla belə, evin təhvil verildiyi tarixə ilk iddia üzrə cavabdeh müqavilə üzrə razılaşdırılmış sifariş məbləğinin tam ödənilməsini təmin etməmişdir. Buna görə də ilk iddia üzrə cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, podrat müaviləsi üzrə yaranmış borcunu razılaşdığı kimi ilk iddia üzrə iddiaçıya tam ödəməlidir.
43. Məhkəmə kollegiyası bu istiqamətdə onu da xüsusilə qeyd edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən ilk iddia üzrə cavabdeh tərəfindən görülmüş işlərə görə ödənilməmiş borc məbləği 26.700 (117.200 – 90 500) manat təşkil edir. Lakin buna baxmayaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə iddia üzrə irəli sürülmüş tələb həddində hüquqi qiymət verir və hesab edir ki, ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə iddia üzrə tələb edilən 26.200 manat məbləğində pul tutulmalıdır.
44. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehdən tutulmalı dövlət rüsumunun məbləğinə münasibətdə qeyd edir ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən ilk iddianın verilməsi üçün 168,60 manat məbləğində dövlət rüsumu ödənilməli olduğundan, ilk iddia üzrə cavabdehdən həmin məbləğdə dövlət rüsumu tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilk iddia üzrə iddiaçının özünə aid edilməlidir.
45. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin xeyrinə tutulmalı olan pulun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulmalı olan pulun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə 26.200 (iyirmi altı min iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 168,60 (bir yüz altmış səkkiz manat, altmış qəpik) manat hissəsinin əvəzi tutulsun. Dövlət rüsumunun qalan 1,50 (bir manat, əlli qəpik) hissəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.