Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1380/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı1 Abbasovnanın, onun nümayəndəsi və vəkili X4 və İddiaçı2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5927/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 Abbasovna tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Abbasovna, İddiaçı2, İddiaçı3 cavabdehlər Bakı şəhəri 40 saylı notariat ofisinin notariusu Cavabdeh1 və Cavabdeh2 qarşı - X7 miras qalmış əmlaka ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə 5/8 hissəsinə İddiaçı1 Abbasovnanın, 1/8 hissəsində İddiaçı3 və 1/8 hissədə isə İddiaçı2 vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Abbasovna mərhum həyat yoldaşı X16 ilə 12.03.1986-cı il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş və iki övladı -İddiaçı3 və İddiaçı2 olmuşdur. ünvan 2 ünvanında mənzil almışlar və bu mənzil tam mülkiyyət hüququ üzrə mərhum yoldaşının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 23.07.2020-ci il tarixində X16 vəfat etmişdir. 1-ci dərəcəli vərəsələri o və 2 ovladı, eyni zamanda, digər nikahdan olan övladı da daxildir, başqa heç bir varisi yoxdur. Mənzili faktiki olaraq miras əmlak kimi qəbul etmiş və ondan istifadə etmişdir. Yalnız bu yaxınlarda, o, həmin mənzilin öz adına rəsmiləşdirilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına görə Bakı şəhəri 40 saylı Notariat ofisinə notariat kontoruna müraciət etmişdi. Lakin notariat kontorunun xüsusi notariusu Hüseynova 01.02.2021-ci il tarixdə imtina məktubu verərək onun mərhum həyat yoldaşı ilə nikahının qüvvəyə minməsi və mübahisənin həlli məqsədilə məhkəməyə müraciət edilməsinin lazım gəldiyini bildirdi. Ərinin digər evliliyindən olan Tural adlı şəxs onun vərəsəlik hüququndan məhrum edilməsi üçün məhkəmələrə əsassız iddialar qaldırmış və guya əsaslandırmışdır ki, onunla atası arasında olan nikah etibarsızdır. Fəqət məhkəmələr onun əsassız iddiasını təmin etməmişdir. İddiaçılar Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-ci, 1159-cu, 1229cu, 1230-cu,1243-cü, 1246-cı, 1321-ci, 1322-ci maddələrinə istinad edərək məhkəmədən miras qalmış əmlaka dair vərəsəlik paylarının müəyyən edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5927/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 75, 28 saylı mənzilə İddiaçı3 1/3 (üçdə bir) hissədə, İddiaçı2 1/3 (üçdə bir) hissədə vərəsəlik paylarının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı1 Abbasovna apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı1 Abbasovna, onun nümayəndəsi və vəkili X6 və İddiaçı2 ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər İddiaçı3, cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinin notariusu Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Təqdim edilmiş sübutlar: - Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-8588/13 nömrəli 14.09.2021-ci il tarixli məktubunda göstərilirki, X10 atası X17, anası isə X8 olan 21.01.1950-ci il təvəllüdlü Aydın Məmmədovun, 31.08.1948-ci təvəllüdlü Lətifə Məmmədovanın, 14.09.1951-ci il təvəllüdlü Tərlan Məmmədovanın, 14.06.1957-ci il təvəllüdlü Vəli Məmmədovun və 01.09.1961-ci il təvəllüdlü Ayaz Məmmədovun doğumu Şəmkir rayonunun Sabirkənd icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Aydın Məmmədov 02.09.1977-ci ildə Səadət Sarayında (Bakı Nikah Evində) 16.04.1954-cü il təvəllüdlü X5 ilə nikaha daxil olmuş, nikahın pozulması isə 14.04.1982-ci il tarixində Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Bundan sonra onun 15.04.1982-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Qeydiyyat Şöbəsində 02.12.1950-ci il təvəllüdlü X20 ilə nikaha daxil olduğu, nikahın pozulması isə 07.11.2016-cı il tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, adıçəkilən şəxsin 12.03.1986-cı il tarixində Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsində xx.xx.1957-ci il təvəllüdlü Abbasova (Məmmədova) İradə Abbas qızı ilə bağladığı nikahın pozulmasına dair məlumat aşkar edilmədi. Həmçinin, atası A.Məmmədov, anası isə X.Məmmədova olan xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2 doğumu Səbail Rayon Qeydiyyat Şöbəsində, atası A.Məmmədov, anası isə İddiaçı1 olan xx.xx.1987-ciil təvəllüdlü İddiaçı2 və xx.xx.1990-ciil təvəllüdlü İddiaçı3 doğumu isə Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.10.2021-ci il tarixli **********05 nömrəli məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvan 238465 nömrəli, 22.05.1985-ci il tarixli Orderə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş 1/25 saylı 18.03.1985-ci il tarixli qərarın arxiv çıxarışına, Forma 2 arayışına, habelə İddiaçı1, İddiaçı2 razılıq ərizələrinə əsasən X10 adına 11.05.2005-ci il tarixində ilkin hüquqi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat - Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə; Ailə Məcəlləsinin 12.0.3, 25.1-ci; Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1, 1160, 1243.2, 1246-cı maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, X16 23.07.2020-ci il tarixində ölmüşdür. X2 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 75 saylı evin 28 nömrəli mənzili ondan qalmış miras əmlakdır. Mərhumun övladları xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ciil təvəllüdlü İddiaçı2 və xx.xx.1990-ci il təvəllüdlü İddiaçı3 onun birinci növbəli vərəsələridir. Məhkəmə qeyd edir ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1990-ci il təvəllüdlü İddiaçı3 qanunvericiliklə müəyyən edilmiş müddət ərzində vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədi ilə notariusa müraciət etmişlər. Məhkəmə İddiaçı1 Abbasovnanın mərhum X10 birinci növbəli vərəsəsi kimi tanınması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, miras qoyan X20 ilə nikahda ola-ola İddiaçı1 ilə nikaha daxil olmaqla Ailə Məcəlləsinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 ilə X12 nikahı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərini pozulmaqla bağlandığından, həmin nikah etibarsızdır. Belə ki, Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 mərhum X10 vərəsəsi kimi tanına bilməz. Nəticə etibarilə, mərhum X10 birinci növbədə olan vərəsələri onun övladları xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1990-ci il təvəllüdlü İddiaçı3dır. Odur ki, mərhumdan miras qalmış əmlak - Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 75 saylı evin 28 nömrəli mənzilə Cavabdeh2, İddiaçı2 və İddiaçı3 bərabər pay hüquqlarının mövcud olduğu tanınmaqla, mənzilə İddiaçı2 1/3 pay hüququ və İddiaçı3 1/3 pay hüququ tanınmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. İddiaçı1 Abbasovnanın apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan Aydın Məmmədov 23.07.2020-ci ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə 01 sentyabr 2000-ci ildən qüvvəyə minən Mülki Məcəllə qüvvədə olmuşdur. Hazırdada qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, Mülki Məcəllənin tələbinə görə İddiaçı1 və övladlarının miras qoyanın vəfatından sonra mübahisəli mənzildə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi, eləcə də qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi, notariat ofisinin isə iddiaçının miras qoyanla nikahının etibarsız olduğunu və vərəsələr arasında mübahisə olduğunu əsas gətirərək notariat hərəkətlərinin aparılmasından imtina etməsi işin mübahisəsiz halıdır. Buna əlaqədar, iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etsə də məhkəmə də İddiaçı1 Abbasovnanın mərhum X10 birinci növbəli vərəsəsi kimi tanınması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, miras qoyan X20 ilə nikahda ola-ola İddiaçı1 ilə nikaha daxil olmaqla Ailə Məcəlləsinin tələblərini pozmuş, ona görə bu nikah Ailə Məcəlləsinin tələblərini pozulmaqla bağlandığından, həmin nikah etibarsızdır. Əvvəla, məhkəmə miras qoyan Aydın X3 ilə nikahda ola-ola İddiaçı1 ilə nikaha daxil olmaqla Ailə Məcəlləsinin tələblərini pozduğunu və bu nikah Ailə Məcəlləsinin tələblərini pozulmaqla bağlandığından etibarsız olduğunu göstərsə də qeyd olunan nikah 12.03.1986-cı ildə bağlanarkən hazırda qüvvədə olan Ailə Məcəlləsi ümumiyyətlə qəbul edilməmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan olan maddi hüquq normalarına və və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən nikah, bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə, ailə qurmaq niyyəti olmadan nikah bağlandığı (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən bu Məcəllənin 17-ci maddəsində göstərilmiş hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. Bu əsaslara görə nikahın etibarsız hesab edilməsini, ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə, qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı var. İşin mübahisəsiz halı həm də ondan ibarətdir ki, hazırki iş üzrə İddiaçı1 qarşı nikahın etibarsızlığına dair iddia tələbini miras qoyanın birinci nikahından doğulmuş övladı, Cavabdeh2 irəli sürmüş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.12.2020-ci il tarixli qətnaməsi ilə Tural Məmədovun bu cür iddia qaldırmağa subyektiv hüququ olmadığından iddiası rədd edilmişdir. Miras qoyanla 15.04.1982-ci ildən 07.11.2016-cı ilədək nikahda olmuş X13 isə bu dövrlərdə İddiaçı1 qarşı nikahın etibarsızlığına dair iddiası olmamışdır. Demək sadalanan maddi hüquq normalarının tələblərinə görə ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında bağlanmış nikahın etibarsızlığını həmin nikahın bağlanması ilə hüquqları pozulmuş ər-arvadın tələb etməyə ixtiyarı vardır. Hazırda qüvvədə olan Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən də ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Bu Məcəllənin 26-cı maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsi dəqiq müəyyən edilmişdir. Bu Məcəllənin 26.1.5-ci maddəyə əsasən pozulmamış əvvəlki nikah üzrə ər(arvad) nikahın etibarsız sayılmasını tələb edə bilərdi. Ancaq qeyd olunduğu kimi miras qoyanla 15.04.1982-ci ildən nikahda olmuş X9 nikahı da artıq 07.11.2016-cı ildə pozulmuşdur. Demək, Afaq Rəhimova da istəsə belə bu cür iddia irəli sürməyə subyektiv hüququ yaranmayacaqdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 27.1-ci maddəsinə əsasən nikahın etibarsız sayılması barədə işə baxılanədək nikahın bağlanmasına qanuna görə maneə olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Demək, 07.11.2016-cı ildən artıq miras qoyanla İddiaçı1 arasında nikahın bağlanmasına qanuna görə maneə olan hallar da aradan qalxmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki iş üzrə hər hansı bir tələb olmadığından Ailə Məcəlləsinin 12.0.3, 25.1 və 25.2-ci maddələrini səhv təfsir edərək, özü də iddia tələbindən kənara çıxmaqla miras qoyan X21 Məmmədovanın arasında bağlanmış nikahı etibarsız hesab etməklə onun qanun üzrə vərəsəlik hüququnu pozmuşdur. Göstərilənlərlə yanaşı, İddiaçı1 miras əmlak üzərində 5/8 hissədə özünün, digər vərəsələrin isə 1/8 hissədə miras payının tanınmasını tələb etsə də iddiası bu həcmdə təmin edilə bilməz. Çünki, miras mənzil nə onların birgə nikahı dövründə əldə edilmiş, nədəki digər səbəbdən mirasqoyanla onun birgə nikah dövründə əldə etdikləri əmlak deyildir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26.01.1993-cü il tarixli Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsinə əsasən mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindəndir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Göründüyü kimi, mübahisəli miras mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzil kimi əvəzsiz əldə edildiyindən və İddiaçı1 həmin mənzilin miras qoyan Aydın Məmmədovun adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən(bax.i.v.97;103) həmin mənzil onların birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçılar Cavabdeh2 da cavabdeh kimi göstərsələrdə əslində o, da digər iddiaçılar kimi mirasdan bərabər pay almaq hüququna malik olan vərəsədir, bunu iddiaçılar da hər hansı bir formada inkar etmir. Ona görə onun da hazırki iş üzrə miras payının müəyyən edilməsi prosessual qənaət prinsipinin tələblərinə də uyğundur. Çünki, məhkəmə özü də iddiaçıların bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçıların həqiqi istəyinin həm də Cavabdeh2 vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payının müəyyən olunmasına və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına nail olmaq olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı1 Abbasovna tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5927/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki 75 nömrəli evin 28 saylı mənzilinə İddiaçı1 Abbasovnanın 1/4 (dörddə bir) hissədə, İddiaçı3 1/4 (dörddə bir) hissədə, İddiaçı2 1/4 (dörddə bir) hissədə, Cavabdeh2 1/4 (dörddə bir) hissədə vərəsəlik hüquqları tanınmalı və payları müəyyən edilməli, həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 40 saylı Notariat Ofisinə həvalə edilməli, iddianın qalan hissələri təmin edilməməli, iddia ərizəsi və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümu iddiaçıla aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı1 Abbasovnanın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5927/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi qismən təmin edilsin. X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki 75 nömrəli evin 28 saylı mənzilinə İddiaçı1 Abbasovnanın 1/4 (dörddə bir) hissədə, İddiaçı3 1/4 (dörddə bir) hissədə, İddiaçı2 1/4 (dörddə bir) hissədə, Cavabdeh2 1/4 (dörddə bir) hissədə qanun üzrə vərəsəlik hüquqları tanınsın və payları müəyyən edilsin, həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 40 saylı Notariat Ofisinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizələri və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümları iddiaçılara aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1380/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1380/2022
07.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver