Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1382/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3891/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından İddiaçı (nümayəndəsi-vəkili Vəkil1) tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Dillər Universiteti” X16 xx.xx.2023-cü il tarixli 1/236 saylı əmrinin ləğv edilməsi, "Azərbaycan Dillər Universiteti” X16 Filologiya fakültəsinin X20 dilçilik kafedrasının professoru vəzifəsinin tutulması üzrə xx.xx.2023-cü il tarixli müsabiqənin İddiaçı aid hissədə nəticələrinin ləğv edilməsi, İddiaçı "Azərbaycan Dillər Universiteti” X17 Ümumi dilçilik kafedrasının tam ştat professoru vəzifəsinə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi, İddiaçı ödədiyi 60 manat mediasiya xərci, 1000 manat vəkil xidməti xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3891/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verməklə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3891/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermiş, həmin formanın 8-10-cu bəndlərində göstərilmiş qrafalar boş buraxılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin 26 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir: “məhkəmənin bu əsaslandırmasını şikayətə məzmun baxımdan deyil, sırf formal münasibət kimi qiymətləndiririk. Bununla belə hesab edirik ki, formal baxımdan da Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3891/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyimiz apellyasiya şikayəti “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-yə də tamamilə uyğundur. Belə ki, iddiaçı olaraq Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3891/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən məhz maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini hesab etdiyimiz üçün narazıyıq. Əlavə 2-dəki “Apellyasiya şikayətinin forması”nın 6-cı bəndi “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlanır. Apellyasiya şikayətində həmin 6-cı bənd doldurulmuş və orada AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və “Ali Təhsil Müəssisələrində Professor- Müəllim və X6 X7” Əsasnamənin pozulması, bu pozuntuların nədən ibarət olduğu ətraflı göstərilmişdir. Əlavə 2-dəki “Apellyasiya şikayətinin forması”nın 7-ci bəndi “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlanır. Apellyasiya şikayətində həmin 7-ci bənd doldurulmuş və orada AR Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinin və AR Mülki Prosessual Məcəlləsinin 175.1.-ci maddəsinin pozulması, bu pozuntuların nədən ibarət olduğu ətraflı göstərilmişdir. Əlavə 2də “Apellyasiya şikayətinin formasındakı” 8, 9, 10-cu bəndlərində müvafiq olaraq Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, Birinci instansiya məhkəməsi tərəİindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər və Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər göstərilə bilər. Yəni, qanunun mənasına görə əgər apellyasiya şikayətini verən şəxs Əlavə 2-də “Apellyasiya şikayətinin formasındakı” 8, 9, 10-cu bəndlərində göstərilmiş dəlillərə görə də məhkəmə qətnaməsi ilə razı deyildirsə, bu halda həmin dəlilləri də Formanın həmin bəndlərində mütləq göstərməlidir. Məntiqi olaraq, əgər apellyasiya şikayətini verən şəxs Əlavə 2-də “Apellyasiya şikayətinin formasındakı” 8, 9, 10-cu bəndlərində göstərilmiş dəlillərə görə məhkəmə qətnaməsini mübahisələndirmirsə, onda həmin dəlillərin Formanın həmin bəndlərində göstərilməsinə də zərurət qalmır. Əks mövqe, şikayəti verən tərəfin iradə ifadəsinə də zidd olardı, çünki bu halda tərəf arzulamadığı dəlillərə görə əlavə əsaslar göstərmiş olardı ki, bu da onun öz hüquqlarının iradəsinin ziddinə olaraq məcburən tətbiqi ilə nəticələnərdi. Lakin yuxarıda göstərdiyim kimi iddiaçı olaraq Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3891/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini hesab etdiyimiz üçün apellyasiya şikayətində də yalnız Əlavə 2-dəki “Apellyasiya şikayətinin forması”nın müvafiq olaraq 6-cı və 7-ci bəndlərini doldurmuşuq. Əgər apellyasiya şikayətində Nəsimi rayon məhkəməsi e-2(006)-3891/2023 saylı xx.xx.2023- cü il tarixli qərardadında qeyd edildiyi kimi, Əlavə 2-dəki Formanın 8, 9, 10-cu bəndlərindən başqa 6, 7-ci bəndlərini də doldurmasaydıq, onda Nəsimi rayon məhkəməsi haqlı ola bilərdi. Çünki bu halda apellyasiya şikayəti əsaslandırılmamış olacaqdı və şikayəti mümkünsüz hesab ediləcəkdi. İndiki halda isə Nəsimi rayon məhkəməsi e-2(006)- 3891/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə tamamilə formal əsaslarla, əslində heç formal əsaslar da olmadan apellyasiya şikayətini geri qaytarmış, bununla da iddiaçının məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozmuşdur. Yuxarıdakılara əsasən, Nəsimi rayon məhkəməsinin e-2(006)-3891/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə heç bir əsas olmadan, hətta yuxarıda qeyd etdiyim kimi formal əsaslar belə olmadan iddiaçının apellyasiya şikayətinin geri qaytarılması AR Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları, məhkəmə müdafiəsi hüququnu pozur, yuxarı məhkəmə instansiyasına şikayətin qarşısını alır.” Qeyd olunanlara əsasən şikayətinin təmin edilməsi və qərardadın ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3891/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-in 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş forma və məzmunda verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3891/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, məhkəmə iddiaçının apellyasiya şikayətini 2 saylı Əlavədə göstərilmiş bəzi hissələrin (8-10-cu qarafaların) doldurulmaması əsası ilə geri qaytarmışdır. Lakin kollegiya diqqətə çatdırır ki, apellyasiya şikayətinin məzmununa həsr olunan MPM-in 361-ci maddəsində qeyd olunan məlumatların göstərilməsinin vacibliyi təsbit olunmamışdır. Buna baxmayaraq, məhkəmə iddiaçının ehtiyac görmədiyi və doldurulması zəruri olmayan hissələrin əks olunmamasına görə iddiaçının apellyasiya şikayətini geri qaytarmışdır. Diqqətə çatdırılır ki, “Apellyasiya şikayətinin forması”nı müəyyənləşdirən Əlavə 2-nin 8-10-cu bəndlərini apelyator özü arzuladığı halda, məhz həmin bəndlərdə göstərilmiş dəlillərə görə də məhkəmə qətnaməsi ilə razılaşmadığı halda əks etdirə bilər. Bu səbəbdən kollegiyanın gəldiyi qənaətə görə birinci instansiya məhkəməsinin apellyasiya şikayətini geri qaytararkən istinad etdiyi hal qanunvericiliyin müəyyən etdiyi apellyasiya şikayətinin forma-məzmuna dair tələblərin pozuntusu olmayıb onun geri qaytarılması üçün əsas ola bilməz. Bununla bağlı kollegiya vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı bir sıra qərarlarında qeyd etmişdir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarında isə məhkəmələrin diqqətinə çatdırmişdır ki, məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Qeyd edilənlərdən aydın olur ki, məhkəmələr əsassız formal yanaşmalar tətbiq edərək fiziki və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnu çətinləşdirən məhdudiyyətlərə yol verməməlidir. Əks yanaşma, məhkəməyə əlçatanlığın və yuxarıda sadalanan digər dəyərlərin təmin edilməsi baxımından arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxarmaqla, dövlətin bu sahədə məqsədlərinə çatmasına əngəl törədərdi. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X9rşı işlər). “X3rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər. Bundan əlavə, Avropa Məhkəməsinin mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X5rşı iş). Beləliklə, göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd edilən əsaslara görə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamışdır, ona görə də şikayət təmin edilməli və qərardad ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3891/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-1382/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1382/2024
24.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver