Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1385/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı “əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa edilmə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-4151/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı əlavə iş yeri olaraq Bakı Şəhər Heyvanat Parkında “Təsərrüfat şöbəsinin müdiri” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2021-ci il tarixinədək 2 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinin müddəti bitdikdə müqavilənin bitmə tarixindən başlayaraq 1 həftə ərzində ona xitam verilmədiyi təqdirdə müqavilə avtomatik olaraq uzadılır.
2. 13.08.2021-ci il tarixdə imzalanmış əmək müqaviləsinə 1 saylı əlavəyə əsasən, həmin tarixdən işçinin vəzifə maaşı 950 manat məbləğində müəyyən edilmişdir.
3. 07.09.2021-ci il tarixdə imzalanmış əmək müqaviləsinə 2 saylı əlavəyə əsasən, əmək müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
4. xx.xx.2022-ci il tarixdə imzalanmış əmək müqaviləsinə 3 saylı əlavəyə əsasən, işçi xx.xx.2022-ci il tarixdən “İnzibati-təsərrüfat şöbəsinin müdiri” vəzifəsinə keçirilmiş və ştat cədvəlinə uyğun olaraq vəzifə maaşı 950 manat məbləğində müəyyən edilmişdir.
5. 09.03.2022-ci il tarixdə imzalanmış əmək müqaviləsinə 4 saylı əlavəyə əsasən, əmək müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
6. 08.09.2022-ci il tarixdə imzalanmış əmək müqaviləsinə 5 saylı əlavəyə əsasən, əmək müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.
7. 03.03.2023-cü il tarixdə imzalanmış əmək müqaviləsinə 6 saylı əlavəyə əsasən, əmək müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.
8. 03.03.2023-cü il tarixdə imzalanmış əmək müqaviləsinə 7 saylı əlavəyə əsasən, xx.xx.2023-cü il tarixdən işçinin vəzifə maaşı 1.092,5 manat məbləğində müəyyən edilmişdir.
9. Bakı Şəhər Heyvanat Parkının xx.xx.2023-cü il tarixli, 102/K nömrəli əmri ilə Bakı Şəhər Heyvanat Parkının İnzibati-Təsərrüfat şöbəsinin müdiri İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə tutduğu vəzifəsindən azad edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Heyvanat Parkı tərəfindən verilmiş 102/K nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, Bakı şəhər Heyvanat Parkı ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, Bakı şəhər Heyvanat Parkında inzibati-təsərrüfat şöbəsinin müdiri vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, habelə 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı Şəhər Heyvanat Parkında təsərrüfat şöbəsinin və inzibatitəsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. İntizamlı işçi olmuş və heç bir zaman tənbeh edilməmişdir. Onunla ilk dəfə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi “əlavə” iş yeri kimi bağlanmış, bir müddət sonra isə “əsas” iş yeri kimi rəsmiləşdirilmişdir.Ona əmək müqaviləsinin surəti verilməmişdir. Bircə onu bilir ki, onu hər dəfə çağırıb sənədlərə imza etdirirdilər. İddia ərizəyə əlavə etdiyi “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”lərindən görünür ki, onunla əmək müqaviləsi “müddətli” bağlanmaqla, əvvəlcə xx.xx.2021-ci il, daha sonra xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərədək bağlanmışdır. Yuxarıda da qeyd etdiyi kimi, o, əmək müqavilələrinin surətini almamışdır. Əksinə indi məlumatı olub ki, əmək müqaviləsinə 8 dəfə dəyişiklik olunub. Sonuncu dəyişiklik xx.xx.2023-cü il tarixdə olub, daha sonra isə xx.xx.2023-cü il tarixdə onu Əmək Məcəlləsinin 68.2 (b) maddəsinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçası 48-ci vərəqindən görünür ki, o, 19 nömrəli, xx.xx.2021-ci il tarixli əmrlə işə qəbul olunmuş, lakin əmək müqaviləsinin müddətli olması barədə orada qeyd yoxdur. İşdən çıxma əmrində əsas kimi “əmək müqaviləsi” qoyulsa belə, həmin müqavilə ona təqdim olunmayıb. Əmək kitabçasından göründüyü kimi, o, Bakı Şəhər Heyvanat Parkında əvvəl təsərrüfat şöbəsinin və daha sonra son olaraq inzibati-təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. İnzibati-təsərrüfat şöbəsinin müdirinin vəzifəsi təsərrüfat xidməti üzrə işinə rəhbərliyi həyata keçirir, ərazilərdə təmizliyə riayət olunmasını təmin edir, təsərrüfat avadanlığının saxlanılmasını, onun bərpa edilməsini, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin edir. Ona görə də əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına onun razılığı olmayıb. Razılıq deyiləndə iradə ifadəsi başa düşülür. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Onun müddətə (3 aya) münasibətdə motivi olmamışdır. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz, motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə onun iradəsi yoxdur. Ona görə də hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bəndi) uydurma sayılır. O, Laçın rayonundan olan məcburi köçkündür, ailə maddi cəhətdən təmin etmək üçün yeganə iş yeri hazırki müəssisə olmuşdur. Ona görə də “müddətli” əmək müqaviləsi ümumiyyətlə onun marağına cavab verə bilməzdi. 1991-1992-ci illərdə Laçın rayonu uğrunda olan döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Mübahisənin Mediasiya qaydasında həll edilməsi üçün müraciət etməsinə baxmayaraq, mediasiyanın keçrilməsi baş tutmamış və X2 29.2-ci maddəsinə əsasən ona arayış verilmişdir. Mediasiyanın keçirilməsi ilə əlaqədar olaraq 50 manat və poçt xərci 10 manat məbləğində mediasiyaya dair xərc onun tərəfindən ödənilmişdir.
12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 4151/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia təmin edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı işəgötürənlə müqavilə bağlayarkən bu müqavilənin hər vərəqinə imza atmaqla öz iradəsini ifadə etmiş, müqavilənin bəndlərinə razılığını bildirmişdir. Nəzərə alınmalıdır ki, bu müqaviləyə sonradan tərəflərin qarşılıqlı razılığı əsasında əlavə edilməklə müqavilənin müddəti uzadılmışdır. İşçi işəgötürənlə xx.xx.2021-ci il tarixdə ilk əmək müqaviləsi bağlayarkən ondan asılı vəziyyətdə olmamışdır. İddiaçı tərəfindən bu asılılığın olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçının müqaviləni müddətli bağlamağa etiraz etmək imkanı olsa da, bu etirazını bildirməmiş, əksinə qeyd edildiyi kimi müqavilənin hər vərəqini imzalamaqla buna razılığını ifadə etmişdir. Tərəflər arasında bağlanmış bu münasibətlər beş ildən artıq davam etməmiş, işçi daha əvvəl işəgötürənlə müddətsiz əmək müqaviləsi bağlamamışdır. Belə olan halda işəgötürən və işçi arasında əmək müqaviləsinin müddətli bağlanması qanunauyğun olmaqla işçinin hüquqlarını pozmamışdır. İşəgötürən Əmək Məcəlləsinin 73-cü maddəsinin ona verdiyi imkandan istifadə edərək əmək müqaviləsinə xitam vermişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onunla müddətsiz əmək müqaviləsinin bağlandığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir; əksinə məhkəmənin qənaətinə görə iddiaçının, onunla müddətsiz əmək müqaviləsinin bağlandığını iddia etdiyi müddətli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaları da imzalaması, onun həmin arqumentini inandırıcı hesab etməyə imkan vermir. Çünki, əgər iddiaçı müddətsiz əmək müqaviləsi bağlamış olsaydı, o zaman əvvəlki müqavilənin sadəcə onun vəzifəsinin dəyişdirilməsi və ya əmək haqqının dəyişdirilməsi məzmununda razılaşma imzalanmasının məntiqi olmazdı.
15. Məhkəmə qeyd etmişdir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunamüvafiq olduğundan iddiaçının məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının da təmin edilməsi üçün əsaslar mövcud deyil.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1, 43.1, 45.1, 45.4, 47, 68.1, 70, 300.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırki mübahisə ilə birəbir oxşarlıq təşkil edən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4455/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı barədə məhkəməyə məlumat veilmiş, hətta məhkəmənin tələbi ilə sistemə yüklənilmişdir. Buna baxmayaraq, qətnamədə sözügedən qərarda istinad olunan halların heç birinə münasibət bildirilməmişdir. Halbuki, sözügedən qərarda məhz elə Bakı Apelyasiya Məhkəmənin hüquqi mövqeyi Ali Məhkəmə tərəfindən təsdiq edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək belə əsaslandırmışdır ki, iddiaçı ilkin olaraq, əlil və əmək fəaliyyətsiz olduğunu gizlədərək işə qəbul edilmiş, onunla müddətli müqavilə bağlanmış, o, müqaviləni oxuyaraq hər bir vərəqinə imza atmış və müqavilənin müddətli olduğunu bilərək buna heç vaxt etiraz etməmiş, Bakı Şəhər Heyvanat Parkında işləyən zaman işində nöqsanlara yol vermiş, dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, iddiaçı bir nəticə çıxarmamış və nəticədə müqavilənin müddəti bitdiyindən, onunla əmək münasibətlərinə xitam verilmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyə dair məlumatlardan çıxarışı saxtadır. X3 Xidməti bildirib ki, 2020-ci ildən onun əlilliyi barədə məlumat dövlət portalında yerləşdirilib, işəgötürən oradan baxa bilərdi. Vətəndaş məlumat verməyə məcbur deyil, halbuki o, işəgötürənə məlumat vermişdir. Onun işlədiyi iş mövsümi xarakterli deyil. Müqavilənin müddətli olması barədə ona məlumat verilməmişdir.
21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, apellyasiya şikayətinə qarşı etiraz ərizəsində məhkəmə iclasının onlların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
23. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı -Qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. -Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər arasında ilk dəfə xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı əlavə iş yeri olaraq Bakı Şəhər Heyvanat Parkında təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdən əsas iş yeri kimi müəyyən edilmiş “İnzibati-təsərrüfat şöbəsinin müdiri” vəzifəsinə keçirilmiş, sonradan müqavilənin müddəti əmək münasibətləri davam etdiyinə görə hər dəfə müəyyən müddətə uzadılmışdır. xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə tutduğu vəzifədən azad edilmişdir.
29. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. İddiaçı əmək müqaviləsinin müddətli bağlanmasına razılığı olmadığını bildirsə də, işdən görünür ki, tərəflər əsasında müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı müqavilənin hər vərəqəsini imzalamaqla buna razılığını bildirmiş, daha sonra isə bir neçə dəfə tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddəti uzadılmışdır.
30. O da qeyd edilməlidir ki, tərəflər arasında əmək münasibətləri beş ildən artıq müddətə davam etməmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 4151/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.