Məhkəmə qərarları › İş №2(103)-1388/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1388/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1388/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1388/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndə-vəkilləri Vəkil2 və X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2024 nömrəli 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MTK (“Kooperativ”) ilə İddiaçı (“Payçı”) arasında bağlanmış 391 saylı, 07.03.12-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış massivində 391 saylı, 125 kv.m. sahəsi olan mənzili təklif edir, “Payçı” isə bu müqavilə ilə müəyyən edilmiş qaydada 391 saylı mənzilin tam dəyərini ödəyərək mənzili qəbul edir.

2. Cavabdeh MTK-nın xx.xx.2012-ci il tarixli, 391 saylı müqavilə üzrə verilmiş arayışından görünür ki, mənzilin dəyəri tam ödənilib, İddiaçı mənzilə borcu yoxdur.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə X4 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

4. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, “İnam MTK”-nın direktoru X2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2006/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı əmlak tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 50.000 manat əsas vəsait və 95.000 manat məbləğində əldən çıxmış fayda qismində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 435 manat məbləğində pulun, cəmi 145.435 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən çoxmənzilli binadan xx.xx.2012-ci il tarixli 391 saylı müqavilə əsasında 125 kv.metr ümumi sahəsi olan 3 otaqlı 391 saylı mənzili dəyərini tam ödəməklə almışdır. Həmin mənzilə görə onun tərəfindən elə həmin tarixdə 50.000 manat məbləğində pul vəsaiti ödənilmiş və mənzilə dair borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Təxminən 2020-ci ildə öz mənzilində təmir işlərinə başlamaq üçün həmin mənzilə getdikdə müəyyən etmişdir ki, ona məxsus mənzildə başqası yaşayır. Araşdırma nəticəsində müəyyən etmişdir ki, həmin mənzil Qurbanova Rəvanə adlı şəxsə satılmış və həmin şəxsin adına DƏDRX-dən çıxarış da verilmişdir. Bundan sonra hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və məhkəməyə mənzilin boşaldılması ilə bağlı müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2006/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra MTK-nın rəhbərlərinə ona pul vəsaitinin geri qaytarılması barədə şifahi müraciətlər etsə də, nəticəsiz qalmışdır. Bütün bu qeyd edilən faktlar qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, mülki iş üzrə məhkəmə araşdırması aparılan dövrdə MTK-nın nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, guya İddiaçı tərəfindən mənzilin alınması üçün hər hansı vəsait ödənməmiş, maliyyə arayışı formal olaraq verilmişdir. Bütün bunlar qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə araşdırılmış və öz təsdiqini tapmamışdır. Göründüyü kimi cavabdeh öz öhdəliyini icra etməmiş, həmin mənzili iddiaçıdan sonra üçüncü şəxslərə satmışdır və nəticədə iddiaçının pul vəsaitini əsassız olaraq ələ keçirmişdir. Məlumat üçün bildirir ki, hazırda həmin ərazidə iddiaçıya satılmış mənzilin dəyəri 140.000-145.000 manat təşkil edir. Əgər cavabdeh öz öhdəliklərini icra etmiş olsa idi, iddiaçının aldığı mənzil qiymətlənəcək və iddiaçı daha çox pul əldə edəcəkdi. Lakin cavabdehin əməlləri nəticəsində iddiaçı bundan məhrum olmuşdur. İddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçı tərəfindən 435 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, MTK-nın faktiki rəhbəridir. Qadını heç tanımırdı. Evi tanışı deputat Cavanşirin sürücüsü olduğu üçün Elçin adlı şəxsə satmağa razılıq verib. Cavanşir ondan dostluq xatirinə kreditləri aybaay ödəmək şərtilə verməsini xahiş edib, o da qiymətdə hörmət edərək evi verməyə razılıq vermişdir. 2019-cu ildə qəza keçirdib və 7 ay boyunca komaya düşüb. Həmin vaxtlarda qadın binaya gəlib, mühafizəçiyə hücum edib. Elçin ona ev üçün pul verməyib, bu gün iddiaçı heç evin yerini də bilmir, ona açarlar verilməyib. O, komaya düşənə qədər gəlib ondan heç kim ev istəməyib. O, xəstəxanada olan vaxtlar evi tələb ediblər. Mənzilə hissə-hissə ödəniş etməli olduğu halda, ödəniş etməmişlər, buna görə də həmin mənzili başqa şəxsə satmışlar.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, o, Cavanşir Paşazadənin 2008-ci ildən sürücüsü olub. 2018- 2019-cu ildə işdən maddi vəziyyətilə əlaqədar çıxıb. 2012-ci ildə onunla məsləhətləşib, mənzili alıblar. Onları Mahmud adlı şəxsin yanına göndərmişdilər. Mənzilin biri küncdə idi, amma digərinin yaxşı olduğunu dedilər. Ofisə gedən zaman MTK-nın müdiri Vüqar bəy orada olub, onunla danışıblar və bina hələ tikildiyi üçün onlara bir az ucuz qiymətə satıblar. Həm də Cavanşir müəllimlə işlədiyi üçün hörmət etdilər. 3- 4 gün sonra pulu Lalə xanım adlı mühasibə verib, onlara borc qalmaması ilə bağlı maliyyə arayışı da verilib. Ofis bina tikilənə qədər “Vorovski”də yerləşirdi. Onlar müqaviləni imzaladıqdan sonra Lalə xanım müdirin otağına girib imza etdirdi. Həmin vaxt pulları var idi, o səbəbdən də hissə-hissə deyil, birdəfəyə ödəyiblər. Onlara açar verilməyib, səbəb kimi binada yanğın olması göstərilib. Sonradan Mahmud deyib ki, açar onlarda qalsın. 2-3 aydan bir mənzilə baxmağa gedirdilər. Hacı Mazanla ev barəsində danışıqları olmayıb və onlara Zeynalov Vüqar tərəfindən mənzilin pulu ilə bağlı zəng gəlməyib. Bir dəfə MTK-dan həyat yoldaşına sayğaclarla bağlı zəng edilmişdi. Bundan sonra o, Mahmuda zəng edib və ona yanlışlıq olduğu bildirilib. X9 razılaşdırmışlar, evin başqasına satıldığını biləndə o, Cavanşir Paşazadəyə bu barədə bildirib və o da məhkəməyə müraciət etməsini deyib.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, o, "xxxx" MTK-da 2006-cı ildən fəaliyyətini dayandırana kimi satış üzrə menecer, komendant vəzifələrində işləmişdir. MTK təqribən 2017-ci ildə fəaliyyətini dayandırmışdır. Satışı o həyata keçirib və bütün satışlardan məlumatlı olub, çünki o, müştəriləri tapıb və mənzilləri göstərib. Sevil xanım onlara heç bir ödəniş etməyib. Hacı Ramazan qəza edən zaman Sevil xanım gəlib və fürsətdən yararlanmağa çalışıb. Onu prokurorluğa da çağırıblar. Sevil xanım pul ödəmədiyi halda pul tələb edir. İddiaçı ilk dəfə 2019-cu ildə ofisə gəlib və o vaxta kimi onu heç görməmişdir. Prokurorluqda iş araşdırılarkən maliyyə arayışı ona göstərilmişdi. Onların maliyyə arayışı fərqli formadadır. İddiaçıda qrafik olub. Əgər şəxs kassaya pul ödəyirsə qəbz verilir. Sevil xanım Cavanşir bəyin sürücüsünün arvadıdır, elə söz olub ki, pul versə ona mənzil verilər, lakin o heç vaxt pulu gətimədi, mənzil ilə başqasına satıldı. Kimliyindən asılı olmayaraq kim pul ödəyirsə mütləq şəkildə qəbz verilir. Sevil xanımın isə qəbzi olmayıb. Təqribi olaraq 12 illik fəaliyyətində o, Ramazan bəyin kimdənsə pul alıb, mənzili başqasına satmasını görməmişdir. O, heç vaxt bu kimi işlərə əl atmayıb. Sevil xanım 2012-ci ildə əgər mənzil alıbsa nəyə görə təmir etdirməməsi maraq doğurur. Maliyyə arayışına vurulan möhür Lalə xanımda olurdu. Sevil xanımda olan qrafikdir, maliyyə arayışı deyil. 2012-ci ildə onların ofisi Yasamalda, binanın 1-ci mərtəbəsində yerləşirdi. Satışları həmin ofisdə keçirilirdi. 2012-ci ildə onların satılmayan evləri var idi və buna görə ofis Yasamalda idi, həmin vaxt “Vorovski”də ofis yox idi. Tikinti 2008-ci ildə bitib və qapılar 2008- 2009-cu illərdə qoyulub. İlk 2019-cu ildə o özü köçüb. Rövşəni müştəri kimi tanımışdır və ev ona satılıb. Boş evlərin açarları onda olurdu və kimə ev satılırdısa, ona açar verilirdi. Rövşənə ev təxmini 100000 manat qiymətə satılıb. Rövşəndən pulu o almış, kassada işləyən isə qəbz vermişdir. O, Rövşəndən pulu alıb kassada işləyənə vermişdir. O, prokurorluğa getdikdən sonra məsələ barəsində Hacıdan soruşub və o bildirib ki, qrafik mövcuddur, lakin pul ödənilmədiyi üçün qəbz verilməyib. Hacı Ramazan mənzil satsa belə pulu o, alıb kassaya verirdi. Sevil xanıma maliyyə arayışı verilən zaman orada olmamışdır. O, bütün hər şeydən məlumatlı olurdu, pul verilsə idi bilərdi. Hacı Ramazan özü Cavanşir bəyə və Elçin bəyə dəfələrlə zəng edib ki, qrafik var, lakin ödəniş edilmir. O da Elçin bəyə zəng edib ki, pulu ödəməyiblər. Elçin bəy evi satıb, onlara pul verəcəkdi, lakin, heç bir pul gətirmədi.

12. Məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0150 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, b.20, Xarici dairəvi yolu, giriş 2 ünvanında yerləşən, ümumi sahəsi 125 kv.m olan 391 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 160000 manat müəyyən olunmuşdur.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2024 nömrəli 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş 50.000 manat pul, vurulmuş zərərə görə 95.000 manat pul, ödənilmiş dövlət rüsumuna görə 435 manat və məhkəmə qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul, cəmi 145.735 manat məbləğində pulul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh MTK iddiaçıya 125 kv.m. ümumi sahəsi olan 391 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla bağlı iddiaçıya mənzilin dəyərinin tam şəkildə ödənilməsi və borcunun olmaması barədə maliyyə arayışı vermişdir. Tərəflər arasında müqavilə bağlanması və maliyyə arayışının verilməsi işin mübahisələndirilməyən halıdır. Həmçinin müqavilənin predmeti olan mənzilin iddiaçıya təhvil verilməsinin mümkünsüzlüyü də işin mübahisələndirilməyən halıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mənzilin təhvil verilməsi tələbi, həmin mənzilə dair başqa şəxsin adına çıxarış verilməsi səbəbindən təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf mənzilin dəyərinin ödənilmədiyini bildirsə də, hansı səbəblə müəssisənin möhür və rəhbərinin imzasının olduğu həmin maliyyə arayışının iddiaçıya təqdim edilməsini əsaslandıra bilməmişdir.

16. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə şahidlər bilavasitə MTK-ya rəhbərlik edən şəxs, eləcə də onun işçisi olduğundan və bilavasitə işin nəticəsində maraqlı olduğundan, onların ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləni, iddiaçıya borcun olmaması, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının verilməsini, buna baxmayaraq mənzilin onun deyil, başqa bir üçüncü şəxsin adına rəsmiləşdirilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu baxımdan müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh, aralarında bağlanmış müqavilə şərtlərini pozduğuna, öhdəliklərini icra etmədiyinə görə iddiaçıya vurulmuş zərəri ödəməlidir.

18. Məhkəmə mənzil üçün ödənilmiş 50000 manat məbləğində pulun və sözügedən müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməməsi nəticəsində iddiaçıya vurulmuş zərər kimi mənzilin hazırki dəyərinin cavabdehdən tutulmasını ağlabatan və məqsədə müvafiq hesab etmişdir.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 442, 443.1, 443.2, 443.3, 448.2, 452, 459.1, 752.1, 752.2, maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 238 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında mövcud olan müqavilə artıq başa çatmış yaşayış binasında yerləşən mənzil sahəsinə dair bağlandığından, hazırki mübahisəyə podrat müqaviləsinin müddəalarının tətbiq edilməsi mümkün deyil. Belə ki, Mülki Məcəllənin 770-ci maddəsində verilmiş anlayış tikintisi başa çatmayan binadan bəhs edir. Tərəflər arasında bağlanmış müqavilənin qüvvəyə mindiyi tarixdə yaşayış binasının inşası başa çatmış və müqavilənin predmeti olan mənzil tikintisi başa çatmış binada yerləşirdi. Bu baxımdan mübahisəyə mülki qanunvericiliyin alqı-satqımüqaviləsinə dair müddəaları tətbiq edilməlidir. iddiaçı tərəfindənpulun ödənilməsinə dair sənəd təqdim edilməmişdir. İddiaçı bildirir ki, guya cavabdeh tərəfindən ödənilmiş vəsaitə dair hər hansı çekkassa mədaxil qəbzi verilməmişdir. Halbuki iddiaçı tərəfindən ödəniş edilsəydi, mütləq ona pulun mədaxil olunmasına dair qəbz verilməli idi. Beləliklə, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməmişdir. İddiaçının müraciəti əsasında qeyd edilən məsələ prokurorluq orqanında da araşdırılmışdır. İddiaçının dediyi fakt, yəni pulun ödənilməsi, lakin buna görə kassa mədaxil qəbzinin verilməməsi müəyyən olunsaydı, bu hala məhz cinayət mühakimə icraatı qaydasında qiymət veriləcəkdi. Çünki pulun qəbul edilməsi, lakin kassaya mədaxil edilməməsi həmin əməliyyatı icra etmiş şəxs üçün cinayət məsuliyyəti yaradır. Ancaq prokurorluqda aparılmış araşdırma zamanı iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsi öz təsdiqini tapmadığından, həmin əməliyyatın icrasına məsul olan hər hansı şəxs məsuliyyətə cəlb edilməmişdir. Prokurorluq orqanının mövqeyi ondan ibarət olmuşdur ki, müqavilədə göstərilən mənzilin dəyəri İddiaçı tərəfindən ödənilməmişdir. Həmin qərar ləğv edilməmiş və hazırki iş üzrə icraat zamanı məhkəmə tərəfindən qərar və digər materiallar ə ld ə edilərək baxış keçirilmişdir. Dolayısı ilə hüquq mühafizə orqanının ləğv edilməmiş qərarı hazırki iş üzrə preyudusial sənəd kimi çıxış edir və məhkəmə həmin sənədi nəzərə almalı idi. Həm V.M.Zeynalovun, həm də şahidlər M.N.Əzimov və R.H.Zeynalovun izahatlarının əlqəli şəkildə təhlili belə deməyə əsas verir ki, mənzilin alınması ilə bağlı iddiaçının və onun şahidinin izahatları həqiqəti əks etdirmir və kooperativdə mövcud olan təcrübəyə uyğun deyil. Məhkəmə isə buna əhəmiyyət verməmişdir. Bundan başqa, iddiaçıya mənzil satılması ilə bağlı onun kooperativə payçı kimi qəbul edilməsi barədə ərizəsi və iddiaçının kooperativə qəbul edilməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarımövcud deyildir. Cavabdeh tərəfindən mənzil sahiblərinə təqdim edilmiş maliyyə arayışlarının nümunələri təqdim edilmişdir. Eyni zamanda iş üzrə şahidlər R.Zeynalov və M.Əzimov da maliyyə arayışının verilməsi qaydası və forması barədə məhkəməyə məlumat verərək, iddiaçı tərəfindən göstərilən sənədin maliyyə arayışı olmadığını, qrafik kimi tərtib edildiyini bildirmişlər. Pulun ödənilməsini təqdim edəcək sənəd kimi qəbz və yaxud kassa mədaxil orderi təqdim edilmədiyi halda digər sənədin sübut qismində qəbul edilməsi yolverilməzdir.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndə-vəkilləri apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

23. İddiaçı nümayəndə-vəkili isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Apellyasiya icraatında yenidən şahid qismində izahatı alınan X6 qeyd etmişdir ki, MTK-dakı mənzil satışını yalnız özü həyata keçirib, yəni rəsmi olaraq direktor olmasa da, bütün satış onun məlumatı və razılığı əsasında baş verib, möhür də onda olub. O, iddiaçını yox, onun əri Elçini tanıyır. Elçin onun dostu olan keçmiş millət vəkili Cavanşir Paşazadənin sürücüsü işləyirdi. Cavanşir ondan xahiş etmişdir ki, sürücüsünə ev almaqda köməklik etsin. O da öz növbəsində razılaşmış, həmin vaxt 70000 manat qiyməti olan evi 50000 manata satmışdır. O, Elçinə müqavilə və ödəniş cədvəli vermişdir. Bu hadisə 2012-ci ildə baş vermişdir. Dəqiq tarixi xatırlamır. Elçin ayba-ay ödənişlər etməli idi, ödəniş cədvəlində mənzilin dəyərinin, yəni 50000 manatın tam olaraq ödənilməsi barədə qeyd isə məhz həmin məbləğdən artıq vəsait tələb olunmayacağı barədə Elçində inam yaratmaq məqsədi daşımışdır. Qaydaya görə hər hansı ödənişin qəbulu yalnız kassa mədaxil qəbzi əsasında həyata keçirilmişdir, iddiaçıda isə hətta 1000 manata belə qəbz yoxdur, əgər ən azı 1000 manatlıq qəbz təqdim edə bilsə, tam məbləği qaytarmağa hazırdır. O, səkkiz dəfə Həcc ziyarətində olmuşdur, çoxsaylı kasıb ailələrə təmanassız köməklik etmişdir, tikdiyi binalarda da heç vaxt təkrar satış halları baş verməmişdir. İddiaçı və yaxud əri Elçin mənzilə görə hər hansı məbləğdə pul ödəməmişlər, ödəsəydilər o, heç vaxt bunu inar etməzdi.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 26.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 27.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 28.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 29.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 30.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 31.Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 32.Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 33.Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

34. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

35. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - əldən çıxmış fayda hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.

44. Kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi, eləcə də şahid qismində dindirilmiş Ramazan Zeynalov iddiaçı tərəfindən cavabdeh MTK-ya pul ödənilmədiyini bildirirlər.

45. Düzdür, mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışı və kassa mədaxil qəbzi təqdim olunmasa da, MTK iddiaçı tərəfindən mənzilin dəyərinin tam olaraq ödənilməsi barədə ödəniş cədvəlində qeyd aparmışdır.

46. İddiaçı və cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur. Onun dəyişdirilməsi və ya ləğv edilməsi qaydaları tərəflərin iradəsi, bu olmadiqda isə məhkəmə tərəfindən həyata keçirilir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Hazırki iş üzrə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyən edilmişdir. Müqavilə tərəfləri öz iradə ifadələrini bəyan etmiş, hər hansı iradə zədələnməsi halı müəyyən edilmir.

47. Müqavilə çərçivəsində payçı kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin dəyərini tam şəkildə ödəmiş, lakin cavabdeh həmin mənzili ona təhvil verməmişdir. Halbuki bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilməlidir.

48. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir, lakin zərərin tutulması hissəsi ilə razılaşmır.

49. Belə ki, mübahisəli mənzil iddiaçının istifadəsində və sahibliyində heç vaxt olmamışdır. İddiaçı yalnız 2020-ci ildə mənzili tələb etməyə başlamışdır. İstifadəsində və sahibliyində olmayan mənzilin müqavilə bağlandıqdan 7 il sonra tələb edilməsi, daha sonra 2021-ci ildə məhkəmədə iddia qaldırması onun bir daha mənzildən istifadə və sahibliyində maraqlı olmamasını göstərir.

50. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

51. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur.

52. Hazırda iddiaçıya zərər olaraq əldən çıxan faydanın müəyyən olunması onun tərəfindən sübuta yetirilməmişdir. Ona görə də o, yalnız ona dəymiş real zərəri tələb edə bilər.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2024 nömrəli iş üzrə 21 oktyabr 2024-cü il tarixli qətnaməsi qismən - vurulmuş zərərə görə 95.000 manat pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar