Məhkəmə qərarları › İş №2(103)-1389/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1389/2023

26.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1389/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (Açar sözlər: rüsum ödənilmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi”tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7821/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2(001)- 7821/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməli olduğu halda, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2(001)- 7821/2022 saylı qərardadından şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmuşdur. Əmək fəaliyyətini icra etdiyi zaman işəgötürənə, yəni "xxxx" MMC-yə maddi ziyan vurmuşdur. İddia tələbində tələb olunan pul məbləği də işçinin işəgötürənə vurduğu maddi ziyandır. AR Əmək Məcəlləsinin 288-ci maddəsinin “ğ” bəndinə əsasən işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisəsinin predmetini təşkil edir. Normanın tələbindən də göründüyü kimi hazırkı iddia tələbi əmək fəaliyyəti ilə əlaqədardır və dövlət rüsumunu ödəməkdən iddiaçı azaddır. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bundan başqa, bildirir ki, hazırkı mübahisə üzrə mediasiya prosesində iştirak üçün müvafiq mediasiya təşkilatına müraciət edilmişdir. Tərəflərin nümayəndələri mediasiya iclasında iştirak etmişlər, lakin razılıq əldə edilməmişdir. Mediasiya təşkilatı da mübahisənin əmək mübahisəsi olmasını nəzərə almış, mediasiya ödənişinin məbləğini (60 manat) əmək mübahisəsinə uyğun müəyyən etmişdir. Hesab edirlər ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsin xx.xx.2022-ci il tarixli e-2(001)-7821/2022 nömrəli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlər yerinə yetirilməlidir

6. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, e- 2(001)-7821/2022 saylı qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2(001)-7821/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsində qeyd edilir ki, iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. (Maddə 108.2.). Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. (Maddə 108.3) Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. (Maddə 150.1.2)

10. Həmin Məcəllənin 151.1-ci maddəsində qeyd edilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.1.5-ci maddəsində qeyd edilir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşin müəyyən olunmuş hallarından göründüyü iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbində Cavabdeh əmək fəaliyyəti zamanı yol verdiyi pozuntulara görə iddiaçıya vurduğu 397031,66 manat məbləğində maddi ziyanın tutulmasını xahiş edir.

13. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada rüsum ödənilmədiyi əsası ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır.

14. İddiaçı şikayətinin dəlili olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə və Əmək Məcəlləsinin 288-ci maddəsinin “ğ” bəndinə istinad edərək dövlət rüsumunun ödənilməsindən azad olduğunu qeyd edir və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməklə iddia ərizəsinin icraata qəbul edilməsini xahiş edir.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsində qeyd edilir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Əmək Məcəlləsinin 288-ci maddəsinin “ğ” bəndinə əsasən işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələri Əmək Məcəlləsi ilə tənzimlənir.

16. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı halda tərəflər arasında olan mübahisə əmək mübahisələri kateqoriyasına aid olmuş olsa belə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işəgötürən qismində məhkəməyə müraciət edir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsi isə əmək münasibətlərinin zəif tərəfi olan işçi tərəfindən məhkəməyə müraciət edildiyi halları tənzimləyir. Bu səbəbdən qanunun istinad edilən norması hazırkı halda iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə şamil edilə bilməz.

17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

18. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

19. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2(001)- 7821/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar