Məhkəmə qərarları › İş №2(103)-139/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-139/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-139/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-143/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» İKB (hazırki “xxxx” İKB ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2014-cü il 16 may tarixli kredit müqaviləsi üzrə banka 42955,64 manat əsas, 5060,56 manat faiz, 15973,38 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 63989,58 manat borcunun; 2014-cü il 17 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 42773,31 manat əsas, 5649,65 manat faiz, 13718,05 manat cərimə borcu olmaqla, ümumilikdə 62141,01 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu X1, məhəllə 455-də yerləşən, 6 otaqlı, 143,09 kv.m yaşayış sahədən ibarət 209 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma həmin mənzilə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-143/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 6-S-1-0-805-12 nömrəli, xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı «xxxx» İKB-nin xeyrinə 2014-cü il 16 may tarixli əlavə kredit müqaviləsi üzrə əsas borc üzrə 42955,64 manat, faiz borcu üzrə 3249,8 manat, cərimə üzrə 500 manat, cəmi 46704,72 manat; 2014-cü il 17 sentyabr tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 42773,31 manat, faiz borcu üzrə 4259,30 manat, cərimə üzrə 400 manat, cəmi 47432,61 manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1, məhəllə 455-də yerləşən, 6 otaqlı, 143,09 kv.m yaşayış sahədən ibarət 209 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh «xxxx» İKB-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 205000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X1, məhəllə 455-də yerləşən, 6 otaqlı, 143,09 kv.m yaşayış sahədən ibarət 209 nömrəli evin 19 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «xxxx» İKB-yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 145 manat ekspertiza xərcinin Cavabdeh tutulması və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yeri və vaxtı barəsində cavabdehə məlumat verilməyib. Bundan başqa ipoteka predmetinin qiyməti düzgün müəyyən edilməyib, ipoteka predmetinin ümumi sahəsi 300 kv.m, bunun 143,09 kv.m yaşayış, qalan sahə isə köməkçi sahədir. Lakin, məhkəmə bu xüsusatı araşdırmamış, 6 otaqlı mənzilin sahəsinin 143,09 kv.m olmasının mümkün olmadığını nəzərə almamışdır. Mənzilin qiymətləndirilməsi də düzgün keçirilməmiş, qiymətləndiricilər mənzilə baxış keçirməmişlər. 7 il əvvəl bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsində qarşılıqlı razılıqla mənzilin qiymətinin 300.000 manat olması müəyyən edilmişdir. Mənzilin yerləşdiyi ərazidə təmirli evlərin 1 kv.m satış qiyməti 2500 manat, buna görə də, evin hal-hazırki bazar qiyməti təxminən 725000 manat təşkil edir. Həmçinin kredit borcunun məbləğinin şişirdilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız kredit borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli 6- S-1-0-805-12 nömrəli əsas kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə 150000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində xx.xx.2017-ci il tarixədək kredit limiti ayırmışdır. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1, məhəllə 455-də yerləşən, 6 otaqlı, 143,09 kv.m yaşayış sahədən ibarət 209 nömrəli evin 19 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Əsas kredit müqaviləsi çərçivəsində həmin tərəflər arasında xx xxx 2014-cü il və 17 sentyabr 2014-cü il tarixli əlavə kredit müqavilələri bağlanmış və müqavilələrə əsasən bank tərəfindən cavabdehə illik 6%-lə müvafiq olaraq 36 ay və 34 ay müddətinə ayrı-ayrılıqda 45000 manat olmaqla, cəmi 90000 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu 42955,64 manat, faiz borcu 5060,56 manat, cərimə 15973,38 manat, cəmi borcu 63989,58 manat; xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu 42773,31 manat, faiz borcu 5649,65 manat, cərimə 13718,05 manat, cəmi borcu isə 62141,01 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 10145 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh 6-S-1-0-80512/3 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə “xxxx” İKB ASC-yə xx.xx.2018-ci il tarixə (maliyyə arayışında tələb olunan günə) ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas kredit borcu 42955,64 manat, faiz borcu 5060,56 manat; 6-SKMF-3-0-1882-14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə “xxxx” İKB ASC-yə xx.xx.2017-ci il tarixə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas kredit borcu 42773,31 manat, faiz borcu 8815,69 manat. xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə, yəni kredit müqaviləsinin qüvvədə olma tarixə olan faiz borcu 3249,08 manat; xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə olan faiz borcu 4259,30 manat təşkil edir. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz borcun tutulması hissəsində kredit müqaviləsinin qüvvədə olma tarixinə maliyyə arayışına uyğun olaraq iddianı qismən təmin etmiş, dəbbə pulunu da azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışları və məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 10145 saylı rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmeti 300000 manat dəyərində qiymətləndirilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxx» MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 98/E saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdehnaya məxsus Bakı şəhəri, Yasamal rayonu X1, məhəllə 455-də yerləşən, 6 otaqlı, 143,09 kv.m yaşayış sahədən ibarət 209 nömrəli evin 19 nömrəli mənzilin hazırki bazar qiyməti 205000 manat təşkil edir. Hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxx» MMC-nin xx xxxx 2021-ci il tarixli Ç-039 saylı ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 455, X1, ev 209 ünvanındakı 10 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 263,05 kv.m yaşayış sahədən ibarət nömrəli evin 19 nömrəli mənzilin bugünkü bazar qiyməti 420000 manat, likvid qiyməti isə 360000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti 360000 manat məbləğində müəyyən edilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri (ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi istisna olmaqla) isə əsassızdır. Belə ki, məhkəmə bildirişləri cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını və şişirdildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamənin digər mübahisələndirilən hissəsi isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-143/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin və ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu X1, məhəllə 455-də yerləşən, 209 nömrəli evin 19 nömrəli mənzilinin ilkin satış qiyməti 360000 (üç yüz altmış min) manat məbləğində müəyyən edilsin. Qətnamə kredit borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar