Məhkəmə qərarları › İş №2(103)-139/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-139/2022

14.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-139/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə, X12 və X3 qarşı “zəbt olunmuş torpaq sahəsinin və inşa edilmiş özbaşına tikilinin sökülərək boşaldılması və iddiaçının istifadəsinə verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1, üçüncü şəxslər X16 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə, X12 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Quşçuluq ərazisində yerləşən torpaqda inşa edilən özbaşına tikilinin sökülərək boşaldılması, torpağın əvvəlki vəziyyətə gətirilməsi və onun (iddiaçının) istifadə və sahiblik hüququnun bərpası ilə əlaqədar iddiaçının istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində inşa edilən və "xxxx" MMC tərəfindən tərtib olunmuş sxemdə göstərilmiş (döngə nöqtələrinin nömrəsi 1-2 olan 255.4 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 2-3 olan 141.6 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 3-4 olan 137.9 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 4-5 olan 52.0 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 5-6 olan 56.8 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 6-1 olan 159.2 metr məsafədə yerləşən və həmin torpaq sahəsinin daxilində yerləşən) tikililər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh1, üçüncü şəxslər X16 və X6 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişlər. Cavabdeh1 apellyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisə üzrə işin faktiki halları nöqteyi-nəzərdən düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın təmin edilməsi barədə düzgün olmayan qətnamə çıxarmışdır. İddia ərizəsində tikililərin cavabdehlərin hesabına sökülməsi, tikililərin ölçüsünə, yerləşmə kordinatları olmadığı halda və buna dair iddia tələbinin dəqiqləşdirilməsinə və ya iddia tələbinin həcminin artırılmasına dair ərizə olmadığı halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, həmin tələblərə dair qətnamə qəbul etmiş, lakin iddia tələbindən kənara çıxmaq üçün zəruri olan müstəsna halları qətnamədə əsaslandırmamışdır. İddiaçı torpaq sahəsindən uzun müddət, yəni 11-12 il müddətində istifadə edə bilməməsini səhhətində yaranan problemlərlə izah etsə də, məhkəməyə bunu təsdiq edən dəlilləri təqdim etməmiş, məhkəmə də buna dair iddiaçıdan hər hansı sübut tələb etmədən, yalnız iddiaçının sözlərinə əsaslanmaqla, Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz zəbt etməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən bağlanması iddia edilən torpaq icarə müqaviləsinin 6-cı bəndinin 3-cü hissəsinə əsasən müqavilənin AR DƏDRX-də dövlət qeydiyyatına alındığı andan etibarlı sayıldığını, yəni müqavilə dövlət qeydiyyatına alınmayana kimi onun hüquqi qüvvəsinin olmamasını və bununla da iddiaçının həmin torpaq sahəsinə hüququnun yaranmamasını və hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmamasını nəzərə almamışdır. Üçüncü şəxs X16 apellyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən torpaq sahəsi faktiki onun istifadəsindədir, AR Milli Arxiv İdarəsinin məktubundan da göründüyü kimi mübahisəli torpaq sahəsinə dair Abşeron RİH başçısının 16.04.2018-ci il tarixli sərəncamı əsassızdır, belə ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 16.04.2018-ci il tarixli sərəncamı ilə onun istifadəsində olan torpaq sahəsinin qanunsuz olaraq yararsız torpaq kimi göstərilərək İddiaçı icarəyə verilmişdir. Bundan başqa İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədinin olmaması və iddia ərizəsində cavabdehlərin və ərazinin dəqiq göstərilməməsi iddia ərizəsinin əsassız olduğunu göstərir. Üçüncü şəxs X6 apellyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində üçüncü şəxs X8 apellyasiya şikayətində istinad etdiyi əsaslara istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi və X16 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının 16.04.2008-ci il tarixli 376A №-li sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonunun X17 Fondunda saxlanılmış torpaqlardan Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində kənd təsərrüfatı məqsədilə 3,20 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 16.04.2008-ci il tarixli rəyin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı kənd təsərrüfatı məqsədi ilə icarə qaydasında 3.20 hektar torpaq sahəsi ayrılması haqqında müraciətinə baxılmışdır. İstənilən torpağa komissiya vasitəsilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X17 Fonduna aid olmaqla Abşeron Quşçuluq K T M İ müəssisəsinin ərazisində yerləşməklə, yararsız uqodiyası kimi uçota alınmışdır. Həmin ərazidən İddiaçı 99 (doxsan doqquz) il müddətinə 3,20 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlə etiraz etmir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrini geri alınması Dövlət ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və baxılması qaydaları” ilə müəyyən edilmiş qaydada sənədləşmə aparılsın hüququn tam şəkildə rəsmiləşdirilməsi nəzərə alınsın. Fiziki şəxsə tapşırılsın ki, torpaq sahəsi üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin edilsin. İş materiallarına əlavə edilmiş Aktın təsdiq edilmiş surətindən görünür ki, Əliyev X7 rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək icarə qaydasında 3,20 hektar torpaq sahəsi istədiyini kənd təsərrüfatı məqsədi arzusunda olduğunu bildirmişdir. İstənilən torpağa komissiya vasitəsilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X17 Fonduna aid olmaqla Abşeron Quşçuluq K T M İ müəssisəsinin ərazisində yerləşməklə, yararsız uqodiyası kimi uçota alınmışdır. İstənilən torpaq sahəsinin 1:10000 miqyaslarında yerquruluşu planı hazırlanmış və sərhədləri göstərilmişdir. Yuxarıdakıları nəzərə alaraq İddiaçı 99 (doxsan doqquz) il müddətinə, kənd təsərrüfatı məqsədilə torpaq sahəsi ayrılmasına komissiya aşağıdakı şərtlərlə etiraz etmir: Torpaqdan istifadə edilməmişdən əvvəl torpaq icarəsi haqqında Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli, 587-İQ №-li Qanununa müvafiq olaraq ilkin torpaqayırma sənədləri tərtib etdirilsin. Fiziki şəxsə tapşırılsın ki, torpaq sahəsi üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin edilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Hövsan qəsəbəsində 32000 kv.m torpaq sahəsi Abşeron rayon İHB-nın 16.04.2008-ci il tarixli 376a nömrəli Sərəncamı və 16.04.2008-ci il tarixli 176a nömrəli icarə müqaviləsi əsasında tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 24.11.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın kserosurətindən görünür ki, X1 rayonu Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsini zəbt etmədiyindən X8 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respubikasının Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında Məmmədov Qafar - 22 yaş. Onun qardaşları Əhmədov Qafar - 17 yaş; Səməd Qafar oğlu - 13 yaş; Allahyar Qafar oğlu – 7 yaş, Ağayar Qafar oğlu – 4 yaş. Onların Hövsan kəndində sahəsi 96 kv sajina bərabər olan üzüm sahələri olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respubikasının Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında X13 - 30 yaş, Onun oğlanları X10 -13 yaş; Əflatun -7 yaş; Rəbil Əli – 6 yaş, Sadıx bir yaş yarım . Onların Hövsan kəndində sahəsi 120 kv.sajina bərabər olan üzüm sahələri olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon İHB-nın 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsinin koordinatları ilə mübahisələndirilən, iddiaçının iddia etdiyi eyni zamanda cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsi üst-üstə düşür və sxemdə göstərilmişdir. Abşeron rayon İHB-nın 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında verilmiş kadastr nömrəsi 0**********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsindən faktiki olaraq istifadə etmir. Abşeron rayon İHB-nın 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan planölçüdə göstərilmiş torpaq sahəsində tikililər mövcuddur və "xxxx" MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Abşeron rayon İHB-nın 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində tikililərin sahələri və eyni zamanda faktiki yerləşmə vəziyyəti "xxxx" MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Aparılmış tikinti kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatının zədələnməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.04.2020-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan planölçüdə göstərilmiş torpaq sahəsinin koordinatları ilə mübahisələndirilən, iddiaçının iddia etdiyi eyni zamanda cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsi üst-üstə düşür və mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı, hal-hazırda kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsindən faktiki olaraq istifadə etmir. Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində tikililər mövcuddur və "xxxx" MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Sözügedən tikiliyə dair mülki iş materiallarında hər hansı bir sənəd olmadığından həmin tikilinin tikinti normalarına və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində tikililərin sahələri və eyni zamanda faktiki yerləşmə vəziyyəti "xxxx" MMC-nin mühədisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, aparılmış tikinti kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatının zədələnməsinə səbəb ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi ünvanında yerləşən nar bağlarının yerləşdiyi əraziyə keçirilən baxış zamanı 80 ədəd nar kolunun və 7 ədəd tut ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 706.1.-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2.-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Bu Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla X15 aiddir, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron Quşçuluq sovxozunun ərazisində yerləşir, Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 16.04.2008ci il tarixli 376A №-li sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən 3.2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir, lakin cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinti işləri aparmışlar, cavabdehlərin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir, cavabdehlərin həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir, mübahisəli torpaq sahəsində lazımı layihə-smeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edilmişdir. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Quşçuluq ərazisi (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) verilmiş kadastr nömrəsi 0**********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı məhkəmədə əldə edilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir, cavabdehlər tərəfindən həmin özbaşına tikinti işlərinin aparılması iddiaçının bir başa maraqlarına toxunur. Bundan başqa, kollegiya qeyd edir ki, üçüncü şəxslər X6 və X16 tərəfindən mübahisəli torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair sərəncam inzibati məhkəmədə mübahisələndirilsə də, həmin iddia Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 17.06.2021-ci il tarixli, 2-1(118)-982/2021 saylı qərardadı ilə mümkün sayılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Quşçuluq ərazisi (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) verilmiş kadastr nömrəsi 0**********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində inşa edilən tikili - özbaşına tikili sayılaraq sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı istifadəsinə qaytarılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddia tələbində bununla bağlı tələb olmadığı halda rayon məhkəməsi mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsini qət etmiş, bununla da iddia tələbindən kənara çıxmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və qeyd edir ki, iddia tələbində həmçinin mübahisəli torpaqda inşa edilən özbaşına tikilinin sökülərək boşaldılması və torpağın əvvəlki vəziyyətə gətirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, “torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması”na dair iddia tələbi qanunun mənasına görə həmin torpaq sahəsində olan binalar, tikililər və qurğular da daxil olmaqla, bu işlərin torpaqları zəbt etmiş şəxslər tərəfindən və onların hesabına həyata keçirilməsini ehtiva edir. Belə olduğu təqdirdə, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsində olan qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsinə dair gəldiyi nəticə mülki prosessual qanunvericiliyin tələblərinin pozulması və məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilə bilməz. Əksinə, bu tikililərin kim tərəfindən sökülməsinin göstərilməməsi gələcəkdə qətnamənin icrası zamanı qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər yuxarıda qeyd edilənlərlə təkzib edilərək həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qətnaməsi Cavabdeh1, üçüncü şəxslər X16 və X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar