Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-139/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(005)-3247/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə (sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) əsasən MMC Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli 47 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən iddiaçının müvəqqəti yerləşdirilməsi üçün iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada iddiaçının hal-hazırda yaşadığı 2 otaqlı mənzilin yeni 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir. İddiaçının mənzildən köçürüldüyü gün bu barədə tərəflər arasında müvafiq aktın imzalandığı tarix hesab edilir. Tikinti işləri xx.xx.2016-cı il tarixdən başlanır və 24 ay ərzində yekunlaşdırılır.
2. Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası üzərində Cavabdeh MMC-nin xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 444 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin YG 18/20E-047 №-li xx.xx.2020-ci il tarixli istismara buraxılış aktının surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və Şərifli küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksinin enerji təchizatı üçün quraşdırılmış elektrik qurğuları istismara buraxılmışdır.
4. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh MMCnə verilmiş TX-17/0286 xx.xx.2017-ci il tarixli texniki şərti "xxxx" MMC tərəfindən tam icra olunub və sifarişçiyə təhvil verilmişdir.
5. “X5” MMC-nin Cavabdeh MMC-nə ünvanladığı 003 №-li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “X5” MMC Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 89/95-də yerləşən 16 nömrəli 2 girişli yaşayış binasında və ümumi sahəsi 1500,00 kv.m olan 1 mərtəbəli yeraltı avtodayanacağında yanğından erkən xəbərdarlıq siqnalizasiya sistemi, tüstü xaric etmə sistemi, mexaniki və avtomatik yanğın söndürmə sistemi quraşdırılmışdır. Hal-hazırda sistem tam işlək vəziyyətdədir.
6. Bakı Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli su təchizatı və kanalizasiya sisteminə qoşulma aktının surətindən görünür ki, Nizami rayonu 2458-ci məhəllə M.Şərifli, Ə.Hacıyev ünvanında yerləşən tikinti obyekti su təchizatı və kanalizasiya müəssisəsinin şəbəkəsinə qoşulmuşdur.
7. xx.xx.2021-ci il tarixli Qaz təsərrüfatında həyata keçirilən texniki baxışın nəticələrinə dair aktın surətindən görünür ki, Nizami rayonu Ə.Hacıyev, M.Şərifli və Ş.Mirzəyev küçələrində Cavabdeh MMC-yə məxsus tikinti obyektindəki sayğaclara texniki baxış keçirilmiş, qaz sızmaları aradan qaldırılmışdır.
8. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş (əsli ilə eyni olması təsdiq edilməklə) layihəyə əsasən İddiaçı sahəsi 50,8 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin verilməsi müəyyən edilir.
9. Eyni zamanda işdə olan cavabdeh tərəfindən təqdim edilmiş sxem layihəyəyə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı verilməsi nəzərdə tutulmuş mənzil sahəsi 50,8 kv.m-dən ibarət olmaqla 2 otaqlı mənzildən ibarətdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 otaqlı 83 kv.m-dən ibarət olan mənzilin və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin may ayına kimi aylıq 300 manat, cəmi 2400 manat kirayə haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və ona maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 89 saylı evin 4 və 5 saylı mənzili və 26 kv.m əlavə tikili ona məxsus olmuşdur. Cavabdeh MMC-nin direktoru Fərid Qəhrəmanov, MMC-nin təsisçisi Ruslan Məmmədov və iş icraçısı Ceyhun adlı şəxs ona məxsus 4 və 5 nömrəli mənzillərə və əlavə 26 kv.m yaşayış sahəsinə baxış keçirmiş, ölçülər götürüldükdən sonra müqavilə bağlanması təklif olunmuşdur. Razılaşmaya əsasən ona 2 otaqlı 83 kv.m-dən ibarət olan mənzil verilməli idi. Bu minvalla cavabdeh təşkilatla onun arasında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda müqavilə bağlanmışdır. Müqavilədə cavabdeh təşkilat tərəfindən ona 2 otaqlı, tam təmirli mənzilin verilməsi qeyd edilmişdir. Bundan əlavə, müqavilədə binanın 2 il müddətinə təhvil veriləcəyi qeyd edilsə də, tikinti 4 ildən gec başa çatmışdır. Lakin ona 1 otaq studiya verilib və divardan divara ölçüləri sahəsi 50.8 kv.m-dən ibarət mənzil verilmişdir. Haqsızlıq bununla da bitmir, bina təhvil verilmədiyi halda 2020-ci il oktyabr ayından kirayə ödənişləri dayandırılmışdır. O və ailəsi yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyi üçün 2021-ci il may ayında 50.8 kv.m-dən ibarət olan mənzilə köçməli olmuşlar. Qeyd olunanları nəzərə alaraq 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 otaqlı 83 kv.m-dən ibarət olan mənzilin və 2020-ci ilin oktyabr ayından 2021-ci il may ayına kimi ona ödənilməsi nəzərdə tutulan aylıq 300 manat kirayə haqqının ona verilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdeh təşkilata müraciət olunmuşdur. Lakin bu günə kimi müraciətə cavab verilməmişdir. Cavabdeh təşkilatın mövqeyi onun maraqlarına zidd olduğundan mövcud iddia tələbini irəli sürmüşdür. Hesab edir ki, cavabdeh təşkilatla onun arasında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 otaqlı 83 kv.m-dən ibarət olan mənzilin və 2020- ci ilin oktyabr ayından 2021-ci ilin may ayına kimi aylıq 300 manat, cəmi 2400 manat kirayə haqqının ona verilməsi barədə qətnamə qəbul edilməlidir. O, cavabdeh təşkilatla müqavilə bağlayan zaman binanın layihəsində nə 50.8 kv.m-dən ibarət 2 otaq, nədə ki, 1 otaq studiya mövcud olmamışdır. Bundan başqa, xüsusi ilə qeyd edilməlidir ki, ona məxsus mənzillərdə iki ailə yaşamışdır. Hal-hazırkı mənzildə iki ailənin yaşaması mümkün deyil. Qeyd olunanların bir adı var, şirkətin vəzifəli şəxsləri xidməti vəzifələrindən sui-istifadə edərək MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə onun və ailəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla mənzildən məhrum etməklə mənzili 2 olaq əvəzinə 1 otaq verərək mənzilin kvadratından təxminən 32 kv.m az verilmişdir. Bununla da həmin kvadratın pulu və mənzil ona təhvil verilənə kimi onlara ödənilməsi nəzərdə tululan kirayə haqqı mənimsənilmişdir. Mövcud iddia tələbi cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi (müqavilə öhdəliyini lazımınca icra etməməsi) səbəbindən yarandığından ödənilmiş dövlət rüsumu cavabdeh təşkilatdan alınaraq ona ödənilməlidir
12. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə yazılı etiraz verərək onunla əsaslandırmışdır ki, "İNTEKS” MMC iddiaçı ilə bağladığı 08 iyun 2016-cı il tarixli müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək ona daha geniş və komfortlu mənzili təhvil vermişdir. İddiaçı da bir ildən artıq müddətdir ki, həmin mənzildə yaşayır. Tərəflər arasında bağlanan müqavilənin heç bir bəndində ona 83 kvadrat metrlik sahəyə malik mənzil verilməsi nəzərdə tutulmamış, "İNTEKS” MMC üzərinə elə bir öhdəlik götürməmişdir. İddiaçı özü də qeyd edir ki, onun 26 kv.m sahəyə malik mənzili olmuşdur. Ona isə 56 kv.m sahəyə malik 2 otaqlı mənzil verilmişdir. Pilot layihə üzrə icra hakimiyyəti ilə aralarında olan müqaviləyə əsasən sakinlərin sökülən mənzillərinin əvəzində onlara üzərinə 20% əlavə sahə hesablanmaqla yeni mənzil verilmişdir. Bütün sakinlərlə eyni cür müqavilələr bağlanmışdır. İddiaçıya isə əksinə 20%-dən də çox hesablanmaqla daha geniş və komfortlu mənzil verilmişdir. İddiaçının iddia tələbində qeyd edilən 8 aylıq 2400 manat kirayə haqqı ilə bağlı bildirir ki, iddiaçı özü qəsdən 2020-ci ilin oktyabr ayında ona mənzili təhvil götürməsi təklif olunanda onu təhvil götürməkdən imtina etmiş, gecikdirməklə süni şəkildə əlavə kirayə pulu almaq istəmişdir. Mənzilə gec köçməsi özünün təqsirindən olmuşdur. Tərəflərindən heç bir öhdəlik pozulmamışdır. İddiaçıya dəfələrlə bu barədə məlumat verilmişdir. İddiaçının tələbi əsassızdır.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(005)- 3247/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim X3).
14. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin (sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) 1-ci bəndinə əsasən Cavabdeh MMC Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli 47 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən iddiaçının müvəqqəti yerləşdirilməsi üçün iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada iddiaçının hal-hazırda yaşadığı 2 otaqlı mənzilin yeni 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 404-cü maddəsinə nəzər yetirsək, hazırkı mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olmaz. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmışdır. İddiaçının istinad etdiyi hal - ona 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC- nin iddiaçıya sahəsi 83 kv.m olan 2 (otaqlı) mənzil verməsi öhdəliyi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının “bina təhvil verilmədiyi halda, 2020-ci ilin oktyabr ayından kirayə ödənişlərinin dayandırılması” barədə dəlilləri də əsassızdır. Belə ki, hazırkı mübahisədən göründüyü kimi, tərəflər öz aralarında müqavilə bağlayaraq öhdəliklər götürmüşlər. Lakin iddiaçı, müqavilədə nəzərdə tutulmadığı halda, ona sahəsi 83 kv.m deyil, 50.8 kv.m olan mənzilin təhvil alınması təklif edildiyindən, mənzili təhvil almaqdan imtina etmişdir. İddiaçı istifadəyə tam yararlı mənzili təhvil almaqdan imtina etdiyindən və müqavilə şərtlərinə əsasən kirayə haqqı yeni mənzilin təhvil verilməsinədək ödənilməli olduğundan cavabdeh tərəfindən haqlı olaraq mənzilin təhvil alınmasından imtina edildiyi vaxtdan kirayə haqqının ödənilməsi dayandırılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda cavabdehlə aralarında bağlanmış müqavilədə nəzərdə tutulmayan öhdəliklərin yerinə yetirilməsini tələb edir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra edərək, müqavilənin şərtlərini pozmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı tələbini irəli sürməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Məhkəmə, cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən suiistifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh təşkilatın vəzifəli şəxslərinin barəsində xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də, hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırkı məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab etmiş və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddia tələbi əsassızdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385-ci, 427-ci, 430-cu, 445-ci, 448-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1 217.2-ci və 217.4-cü maddələrinə. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, tərəflər arasında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 (iki) otaqlı mənzili və 2020-ci ilin oktyabr ayından 2021-ci il may ayına kimi aylıq 300 (uç yüz) manat cəmi 2400 (iki min dörd yüz) manat kirayə haqqı iddiaçıya verilməlidir. Məhkəmə işə qərəzli bir tərəfli yanaşdığından qeyd edir ki, iddiaçının istinad etdiyi hal – ona 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC-nin iddiaçıya sahəs 83 kv.m olan 2 (otaqlı) mənzil verməsi öhdəliyi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının “bina təhvil verilmədiyi halda, 2020-ci ilin oktyabr ayından kirayə ödənişlərinin dayandırılması” barədə dəlilləri də əsassızdır. Məhkəmə nəzərə almamışdır ki, nə müqavilədə 2 (iki) otaqlı, 50.8 kv.m. verilməsi nəzərdə tutulmamış, nə cavabdeh təşkilatın tiktidiyi binada qanunvericilikdə nəzərdə tutulan formada və müqavilə bağlanan zaman müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş binanın layihəsində 2 (otaqlı), 50.8 kv.m. ibarət mənzil, nədə ki, 1 (bir) otaq studiya mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçıya məxsus mənzillərdə iki ailə yaşamışdır. Hal-hazır ki, mənzildə iki ailənin yaşaması mümkün deyil. Qeyd olunanların bir adı var şirkətin vəzifəli şəxsləri xidməti vəzifələrindən sui-istifadə edərək MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə iddiaçının və ailəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla mənzildən məhrum etməklə mənzili 2 (iki) otaq əvəzinə 1 (bir) otaq verərək mənzilin kvadratından təxminən 32 kv.m az verilmişdir. Bununla da həmin kvadratın pulu və mənzil iddiaçıya təhvil verilənə kimi bizə ödənilməsi nəzərdə tutulan kirayə haqqı mənimsənilmişdir. Cavabdeh təşkilatın vəzifə şəxsləri və birinci instansiya məhkəməsinin hakimi unudur ki, onların əsas məqsədi konstitusiyadan və möhtərəm prezidentimizin qeyd etdiyi kimi vətandaşların rifahını yüksəltməyə xidmət etməlidir. Göründüyü kimi cavabdeh təşkilatın vəzifəli səlahiyyətli şəxsləri iddiaçının həm konstitusiya və beynəlxalq qanunvericiliklə qorunan hüquqlarımızı pozmaqla yanaşı, möhtərəm prezidentinin apardığı siyasətə qarşı çıxırlar. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Cavabdeh təşkilat isə etirazı əslarına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, ən sadə formada müqavilə bağlanan mövcud olan və müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş layihə belə məhkəməyə təqdim olunmamışdır. Çünki təqdim olunmuş olsaydı onda iddia tələbini etiraf etmiş olardılar.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İştirak etdiyi məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdir.
20. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər öz nümayəndələrinin məhkəmə iclasında iştirakının təmin etməmişlər. Kollegiya işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
28. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
29. Tərəflər arasındakı hazırkı mübahisə ondan ibarətdir ki, iddiaçı bildirir ki, ona 2 otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilməsi barədə Cavabdeh MMC ilə aralarında razılaşma olmuş və həmin razılaşma əsasında 08 iyun 2016-cı il tarixli müqavilə bağlamışlar. Lakin Cavabdeh MMC müqavilə şərtlərini pozaraq ona sahəsi 83 kv.m deyil, 50.8 kv.m olan mənzil təhvil vermişdir. Bundan başqa, bina təhvil verilmədiyi halda, 2020-ci ilin oktyabr ayından kirayə ödənişləri dayandırılmışdır. O və ailəsi yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyi üçün 2021-ci il may ayında 50.8 kv.m-dən ibarət olan mənzilə köçməli olmuşlar. Cavabdeh cəmiyyət isə tərəflər arasında bağlanmış müqavilənin heç bir bəndində iddiaçıya 83 kv.m sahəyə malik mənzilin verilməsinin nəzərdə tutulmadığını, cəmiyyətin iddiaçı qarşısında belə bir öhdəlik götürmədiyini, mənzilin 2020-ci ilin oktyabr ayında təhvil alınması iddiaçıya təklif edilsə də, iddiaçının bundan imtina edərək, əlavə kirayə haqqı almaq üçün mənzilin təhvil alınmasını süni surətdə gecikdirdiyini bildirərək, iddianın əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş edir.
30. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin (sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) 1-ci bəndinə əsasən Cavabdeh MMC Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli 47 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən iddiaçının müvəqqəti yerləşdirilməsi üçün iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada iddiaçının hal-hazırda yaşadığı 2 otaqlı mənzilin yeni 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin etməyi öhdəsinə götürmüşdür.
31. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekpertizanın 03 oktyabr 2023-cü il tarixli 10/5221 №-li rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş 3 №-li Qərarında mətbəx-yemək otağında (studiya) mənzil 2 otaqlı mənzil hesab edilib-edilməməsiylə bağlı hər hansı bir məlumat olmadığından, bu sual üzrə tədqiqat aparılması mümkün olmamış, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş 3 №-li Qərarının 5.7-ci bəndində göstərilənlərə əsasən mətbəx-yemək otağında (studiya) mənzildəmətbəx zonası 6 kv.metrdən az olmamalı, iş materiallarına əlavə edilmiş və müvafiq qurumlar tərəfindən təsdiq edilmiş Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun 4-6-cı mərtəbələrinin bəzək planının əks etdirən layihəyə əsasən, həmin çoxmərtəbəli binanın 2-ci blokunda sahəsi 40,19 kv.m., 41,40 kv.m., 41,26 kv.m., 59,44 kv.m. və 59,32 kv.m. olan 5 ədəd 2 otaqlı mənzil nəzərdə tutulduğu müəyyən edilmişdir.
32. Göründüyü kimi Mülki Məcəllənin 404-cü maddəsinə əsasən hazırkı mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olmaz. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmışdır. İddiaçının istinad etdiyi hal - ona 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilməsi öz təsdiqini tapmamışdır. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC-nin iddiaçıya sahəsi 83 kv.m olan 2 (otaqlı) mənzil verməsi öhdəliyi nəzərdə tutulmamışdır.
33. Hər bir halda iddiaçı da cavabdeh kimi öz mövqeyini sübut etməli və izahatında göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin iddiaçı ona cavabdeh tərəfindən 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
34. Halbuki apellyasiya icraatı zamanı keçirilmiş yerli baxış zamanı da Cavabdeh MMC tərəfindən müqavilə üzrə nəzərdə tutulan mənzilin İddiaçı verildiyi, yəni həmin mənzilin sahəsinin 50,8 kv.m-dən ibarət olmaqla iki otaqdan ibarət studio mənzil olduğu müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş (əsli ilə eyni olması təsdiq edilməklə) layihəyə əsasən İddiaçı sahəsi 50,8 kv.mdən ibarət olan 2 otaqlı mənzilin verilməsi müəyyən edilir. Belə ki, həmin layihədə sözügedən iddiaçı və ailəsinin yaşadığı mənzil 2 otaqlı mənzil kimi nəzərdə tutulmuşdur. O cümlədən, cavabdeh tərəfindən təqdim edilmiş layihədən görünür ki, faiktiki olaraq iddiaçıya təqdim edilmiş və hazırda yaşadığı mənzilin 50,8 kv.m olmaqla 2 otaqlı mənzil kimi nəzərdə tutulması müəyyən edilmişdir. Bununla da yalnız iddiaçının izahatı ilə podratçı tərəfindən müqavilə şərtlərinin pozulması qənaətinə gəlmək üçün əsas ola bilməz.
35. Nəzərə alınmalıdır ki, bu sahəni tənzimləyən qanunvericilik podratçı tərəfindən podradın nəticələrinin qüsursuz icra edilməsi vəzifəsini təsbit etmiş, eyni zamanda, qüsurlara bərabər tutulan və qusurlardan azad hesab edilən podratın nəticələrini ayırd etməklə, həmin nəticəyə uyğun olaraq tərəflərin mümkün davranışlarını, habelə hüquq və vəzifələrini müəyyən etmişdir. Bu münasibətlər çərçivəsində cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş məmulatın, yəni hazırki halda mənzilin qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edilməsinin mümkünlüyü də təsbit edilmiş və bu davranışın yaratdığı nəticələr açıqlanmışdır (MM 773-cü maddəsi).
36. xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək tikiləcək yeni binada iddiaçının 2 otaqlı mənzilin yeni 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsi təmin edilmiş, mənzil iddiaçı tərəfindən təhvil alınmış və hal-hazırda da həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Mənzili təhvil alarkən qüsurlu olması qənaətinə gəldiyi halda, həmin məmulatda olan qusurlara münasibətdə pretenziya irəli sürmədən həmin məmulatı qəbul etməklə bu qüsurlarla bağlı tələb hüququnu da itirmişdir. Bu səbəbdən cavabdeh tərəfindən müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması qənaətinə gəlməkdə iddiaçının mövqeyi əsaslı olmamışdır.
37. Bundan əlavə hazırkı mübahisədən göründüyü kimi tərəflər öz aralarında müqavilə bağlayaraq öhdəliklər götürmüşlər. Lakin iddiaçı, müqavilədə nəzərdə tutulmadığı halda, ona sahəsi 83 kv.mdeyil, 50.8 kv.m olan mənzilin təhvil alınması təklif edildiyindən, mənzili təhvil almaqdan imtina etmişdir. İddiaçı istifadəyə tam yararlı mənzili təhvil almaqdan imtina etdiyindən və müqavilə şərtlərinə əsasən kirayə haqqı yeni mənzilin təhvil verilməsinədək ödənilməli olduğundan cavabdeh tərəfindən haqlı olaraq mənzilin təhvil alınmasından imtina edildiyi vaxtdan kirayə haqqının ödənilməsi dayandırılmışdır.
38. Beləliklə, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Çünki cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra edərək, müqavilənin şərtlərini pozmamışdır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(005)-3247/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(005)- 3247/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.