Məhkəmə qərarları › İş №2(103)-1390/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1390/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1390/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması tələbinə dair” 2(005)-2224/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən artıq ödənilmiş 13225,68 manat məbləğində pul vəsaitinin, ödənilmiş 31 manat dövlət rüsumunun, etibarnamə verilməsi üçün ödənilmiş 11,50 manat və hüquqi xidmət üçün vəkilə ödənilmiş 560 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" ASC ilə aralarında bağlanmış 19.02.2013-cü il tarixli mənzil alqı-satqısına dair 16698 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Bakı şəhəri,Sabunçu rayonu ərazisində 2595 nömrəli məhəllədə, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 5 nömrəli evin 1-ci blok, 9 mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili ona satmağı öhdəsinə götürmüş, o isə alıcı qismində müqavilənin 2.1-ci bəndinə əsasən o mənzilin tərəflərin razılığı ilə 57.341,55 manat məbləğində müəyyən olunmuş dəyərini hər ay 759,49 manat olmaqla 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2.1-ci maddəsinə əsasən satıcı bu müqavilənin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilin alıcıya verilməsini təmin etməlidir. Mənzilin alicısı kimi bu müqavilə ilə üzərinə qoyulmuş öhdəliyi vaxtında, lazımınca və tam olaraq yerinə yetirmiş və hal-hazırda da onun tərəfindən icra edilir. Lakin bu müqavilə ilə satıcının üzərinə qoyulmuş şərtlər daxilində öhdəliklər yerinə yetirilməmişdir. Müqavilə tərəfi kimi satıcı onu aldatmışdır. Bununla bağlı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş, mütəxəssislərin iştirakı ilə mənzil ölçülmüş və ona təhvil verilmiş mənzilin iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 44,3 kv.metr, ümumi sahəsi 82,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bununla da müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur və ödənilmiş ümumi məbləğdən az verilmş 21 kv.metr sahə üçün ödənilmiş məbləğ ona qaytarılmalıdır. Cavabdehə dəfələrlə etdiyi yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, aldatma yolu ilə əldə etdikləri pul vəsaitini qaytarmaq istəmirlər. Cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı "xxxx" ASC-dən 19.02.2013-cü il tarixli, 16698 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, bina 5, blok 1, 9-cu mərtəbə, iki otaqdan ibarət ümumi sahəsi 103 kv.metr olan 90 nömrəli (təzə nömrəsi 96) mənzili 36 ay müddətinə ödəmək şərti ilə 57.341,35 manat qiymətinə almışdır. Mənzil 19.02.2013-cü il tarixdə təhviltəslim aktı ilə İddiaçı təhvil verilmişdir. Onun ötən 7 il müddətində Cəmiyyətə qarşı mənzilin sahəsi ilə bağlı heç bir pretenziyası olmamışdır. Cəmiyyət qeyd olunan binanı Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərərfindən təsdiq olunmuş işçi layihəsi əsasında inşa etmiş, həmin layihədə binada qeyd olunan mənzilin sahəsi mövcud qaydalarla hesablanaraq 103 kv.metr təsdiq edilmiş və bina plana uyğun tikilərək dövlət tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti mənzillərə çıxarış verərkən mənzillərin sahəsini Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında ölçülmüşdür. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri-0,3, şüşəbənd və lociyalar-0,5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzillərə reyestrdən çıxarış verilərkən mənzillərin sahəsi fərqli qaydada hesablandığı üçün alıcılar düşünürlər ki, Cəmiyyətdən mənzili alarkən onları aldatmışdır. Hamıya məlumdur ki, mənzilin sahəsinin ölçülməsi qaydaları və hesablanması müxtəlif dövrlərdə fərqli olub və qanunvericiliyin dəyişməsi ilə bu hesablamalar dəyişir. "xxxx" ASC işçi layihəsini təsdiq edərkən nənzillərin sahəsi mövcud qaydalarla hesablanaraq, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərərfindən təsdiq edilmiş və alqı satqı müqavilələrində də həmin ölçülər qeyd olunmuşdur. Bundan əlavə mənzil satılarkən müqavilədə mənzilin qiyməti kv.metrlə deyil, vahid qiymətlə müəyyən edilmişdir. Əgər müqavilədə mənzilin ümumi sahəsi (tikinti sahəsi) 103 kv.metr kimi deyil, yaşayış sahəsi 40,01 kv.metr təşkil edir yazılsaydı da mənzilin qiymətində fərq olmayacaqdır, mənzil eyni qiymətə satılacaqdır. İşçi layihəsindən də göründüyü kimi qeyd olunan mənzilin yaşayış sahəsi (zal və yataq otağının sahəsi) 40,01 kv.metr göstərilmişdir. İddiaçı alqı-satqı müqaviləsi (müqavilənin 1.2-ci bəndi) bağlayarkən bilirdi ki, mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil edilmişdir. Mənzilin qiyməti də həmin sahələr daxil edilməklə dəyərləndirilmiş və tərəflərin razılığı ilə müqavilənin 2.1-ci bəndinə əsasən 36 ay müddətinə ödəmək şərti ilə 57.341,55 manat müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Cavabdehin nümayəndəsi X4 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddaçı İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ilə mənzil alqı-satqı müqaviləsi 19.02.2013-cü il tarixdə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələrin daxil edildiyi qeyd olunmuşdur. İddiaçı müqaviləni imzalayarkən müqavilə şərtləri ilə tanış və razı olduğunu qeyd etməklə müqaviləni imzalamışdır. Eləcə də o, mənzili həmin tarixdə təhvil-təslim aktı ilə təhvil almış və mənzillə bağlı hər hansı pretenziyasının olmamasını bildirməklə aktı imzalamışdır. Yeddi ildən sonra onun əsassız iddia tələbi ilə məhkəməyə müraciət etməsi tam qanunsuzdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə baxışına cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəsi əsassızdır.Ona görə ki, mənzili 2013-cü ildə almasına baxmayaraq oraya 2018-ci ilin oktyabr ayında köçmüşdür. Mənzilin ölçülərinin az olmasını ilkin olaraq vizual gözlə müəyyən etmək mümkün deyildir. Hüququnun pozulmasını 2018-ci ildə ehtimal etməsinə baxmayarq bu pozulmanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi cavabından sonra tam müəyyən etmişdir. Ona görə də iddia müddətinin axımı məhz 2019-cu ildən hesablanmalıdır. Bu gün də cavabdehin nümayəndəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi cavabına etiraz edir və göstərir ki, mənzilin ölçüləri düzgündür. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edimişdir ki, satıcı "xxxx" ASC ilə alıcı İddiaçı arasında bağlanmış 19.02.2013-cü il tarixli, 16698 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhərində, Sabunçu rayonu ərazisində 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 5 nömrəli binanın, 1-ci blok, 9-cü mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir (1.2-ci bənd). Satıcı satdığı mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür (1.3-cü bənd). Mənzilin dəyəri tərəflərin razılığı ilə 57.341,55 manat məbləğində müəyyən olunmuş və alıcı mənzilin qiymətini hər ay 759,49 manat olmaqla, 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür (2.1-ci bənd). 19.02.2013-cü il tarixli akta əsasən, qeyd olunan mənzili müqavilənin 3.1.2.3cü maddəsinə uyğun olaraq alıcıya təhvil verilmişdir. Tərəflərin bir-birinə qarşı binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyası mövcud deyildir. 26.05.2017-ci il tarixli 10 nömrəli arayışa görə, mənzil üçün İddiaçı heç bir borcu yoxdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 ünvanladığı 17.02.2020-ci il tarixli, **********68 nömrəli məktubunun məzmunundan görünür ki, ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus mənzilin sahəsinin dəqiqləşdirilməsi üçün mühəndisin göndərilməsi ilə bağlı 29.01.2020-ci il tarixli, ********** nömrəli ərizəyə baxılmış, idarənin mütəxəssisi ünvanda olarkən məlum olmuşdur ki, sözügedən mənzil iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 42,8 kv.metr, ümumi sahəsinin 82,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir (eyvan sahəsi ümumi sahəyə 0,3 əmsalı ilə daxil edilmişdir (8,2x0,3=2.4)). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarxili 07 nömrəli qərarı ilə təsdiq olunmuş tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri-0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurmaqla hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən müvafiq müqavilə üzrə ödənilmiş artıq pul vəsaitini tələb etməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 3 illik müddət ötürülmüş və cavabdeh "xxxx" ASC tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə tərəfindən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 2013-cü ildə bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdeh iddiaçıya sahəsi 103 kv.metr olan mənzili satmağı öhdəsinə götürmüş, mənzilin sahəsi müəyyən edilərkən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil edilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmiş, lakin, iddiaçı mənzilin sahəsinə dair şübhə yarandığına görə məsələnin araşdırılması məqsədi ilə 2019-cu ildə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, müvafiq sahə üzrə mütəxəssis tərəfindən aparılmış araşdırma nəticəsində verilmiş 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin sahəsinin 82,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra iddiaçı dəymiş ziyanın ödənilməsi barədə cavabdehə xəbərdarlıq məktubu ünvanlamış, nəticə əldə olunmadığından, pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə iddia vermiş, iş üzrə yuxarıda qeyd olunmuş qətnamə qəbul edilmişdir Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 23.08.2021-ci il tarixli, 10/1815 saylı rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllədə yerləşən 5 nömrəli binanın 90 nömrəli iki otaqdan ibarət mənzilin iddiaçı və cavabdeh arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, 16698 nömrəli alqı-satqı müqaviləsinə əsasən 103 kv.metr; faktiki olaraq mənzilin ümumi sahəsi 89,08 kv.metr; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələblərinə əsasən sözügedən mənzilin balkonunun sahəsinin 2,4 kv.metr (8,2x0,3) təşkil etdiyi müəyyən olunur. Belə olan halda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllədə yerləşən 5 nömrəli binanın 90 nömrəli iki otaqdan ibarət mənzilinin ümumi sahəsi 83,28 kv.metr təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Göründüyü kimi tərəflər arasında bağlanmış 19.02.2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıya sahəsi 103 kv.metr olan mənzili satmağı öhdəsinə götürmüş, mənzilin sahəsi müəyyən edilərkən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr mənzil qanunvericiliyinin tələblərinə uyğun olmayan qaydada hesablanaraq daxil edilmişdir. Cavabdeh iddiaçıya razılaşdıqları 103 kv.metr əvəzinə 83,28 kv.metr sahəsi olan mənzil təhvil vermiş, buna görə 10978 manat (1 kv.m dəyəri olan 556,7 manat x mənzilin sahəsindəki fərq 19,7 kv.metr) artıq pul vəsaiti almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 3 illik iddia müddətinin tətbiqi barədə qeyd edilən mövqeyi ilə razı deyildir. Belə ki, tərəflər arasında olan hazırkı mübahisə daşınmaz əmlaka dair müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlıdır və iddia müddətinin axımının başlanması anı məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 776.1-ci maddəsinə görə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına əsasən qeyd edir ki, iddiaçı aldığı mənzilin sahəsinin müqavilədə göstərilən ölçüyə uyğun gəlməməsini aşkar etdiyi vaxtdan sonra mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mənzilə görə artıq ödənilmiş pul vəsaitinin tutulması hissəsində rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, kollegiyanın gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən mənzilə görə artıq ödənilmiş 10978 manat pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə - etibarnamə verilməsi üçün 11,50 manat və hüquqi xidmət üçün vəkilə 560 manat ödənilməsinə dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(005)-2224/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin olunsun. Cavabdeh "xxxx" ASC-dən mənzilə görə artıq ödənilmiş 10978 (on min doqquz yüz yetmiş səkkiz) manat və 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar