Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1392/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və "xxxx" ASC-yə ("xxxx" İKB ASC) qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)-2662/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və "xxxx" ASC-yə ("xxxx" İKB ASC) qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlaklarının satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən keçirilmiş, Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9-da yerləşən 2 saylı fərdi yaşayış evinin satılmasına dair hərracın və onun nəticələrinə dair tərtib edilmiş yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)- 2662/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 elektron poçt vasitəsi ilə ərizə göndərərək, asan imza sistemində problem mövcud olduğundan apelyasiya şikayətini poçt vasitəsi ilə verdiyini, eyni zamanda elektron poçtla göndərdiyini və mövcud problem aradan qalxdıqdan sonra elektron qaydada verəcəyini bildirmişdir. Eyni zamanda 18.11.2021-ci il tarixdə qətnamədən verilmiş apelyasiya şikayəti poçt xidməti vasitəsilə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl edilmədən verilməsi əsası ilə geri qaytarılmışdır. Daha sonra 23.12.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdən görünür ki, iddiaçı həmin qətnamədən apelyasiya şikayətini 18.11.2021-ci il tarixdə (birinci dəfə) rabitə orqanına təqdim etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verilməsi əsası ilə geri qaytarılmış, apelyator tərəfindən 23 dekabr 2021-ci il tarixdə növbəti dəfə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qətnamədən ikinci dəfə apelyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Kolllegiya vurğulayır ki, məhkəmə qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prossesual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam edir. Başqa sözlə, 1 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı tərəfindən apelyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apelyasiya mümkün sayıla bilməz. MPM-in 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, iddiaçı qətnamədən apelyasiya şikayəti vermək üçün prosessual müddəti ötürdüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)- 2662/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1392/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1392/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver