Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1392/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Hacı-X5nun cavabdeh "xxxx" Firmasına (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “çatışmayan sahəyə görə pul ödənilməsi,iddia müddətinin tətbiqi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı Hacı-X5nun iştirakı ilə, İddiaçı Hacı-X5nun cavabdeh "xxxx" Firmasına qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “çatışmayan sahəyə görə pul ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-271/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “İcraçı” Cavabdeh Firması ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 54 nömrəli müqavilənin surətindən görünür ki, “İcraçı” Bakı şəhəri, H.Hüseynov 2A küçəsində 16 mərtəbəli, 5 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 131.5 kv.m. olan 3 otaqlı mənzili “Sifarişçi”yə satmağı, “Sifarişçi” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür;
2. Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Mənzilin sahəsi 111.03 kv.m təşkil edir;
3. Bakı Şəhər İcra Hakimiyyətinin tikinti obyektinin istismarına 0131 saylı, xx.xx.2017ci il tarixli icazənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyəti Başçısının xx.xx.2017-ci il tarixli, 553 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 2 ünvanı üzrə tikinti obyektinin istismarına "xxxx" Firmasına icazə verilmişdir;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/6752 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 117,03 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 131,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, ünvan 3 ünvanında yerləşən mənzilin ümumi sahəsinin 111.03 kv.m təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir;
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/3116 saylı, xx.xx.2024-cü il tarixli əlavə ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi tərəflər arasında bağlanmış xx.xx.2016cı il tarixli müqavilənin 2.14-cü bəndinə uyğun olaraq, otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla, mənzilin bayır divarları istisna olmaqla, ara divarlar və məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan 126.1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir;
6. Dövlət şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mənzil sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 50-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən hesablanır və həmin normativ hüquqi aktların tələblərinə riayət edilməsi şəhərsalma və tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Firması arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 54 nömrəli müqavilə üzrə onun tərəfindən artıq ödənilmiş 19037.1 manat məbləğində pul vəsaitinin “Turac-A.F Firmasından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" firması arasında Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov (Məhəmməd Xiyabani) küçəsində inşa edilən çoxmənzilli yaşayış evinin 1 saylı girişinin, 4-cü mərtəbəsində, ümumi sahəsi 131,5 kv/m olan 3 otaqdan ibarət mənzilə dair 21 oktyabr 2016-cı il tarixli, 54 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov (Məhəmməd Xiyabani) küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1 saylı girişinin, 4-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 131,5 kv/m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürürlər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1 kv/m-nin qiyməti 930 manat müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 122295 manat təşkil edir. Müqavilə üzrə onu üzərində ödənilməmiş öhdəliyi qalmamış, lakin “Turac-AF” firması isə müqavilənin 1.1-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, mənzili ona təhvil versə də, mənzil ümumi sahəsi müqavilədə nəzərdə tutulduğu ölçüdə ona təhvil verilməmişdir. Belə ki, o mənzilinə reyestrdən çıxarış alarkən evin sahəsi 131,5 kv/m olmalı olduğu halda, ona məlum olub ki, onun mənzilinin ümumi sahəsi 111,03 kv/m təşkil edir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “04” dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi-yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallarına vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Göründüyü kimi 21 oktyabr 2016-cı il tarixli, 54 nömrəli müqavilədə “Turac-AF” firması tərəfindən ona təhvil verilmiş mənzilin ümumi sahəsi mənzilin faktiki sahəsindən 20,47 kv.m artıq olmaqla, 131,5 kv.m göstərilmiş və həmin ölçülərə uyğun qiymət hesablanıb, ondan alınmışdır. Yəni mənzilin sahəsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun surətdə ölçülərək hesablandığı zaman mənzilin ümumi sahəsinin 111,03 kv/m olması, dəyərinin isə 103258 manat olması müəyyən edilmişdir. Ona görə də belə hesab edir ki, həmin müqaviləyə əsasən “Turac-AF” firması ümumi sahəsi 131,5 kv.m olan mənzil verməli olduğu halda, ona ümumi sahəsi 111,03 kv.m olan mənzil vermiş, ondan 111,03 kv.m olan mənzilin dəyəri kimi 103258 manat məbləğində pul vəsaiti almalı olduğu halda, 131,5 kv.m olan mənzilin dəyəri kimi 122295 manat məbləğində pul vəsaiti almış, nəticədə isə hüquqi əsas olmadan ondan əlavə olaraq 19037,1 manat məbləğində pul vəsaiti almışdır. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Aralarında müqavilə bağlandığı zaman şəhərsalma ilə bağlı olan yuxarıda qeyd olunan qanunvericiliyin qaydaları mütləq şəkildə nəzərə alınmalı idi.
9. Cavabdeh "xxxx" Firması etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, mövcud qanunvericiliyə əsasən mənzilin bəzi sahələri (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkon, lociya, terras, şüşəbənd və eyvanlar) azalma əmsallarına vurulmaqla hesablanır. Mənzilin DƏDRX tərəfindən tərtb edilmiş texniki pasportunda azalma əmsalına vurulan sahələr qeyd edilsə də, mənzilin ümumi sahəsi qeyd edilərkən azalma əmsalları əsasında müəyyən olmuş sahə əsas götürülmüşdür. Halbuki, texniki pasportda bütün sahələr texniki göstəriciyə uyğun qeyd edilməlidir. Texniki pasporta əsasən azalma sahəsi olmadan və ara divarların altındakı sahələr nəzərə alınmadan mənzilin ümumi sahəsi 117.03 kv.m təşkil etmişdir. İddiaçı isə hətta ara və bayır divarların altındakı sahələr nəzərə alınmadan mövcud olan 117.03 kv.m sahə ilə kifayətlənməyərək, çıxarışda qeyd edilən sahəni əsas götürmüş və 19 037.1 manat maddi ziyan tələb etmişdir. Halbuki, heç bir əlavə sübut etməyə ehtiyac olmayan texniki pasportda ümumi sahə qeyd edilmişdir. Maraqlıdır ki, texniki pasportda nəzərdə tutulmuş, faktiki mövcud olan 117.03 kv.m sahə ilə iddiaçının tələb etdiyi guya ki, əskik olan 20.47 kv. m cəmlənəndə mənzilin sahəsi 137.5 kv.m təşkil edir ki, bu da müqavilə üzrə iddiaçıya verilməli sahədən 6 kv.m çoxdur. Belə olduğu halda iddiaçının mənzilin sahəsini niyə məhz 111.03 kv.m olması barədə iddiası qeyri-müəyyəndir. Halbuki, yuxarıda qeyd etdikləri kimi mənzilin texniki pasportdakı sahəsi (117.03 kv.m) ilə müqavilə sahəsi (131.05 kv.m) arasındakı fərq 14.47 kv.m təşkil edir. Qeyd edilən 14.47 kv.m sahə isə mövcud ara divarların altında qalan sahədir ki, texniki pasport tərtib edilən zaman həmin sahələri nəzərə alınmayıb. Onlar müqavilə üzrə öz öhdəliklərini icra edərək iddiaçıya 131.5 kv.m ibarət ümumi sahəsi olan mənzil vermişlər. Qeyd edilən sahənin 6 kv.m hissəsi azalma əmsalı əsasında hesablanmamış sahə, qalan hissəsi isə mənzilin ara divarlarının altında qalan sahədir ki, müqavilə şərtlərinə əsasən mənzilin ümumi sahəsi hesablanarkən həmin sahələr də nəzərə alınmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.14-cü bəndinə görə “Bu müqavilə üzrə mənzilin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmçinin bu müqavilənin məqsədləri üçün mənzilin bayır divarları istisna olmaqla, ara divarlar və məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır.”. Müqavilənin qeyd edilən bəndindən göründüyü kimi mənzilin sahəsi hesablanarkən müqavilənin 2.14-cü bəndində qeyd edilən hesablama qaydası mütləq nəzərə alınmalıdır. Nə müqavilə, nə də həmin bənd etibarsız hesab edilməmişdir. İddiaçı tərəf mənzilin sahəsinin əskik olması ilə bağlı məhkəmədə iddia qaldırmamışdan öncə həmin bəndin etibarsızlığı tələbini mübahisələndirirək, ona nail olduqdan sonra mənzilin ümumi sahəsinin şəhərsalma və tikinti qanunvericiliyinə uyğun hesablanması və əskik sahəyə görə pulun ödənilməsinə dair tələbini məhkəmədə qaldıra bilərdi. Tərəflərin iradəsi əsasında imzalanmış müqavilə (müqavilənin 2.14-cü bəndi) hüquqi qüvvədədir və etibarsız hesab edilməmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6-cı, 346.1-ci və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarından da göründüyü kimi müqavilənin 2.14cü bəndi hətta qanuna zidd olmuş olsa idi belə, yenə də həmin bənd etibarsız hesab olunmadığına və onun tərəflər üçün yaratdığı hüquq və vəzifələr qüvvədə olduğuna görə onun (müqavilənin) hüquqi qüvvəsi tərəflər üçün məcburidir. Buna görə də hesablama müqavilənin 2.14-cü bəndinə əsasən aparılmalıdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-271/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim X2).
11. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 2.14-cü bəndinə uyğun olaraq, otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla, mənzilin bayır divarları istisna olmaqla, ara divarlar və məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan 126.1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Beləliklə, ekspert rəyindən də göründüyü kimi iddiaçıya müqavilə şərtlərində göstərilən sahədən nisbətən az sahəsi olan mənzil verilmişdir. Belə ki, müqavilədə mənzilin sahəsi 131.5 kv.m. göstərilmiş, ekspert rəyi ilə 126.1 kv.m. olduğu müəyyən edilmişdir. İddiaçı yalnız çatışmayan 5,4 kv.m. sahənin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin iddia müddəti ötürüldüyündən iddia həmin hissədə də təmin edilə bilməz. Mülki Məcəllənin 773 və 776.1-ci maddələrinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, göstərilən norma podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla və iddiaçının özünün izahatı ilə müəyyən edilir ki, mübahisələndirilən mənzilin yerləşdiyi binanın 2017-ci ildə istismarina icazə verilmiş və həmin ildə də iddiaçı təmir edərək mənzilində yaşamağa başlamışdır. İddiaçı isə mənzil ilə bağlı iddianı xx.xx.2023-cü il tarixində, təqribən 6 il sonra məhkəmədə qaldıraraq mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olubolmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 372.1-ci, 377.1-ci 390.4-cü, 425.1-ci, 752.1-ci, 762.1-ci maddələrinə, Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci, 119.1-ci, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mənim mənzilimin müqavilədə yazılan kvadratdan az olmasını bilməyim mümkün deyildi cünki mənzilə vizual olaraq baxıldıqda bunu hiss etmək mümkün deyildi. Mənzilim daşınmaz əmlakın dövlət reysteri xidməti tərəfindən 2023-cü ildə ölçülüb və mən həmin vaxt müqavilədə göstərilən ölçü ilə faktiki ölçünün fərqli olduğunu bilmişəm. Hesab edirəm ki, müddətin axımı həmin vadan yəni çıxarışın mənə verildiyi vaxtdan hesablanmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
23. Belə ki, hazırki işin faktiki hallarına əsasən tərəflər xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, H.Hüseynov 2A küçəsində 16 mərtəbəli, 5 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 131.5 kv.m. olan 3 otaqlı mənzilə dair alğı-satqı (podrat) müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən mənzilin sahəsi 131.5 kv.m. müəyyən edilmiş, çıxarışda isə mənzilin sahəsi 111.03 kv.metr göstərilmişdir. İddiaçı müqavilə üzrə təhvil verilməli olan 131.5 kv.metr əvəzinə 111.03 kv. metr sahəsi olan mənzilin təhvil verildiyinə istinad edərək, çatışmayan sahəyə görə artıq ödənilmiş 19037.1 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
24. Tərəflər arasındakı mövcud hüquq münasibətləri 54 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqavilənin 1.1 bəndinə uyğun olaraq “İcraçı” Bakı şəhəri, H.Hüseynov 2A küçəsində 16 mərtəbəli, 5 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 131.5 kv.m. olan 3 otaqlı mənzili “Sifarişçi”yə satmağı, “Sifarişçi” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
25. Sözügedən müqavilənin 2.14-cü bəndinə görə mənzilin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmçinin bu müqavilənin məqsədləri üçün mənzilin bayır divarları istisna olmaqla, ara divarlar və məhəccərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).
27. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır
28. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
29. İşin hallarına əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür və cavabdeh tərəf də iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi də podrat münasibətlərini tənzimləyən normalar üzrə binaya aid tələblərlə bağlı iddianın irəli sürülməsi müddətinin ötürülməsi qənaətinə gəlməklə düzgün olaraq iddianı təmin etməmişdir.
30. Mülki Məcəllənin 773 və 776.1-ci maddələrinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
31. Göründüyü kimi, göstərilən norma podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla və iddiaçının özünün izahatı ilə müəyyən edilir ki, mübahisələndirilən mənzilin yerləşdiyi binanın 2017-ci ildə istismarina icazə verilmiş və həmin ildə də iddiaçı təmir edərək mənzilində yaşamağa başlamışdır. İddiaçı isə mənzil ilə bağlı iddianı xx.xx.2023-cü il tarixində, təqribən 6 il sonra məhkəmədə qaldıraraq mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olubolmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətində irəli sürdükləri dəlillər təkzib edilməklə yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-271/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.