Məhkəmə qərarları › İş №2(103)-1393/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1393/2024

22.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1393/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3674/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən görünür ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı həmin əmri qanunsuz və əsassız hesab edərək ləğv olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, PHŞ-6-19/3-1-320/2023 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı, onunla 1 il müddətinə əmək müqaviləsinin bağlanması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan Cavabdeh (PHŞ) ilə müddətli əmək müqaviləsi bağlayaraq işə qəbul olmuşdur. İstinad etdiyi əmək müqaviləsi onunla cavabdeh arasında 3 ay müddətinə bağlanmışdır. Həmin əmək müqaviləsi hər dəfə eyni müddətə uzadılmışdır. Sonuncu dəfə əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Lakin xx.xx.2023-cü il tarixi qeyri-iş günü olan bayram gününə (Silahlı Qüvvələr günü) təsadüf etdiyindən əmək müqaviləsinə işə götürən tərəfindən xx.xx.2023cü il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023cü il tarixli 164 nömrəli Qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq, 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilmişdir. Cavabdeh tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə (əmək müqaviləsinin müddətinin bitməsi) əsası ilə xitam verilmişdir. Bununla bağlı işəgötürən "X15" PHŞ tərəfindən xx.xx.2023-cü il tarixli PHŞ-6-19/3-1- 320/2023 nömrəli əmr verilmiş və bu əmrlə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. O xx.xx.2023-cü il tarixindən səhhətində olan problemlə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirmiş və göstərilən tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməmişdir. İşə çıxdığı xx.xx.2023-cü il tarixində işəgötürənə 20 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SN 00008 nömrəli ******* seriyalı əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etmişdir. Göründüyü kimi işəgötürən xəstəliyi lə əlaqədar işə gəlmədiyi nəzərə almayaraq xəstə olduğu müddətdə əmək müqaviləsinə xitam vermişdir. Bununla bağlı əmək kitabçasının, əmrin və digər aidiyyəti sənədlərin surətinin ona verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə işəgötürənə ərizə ilə müraciət etmişdir. Sənədlər ona xx.xx.2023- cü il tarixində təqdim edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3674/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 68, 73, 76-cı maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78, 80, 88-ci maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia tələbini əsaslandırmamış, onun işə bərpa olunmasına əsas olacaq hər hansı dəlil və ya sübut təqdim edə bilməmişdir. İddia ərizəsinin dəlillərinə münasibət bildirən məhkəmə qeyd etmişdir ki, iddiaçının dəlilləri əsassız olmaqla, subyektiv mülahizələrdən ibarətdir. Belə ki, mülki işin materiallarında olan bildirişdən görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin nəzərdə tutulması barədə iddiaçıya məlumat verilmişdir. Bu faktı iddiaçı da məhkəmə iclasında verdiyi izahatında da təsdiq etmişdir. İddiaçı əmək qabiliyyətini itirməsi ilə bağlı 24 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək işdə olmamasını, işəgötürənin bu halı nəzərə almadan əmək müqaviləsinə xitam verdiyi bildirsə də, iddiaçının dedikləri mülki işin materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı 23 iyun 2023-cü ildə iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişlə tanış olmuş, məzuniyyətlə bağlı ərizəsi baxılmamış saxlanıldığından idarənin əməkdaşı ilə mübahisə etdiyini, bundan sonra səhhətində problem yarandığını qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinin 2-ci hissəsində işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilməsi nəzərdə tutulmuşdur. Halbuki mülki işin matriallarında olan xəstə qeydiyyatına dair bildirişlərdən görünür ki, 24 iyun 2023-cü il tarixdə iddiaçı işdə olmuş və xəstələri qəbul etmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçının dəlilləri öz təsdiqini tapmadığından əsassızdır. Məhkəmə hesab etmişdir ki, “əmrin ləğv edilməsi” hissəsi əsassız olduğundan digər törəmə tələbləri (yeni əmək müqaviləsinin bağlanması, əmək haqqı tələbi) üzrə əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. İddia tələbi mahiyyəti üzrə əsassız hesab edilərək rədd edildiyinə görə məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə bu qənaətə gələrkən mülki prosessual hüququn prosessual qənaət prinsipini rəhbər tutmuşdur. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X15 PHŞ arasında xx.xx.2021-ci il tarixdə 3 ay müddətinə əmək müqaviləsi bağlanılmış, daha sonra müqavilənin müddəti 3 ay, 1 il və 3 ay olmaqla xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü olduğu, sonrakı günlər isə Qurban Bayramı ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qərarına əsasən qeyriiş günləri elan edildiyi üçün, müqavilənin müddətinin qurtardığı tarix 03 iyul 2023-cü il hesab edilir. Belə ki, Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən, müddətin son günü qeyriiş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Buna baxmayaraq, cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddəti bitdikdən sonra deyil, 25 iyun 2023-cü il tarixdə, yəni vaxtından əvvəl xitam verilmişdir. İşəgötürən tərəfindən müqavilə müddətinin qurtarması adı ilə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamış, bu barədə təqdim olunmuş sübutlara və iddiaçının bu barədə izahatlarına heç bir münasibət bildirilməmişdir. Həmçinin, İddiaçı səhhəti ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini itirməsi ilə bağlı işdə olmamışdır. Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə xitam verilə bilər. Lakin, işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq işçinin xəstəliklə əlaqədar iş yerində olmadığı tarixdə onunla bağlanılmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İş materiallarına əlavə olunmuş əmək qabiliyyətinin olmaması barədə vərəqəyə münasibət bildirməyən məhkəmə, işçinin xəstəliklə əlaqədar iş yerində olmadığı dövrdə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi faktını nəzərə almayaraq iddianın rədd edilməsi barədə qətnamə çıxararaq, sözügedən hüquq normasının tələblərini də kobud şəkildə pozmuşdur. Bundan əlavə, iddiaçı işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixdə həkimlərin sertifikasiya imtahanına göndərilmiş və imtahanı uğurla keçərək kordiologiya ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi almışdır. Sertifikasiya imtahanından 21 gün sonra, xx.xx.2023-cü il tarixdə əmək məzuniyyətindən istifadə etmək üçün direktora müraciət etdiyi gün, ona əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş verilərək, cəmi iki gün sonra, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqeyini aşkar şəkildə nümayiş etdirir. Əgər bildirişdə qeyd olunduğu kimi, iyun ayının sonunda müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdusa, həmin ayın əvvəlində işəgötürənin işçini sertifikasiya imtahanına göndərməsindəki məqsədi anlaşılan deyil. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mülki prosessual məcəllənin tələbləri də pozulmuşdur. Belə ki, 18 oktyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclası ƏƏSMN yanında DƏMX nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün təxirə salınmış və məhkəmə zalında tərəflərə iclasın xx.xx.2023-cü il tarixə təyin olunduğu bildirilmişdir (Tərəflərə mülki icraat üzrə boş məhkəmə bildirişi imzalatdırılsa da, iclasın tarixi və saatı qeyd olunmamışdır – xx.xx.2023-cü il tarixdə iş materialları ilə tanış olarkən əldə edilmiş boş bildirişin surəti şikayətə əlavə olunur). xx.xx.2023-cü il tarixdə Nərimanov rayon məhkəməsində iddiaçının məlumatı olmadan cavabdehin nümayəndəsinin iştirakı ilə məhkəmə iclası keçirilmiş və həmin iclasda cavabdeh tərəfindən iddianın rədd edilməsində məhkəmənin istinad etdiyi yeganə sübut olan xəstə qeydiyyatı sistemindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən iclasda təqdim olunan sübutlar həqiqəti əks etdirmir və həmin sübutların saxtalaşdırılması barədə əsaslı şübhələr vardır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işdə olmasını və xəstə müayinə etməsini sübut edən sənəd qismində təqdim olunmuş çıxarışlardakı tarix və saatlar bir biri ilə ziddiyyət təşkil edir. Çıxarışlara əsasən İddiaçı qəbulunda olan xəstələr eyni vaxtda və ya bir dəqiqə əvvəl/sonra başqa həkimlərin müayinəsində olmuşdur: - İş materiallarında olan X2 qeydiyyatı barədə çıxarışa əsasən, xx.xx.2023-cü il tarixdə saat 10:31-də o, eyni zamanda həm kardioloq İddiaçı, həm də endokrinoloq S.Rəsulovanın qəbulunda olmuşdur. İş materiallarında olan X1 qeydiyyatı barədə çıxarışa əsasən o, xx.xx.2023-cü il tarixdə saat 08:15-də kardioloq İddiaçı müayinəsində olmuş, 08:16-da isə Laboratoriyada olmuşdur. - İş materiallarında olan X4 qeydiyyatı barədə çıxarışa əsasən o, xx.xx.2023-cü il tarixdə saat 08:39-da kardioloq İddiaçı müayinəsində, 08:40-da Laboratoriyada, 08:41də isə Endokrinoloq A.Quliyevanın müayinəsində olmuşdur. - İş materiallarında olan və cavabdeh tərəfindən təqdim olunmuş işçilərin iş vaxtının uçot tabeli jurnalında da İddiaçı işdə olduğu son tarixin xx.xx.2023-cü il olduğu öz təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixdə tabel jurnalında iddiaçının işdə olması barədə imza əks olunmamışdır. Həmçinin, iş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdə tarix olmadığı aşkar şəkildə görünsə də, cavabdeh tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş eyni bildirişin üzərində sonradan xx.xx.2023 yazılması da cavabdehin təqdim etdiyi sübutların həqiqiliyini şübhə altına alır. xx.xx.2023cü ildə keçirilən məhkəmə iclası barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə, MPM 138-ci maddəsinə zidd olaraq məhkəmə iclasından bir gün əvvəl xəbər verilmiş, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş sübutlar barədə iddiaçıya məlumat verilməmiş, bununla da iddiaçının nə cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla tanış olmağa, nə də onların həqiqiliyini mübahisələndirməyə imkanı olmuşdur. MPM 9.2, 9.3, və 88-ci maddələrinə əsasən, təqdim olunan sübutlar barədə tərəflər məlumatlandırılmalı, bütün sübutlar məhkəmə tərəfindən hərtərəfli, qərəzsiz və tam şəkildə araşdırılmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş, yuxarıda sadalanan ziddiyyətli və şübhəli sübutların mötəbər sübut kimi qəbul edilməsi, onların əsasında qətnamə çıxarılaraq iddianın rədd edilməsi məhkəmənin işin materiallarını, təqdim olunan sübutları və faktları ətraflı araşdırmadığını, sübutlara qərəzli yanaşdığını və nəticədə qanunsuz və əsassız qətnamə çıxardığını aşkar şəkildə nümayiş etdirir. Yuxarıda qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, işçi xəstəliklə əlaqədar iş yerində olmayan dövrdə əmək müqaviləsinə xitam verilməsi kimi aşkar pozuntulara münasibət bildirməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamış, cavabdeh tərəfindən təqdim olunmuş həqiqəti əks etdirməyən və bir-biri ilə ziddiyyətli olan çıxarışları mötəbər sübut kimi qiymətləndirmiş, iddiaçının təqdim etdiyi faktlara isə münasibət bildirməmiş, həmçinin, iddiaçının məlumatı olmadan keçirilən məhkəmə iclasında təqdim olunmuş sübutlar əsasında çəkişmə prinsipini pozaraq qətnamə çıxararaq maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

73. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurt ardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 03 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarından olan İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrini İdarəetmə X13 Mərkəzinin 1344 nömrəli əmri ilə Cavabdeh X15nin 1-ci poliklinikasının ümumi poliklinika heyətinin həkim-kardioloq vəzifəsində işləyən İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən 3 ay uzadılmış və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilmişdir. Həmin əmək müqaviləsi hər dəfə eyni müddətə uzadılmışdır. Sonuncu dəfə əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır xx.xx.2023-cü il tarixində verilmiş sertifikasiya şəhadətnaməsinə əsasən İddiaçı həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində kardiologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. 23 iyun 2023-cü il tarixdə İddiaçı Cavabdeh direktoru Fazil Alməmmədova müraciət edərək, onun 2022-2023-cü il iş dövrünə görə əmək məzuniyyətindən təqvim günü xx.xx.2023-cü il tarixdən istifadə etməyə icazə verilməsini xahiş etmişdir. Xahişi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xidməti məruzədən görünür ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması ilə əlaqədar 1-ci Poliklinika şöbəsinin həkim-kardioloqu İddiaçı ilə 26 iyun 2023-cü il tarixədək uzadılmış, müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 68-ci maddəsinin 2-b bəndinə əsasən xitam verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, “Poliklinika Şöbəsi” bölməsində həkim-kardioloq vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2-ci maddəsinin “b” əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmiş, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 23 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Həmçinin iş materiallarında olan Əmək Qabiliyyətinin olmaması Vərəqəsinə əsasən İddiaçı hipertonik kriz diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdən-26 iyun 2023-cü il tarixə, xx.xx.2023-cü il tarixdən-29 iyun tarixə qədər işdən azad edilmiş, 30 iyun 2023-cü il tarixdən 05 iyun 2023-cü il tarixə (stasionarda olmaqla), 06 iyul tarixdən 11 iyul 2023-cü il tarixinədək (stasionarda olmaqla) işdən azad edilməsi, 12 iyul 2023-cü il tarixdə işə başlamalı olması qeyd edilmişdir. Beləlikdə işdən görünür ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması ilə əlaqədar 1-ci Poliklinika şöbəsinin həkim-kardioloqu İddiaçı ilə 26 iyun 2023-cü il tarixədək uzadılmış, müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 68-ci maddəsinin 2-b bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi nəzərdə tutulması barədə bildiriş İddiaçı təqdim edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş və 3 ay müddətinə bağlandığından müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən müqaviləyə xitam verilməsi qanuna uyğun olmuşdur. Göründüyü kimi, əslində iddiaçının əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə deyil, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi kimi çalışmanın son yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir və bu səbəblə də Əmək Məcəlləsinin 73-cü maddəsinin pozulduğundan bəhs edilə bilməz. Belə ki, əmək müqaviləsinin müddətli bağlanması ilə, Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin uzadılması fərqli anlayışlardır və fərqli hüquqi nəticələri vardır. Bu həm də o deməkdir ki, müddətli əmək müqaviləsinə müddətinin bitməsi əsasında xitam verilməsi və dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması əsası ilə xitam verilməsi tamamilə müstəqil əsaslardır. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir (Əmək Məcəlləsinin 10-1.1-ci maddəsi) və yuxarıda göstərildiyi kimi, xx.xx.2020-ci il tarixdə 65 yaşı tamam olmuş, bundan sonra çalışma müddəti sonuncu dəfə xx.xx.2023cü il tarixinə qədər uzadılmış iddiaçının əmək müqaviləsinə məhz həmin müddətin başa çatması əsasında xitam verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin nəzərdə tutulması barədə iddiaçıya məlumat verilməsi işin mübahisəsiz halıdır. Belə ki, bu faktı iddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında verdiyi izahatında, həm də apellyasiya şikayətində təsdiq etmişdir. İş materiallarından görünür ki, iddiaçı 23 iyun 2023-cü ildə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişlə tanış olmuş, məzuniyyətlə bağlı ərizəsi baxılmamış saxlanıldığından idarənin əməkdaşı ilə mübahisə etdiyini, bundan sonra səhhətində problem yarandığını qeyd etmişdir. İddiaçı əmək qabiliyyətini itirməsi ilə bağlı 24 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək işdə olmamasını, işəgötürənin bu halı nəzərə almadan əmək müqaviləsinə xitam verdiyi bildirsə də, iddiaçının göstərdikləri mülki iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan xəstə qeydiyyatına dair bildirişlərdən görünür ki, 24 iyun 2023-cü il tarixdə iddiaçı işdə olmuş və adları elektron qaydada qeydə alınmış 4 xəstəni qəbul etmişdir. Apellyator şikayətində qeyd edilən halların düzgün olmamasını göstərsə də, bunun əksini təsdiq edən tutarlı arqumentlər irəli surməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tabel jurnalında işdə olması barədə imza əks olunmaması onun işdə olmaması və xəstələri qəbul etməməsi işin mübahisəsiz hallarının təkzibi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilməsi barədə bildiriş xx.xx.2023-cü ildə saat 12.16-də qeydə alınmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı özünün də etiraf etdiyi kimi xx.xx.2023-cü ildə onunla olan əmək müqaviləsinin müddətinin uzadılmayacağını bilərək həmin tarixdə də bu barədə olan bildirişə imza etsə də, həmçinin səhəri günü həm işə çıxmaqla yanaşı, həm də Əmək Qabiliyyətinin olmaması Vərəqəsi almaqla barəsində verilən əmrin ləğv edilməsinin əsası kimi də sözügedən tibbi sənəddən istifadə etməklə hüquqdan sui istifadə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddəti bitdikdən sonra deyil, 25 iyun 2023-cü il tarixdə, yəni vaxtından əvvəl xitam verilməsinə dair dəlili ilə bağlı hesab edir ki, bu ciddi pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda göstərildiyi kimi tərəflər arasında əmək münasibətləri müddətli əmək müqaviləsinə əsaslanmaqla, qanunvericiliyə əsasən də həmin müqavilənin müddətinin uzadılmaması təşəbbüsü məhz işəgötürənə aiddir. Buna görə də birinci instansiya məhkəməsi işin qeyd edilən halına ayrılıqda hüquqi qiymət verilməsinə zərurət görməmişdir. Kollegiya həmçinin iddiaçının işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixdə həkimlərin sertifikasiya imtahanına göndərilməsi və imtahanı uğurla keçərək kordiologiya ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi aldıqdan sonra 21 gün sonra ona əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş verilərək, cəmi iki gün sonra, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsinin işəgötürənin işçiyə qarşı qərəzli mövqeyi ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız sayır və bir daha qeyd edir ki, müddətli müqavilə üzrə əmək müqaviləsinə xitam verilməsi və işəgötürənin işçini sertifikasiya imtahanına göndərməsi onun hüququdur. Sertifikasiya şəhadətnaməsi aldıqdan sonra və əmək müqaviləsinə vaxtından 1 gün əvvəl xitam verilməsi işəgötürən tərəfindən əmək qanunvericiliyinin kobud pozuntusu kimi qiymətləndirilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə düzgün qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlinmişdir. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3674/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar