Məhkəmə qərarları › İş №2(103)-1395/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1395/2025

31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1395/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Ərizəçi “sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 5208/2024 nömrəli qərardadından Ərizəçi şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Xüsusi icraat qaydasında verilən ərizədə tələb olunub ki, AR Müdafiə Nazirliyi Mərkəzi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli 296 nömrəli arayışın, AR Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli 30/21 nömrəli və qərargah rəisinin verdiyi xx.xx.1999-cu il tarixli 19/299 nömrəli bildirişlərin, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nizami rayon idarəsinin verdiyi xx.xx.2013-cü il tarixli 126 nömrəli arayışın Ərizəçi məxsus olması faktı məyyən edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-5208/2024 nömrəli qərardadı ilə qərara alınıb ki, ərizənin icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçinin şikayətində tələb olunub ki, qərardad ləğv edilsin və iş üzrə icraat başlansın. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu qayda xüsusi icraat qaydasında verilən ərizələrə də aiddir. Ərizəçi eyni sənədlərin özünə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə bundan əvvəl məhkəməyə müraciət edib, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3974/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilməyib, ərizəçi apellyasiya şikayəti verib, lakin həmin şikayət apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə təmin edilməyib, ərizəçinin kassasiya şikayəti vermək hüquq var. Ona görə də birinci instansiya məhkəməsi hazırkı ərizəni icraata qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlib, bu nəticə MPM-in 153.2.4-cü maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-5208/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar