Məhkəmə qərarları › İş №2(103)-1397/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1397/2021

17.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1397/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə Cavabdeh1 (X6 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “qanun üzrə vərəsəliyin müəyyən edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, “Mercedes Benz GL 550” markalı, 2008-ci buraxılışlı, ** NT *** (hal-hazırda ** XU ***) dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 45000 manat məbləğinin vərəsəlik payı nisbətində, yəni 5625 manat, bu vəsaitə hesablanmış əldə çıxmış fayda hesab olunan 2810 manat olmaqla, ümumilikdə 8435 manatın Cavabdeh1 tutularaq ona ödənilməsi, ** ET *** dövlət qeydiyyat nişanlı (hal-hazırda ** LU ***), 2013-cü il buraxılışlı, “Porsche Cayenne” markalı avtomobilə dair BDYPİ-də bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mərhum X7 birgə nikah dövründə əldə edilmiş və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayon, H.Cavid küçəsi, ev 13, 26 saylı mənzilin miras hissəsinə düşən pay olaraq 1/8 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması, Əzizbəyov rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsinə icarə və istifadə hüququnun vərəsəlik payına mütənasib olaraq iddiaçıya keçməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı xeyrinə “Mersedes Benz GL550” markalı, 2008-ci il buraxılışlı, ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunmuş pulun 1/8 hissəsi - 2600 manat məbləğində pulun tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən 13 saylı evin 26 saylı mənzilin 1/8 hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüquqlarının tanınması, həmin hissədə qətnamənin Mötəbər Səfərovanın adına notariat orqanı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması, miras qoyan X7 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsi üzrə olan hüquqlara (istifadə) İddiaçı 1/4 hissədə qanun üzrə vərəsəlik hüquqları tanınması, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh1 dövlət nəfinə keçirilmiş ekspertiza xərci kimi 100 manat pulun tutulması qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara onun mənafeyi tərəfdən yanaşaraq məhkəmə araşdırmasında müzakirə edilmədən mövqeyini bildirmiş, eyni zamanda, şahidlərin qərəzli və qeyri-obyektiv cavablarına baxmayaraq, onların ifadələrini də sübut kimi qiymətləndirmişdir. Belə ki, DİN BDYPİ-nin xx.xx.2019- cu il tarixli 96226/2019 N-li məktubuna əsasən Namiq Səfərovun mülkiyyətində olmuş "Mersedes Benz GL 550" markalı avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasına dair sənəddə göstərilmişdir ki, **-NT-*** nömrə nişanli avtomobilə şəhadətnamə xx.xx.2013 tarixdə Namiq Səfərovun adına verilmişdir. Daha sonra ikinci dəfə şəhadətnamə xx.xx.2015-ci ildə Cavabdeh1 adına verilmişdir. Namiq Səfərov xx.xx.2015-ci ildə vəfal etmiş və buna qədər onun tərəfindən verilmiş bütün etibarnamələr artıq etibarsız hesab olunmuşdur. Lakin vəfatından 3 ay sonra alqı-satqı müqaviləsi vasitəsilə avtomobil necəsə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Rəsmiləşdirilməni aparan BDYPİ tərəfindən bu sənədlərin surətləri bizə təqdim edilməmiş və bunu yalnız məhkəmə sorğusu ilə göndərilə biləcəyini məktubda qeyd elmişdir. Daha sonra, üç dəfə alqı-satqı həyata keçirilmişdir və hazırda mübahisələndirilən avtomobil ** XU *** qeydiyyat nömrəsi ilə istifadə edilir. Belə olan halda “Mersedes Benz GL 550” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısının etibarsız hesab edilməsi və bu əmlakın miras əmlakı kimi müəyyən edilərək paylara münasib bölünməsi zərurəti yaranmışdır. Daha sonra iddia tələbi dəqiqləşdirilərək məhkəmə araşdırması zamanı təyin edilmiş əmtəəşünaslıq ekspertizasının nəticəsinə görə mübahisəli həmin avtomobilin 2015-ci ilə, yəni qanunsuz olaraq satılması zamanına dəyəri 45.000 manatın 5625 manat məbləğində hissəsinin, bu vəsaitə hesablanmış əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, ekspert rəyindən görünür ki, qiymətləndirilməsi aparılmalı olan avtomaşın faktiki olaraq ekspertə təqdim olunmamış, ekspertiza internet məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən aparılmışdır. Buna görə də, məhkəmə həmin avtomaşının görüntüləri, texniki göstəriciləri əks eldirilməklə 2015-ci ilin dekabr ayında tərtib edilmiş qiymətləndirmə hesabatında avtomaşının likvid dəyərinin 21000 manat olması müəyyən olunduğundan və həmin qiymət real salış qiyməti ilə eynilik təşkil etdiyindən, bu sübut növünü daha mötəbər hesab etmişdir. Halbuki, bəlli olmayan bir MMC tərəfindən əmlakın hansı şəraitdə qiymətləndirilməsi və bu MMC-nin səlahiyyətinin olub olmaması məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Cavabdeh də, apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı qeyd edir ki, guya “Mersedes GL 550” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil də miras siyahısına daxildir və əsassız olaraq həmin əmlakı da iddia tələbinə daxil etmişdir. Lakin həmin nəqliyyat vasitəsi artıq cavabdehin mülkiyyətində deyil. Belə ki, hələ 2016-cı ildə özgəninkiləşdirilmiş və iddiaçı həmin əmlakın mülkiyyət mənsubiyyətinin dəyişdirilməsi barəsində hərtərəfli məlumata malik olmuşdur. Eyni zamanda, iddiaçı sözügedən əmlaka dair iddia irəli sürərkən zəruri olan iddia müddətini ötürmüşdür. İşin gedişatına təsir etmək üçün iddiaçı məhkəməni aldatmaqdan da çəkinməmişdir. Belə ki, iddiaçının ötürülmüş müddəti bərpa etmək üçün yenidən sorğu ilə müraciət etməsi işin hüquqi müqəddaratının dəyişdirilməsinə hesablanmışdır. Sözügedən əmlakın ümumi dəyərinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş, lakin ekspert işə qərəzli yanaşmış və iddiaçı tərəfinin onun fəaliyyətinə müdaxilə etməsi üçün münbit şərait yaratmışdır. Belə ki, məhkəmənin ekspert qismində işə cəlb etdiyi Elvin Qəhrəmanov konkret dəlil və əsaslara istinad etmədən sözügedən nəqliyyat vasitəsi üçün ümumilikdə 45000 manat satış qiyməti təyin etmişdir. Halbuki, həmin avtomobilin texniki qüsurlarının olması bütün tərəflərə əvvəlcədən məlum olmuşdur. Ekspertin fəaliyyətində peşəkar çatışmamazlıqlar olmuşdur. Belə ki, ekspert həmin nəqliyyat vasitəsinə vizual baxış keçirməmiş və iddiaçı tərəfinin sifarişi əsasında satış qiyməti müəyyən etmişdir. Həmin nəqliyyat vasitəsi cəmi 13000 dollara, manatla hesablandıqda isə cəmi 20800 manata satılmışdır. 2015-ci ilə aid olan “xxxx” MMC tərəfindən verilmiş və iş üzrə sübut əhəmiyyətinə malik olan qiymətləndirmə hesabatında göstərilmişdir ki, servisin müəyyənləşdirdiyi likvid qiymət 21000 manat olmuşdur. Həmçinin, sözügedən əmlakın özgəninkiləşdirilməsi zamanı alıcı qismində çıxış edən tərəflər də maşındakı texniki çatışmamazlıqlara görə onun dəyərinin aşağı salınmasını israrla tələb etmişdirlər. İddia tələbinə daxil edilmiş digər əmlak - “Porsche Cayenne” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” ASC-nin Mərkəz filialında ipoteka yüklü edilmiş və notariat kontorunda cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsi ilə həmin miras əmlak onun mülkiyyətinə daxil edilmişdir. Bundan sonra həmin nəqliyyat vasitəsi özgəninkiləşdirilmiş və bank qarşısında öhdəlikləri icra edilmişdir. Buradan da aydın olur ki, miras aktivinin satışından əldə olunmuş vəsait üzərimizə düşən miras passivinin əvəzləşdirilməsi üçün istifadə edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsi, ev 13, mənzil 26 müvafiq notariat orqanında vərəsəlik işi açılarkən həmin əmlak miras aktivlərinə daxil edilməmiş, reyestri xidməti tərəfindən verilmiş çıxarışda təsdiq edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində olan 0.12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsi isə miras aktivinə daxil deyildir. Belə ki, həmin əmlakın miras qoyanın mülkiyyətində olmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Həmin daşınmaz əmlak miras qoyanın mülkiyyətində daxil olmamış, yalnız istifadəsində olmuş və əmlakın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 23688 saylı müqavilənin müddəti miras qoyanın ölümündən əvvəl bitmişdir. Belə olan halda, həmin əmlakın iddia tələbinə daxil edilməsi sual doğurmaqdadır. İş notariat kontorunda icraatda olarkən də həmin əmlak mübahisə tərəfləri arasında mübahisə predmetinə daxil olmamış və miras siyahısında əks olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, özlərinin apelyasiya şikayətinə uyğun izahat verərək, onun təmin, cavabdehin apelyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, özlərinin apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, iddiaçının apelyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, miras qoyan Namiq Səfərov xx.xx.2015-ci il tarixdə ölümündən sonra onun mülkiyyətində olan əmlaka dair miras açılmışdır. Namiq Səfərovun vəfatında sonra onun dörd birinci növbəli vərəsəsi (övladı, hazırki iş üzrə İddiaçı; həyat yoddaşı - hazırki iş üzrə Cavabdeh1 və miras qoyanın Cavabdeh1 ilə birgə nikahdan olan 2 övladı – Gülzar Səfərova və Rahib Səfərov) mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciə etmişlər. Gülzar Səfərova və Rahib Səfərov miras əmlakdan onlara çatası paydan anaları Cavabdeh1 xeyrinə imtina etmişlər. Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2015-ci ildə vəfat etmiş Namiq Səfərovun arvadı Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakların 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlaklar miras qoyana məxsus olan Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 11 saylı binada yerləşən ümumi sahəsi 24 kv.m. yaşayış sahəsi 18 kv.m. olan 2 otaqlı, 26 saylı mənzildən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m., yaşayış sahəsi 40,8 kv.m., yardımçı sahəsi 57,8 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi və mülkiyyətində olan 0,122 ha torpaq sahəsindən, Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov küçəsi, 518-ci məhəllə, 7-ci evin həyətində yerləşən tikinti sahəsi 14,6 kv.m. olan qarajdan və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, AC No ******* Qeydiyyat Şəhadətnaməsinə əsasən 2013-cü ildə buraxılmış ** ET *** qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtomaşından ibarətdir, o cümlədən ölmüş ərin ümumi əmlakdan payın 1/2 hissədən ibarətdir. Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, xx.xx.2015-ci ildə vəfat etmiş Namiq Səfərovun vərəsəsi yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü qızı İddiaçı miras əmlakın 1/4 hissəsinə, arvadı Cavabdeh1 isə qalan 3/4 hissəsinə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - miras qoyana məxsus olan Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi, 11 saylı binada yerləşən, ümumi sahəsi 24 kv.m., yaşayış sahəsi 18 kv.m. olan, 2 otaqlı, 26 saylı mənzildən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m., yaşayış sahəsi 40,8 kv.m., yardımçı sahəsi 57,8 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi və mülkiyyətində olan 0,122 ha torpaq sahəsindən, Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov küçəsi, 518-ci məhəllə, 7-ci evin həyətində yerləşən tikinti sahəsi 14,6 kv.m. olan qarajdan, və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AC No ******* Qeydiyyat Şəhadətnaməsinə əsasən 2013cü ildə buraxılmış ** ET *** qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtomaşından ibarətdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar-Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə Namiq Səfərov arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 23688 saylı müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 319 saylı Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonunun, Zirə ərazisində 0,12 ha torpaq sahəsi olan 197 D nömrəli bağı müqavilədə göstərilən tikinti, qurğular və ağaclarla N.Səfərovun istifadəsinə verilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 13 nömrəli binada 61,1 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 26 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, 13 saylı DNK-nın xx.xx.2007-ci il tarixli 4Ə/2-305 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 13, 26 saylı mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. DİN Baş Dövlət X15 tərəfindən verilmiş AC№030929 seriyalı, xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, «Porsche Cayenne» minik markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomaşın Namiq Səfərovun adına qeydiyyata alınmışdır. Həmin İdarə tərəfindən xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, “Mercedes Benz GL 550” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016cı il tarixdə X9 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixdə qeyd olunan avtomobil komisyon mağazada satılması üçün Asif Vəliyevin adından qeydiyyatdan çıxarılmış və xx.xx.2017-ci il tarixdə yeni ** XU *** dövlət qeydiyyat nişanlı təhkim olunaraq hesabarayış-744198 əsasında X3 adına təkrar dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan avtomobilin yüklü edilməsi barədə DİN-nin Baş Dövlət X11 mərkəzi informasiya sistemində məlumat mövcud deyil. “Porsche Cayenne” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Qeyd olunan avtomobil ipoteka müqaviləsi əsasında “xxxx” ASC-nin mərkəzi filialında girova qoyulmuşdur və bankın xx.xx.2015-ci il tarixli 1178 nömrəli məktubu əsasında ipotekadan azada edilmiş, həmin tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılmış və yeni ** LU *** dövlət qeydiyyat nişanı təhkim olunaraq X6 adına təkrar dövlət qeydiyyatına alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2471 saylı rəyinə əsasən məhkəmə tədqiqatına təqdim olunmayan “Mercedes Benz GL” markalı, 2008-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin 2015-ci il tarixə nəzəri orta bazar qiyməti təxminən 45.000 manat müəyyən olunmuşdur. xx.xx.2015-ci il tarixli “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatından isə belə məlum olur ki, “Mersedes Benz GL550” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomaşının bazar dəyəri 25000 manat, likvid dəyəri 21000 manat təşkil edir. Hazırda iddiaçı, “Porsche Cayenne” markalı avtomobilə dair BDYPİ-də bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, Mercedes Benz GL 550” markalı avtomobilin dəyəri olan 45000 manatın onun miras əmlakdakı payına uyğun hissəsinin və bu vəsaitə hesablanmış əldə çıxmış faydanın cavabdehdən tutularaq ona ödənilməsini, mərhum Namiq Səfərovla birgə nikah dövründə əldə edilmiş və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayon, H.Cavid küçəsi, ev 13, 26 saylı mənzilin miras hissəsinə düşən pay olaraq 1/8 hissəsinə mülkiyyət hüququnun tanınmasını və Əzizbəyov rayonu, Zirə ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 197 saylı bağ sahəsinə icarə və istifadə hüququnun vərəsəlik payına mütənasib olaraq iddiaçıya keçməsinin müəyyən edilməsini tələb edir. Kollegiya, cavabdehin iddia müddətin ötürülməsi barədə ərizəsini nəzərə alaraq, ilk növbədə “Porsche Cayenne” markalı avtomobilə dair BDYPİ-də bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbinə münasibətdə bildirir ki, AR MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Baxılan işdən görünür ki, “Porsche Cayenne” markalı ** ET *** dövlət nömrə nişanlı avtomaşına İddiaçı vərəsəlik hüquqları tanınsa da, miras açılan vaxt həmin əmlak ASC “Xalq” Bankın xeyrinə yüklü edilmişdir. Miras qoyan Namiq Səfərov xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra onun banka kredit müqaviləsi üzrə 36000 manat pul öhdəliyi olmuşdur. Cavabdeh1 miras qoyan Namiq Səfərovun birinci növbəli vərəsəsi olduğu üçün o, miras qoyanın aktivlərini qəbul etdiyi kimi, passivlərini də qəbul etmişdir. Belə olan halda, iddiaçı da miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan aldığı pay nisbətində mirasın passivlərini, yəni miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Lakin iş materiallarından göründüyü kimi ”Porsche Cayenne” markalı ** ET *** dövlət nömrə nişanlı avtomaşına Cavabdeh1 başqa İddiaçı da vərəsəlik hüquqları tanınmışdır. Belə olan halda, Cavabdeh1 həmin əmlakın satılaraq əldə olunmuş pul vəsaiti hesabına miras qoyanın bank qarşısında olan öhdəliklərin icrasına yönəldilməsi ilə bağlı tək sərəncam verə bilməzdi. Bununla bağlı iddiaçının da razılığı alınmalı idi. Lakin iddiaçının həmin avtomobil üzərində vərəsəlik hüquqları tanınsa da, o, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında avtomaşın üzərində paylı mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir. xx.xx.2015ci il tarixli alğı-satqı müqaviləsi əsasında həmin avtomaşın özgəninkiləşdirilmiş və hazırda X6 mülkiyyətindədir. Kollegiya qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı “Porsche Cayenne” markalı ** ET *** dövlət nömrə nişanlı avtomaşına dair bağlanılmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etmək üçün qanunda nəzərdə tutulmuş bir illik müddət keçdiyi üçün, birinci instansiya məhkəməsinin iddia tələbini həmin hissədə təmin edilməməsi əsaslı olmuşdur. İddia tələbinin “Mersedes Benz GL550” markalı ** NT *** (hazırda ** XU ***) dövlət nömrə nişanlı avtomaşının dəyəri olan 45000 manat onun miras əmlakdakı payına uyğun hissəsinin və bu vəsaitə hesablanmış əldə çıxmış faydanın tutulması hissəsi ilə bağlı üzrə qeyd edir ki, işdən görünür ki, həmin avtomaşın miras qoyanın öldüyü vaxt miras yükləsinə daxil olsa da, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmiş və sonradan cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. İş üzrə keçirilmiş ekspertiza üzrə sözügedən avtomaşının dəyəri təyin edilmiş 45000 manata qiymətləndirilsə də, işin faktiki hallarına və birinci instansiya məhkəməsində dinlənilmiş şahid ifadələrinə əsasən avtomaşının 13000 ABŞ dolları (o vaxtkı məzənnə ilə 20800 manat) müqabilində özgəninkiləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla məhkəmə tərəfindən qiymətləndirilir. İş üzrə keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəxi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, qiymətləndirilməsi aparılmalı olan avtomaşın faktiki olaraq ekspertə təqdim olunmamışdır. Ekspertiza internet məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən aparılmışdır. Buna baxmayaraq, həmin avtomaşının görüntüləri, texniki göstəriciləri əks etdirilməklə 2015-ci ilin dekabr ayında tərtib edilmiş qiymətləndirmə hesabatında isə həmin avtomaşının likvid dəyərinin 21000 manat olması müəyyən olunduğundan və həmin qiymət real satış qiyməti ilə eynilik təşkil etdiyindən, həmin rəy daha mötəbər hesab edilməlidir. Belə olan halda, rayon məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, “Mersedes Benz GL 550” markalı avtomaşın 20800 manata satılmış hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə avtomaşının alğı-satqısından əldə olunmuş pul vəsaitinin 1/8 hissəsi, yəni 2600 manat tutulmalı, əldən çıxmış fayda hissəsində isə tələb təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Kollegiya, iddia tələbinin daşınmaz əmlaka mülkiyyət, icarə və istifadə hüquqlarının tanınması hissəsinin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, mirasın qəbul edilməsi aktı (əqdi) bölünməzdir. Bu xüsusiyyət vərəsəlik varisliyinin universal xarakterinə malik olmasından irəli gəlir. Bölünməzlik onu ifadə edir ki, miras əmlakın yalnız müəyyən hissəsini qəbul etmək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbulundan imtina etmək olmaz. Azərbaycan Respublikasının vərəsəlik hüququ müəyyən edir ki, mirası qismən qəbul etmək yolverilməzdir. Miras ancaq tam və bütöv şəkildə qəbul edilə bilər. Mirasın qəbul edilməsi aktı miras əmlakın hamısına şamil edilir. Mirasın nədə ifadə edilməsinin və harada olmasının məsələyə dəxli yoxdur. Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Qanunvericiliyin qeyd olunan normalarının tələblərini hazırkı mülki işin hallarına tətbiq edərək, Kollegiya, hesab edir ki, iddiaçı miras qoyan Namiq Səfərovdan miras qalmış əmlakın bir qismini qəbul etdiyi üçün, o sonradan ona məlum olan və miras açılan vaxt gizlədilmiş digər miras əmlakları da qəbul etmiş hesab edilir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən 13 saylı evin 26 saylı mənzili Cavabdeh1 ilə Namiq Səfərovun birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Lakin həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Odur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən 13 saylı evin 26 saylı mənzil bir nikah dövründə əldə edildiyi üçün, həmin əmlakın 1/2 hissəsi miras qoyan Namiq Səfərova məxsusdur. Lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən həmin əmlak miras siyahısına daxil edilmədiyi üçün, iddiaçı hazırda həmin əmlaka 1/8 pay üzrə vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə tam haqlıdır. İddiaçı, eyni zamanda Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayonu) rayonu, Zirə ərazisində 0,12ha torpaq sahəsindən ibarət olan 197 saylı baş sahəsinə icarə və istifadə hüquqlarının tanınmasını da tələb etməkdə haqlıdır. Belə ki, miras əmlak dedikdə, ölən fiziki şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. Yəni ölmüş şəxsin vərəsələrə yalnız mülki hüquq və vəzifələri keçə bilər ki, onlar əmlak xarakterlidir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayonu) rayonu, Zirə ərazisində 0,12ha torpaq sahəsindən ibarət olan 197 saylı baş sahəsi xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Namiq Səfərovanın qanuni icarəsinə və istifadəsinə verilmişdir və hazırda həmin bağ sahəsi üzrə müqavilə başqa şəxsin adına dəyişdirilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən vətənsdaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Torpaq islahatı haqqında» AR Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən «Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.» «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər əsas hesab olunur. Göründüyü kimi, 2007-ci ilin may ayının 22dək olan müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Hazırkı işdə mübahisəli bağ sahəsi yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinə əsasən əvəzsiz olaraq miras qoyan Namiq Səfərovun mülkiyyətinə verilsə də, sonuncu həmin bağa dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışdır. Lakin bununla belə miras qoyanın həmin bağ sahəsinə dair gözlənilən mülkiyyət hüquqları olmuşdur və hazırda həmin hüquqlar miras əmlakın aktivi hesab edilir. Belə olan halda, yəni miras qoyan Namiq Səfərovun mübahisəli bağ sahəsinə hüquqlarının (istifadə və icarə) olması müəyyən edilidyindən, həmin əmlak hüquqları onun ölümündən sonra vərəsəlik qaydasında vərəsələrə keçmişdir. Bu baxımdan, miras qoyan Namiq Səfərovun Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayonu) rayonu, Zirə ərazisində 0,12ha torpaq sahəsi üzərində olan hüquqlarına (istifadə və icarə) iddiaçının 1/4 hissədə vərəsəlik hüquqları tanınmalıdır. Çünki, mübahisəli bağ sahəsi birgə nikah dövründə Namiq Səfərovun istifadəsinə verilmiş və yuxarıda göstərilən normativ hüquqi aktlara əsasən həmin torpaq sahəsi miras qoyanın əvəzsiz mülkiyyətinə verilmişdir. Yəni bağ sahəsi birgə qazanılan vəsait hesabına ədə olunmadığı üçün, həmin əmlak birgə əmlak hesab edilmir və həmin əmlakda vərəsələrin payları bərabərdir. Odur ki, Kollegiya qeyd olunanları nəzərə alaraq apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və şikayətlərin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı qanuni nümayəndəsi Nümayəndə və Cavabdeh1 apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-342/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar