Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1397/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) qarşı iş üzrə (Açar sözlər: əmək haqqına əlavənin və yol xərcinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Yaqubov X2 rayonu Cəlal Cavadov adına Ərşəli kənd orta məktəbinə müddətsiz müqavilə əsasında işə qəbul olunmuşdur. Ərşəli kənd orta məktəbində işlədiyi müddətdə ona H1 üzrə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubundan müəyyən etmişdir ki, ona H2 üzrə həvəsləndirmə tədbiri tətbiq edilməlidir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (üçüncü şəxslər: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 15 sentyabr 2018-ci ildən 21 oktyabr 2019-cu ilə qədər (13 ay) iddiaçıya H2 üzrə ödənilməli olan, lakin ödənilməmiş 1300 manat (13 ay x 100 manat) əmək haqqına əlavənin, 390 manat (13 ay x 30 manat) yol xərcinin və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan 50 manat ilkin mediasiya sessiyası xərcinin, cəmi 1740 (min yeddi yüz qırx doxsan) manat vəsaitin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2018-ci ildən 21 oktyabr 2019-cu ilə qədər həmin məktəbdə biologiya müəllimi işləmişdir. 21 oktyabr 2019 tarixində başqa işə keçməyi və eyni vaxtda iki rəsmi işdə işləyə bilməyəcəyi ilə əlaqədar məcbur olub məktəbdən öz ərizəsi ilə ayrılmalı olmuşdur. Ərşəli kənd orta məktəbində işlədiyi müddətdə ona H1 üzrə həvəsləndirmə tədbiri tətbiq edilib (H1-rayon mərkəzindən 3 kmdən 20 km-ə, H2 isə 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub). Belə ki, cavabdeh tərəfindən iddiaçıya rayon mərkəzindən Ərşəli kəndinə qədər məsafənin 20 km olduğu bildirilib. Buna əsasən 120 manat olan əmək haqqına 60 manat əlavə edilib və iddiaçıya hər ay cəmi 180 manat əmək haqqı ödənilib. Sonradan iddiaçı araşdırma aparmış (Bakı-Ələt-Qazax-Gürcüstan avtomagistralı üzərindəki kilometri göstərən yol nişanları və "Google maps" platforması vasitəsilə) və Kürdəmir rayonundan Ərşəli kəndinə qədər məsafənin 20 km-dən artıq olduğunu müəyyən etmişdir. Araşdırmalarına əsasən cavabdehə müraciət edərək ona H2 üzrə həvəsləndirmə tədbirinin tətbiq edilməsini istəmişdir. Cavabdeh Y-l 1078/09-24 saylı, 27 avqust 2019 tarixli imtina məktubunda bildirib ki, “Ərşəli kəndi rayonun mərkəzindən 20 km məsafədə yerləşir, ona görə də həmin məktəbə təyin edilmiş gənc müəllimlərə birinci istiqamət üzrə həvəsləndirmə tədbirləri tətbiq edilməlidir.” Bundan sonra məsafənin rəsmi müəyyən edilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etmişdir. Sorğuya cavab olaraq verilən Y-3/02-6587 saylı, 04 sentyabr 2019 tarixli cavab məktubunda yolun 21 km olduğu təsdiqini tapıb. Belə ki, cavab məktubunda qeyd edilib ki, “M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməklə Kürdəmir rayon mərkəzindən Ərşəli kəndinə gediş məsafəsi 21 km, Ərşəli kəndindən geriyə Kürdəmir rayon mərkəzinə qayıtmaq üçün məsafə yolda ayırıcı zolaq olduğundan geriyə dönmə yerindən istifadə etməklə əlavə 5 km məsafə nəzərə alınmaqla 26 km təşkil edir” Cavabdeh qurumdan iddiaçıya şifahi olaraq bildirilib ki, AAYDA-ya sorğu ünvanlanıb, ölkə üzrə bütün məktəblər üçün məsafələr üzrə yenidən siyahı tərtib olunacaq və həvəsləndirici məbləğ yenidən hesablanaraq veriləcək. Lakin sonradan ona məlum olub ki, yuxarıda adı çəkilən məktəbdə gənc müəllimlərə həvəsləndirici tədbir əvvəlki qaydada verilir, heç bir dəyişiklik baş verməyib. İddiaçı 15 sentyabr 2018-ci ildən 21 oktyabr 2019-cu ilə qədər Kürdəmir rayonu Cəlal Cavadov adına Ərşəli kənd orta məktəbində bilogiya müəllimi kimi çalışarkən yarım stavka (6 saat) dərs yükü üçün aylıq əmək haqqısı 120 manat, 111 üzrə kompensasiya və əmək haqqına əlavə (stimullaşdırıcı tədbirlər) ilə əmək haqqısı 180 manat olub. Halbuki, Kürdəmir rayonunun mərkəzindən Ərşəli kənd orta məktəbinə qədər məsafə 20 km-dən artıq olduğu üçün iddiaçıya H2 üzrə həvəsləndirmə tədbiri (əmək haqqına əlavə və yol xərci) tətbiq edilməli idi. H1 üzrə kompensasiya ilə əmək haqqı vergilər çıxılandan sonra 180 manat olub. Hər gün Kürdəmir rayon mərkəzindən ictimai nəqliyyatla (kənddən keçən mikroavtobuslarla) Ərşəli kəndinə gedib-gəlmiş, gündəlik 2 manat olmaqla, ayda 25-30 manat yol xərci çıxıb. İddiaçıya yol xərci ödənilməyib, yol xərcini əmək haqqından ödəmişdir. İddiaçı 13 ay həmin məktəbdə çalışmışdır. Aldığı cüzi əmək haqqının çoxu yol və kommunal xərclərə gedib, gündəlik xərclər üçün çox az məbləğ qalıb, digər ehtiyaclarını isə ümumiyyətlə ödəyə bilməmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3824/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia rədd olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1, 157.3, 172, 296.1, 296.2, 296.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 377.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətini tətbiq etməkdə haqlı olmayıb. Belə ki, həmin müddəti üzrlü səbəbdən – öncə pandemiya və ölkə ərazisində tətbiq edilən qadağalar səbəbindən, sonra isə xəstələndiyi üçün ötürüb. 2020- 2021-ci illərdə ölkə üzrə sərt karantin rejimi tətbiq edilib. Sonra isə ağır formada xəstələnib – yıxılıb və ayağı sınıb. Ayağının sınması barədə həkim sənədini – xəstəlik tarixini məhkəməyə təqdim edib. Həmin sənəddən də görünür ki, 2021-ci ilin 01-16 may tarixlərində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunub. Ona “sol qamış sümüyünün aşağı üçdə birinin və incik sümüyünün yuxarı üçdə birinin yerdəyişmiş sınığı” diaqnozu qoyulub. Uzun müddət gəzə, hərəkət edə bilməyib, yataqda qalıb. Bu halda təbii ki, məhkəməyə müraciət etməyi mümkün olmayıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 10.Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
11. Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir;
12. Maddə 35. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
13. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
14. Maddə 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
15. Maddə 172, bənd 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
16. Maddə 172, bənd 4 . İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
19.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 20.Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 22.Əmək Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (2-ci hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (3-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (4-cü hissə). 23.İddiaçının tələbi iddiaçıya ödənilməmiş 1300 manat əmək haqqına əlavənin, 390 manat yol xərcinin və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan 50 manat ilkin mediasiya sessiyası xərcinin, cəmi 1740 manat vəsaitin ödənilməsindən ibarətdir.
24. İddiaçı Kürdəmir rayonu Cəlal Cavadov adına Ərşəli kənd orta məktəbinə müddətsiz müqavilə əsasında işə qəbul olunmuşdur. Ərşəli kənd orta məktəbində işlədiyi müddətdə ona H1 üzrə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubundan müəyyən etmişdir ki, ona H2 üzrə həvəsləndirmə tədbiri tətbiq edilməlidir. Bu hal iddiaçıya 27 avqust 2019-cu il tarixində sözügedən orqanın cavab məktubundan məlum olmuş, iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətini buraxmaqla müraciət etmişdir. 25.Digər tərəfdən, iddiaçı birinci instansiya məhkəməsində və apellyasiya şikayətində 1 illik müddəti ötürdüyünü mübahisələndirməmiş, müddətin ötürülməsinin üzürlü səbəbdən baş verdiyini əsaslandırmağa çalışmışdır. İddiaçı müddətin ötürülməsini pandemiya, sonralar isə müalicədə olması ilə əlaqələndirsə də, bu hallar müddətin ötürülməsinin üzürlü hesab olunması üçün əsas deyildir. Belə ki, iddiaçının tələb hüququnun axımı xx.xx.2019-cu ildə başlamış, ölkədə pandemiya xx.xx.2020-ci ildə elan olunmuşdur. İddiaçı isə həmin müddət ərzində də hazırkı tələblə məhkəməyə müraciət etməməsini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir. 26.Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəyə cavabdehin ərizəsi əsasında Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. 27.Mübahisəyə iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün müstəqil əsas olduğundan məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillər üzrə əlavə olaraq araşdırılmasına zərurət görmür. 28.Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29.Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 30.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.